İctimai iştirakçılıq haqqında
Azərbaycan Respublikasının Qanunu
Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının dövlət idarəetməsinin həyata keçirilməsinə cəlb edilməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyir.
1-ci fəsil
Ümumi müddəalar
Maddə 1. Əsas anlayışlar
1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir:
1.0.1. ictimai iştirakçılıq – dövlət və cəmiyyət həyatının müxtəlif sahələrində dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində, ümumdövlət və yerli səviyyədə qərarların qəbulunda, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş mərkəzi icra hakimiyyəti orqanlarının (bundan sonra – mərkəzi icra hakimiyyəti orqanları), yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarətin təşkilində vətəndaşların və vətəndaş cəmiyyət institutlarının bu Qanunla müəyyən edilmiş formalarda iştirakı, dövlət və yerli özünüidarəetmə orqanlarının ictimaiyyətlə məsləhətləşməsi və ictimai rəyin nəzərə alınması;
1.0.2. vətəndaş cəmiyyəti institutları – qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar), kütləvi informasiya vasitələri, həmkarlar ittifaqları, vətəndaşların təşəbbüs qrupları və bələdiyyələrin məhəllə komitələri;
1.0.3. ictimai şura – bu Qanunda nəzərdə tutulmuş məqsədlərin həyata keçirilməsi üçün mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və yerli özünüidarəetmə orqanlarının yanında yaradılan məşvərətçi qurum;
1.0.4. ictimai müzakirə – ictimai əhəmiyyətli qərarların qəbulu zamanı müvafiq məsələlər barəsində əhalinin müxtəlif təbəqələrinin təkliflərinin hazırlanması üçün aidiyyəti dövlət və yerli özünüidarəetmə orqanlarının səlahiyyətli nümayəndələrinin, vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin, ayrı-ayrı vətəndaşların, mütəxəssis və ekspertlərin iştirakı ilə təşkil olunmuş yığıncaq;
1.0.5. ictimai dinləmə – hüquqi aktların layihələrinə, dövlət və cəmiyyət həyatının ayrı-ayrı məsələlərinə dair ictimaiyyətlə məsləhətləşmələrin keçirilməsi və vətəndaşların məlumatlandırılması üçün aidiyyəti dövlət və yerli özünüidarəetmə orqanlarının səlahiyyətli nümayəndələrinin, vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin, ayrı-ayrı vətəndaşların, mütəxəssis və ekspertlərin iştirakı ilə təşkil olunmuş yığıncaq;
1.0.6. ictimai rəyin öyrənilməsi – dövlət və cəmiyyət həyatının ayrı-ayrı məsələlərinə dair əhalinin müxtəlif təbəqələrinin rəyinin öyrənilməsi məqsədi ilə sosioloji sorğuların və digər oxşar tədbirlərin keçirilməsi;
1.0.7. hüquqi aktların layihələrinin ictimai müzakirəsi – hüquqi aktların layihələrinin onların hazırlanmasında iştirak edən şəxslərin, habelə vətəndaş cəmiyyəti institutlarının, ayrı-ayrı vətəndaşların, ekspertlərin və mütəxəssislərin iştirakı ilə araşdırılması, təhlil edilməsi və qiymətləndirilməsi;
1.0.8. yazılı məsləhətləşmə – hüquqi aktların layihələrinə dair vətəndaş cəmiyyəti institutlarının rəylərinin öyrənilməsi üçün mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları tərəfindən onlara müraciət edilməsi və yazılı formada təqdim olunmuş rəy, irad və təkliflərin təhlil edilməsi, ümumiləşdirilməsi və qiymətləndirilməsi.
Maddə 2. İctimai iştirakçılıq haqqında Azərbaycan Respublikasının qanunvericiliyi
2.1. İctimai iştirakçılıq haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən və bu Qanundan ibarətdir.
2.2. Bu Qanunun müddəaları vətəndaş cəmiyyəti institutlarının və ayrı-ayrı vətəndaşların ictimai iştirakçılığın həyata keçirilməsi ilə bağlı bu Qanunda nəzərdə tutulmamış digər hüquqlarını məhdudlaşdırmır.
Maddə 3. İctimai iştirakçılığın məqsədləri
3.0. İctimai iştirakçılığın məqsədləri aşağıdakılardır:
3.0.1. vətəndaşların dövlətin idarə olunmasında iştiraka cəlb edilməsi;
3.0.2. mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi;
3.0.3. mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları ilə ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyətin təşkili;
3.0.4. mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətində aşkarlığın və şəffaflığın təmin olunması;
3.0.5. dövlət siyasətinin formalaşması, həyata keçirilməsi və qərarların qəbulu zamanı ictimai rəyin və vətəndaşların qanuni maraqlarının nəzərə alınması;
3.0.6. əsas insan və vətəndaş hüquqlarının müdafiəsi.
Maddə 4. İctimai iştirakçılığın prinsipləri
4.0. İctimai iştirakçılıq aşağıdakı prinsiplər əsasında həyata keçirilir:
4.0.1. qanunçuluq;
4.0.2. könüllülük;
4.0.3. şəffaflıq;
4.0.4. plüralizm;
4.0.5. bərabərlik və ayrı-seçkiliyə yol verilməməsi.
Maddə 5. İctimai iştirakçılığın formaları
5.1. İctimai iştirakçılığın formalarına aşağıdakılar aiddir:
5.1.1. ictimai şura;
5.1.2. ictimai müzakirə;
5.1.3. ictimai dinləmə;
5.1.4. ictimai rəyin öyrənilməsi;
5.1.5. hüquqi aktların layihələrinin ictimai müzakirəsi;
5.1.6. yazılı məsləhətləşmə.
5.2. Bu Qanun ictimai iştirakçılığın digər formalarda həyata keçirilməsini məhdudlaşdırmır.
2-ci fəsil
İctimai şuralar
Maddə 6. İctimai şuranın yaradılması qaydası
6.1. İctimai şura 5-15 üzvdən ibarət tərkibdə bu Qanunla müəyyən edilmiş tələblər nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əsasnaməyə uyğun olaraq vətəndaş cəmiyyəti institutları tərəfindən seçilir. Azərbaycan Respublikasının 16 yaşına çatmış hər bir vətəndaşı ictimai şuranın üzvü ola bilər.
6.2. İctimai şuranın səlahiyyət müddəti iki ildir.
6.3. Mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanı öz internet səhifəsi və mövcud olan digər vasitələrlə ictimai şuraya namizədlərin irəli sürülməsi, onların qeydiyyatının başlanması və başa çatması vaxtını elan edir. Namizədlərin irəli sürülməsi və qeydiyyatı üçün nəzərdə tutulan müddət iyirmi iş günündən az ola bilməz.
6.4. Hər bir vətəndaş cəmiyyəti institutu ictimai şuranın üzvlüyünə yalnız bir namizəd irəli sürə bilər. Namizədlərin irəli sürülməsi başa çatdıqdan sonra bir ay müddətində ictimai şuraya seçkilər keçirilir.
6.5. Namizəd irəli sürməyən vətəndaş cəmiyyəti institutları da ictimai şuranın üzvlərinin seçilməsində iştirak edə bilərlər.
6.6. İctimai şuranın üzvləri irəli sürülmüş namizədlər içərisindən vətəndaş cəmiyyəti institutlarının (onların ərazi təşkilatlarının), yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarına münasibətdə isə müvafiq ərazidə fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarının bərabər sayda təmsilçilərindən ibarət birgə yığıncaqda gizli səsvermə yolu ilə seçilir.
6.7. İctimai şuradakı fəaliyyətinə görə üzvlərə əmək haqqı, qonorar, kompensasiya və başqa ödənişlər verilmir.
6.8. İctimai şuranın fəaliyyətinin texniki (mərkəzi və yerli icra hakimiyyəti orqanı və yerli özünüidarəetmə orqanının maliyyə vəsaitlərindən istifadə istisna olmaqla) və informasiya təminatı ilə bağlı məsələlər müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanı və yerli özünüidarəetmə orqanı tərəfindən həll edilir.
6.9. Mərkəzi və yerli icra hakimiyyəti orqanı və yerli özünüidarəetmə orqanı tərəfindən ictimai şuranın sərbəst fəaliyyəti üçün şərait yaradılır.
Maddə 7. İctimai şuranın hüquqları və vəzifələri
7.1. İctimai şuranın aşağıdakı hüquqları vardır:
7.1.1. mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarından öz fəaliyyəti üçün zəruri olan məlumatları, ictimaiyyətlə məsləhətləşmələr tələb edən məsələlər üzrə hüquqi aktların layihələrini almaq;
7.1.2. ictimaiyyətlə məsləhətləşmələrin keçirilməsi barədə mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanına təkliflər vermək;
7.1.3. müvafiq ərazidə və sahədə dövlət siyasətinin formalaşması və həyata keçirilməsi barədə təkliflərlə çıxış etmək;
7.1.4. müvafiq sahədə dövlət siyasətinin hazırlanması və həyata keçirilməsi barədə hüquqi aktların layihələrinin hazırlanması ilə bağlı təkliflər vermək;
7.1.5. ictimai əhəmiyyət kəsb edən məsələlərin həllinə dair vətəndaş cəmiyyəti institutlarının təkliflərini toplamaq, ümumiləşdirmək və mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanına təqdim etmək;
7.1.6. dövlət və cəmiyyət həyatının ayrı-ayrı məsələlərinin müzakirəsi üçün açıq tədbirlər (ictimai müzakirələr, dinləmələr, seminarlar, konfranslar, dəyirmi masalar və digər tədbirlər) təşkil etmək;
7.1.7. ictimai rəyin öyrənilməsi üçün sorğular keçirmək və ya müvafiq təşkilatlara sorğu keçirilməsi barədə təkliflər vermək;
7.1.8. hüquqi aktların layihələrinin ictimai müzakirəsini keçirmək;
7.1.9. şuranın işinə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, yerli özünüidarəetmə orqanlarının nümayəndələrini, vətəndaş cəmiyyəti institutlarını, ekspertləri və elmi təşkilatların, o cümlədən beynəlxalq təşkilatların nümayəndələrini, ayrı-ayrı mütəxəssisləri cəlb etmək;
7.1.10. öz məqsədlərini həyata keçirmək üçün daimi və müvəqqəti işçi orqanlar (komitələr, komissiyalar, ekspert qrupları, işçi qruplar və s.) yaratmaq.
7.2. İctimai şura üzvlərinin mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının yerləşdiyi binaya müvafiq orqan tərəfindən müəyyən olunmuş qaydada daxil olmaq hüququ vardır.
7.3. İctimai şuranın aşağıdakı vəzifələri vardır:
7.3.1. Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, habelə digər normativ hüquqi aktlara riayət etmək;
7.3.2. şuranın fəaliyyəti barədə əhalini məlumatlandırmaq;
7.3.3. öz fəaliyyətinə dair illik hesabat hazırlamaq və dərc etdirmək;
7.3.4. müzakirə olunan məsələlərə qərəzsiz yanaşmaq.
Maddə 8. İctimai şuranın iclasları
8.1. İctimai şuranın iclasları ildə dörd dəfədən az olmayaraq keçirilir. Növbədənkənar iclaslar ictimai şura sədrinin təşəbbüsü və ya üzvlərinin üçdəbir hissəsinin təşəbbüsü ilə çağırılır.
8.2. İctimai şuranın iclasları açıq keçirilir.
8.3. İctimai şuranın iclasının gündəliyinin layihəsi ictimai şura sədrinin və üzvlərinin təklifləri əsasında formalaşır və iclasda təsdiq olunur. Mərkəzi və yerli icra hakimiyyəti orqanı və yerli özünüidarəetmə orqanı ictimai şuranın müzakirəsinə məsələlər təklif edə bilər.
8.4. İctimai şura üzvlərinin yarısından çoxu iştirak etdikdə iclaslar səlahiyyətlidir. İctimai şuranın iclaslarını onun sədri aparır. Sədr olmadıqda isə iclasa sədrlik onun müavini tərəfindən həyata keçirilir.
8.5. İctimai şuranın aktları iclasda iştirak edənlərin sadə səs çoxluğu ilə qəbul edilir və sədrlik edən tərəfindən imzalanır. Səslər bərabər olarsa sədrin səsi həlledici olur.
8.6. Mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanının nümayəndələri ictimai şuranın iclaslarında iştirak edə bilərlər.
Maddə 9. İctimai şuranın sədri, sədr müavini və katibi
9.1. İctimai şuranın sədri şuranın iclasında şuranın üzvləri arasından iki il müddətinə seçilir.
9.2. İctimai şuranın sədri:
9.2.1. ictimai şuranın fəaliyyətinə rəhbərlik edir;
9.2.2. dövlət və yerli özünüidarəetmə orqanları, vətəndaş cəmiyyəti institutları ilə münasibətlərdə ictimai şuranı təmsil edir;
9.2.3. ictimai şuranın fəaliyyətinin prioritet istiqamətlərini müəyyənləşdirir;
9.2.4. ictimai şuranın iclaslarına sədrlik edir.
9.3. İctimai şura sədrinin müavini şuranın iclasında şuranın üzvləri arasından iki il müddətinə seçilir.
9.4. İctimai şuranın katibi şuranın iclasında şura üzvləri arasından iki il müddətinə seçilir.
9.5. İctimai şuranın katibi:
9.5.1. ictimai şuranın cari fəaliyyətini təmin edir;
9.5.2. ictimai şura üzvlərinin fəaliyyətini əlaqələndirir;
9.5.3. ictimai şuranın aktlarını aidiyyəti üzrə təqdim edir;
9.5.4. ictimai şuranın kargüzarlıq işini təşkil edir.
Maddə 10. İctimai şuranın reqlamenti
10.1. İctimai şuranın iş qaydası onun iclasında qəbul edilən reqlament ilə müəyyən edilir.
10.2. İctimai şuranın reqlamentində aşağıdakılar nəzərdə tutulur:
10.2.1. ictimai şuranın iclaslarının keçirilməsi vaxtı və qaydası;
10.2.2. ictimai şuranın aktlarının qəbul edilməsi qaydası;
10.2.3. ictimai şuranın sədrinin, sədrin müavininin və katibin seçilməsi qaydası;
10.2.4. ictimai şuranın daimi və müvəqqəti işçi orqanlarının (komitələr, komissiyalar, ekspert qrupları, işçi qruplar və s.) yaradılması və onların vəzifələri;
10.2.5. ictimai şuranın üzvlüyünə xitam verilməsinin əsasları və qaydası;
10.2.6. ictimai şuranın mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları ilə qarşılıqlı fəaliyyətinin təşkili məsələləri;
10.2.7. ictimai şuranın işinə mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının nümayəndələrinin, vətəndaş cəmiyyəti institutlarının, ekspertlərin və elmi təşkilatların, o cümlədən beynəlxalq təşkilatların nümayəndələrinin, ayrı-ayrı mütəxəssislərin cəlb olunması qaydası;
10.2.8. ictimai şuranın strukturu və fəaliyyətinin təşkili ilə bağlı digər məsələlər.
Maddə 11. İctimai şuranın aktları
11.1. İctimai şura təşkilati məsələlər üzrə qərarlar, digər məsələlər üzrə isə rəy və təkliflər qəbul edir.
11.2. İctimai şuranın rəy və təkliflərinə həmin sənədlərin ünvanlandığı mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanı tərəfindən “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılmalıdır.
11.3. İctimai şuranın rəy və təkliflərinin nəzərə alınmaması müvafiq orqan və ya vəzifəli şəxs tərəfindən əsaslandırılmalıdır.
3-cü fəsil
İctimai dinləmə və ictimai müzakirə
Maddə 12. İctimai dinləmə və ictimai müzakirə təşəbbüsü
Dövlət və yerli özünüidarəetmə orqanları, vətəndaş cəmiyyəti institutları, ictimai şuralar və ayrı-ayrı vətəndaşlar ictimai dinləmə və ictimai müzakirənin təşəbbüsçüsü ola bilərlər.
Maddə 13. İctimai dinləmənin və ictimai müzakirənin təşkilinə və keçirilməsinə dair əsas tələblər
13.1. İctimai dinləmənin və ictimai müzakirənin təşkili və keçirilməsi zamanı aşağıdakılar nəzərə alınmalıdır:
13.1.1. ictimai dinləmənin və ictimai müzakirənin məqsədinin və mövzusunun dəqiq müəyyən edilməsi;
13.1.2. dinləmənin və müzakirənin mövzusu barədə maraqlı tərəflərin məlumatlandırılması;
13.1.3. dinləmələrə və müzakirələrə ekspertlərin və mütəxəssislərin cəlb edilməsi;
13.1.4. problemin müstəqil və geniş təhlilinin aparılması;
13.1.5. tələb olunduğu hallarda alternativ layihələrin və təkliflərin müzakirəyə çıxarılması;
13.1.6. dinləmənin və müzakirənin mövzusuna aidiyyəti dövlət və yerli özünüidarəetmə orqanlarının səlahiyyətli nümayəndələrinin iştirakının təmin edilməsi;
13.1.7. dinləmənin və müzakirənin nəticələri haqqında maraqlı tərəflərin məlumatlandırılması.
13.2. İctimai dinləmə və ictimai müzakirə açıq keçirilir. İstənilən şəxs dinləmələrdə iştirak edə və müzakirə olunan məsələ barəsində öz mülahizəsini bildirə bilər.
Maddə 14. İctimai dinləmənin və ictimai müzakirənin təşkili
14.1. İctimai dinləmənin və ictimai müzakirənin təşkilatçısı:
14.1.1. dinləmənin və müzakirənin mövzusunu dəqiqləşdirir və təsdiq edir;
14.1.2. əsas məruzələrin mövzusunu və məruzəçiləri müəyyən edir;
14.1.3. dinləmənin və müzakirənin keçirilməsi proqramının layihəsini hazırlayır;
14.1.4. dinləmənin və müzakirənin keçirilməsi yerini, vaxtını və müddətini müəyyən edir;
14.1.5. iştirakçıların seçilməsi prinsiplərini və dəvət edilməsi formalarını müəyyənləşdirir, onları dəvət edir;
14.1.6. kütləvi informasiya vasitələri və ictimaiyyət üçün elan xarakterli məlumatlar hazırlayır və həmin məlumatları hamının tanış ola biləcəyi yerlərdə yerləşdirir;
14.1.7. dinləmənin və müzakirənin yekun sənədinin (sənədlərinin) ilkin layihəsini hazırlayır.
14.2. İctimai dinləmənin və ictimai müzakirənin keçirilməsi barədə elan təşəbbüskarın internet səhifəsində və ya kütləvi informasiya vasitələrində tədbirdən ən azı yeddi iş günü əvvəl dəqiq vaxt və yer göstərilməklə yerləşdirilir.
Maddə 15. İctimai dinləmənin və ictimai müzakirənin yekun sənədi
15.1. Vətəndaş cəmiyyəti institutları tərəfindən keçirildiyi təqdirdə ictimai dinləmənin yekun sənədi dinləmə zamanı açıqlanmış əsas fikir, rəy və təkliflərin icmalı formasında hazırlanır, ictimai dinləməyə sədrlik edən tərəfindən imzalanır və dinləmə başa çatdıqdan sonra ən geci üç iş günü müddətində aidiyyəti dövlət və yerli özünüidarəetmə orqanlarına və kütləvi informasiya vasitələrinə təqdim olunur.
15.2. Vətəndaş cəmiyyəti institutları tərəfindən keçirildiyi təqdirdə ictimai müzakirənin yekun sənədi rəy və təkliflər formasında qəbul edilir, iclasın sədri tərəfindən imzalanır və müzakirə başa çatdıqdan sonra ən geci üç iş günü müddətində aidiyyəti dövlət və yerli özünüidarəetmə orqanlarına və kütləvi informasiya vasitələrinə təqdim olunur.
15.3. İctimai dinləmənin və ictimai müzakirənin yekun sənədlərinə bu Qanunun 11.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada baxılır.
4-cü fəsil
Yazılı məsləhətləşmə
Maddə 16. Yazılı məsləhətləşmənin təşkili
16.1. Mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları hazırladıqları hüquqi aktların layihələri barədə yazılı məsləhətləşmələrin başlanması haqqında məlumatı öz internet səhifəsində və ya kütləvi informasiya vasitələrində yerləşdirir.
16.2. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əldə edilməsi məhdudlaşdırılmış informasiyanı nəzərdə tutan hüquqi aktların layihələri və ya onların müvafiq struktur elementləri yazılı məsləhətləşmə üçün dərc olunmur.
Maddə 17. Yazılı məsləhətləşmələrin müddəti
17.1. Mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları hazırladıqları hüquqi aktların layihələri barədə vətəndaş cəmiyyəti institutlarının rəy, irad və təkliflər verə bilməsi üçün azı yeddi iş günü nəzərdə tutur.
17.2. Daxil olmuş rəy, irad və təkliflər mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları tərəfindən müzakirə edilib qiymətləndirildikdən sonra onların nəzərə alınmasına və ya rədd edilməsinə dair on dörd gün ərzində əsaslandırılmış qərar verilir və dərc edilir.
5-ci fəsil
Hüquqi aktların layihələrinə dair ictimai dinləmə və ictimai müzakirə
Maddə 18. Qanun layihələrinə dair ictimai dinləmə və ictimai müzakirənin təşkili
18.1. Azərbaycan Respublikasının Konstitusiyasının 96-cı maddəsinin I hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilən qanun layihələrinə dair ictimai dinləmə və ictimai müzakirə Azərbaycan Respublikası Milli Məclisinin Aparatı tərəfindən təşkil edilir.
18.2. Qanun layihələrinə dair ictimai dinləmə və ictimai müzakirənin təşkili üçün Azərbaycan Respublikası Milli Məclisinin Aparatı:
18.2.1. Azərbaycan Respublikası Milli Məclisinin internet səhifəsində xüsusi bölmə ayırır;
18.2.2. Azərbaycan Respublikası Milli Məclisinin Aparatında qeydiyyata alınmış bütün qanun layihələrini müvafiq komitəyə göndərdikdən sonra üç gün ərzində Azərbaycan Respublikası Milli Məclisinin internet səhifəsinin xüsusi bölməsində yerləşdirir;
18.2.3. Azərbaycan Respublikası Milli Məclisinin internet səhifəsinin xüsusi bölməsində qanun layihəsi ilə birlikdə onu təqdim edən subyekt, layihənin qeydiyyat nömrəsi, göndərildiyi komitə (komitələr), ictimai dinləmələrin qrafiki və keçiriləcəyi yer və ictimai müzakirənin müddəti, keçirilməsi qaydaları, rəy, irad və təkliflərin təqdim olunması qaydası, onlara baxılması və nəticələrin açıqlanacağı müddətlər barədə məlumatı yerləşdirir;
18.2.4. qanun layihələrinə dair təqdim olunmuş rəy, irad və təkliflərin nəzərə alınmasının nəticələri barədə ictimaiyyəti məlumatlandırır;
18.2.5. birinci və ikinci oxunuşlardan sonra qanun layihəsinin yenilənmiş mətnlərini dərc edir.
18.3. Qanun layihələrinə dair ictimai dinləmələrin keçirilməsi qaydası Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi ilə müəyyən edilir.
Maddə 19. Digər hüquqi aktların layihələrinə dair ictimai dinləmə və ictimai müzakirənin keçirilməsi
Mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının hazırladıqları hüquqi aktların layihələrinə dair ictimai dinləmə və ictimai müzakirə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada keçirilir.
6-cı fəsil
Yekun müddəalar
Maddə 20. Qanunun pozulmasına görə məsuliyyət
Bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.
Maddə 21. Qanunun qüvvəyə minməsi
Bu Qanun 2014-cü il iyunun 1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
17 Yanvar 2014, 09:01
19 Noyabr 2018, 08:11
“Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 1 oktyabr tarixli 1258-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
19 Noyabr 2018, 08:11
“Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...
19 Noyabr 2018, 08:11
“Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 1 may tarixli 170 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
16 Noyabr 2018, 08:11
Azərbaycan Respublikasında avtomobil yollarının tikintisi və istismarı sahəsində fərqlənən bir qrup şəxsin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
16 Noyabr 2018, 08:11
Ş.İ.Astanova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
16 Noyabr 2018, 08:11
Ə.İ.Qocayevə “Əməkdar mühəndis” fəxri adı verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
16 Noyabr 2018, 08:11
Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
16 Noyabr 2018, 08:11
“Torpaq bazarı haqqında” və “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...
16 Noyabr 2018, 08:11
“Torpaq bazarı haqqında” və “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 oktyabr tarixli 1287-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
16 Noyabr 2018, 08:11
Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ətraflı...