"Sudan istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 262
Bakı şəhəri, 17 iyul 2014-cü il
"Sudan istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında
"Elektroenergetika haqqında" Azərbaycan Respublikasının Qanununa, "Qaz təchizatı haqqında" Azərbaycan Respublikasının Qanununa və "Su təchizatı və tullantı suları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 30 oktyabr tarixli 168 nömrəli Fərmanının 1.5-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
"Sudan istifadə Qaydaları" təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmişdir
Sudan istifadə
QAYDALARI
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar "Su təchizatı və tullantı suları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və su təchizatı və kanalizasiya sistemlərindən (sudan) istifadə sahəsində su təchizatı və kanalizasiya müəssisəsi ilə istehlakçı arasında qarşılıqlı münasibətləri və bununla əlaqədar digər məsələləri tənzimləyir.
1.2. Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.2.1. su təchizatı və kanalizasiya müəssisəsi (bundan sonra - STKM) - mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, müəyyən ərazi (zona) hüdudlarında su təchizatını və tullantı sularının axıdılmasını təmin edən hüquqi şəxsdir;
1.2.2. istehlakçı - STKM-in xidmətlərindən istifadə edən hüquqi və ya fiziki şəxsdir;
1.2.3. məişət (təsərrüfat)-içməli su - yaşayış məntəqəsində yaşayan əhalinin və sənaye müəssisələri işçilərinin məişət (təsərrüfat) və içmək məqsədləri üçün istifadə etdikləri sudur;
1.2.4. istehsalat məqsədli su - istehsalat, sənaye, texnoloji və digər texniki məqsədlər üçün istifadə olunan sudur;
1.2.5. tullantı suları - istehlakçıların istifadə edilərək çirkləndirdiyi, sənaye texnologiyası ilə əlaqədar olaraq çirklənmiş sular, həmçinin yaşayış məntəqəsində insanların fizioloji qalıqları (ifraz maddələri) ilə qarışmış mayelər, baş vermiş qəzalar zamanı ətraf mühitə və kanalizasiya sisteminə atılan şərti təmiz sulardır;
1.2.6. su təchizatı sistemi - suyu mənbədən götürən, təmizləyən və istehlakçıya çatdıran bir və ya bir qrup qurğu, o cümlədən magistral (ümumiləşdirilmiş) və paylayıcı (daxili) su kəmərləri (xətləri) şəbəkəsidir;
1.2.7. kanalizasiya sistemi - yaşayış məntəqəsində və ya sənaye müəssisələrinin fəaliyyəti nəticəsində əmələ gələn tullantı sularını tullantıları təmizləyən məntəqəyə nəql etdirən şəbəkədir;
1.2.8. balans mənsubiyyəti sərhədi - STKM tərəfindən suyun istehlakçıya çatdırılma məntəqəsində STKM və istehlakçı arasında müqavilə ilə su təchizatı və kanalizasiya sisteminin balans mənsubiyyətini müəyyənləşdirən ayırma nöqtəsidir.
1.3. Bu Qaydaların heç bir müddəası istehlakçının mənafeyini ağırlaşdıran formada təfsir edilə bilməz.
1.4. Bu Qaydalara uyğun olaraq, hər bir istehlakçının su təchizatı və tullantı sularının axıdılması sistemlərindən (bundan sonra - STTSAS) istifadə etmək hüququ vardır.
1.5. İstehlakçıların STTSAS-a qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada tənzimlənir.
1.6. STKM tərəfindən göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün istehlakçı ilə STKM arasında bağlanılmış alqı-satqı müqaviləsinə (bundan sonra - müqavilə) əsasən həyata keçirilir.
1.7. Müqavilələr fiziki şəxslərlə bu Qaydaların 1 nömrəli əlavəsinə, hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə isə bu Qaydaların 2 nömrəli əlavəsi ilə müəyyən edilmiş formalara uyğun bağlanılmalıdır. Müqaviləyə STKM ilə istehlakçı arasında su təchizatı və kanalizasiya sisteminin balans mənsubiyyəti sərhədini müəyyən edən və bu Qaydaların 3 nömrəli əlavəsi ilə müəyyən edilmiş formaya uyğun tərtib edilən akt əlavə edilir.
1.8. Tikintisi başa çatmış çoxmənzilli yaşayış binalarının mənzil mülkiyyətçiləri ilə fərdi müqavilələr daxili təchizat sistemi texniki şərtlərə uyğun qurulduqdan sonra, digər kateqoriyalı istehlakçılarla isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada həmin istehlakçıların STTSAS-a qoşulmasını təsdiq edən qoşulma aktı tərtib edilərək imzalandıqdan sonra bağlanılmalıdır.
1.9. STKM-in və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən suyun keyfiyyəti (tərkibi və təchizatın etibarlılığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər müqavilədə göstərilir.
1.10. STKM onun təqsiri üzündən baş verən hadisələr istisna olmaqla, su magistral kəmərindən istehlakçının paylayıcı şəbəkəsinə verildikdən sonra suyun keyfiyyətinin dəyişməsinə görə məsuliyyət daşımır.
1.11. Texniki su kəməri şəbəkəsi ilə əhatə olunmamış ərazilərdə içməli sudan texnoloji proseslərdə (yaşıllıqların suvarılması, avadanlığın soyudulması, nəqliyyat vasitələrinin yuyulması, beton qarışıqlarının hazırlanması və s.) istifadə edilməsinə yalnız istehlakçının müraciətinə əsasən texniki şərtlərə uyğun olaraq STKM-in icazəsi ilə yol verilir.
1.12. "Su təchizatı və tullantı suları haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda STKM-in qanuni istehlakçısı olmayan üçüncü şəxsi su ilə təmin etməsi və ya sudan istifadəyə icazə verməsi qadağan edilir.
2. STKM-in vəzifələri
2.1. STKM-in vəzifələri aşağıdakılardır:
2.1.1. balansında olan su təchizatı və kanalizasiya sistemlərinin və qurğularının lazımi səviyyədə istismarı, təmiri, saxlanması və mühafizəsini təmin etmək;
2.1.2. istehlakçını müqavilədə göstərilən keyfiyyətdə və həcmdə su ilə təmin etmək;
2.1.3. fiziki şəxs olan istehlakçılar istisna olmaqla, digər istehlakçıların istismarında olan su qurğularına 6 (altı) ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etmək, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini istehlakçıya təqdim etmək;
2.1.4. istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcminin və dəyərinin, həmçinin istismarda olan su təchizatı və kanalizasiya sistemlərinin tam və dəqiq uçotunu aparmaq;
2.1.5. istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcmini smart-kart tipli olmayan suölçən cihazın göstəricilərinə əsasən, suölçən cihaz quraşdırılmadıqda isə bu Qaydaların 7.2-ci bəndinə uyğun olaraq müəyyənləşdirmək;
2.1.6. verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq hər ay istehlakçıya ödəməli olduğu vəsaitin həcmini əks etdirən hesabı təqdim etmək (göndərmək);
2.1.7. istehlakçının suölçən cihazını onun texniki pasportunda göstərilmiş müddətdə ödənişsiz qaydada növbəti dövlət yoxlamasından keçirmək;
2.1.8. istehlakçının təqsiri olmadan zədələnən suölçən cihazı ödənişsiz qaydada təmir etmək və dövlət yoxlamasından keçirmək, həmin suölçən cihazı təmir etmək mümkün olmadıqda isə onu ödənişsiz qaydada başqası ilə dəyişdirmək;
2.1.9. aşağıdakı hallarda suyun verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş təqdim etmək (göndərmək):
2.1.9.1. quraşdırılmış suölçən cihaz dövlət standartlarının tələblərinə cavab vermədikdə;
2.1.9.2. verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq tərtib edilmiş hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsait 1 (bir) ay müddətində tam ödənilmədikdə;
2.1.9.3. STKM ilə müqavilə bağlanılmadıqda.
3. STKM-in hüquqları
3.1. STKM-in hüquqları aşağıdakılardır:
3.1.1. STTSAS-a qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, bir nüsxəsi istehlakçıya təqdim olunan akt tərtib etməklə və qanunsuz qoşulmanı dərhal su və kanalizasiya sistemindən ayırmaqla, su təchizatı və kanalizasiya şəbəkəsindən istifadəni dayandırmaq və dəymiş ziyanın ödənilməsini təqsirkar şəxsdən tələb etmək;
3.1.2. smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış və ya suölçən cihaz quraşdırılmamış istehlakçıdan verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq təqdim edilmiş hesabın ödənilməsini tələb etmək.
4. İstehlakçıların vəzifələri
4.1. İstehlakçıların vəzifələri aşağıdakılardır:
4.1.1. su təchizatı və kanalizasiya xidmətlərindən və sudan istifadə etmək üçün STKM ilə müqavilə bağlamaq;
4.1.2. STKM ilə bağlanılmış müqavilənin şərtlərini yerinə yetirmək;
4.1.3. bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək;
4.1.4. suölçən cihazları onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun istismar etmək;
4.1.5. istehlakçılara məxsus binalarda, mənzillərdə, fərdi yaşayış evlərində, həyətyanı sahələrdə quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasını, o cümlədən üzərindəki plombların toxunulmazlığını təmin etmək;
4.1.6. hüquqtəsdiqedici sənədlər (xidməti vəsiqə və s.) əsasında STKM-in səlahiyyətli nümayəndələrini vəzifə borclarını yerinə yetirmək məqsədi ilə maneəsiz olaraq istehlakçıya məxsus əraziyə buraxmaq;
4.1.7. suölçən cihazlar və ya onlara vurulmuş plomblar hər hansı səbəbdən zədələndikdə (xarab olduqda), növbəti iş günündən gec olmayaraq, bu barədə STKM-i xəbərdar etmək.
5. İstehlakçıların hüquqları
5.1. İstehlakçıların hüquqları aşağıdakılardır:
5.1.1. qanunsuz qoşulma ilə əlaqədar tərtib olunmuş akt və onun məzmunu barədə öz mülahizələrini, izahatlarını təqdim etmək, habelə aktı imzalamaqdan imtina etmək;
5.1.2. su təchizatı və kanalizasiya xidmətləri və sudan istifadə üçün müqavilə bağlanılmasını tələb etmək;
5.1.3. müqavilə öhdəliklərinin icrasını tələb etmək;
5.1.4. müqavilədə və mülki qanunvericilikdə göstərilmiş hallarda və qaydada müqavilə öhdəliyinin icrasından birtərəfli qaydada imtina etmək;
5.1.5. verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək;
5.1.6. tələbatına görə keyfiyyət standartlarına uyğun məişət (təsərrüfat)-içməli su ilə təmin olunmaq;
5.1.7. tullantı sularının fasiləsiz axıdılmasını tələb etmək;
5.1.8. STKM-in balansında olan STTSAS-da baş vermiş qəzaların, nasazlıqların aradan qaldırılmasını tələb etmək.
6. Suölçən cihazların quraşdırılması və istismarı
6.1. STKM ilə istehlakçı arasında suyun sərfinə görə hesablaşmanın aparılması üçün balans mənsubiyyəti sərhədində Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (bundan sonra - SMPDK) tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış, üzərində SMPDK-nın və STKM-in plombu olan müvafiq suölçən cihaz quraşdırılır. Həmin tələblərə cavab verməyən suölçən cihazların və digər ölçmə vasitələrinin quraşdırılması qadağandır.
6.2. Yaşayış binalarının mənzillərindəki suölçən cihazlar yaşayış binasının girişində, yaxud pilləkən qəfəslərində quraşdırılır.
6.3. Yaşayış binalarının mənzillərində yerləşən su dayaqlarının və suölçən cihazların pilləkən qəfəslərində STKM tərəfindən quraşdırılması ilə daxili su təchizatı sistemlərinin yenidən qurulması işləri icra olunmalıdır.
6.4. Yaşayış binalarının girişində və pilləkən qəfəslərində quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasına, o cümlədən üzərindəki plombların toxunulmazlığına STKM, mənzillərdə, fərdi yaşayış evlərində və həyətyanı sahələrdə quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasına, o cümlədən üzərindəki plombların toxunulmazlığına isə istehlakçı cavabdehlik daşıyır.
6.5. İstehlakçıların suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçılara münasibətdə STKM-in vəsaiti hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə istehlakçının öz vəsaiti hesabına həyata keçirilir. Suölçən cihaz quraşdırılmış sahənin (obyektin) sonradan hər hansı şəxsin istifadəsinə (icarəsinə) verilməsi suölçən cihazın çıxarılması (dəyişdirilməsi) üçün və ya STKM tərəfindən onun quraşdırılmasına çəkilmiş xərcin ödənilməsinin həmin şəxsdən tələb olunması üçün əsas deyildir.
6.6. Suölçən cihazlar SMPDK-nın müəyyən etdiyi dövlət standartlarının tələblərinə uyğun olaraq STKM tərəfindən dövlət yoxlamasından keçirilir.
6.7. Suölçən cihazların növbəti dövlət yoxlaması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir.
6.8. Suölçən cihazın dövlət yoxlaması istehlakçının arzusu ilə və ya istehlakçının təqsiri səbəbindən həyata keçirildikdə istehlakçının, digər hallarda isə STKM-in vəsaiti hesabına həyata keçirilir.
6.9. Yaşayış binalarının girişində və pilləkən qəfəslərində quraşdırılmış suölçən cihazların göstəricilərinə sərbəst şəkildə baxılmasına şərait olmalıdır və həmin cihazların üzərindəki plomblar onların toxunulmazlığının təmin edilməsi məqsədi ilə STKM tərəfindən örtüklə örtülməlidir.
6.10. Zədələnmiş suölçən cihazın (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, üzərindəki plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu barədə müraciət edildiyi və ya belə halların aşkar olunduğu gündən sonra ən geci 15 (on beş) iş günü müddətində bu Qaydaların tələblərinə uyğun olaraq STKM tərəfindən həyata keçirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş suölçən cihazın təmir olunması, dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına STKM tərəfindən həyata keçirilir.
6.11. Suölçən cihazın sərfiyyat yükləmə kartı itirildikdə və ya zədələndikdə kartın yenisi ilə əvəzlənməsi (dəyişdirilməsi) istehlakçının vəsaiti hesabına aparılır.
6.12. Hər hansı səbəbdən istismara yararsız smart-kart tipli suölçən cihazın və ya sərfiyyat yükləmə kartının istifadə olunmamış sərfiyyat göstəriciləri yeni veriləcək kartın balansına köçürülür.
6.13. Hüquqi şəxs olan istehlakçılar tərəfindən suölçən cihazın təmiz saxlanılmasına, avadanlığın qorunmasına, donvurmanın qarşısının alınmasına, su sayğacı və su xəttindəki siyirtmə, süzgəc üzərindəki plombların toxunulmazlığına cavabdeh olan şəxs müəyyən edilir.
6.14. Suölçən cihazların göstəricilərində istehlakçının təqsiri səbəbindən uyğunsuzluq (səhv) müəyyən edildikdə və (və ya) suölçən cihazların plombu zədələndikdə, istehlakçının vəsaiti hesabına suölçən cihazların növbədənkənar dövlət yoxlaması keçirilməlidir.
6.15. Suölçən cihaza müdaxilə və pozuntu (suölçən cihazın göstəricilərinin xətasının SMPDK-nın müəyyən etdiyi normalardan artıq olması) halları aşkar edildikdə, STKM suölçən cihazın sonuncu dəfə göstəricilərinin qeyd edilməsindən sonrakı dövr üçün sərf edilmiş suyun həcmini aşağıdakı qaydada müəyyənləşdirir və hesablaşma aparır:
6.15.1. istehlakçının müdaxiləsi halında bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq;
6.15.2. pozuntu (suölçən cihazın göstəricilərinin xətasının SMPDK-nın müəyyən etdiyi normalardan artıq olması) aşkar edildikdə isə istehlakçının əvvəlki 12 (on iki) aylıq dövrdə (istehlak dövrü 12 (on iki) aydan az olduqda, faktiki istehlak dövrü üzrə) istifadə etdiyi orta istehlak normasına əsasən.
6.16. Su təchizatı qurğularının, suölçən cihazın və onun üzərindəki plombun zədələnməsi halları aşkar olunduqda, habelə STKM-in nümayəndəsinin suölçən cihaza baxmasına istehlakçı tərəfindən lazımi şərait yaradılmadıqda, müvafiq akt tərtib edilir. Aktın bir nüsxəsi istehlakçıya təqdim edilir.
6.17. Tərtib edilmiş akta əsasən istehlakçının təqsiri üzündən STKM-ə maddi zərər vurulması müəyyən edildikdə, dəymiş ziyan hesablanaraq istehlakçıya ödəniş sənədi təqdim edilir.
7. Suyun və kanalizasiya sisteminə axıdılan tullantı sularının uçotu və ödəmə şərtləri
7.1. Suyun və kanalizasiya sisteminə tullantı sularının axıdılmasının pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir.
7.2. STKM smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Su sərfi haqqında məlumatın təqdim edilməsini STKM ilə bağlanılmış müqaviləyə əsasən istehlakçının özü də həyata keçirə bilər.
7.3. Smart-kart tipli suölçən cihaz quraşdırılmış istehlakçıya istifadə etdiyi suyun həcmi haqqında STKM tərəfindən hesab təqdim edilməsi (göndərilməsi) tələb edilmir.
7.4. Əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır.
7.5. Suölçən cihazlar olmadıqda, fərdi yaşayış və bağ evlərinin həyətyanı torpaq sahələrində təsərrüfat məqsədləri üçün istifadə edilən suyun həcmi mövcud texniki qaydalara uyğun olaraq hesablanır. Digər istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının həcmi və buna görə ödənilməli vəsaitin həcmi Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının qərarında nəzərdə tutulmuş qaydada müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir.
7.6. Verilmiş suyun və axıdılmış tullantı sularının hesabı istehlakçı tərəfindən tam ödənildikdən sonra, STKM tərəfindən hesablamada yol verilmiş səhvə görə əlavə vəsaitin ödənilməsi istehlakçıdan tələb edilə bilməz.
7.7. İstehlakçının müraciəti və ya STKM-in təşəbbüsü əsasında bu Qaydaların 7.2-ci bəndinə uyğun olaraq istehlakçıya göndərilmiş (təqdim edilmiş) hesaba yenidən baxıla bilər. Fərq müəyyən olunduqda, qarşılıqlı razılaşma əsasında hesabda müvafiq düzəliş aparılır. Aparılmış düzəlişdən sonra keçmiş dövrlərə aid fakturaların ƏDV hesabatında dəqiqləşmə aparılır.
7.8. İstehlakçı STKM-in nümayəndəsinin suölçən cihaza baxmasına şərait yaratmadıqda, sərf edilmiş suyun həcmi istehlakçının əvvəlki 12 (on iki) aylıq dövrdə (istehlak dövrü 12 (on iki) aydan az olduqda, faktiki istehlak dövrü üzrə) istifadə etdiyi orta istehlak normasına əsasən hesablama yolu ilə müəyyənləşdirilir. Əvvəlki 12 (on iki) aylıq dövrdə istifadə edilmiş orta istehlak normasına əsasən aparılmış hesabatlara sonradan müəyyən olunmuş suölçən cihazın faktiki göstəricisinə uyğun olaraq düzəliş aparılır. Düzəliş nəticəsində istehlakçının artıq ödədiyi məbləğ növbəti hesabatlarda nəzərə alınır və ya istehlakçıya geri qaytarılır.
7.9. Suölçən cihaz yararsız vəziyyətə düşdükdə, yeni suölçən cihaz quraşdırılanadək istifadə olunan suyun həcmi, bundan əvvəlki 12 (on iki) ayda (istehlak dövrü 12 (on iki) aydan az olduqda, faktiki istehlak dövrü üzrə) sərf olunmuş suyun orta aylıq sərfi həcmində təyin edilir.
7.10. İstehlakçının eyni və yaxud ayrı-ayrı ərazilərdəki müxtəlif tarif qruplarına məxsus olan obyektləri üzrə verilən suya və axıdılan tullantı sularına görə hesablaşmalar onların hər birinin aid olduğu istehlakçı qrupu üçün müəyyən olunmuş tarifə uyğun aparılır. Bir ünvanda verilən suya və axıdılan tullantı sularına görə yaranmış borcla əlaqədar istehlakçıya məxsus borcu olmayan digər sahələrin su təchizatı və tullantı sularının axıdılması xidməti borc tam ödənilənədək dayandırıla bilər.
7.11. İstehlakçı bu Qaydaların 7.2-ci bəndinə uyğun olaraq ona göndərilmiş (təqdim edilmiş) hesabda səhvə (səhvlərə) yol verildiyi (ödənilməli olan vəsaitin artıq hesablandığı) qənaətinə gələrsə, hesabı aldıqdan sonra ən geci 10 (on) iş günü müddətində hesabı təqdim etmiş STKM-ə yazılı şəkildə müraciət edə bilər.
7.12. STKM bu Qaydaların 7.11-ci bəndinə əsasən daxil olmuş müraciətə ən geci 5 (beş) iş günü müddətində baxaraq, istehlakçıya yazılı cavab verməlidir. Ərizə əsaslı hesab edildikdə, artıq hesablanmış vəsait növbəti ödənişlərdə nəzərə alınır və ya istehlakçıya geri qaytarılır.
7.13. İstifadə olunan suyun və axıdılan tullantı sularının dəyəri bank, poçt, internet və ya POS-terminal vasitəsilə ödənilir.
7.14. Bu Qaydaların 7.2-ci bəndinə uyğun olaraq istehlakçıya göndərilmiş (təqdim edilmiş) hesab üzrə ödənişlər həmin hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra 1 (bir) ay müddətində tam həyata keçirilməlidir. Həmin müddət gecikdirildikdə, müqavilədə nəzərdə tutulduğu hallarda istehlakçı əsas borc məbləği ilə yanaşı, müqavilənin şərtlərinə uyğun olaraq dəbbə pulunu (cərimə, penya) da ödəməlidir.
7.15. İstehlakçı bu Qaydaların 7.2-ci bəndinə uyğun olaraq ona göndərilmiş (təqdim edilmiş) hesab üzrə gecikdirilmiş ödənişləri (qalıq borclarını) STKM ilə qarşılıqlı razılaşma əsasında hissə-hissə ödəyə bilər. Bu zaman əhali qrupuna aid olan istehlakçılar istisna olmaqla, digər istehlakçılara müqavilədə nəzərdə tutulmuş qaydada gecikmiş ödəmələr (qalıq borclar) üzrə dəbbə pulu tətbiq edilir.
7.16. Bu Qaydaların 7.14-cü bəndində nəzərdə tutulmuş müddət gecikdirildikdə, STKM vaxtı keçmiş ödənişlərin məbləğini istehlakçının akkreditiv hesabından silə bilər. Akkreditiv hesabın məbləği borcların ödənilməsinə kifayət deyildirsə, STKM borcların ödənilməməsi məsələsini məhkəmə qaydasında həll edə bilər.
7.17. Akkreditivin məbləği göstərilmiş xidmətlərə görə borclar həcmində azalarsa, onda istehlakçı STKM-in tələbinə əsasən akkreditivin depozit məbləğini nəzərdə tutulmuş səviyyəyə qədər çatdırmalıdır.
7.18. Akkreditivin məbləği aylıq xidmətlərə görə bütün ödənişlərin cəminin iki misli səviyyəsində müəyyənləşdirilir. Orta aylıq ödənişlərin hesabatı, istehlakçının daxil olduğu kateqoriyanın istifadə normalarını da nəzərə almaqla, əvvəlki 6 (altı) ayın istehlakının orta qiymətinə və ya suölçən cihazın göstəricilərinə əsasən aparılır.
7.19. Akkreditivin məbləği STKM-in razılığına əsasən hissə-hissə keçirilə bilər.
7.20. STKM suölçən cihaz quraşdırılmış hər bir istehlakçının adına, müqavilə bağlanıldığı gündən fərdi hesab açır.
7.21. İstehlakçı ödəyicinin adı, hüquqi ünvanı, fəaliyyət növü, təsisçisi (təsisçiləri) dəyişdikdə, STKM-i yazılı xəbərdar etməli və zərurət yarandıqda, STKM ilə qarşılıqlı hesablaşmalarda dəyişiklik olan tarixə üzləşmə aktının tərtib edilməsi barədə müraciət etməlidir.
7.22. Yaşayış binalarında, fərdi yaşayış evlərində, obyektlərdə yanğınların söndürülməsində, habelə taktiki təlimlərdə, yanğın hidrantlarının və daxili yanğın kranlarının işinin yoxlanılmasında sərf edilmiş suyun həcminin dəqiqləşdirilməsi məqsədi ilə yanğından mühafizə orqanlarının və STKM-in nümayəndələrinin iştirakı ilə birgə akt tərtib edilir.
7.23. Yanğının söndürülməsinə sərf edilən suyun həcmi yanğından mühafizə orqanları tərəfindən STKM-ə təqdim edilmiş sənədlər əsasında hesablanır.
7.24. Yaşayış və ictimai binalarda kanalizasiya şəbəkəsinə daxil olan tullantı sularının uçotu suölçən cihazın göstəricilərinə, suölçən cihaz olmadıqda isə bu Qaydaların 7.1-ci, 7.2-ci və 7.7-ci bəndlərinə uyğun olaraq istifadə edilən suyun həcminə görə aparılır.
7.25. Kanalizasiya şəbəkəsinə axıdılan istehsalat tullantı sularının uçotu müəssisənin su təsərrüfatı pasportunun və (və ya) suölçən cihazının göstəricisinə əsasən hesablanır. Suölçən cihaz və ya su təsərrüfatı pasportu olmadıqda, axıdılan tullantı suyunun həcmi verilən içməli suyun həcmi ilə bərabər götürülür.
7.26. İstehsalat və təsərrüfat-məişət ehtiyacları üçün su alternativ mənbələrdən götürülərsə, suölçən cihaz olmadıqda kanalizasiya şəbəkəsinə atılan tullantı sularının həcmi hesabat əsasında STKM ilə istehlakçılar arasında bağlanılmış müqaviləyə əsasən müəyyənləşdirilir.
7.27. STKM göstərdiyi xidmətlərin müvafiq qaydada ödənilməsi şərtilə leysan axarları vasitəsilə suların axıdılması üçün yol xidməti müəssisələri ilə müqavilə bağlaya bilər.
7.28. STKM leysan axarları vasitəsilə suların axıdılması üçün göstərdiyi xidmətlərin dəyərini aidiyyəti icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilmiş iqlim yağıntı normalarına uyğun hesablayıb yol xidməti müəssisələrinə (istehlakçıya) təqdim edir.
8. İstehlakçıya suyun verilməsinin dayandırılmasının əsasları və müqavilənin ləğv edilməsi
8.1. STKM "Su təchizatı və tullantı suları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aşağıdakı hallarda istehlakçıların su təchizatını istehlakçını mütləq qaydada xəbərdar etmək şərtilə dayandıra bilər:
8.1.1. istehlakçının müvafiq yazılı müraciəti (su təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda;
8.1.2. tikinti, təmir-profilaktika və qəza işlərinin görülməsinə və su tutarlarının təmizlənməsinə ehtiyac yarandıqda;
8.1.3. su mənbəyində səth sularının bulanıqlıq dərəcəsi artdıqda və ya su hövzəsində fövqəladə ekoloji böhran vəziyyəti yarandıqda;
8.1.4. istehlakçının paylayıcı su kəmərləri şəbəkəsi, su tutarları (su anbarları), qoşulmalar, siyirtmələr, kranlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə;
8.1.5. STKM ilə müvafiq müqavilə bağlanılmadıqda;
8.1.6. məişət (təsərrüfat)-içməli su ehtiyacları üçün nəzərdə tutulmuş magistral su kəmərlərindəki sudan digər məqsədlərlə istifadə olunduqda;
8.1.7. məhkəmənin müvafiq qərarı olduqda;
8.1.8. istifadə edilmiş suyun hesabı istehlakçı tərəfindən bu Qaydaların tələblərinə uyğun olaraq vaxtında və tam ödənilmədikdə.
8.2. İstehlakçıya suyun verilməsinin dayandırılması yalnız fərdi qaydada həyata keçirilir. Suyun dəyərini ödəməyən istehlakçıya suyun verilməsinin dayandırılması, suyun dəyərini vaxtında ödəyən istehlakçıların hüquqlarının pozulması ilə nəticələnməməlidir.
8.3. İstehlakçı suyun verilməsinin dayandırılması (su təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) və ya müqavilənin vaxtından əvvəl ləğv olunması (bu Qaydaların 8.4-cü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla) barədə STKM-ə yazılı müraciət etdikdə, STKM 2 (iki) iş günü müddətində müvafiq olaraq suyun verilməsinin dayandırılması və ya müqavilənin ləğv edilməsi barədə qərar qəbul etməlidir. İstehlakçıya suyun verilməsi həmin qərarın qəbul edildiyi gündən dayandırılmalıdır və istehlakçı sonuncu günədək istifadə etdiyi suyun dəyərini ödəməlidir.
8.4. Su ilə təchiz olunmuş obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildiyi günədək sudan istifadəyə görə olan borcunu ödəməli, STKM-dən borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) yeni müqavilənin bağlanılması üçün STKM-ə 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə STKM arasında müqavilə bağlanılmalıdır.
8.5. Su ilə təchiz edilmiş obyektin mülkiyyətçisinin (istifadəçisinin) dəyişdirilməsi suyun verilməsinin dayandırılması üçün əsas deyildir.
8.6. Su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, STKM qanunsuz xətti dərhal su təchizatı sistemindən ayırmaqla suyun verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini həmin şəxsdən tələb etməlidir.
8.7. Su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda, itirilmiş suyun həcmi bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq ötən 1 (bir) il müddətinədək hesablanır.
8.8. Suyun verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan, su təchizatı bu Qaydaların 8.1.5-ci və 8.1.8-ci yarımbəndlərinə əsasən dayandırıldıqda su təchizatının dayandırılması və bərpası ilə əlaqədar xərclər istehlakçı tərəfindən ödənildikdən və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində STKM tərəfindən suyun verilməsi bərpa edilməlidir.
8.9. Suyun verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 8.1.2-ci yarımbəndi istisna olmaqla) STKM tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
9. Kanalizasiya şəbəkə və qurğularından istifadəyə dair xüsusi tələblər
9.1. Tullantı suları yalnız kanalizasiya şəbəkəsi vasitəsilə axıdılmalıdır. İstehsalat tullantı sularının axıdılmasına aid məsələlərin həlli hər bir halda STKM tərəfindən təmin olunmalıdır.
9.2. Şərti təmiz sular təsərrüfat-məişət kanalizasiya sisteminə STKM ilə bağlanılmış müqaviləyə əsasən və kanalizasiya şəbəkələrinin və təmizləyici qurğularının gücü, həmçinin axıdılan suyun həcmi nəzərə alınmaqla axıdıla bilər.
9.3. Kanalizasiya şəbəkəsinin tutulmasının, sıradan çıxmasının və təmizləyici qurğularının işinin pozulmasının qarşısını almaq məqsədi ilə şəbəkəyə aşağıda göstərilənlərin axıdılması qadağandır:
9.3.1. insanların sağlamlığı üçün təhlükə yaradan maddələrin, radioaktiv maddələrin, yoluxucu xəstəxana sularının, həmçinin tərkibində mətbəx və iri bərk təsərrüfat tullantıları, neft məhsulları olan və ya partlayışa səbəb ola biləcək maddələrin;
9.3.2. temperaturu +400C-dən artıq olan tullantı sularının, soyuducu kondensat sularının, hidroyuyuntudan, hidrotorfdan və quruducu-yığıcı çənlərdən axan suların;
9.3.3. atmosfer yağıntılarını qəbul edən yağış kanalizasiya şəbəkələrinə təsərrüfat-məişət tullantı sularının və tullantı su şəbəkələrinə səth axıntı sularının (kanalizasiya sisteminin yağış kanalizasiya şəbəkələrindən ayrılmış yaşayış məntəqələrində);
9.3.4. kanalizasiya qurğularına xidmət edən işçilərin səhhətinə zərər vuran və təmizləyici qurğularda tullantı sularının bioloji təmizlənməsinin texnoloji prosesini pozan istehlakçıların tullantı sularının.
9.4. Tullantı sularının müntəzəm olaraq STKM-in ixtisaslaşdırılmış laboratoriyasında analizi aparılmalıdır. Analizin xərcləri onun nəticəsinə görə tullantı sularının tərkibindəki çirkləndirici maddələrin miqdarı yol verilən qatılıq həddindən artıq olduqda və ya analiz istehlakçının arzusu ilə aparıldıqda istehlakçının, qalan hallarda isə STKM-in vəsaiti hesabına ödənilir. İstehlakçı tərəfindən kanalizasiya sisteminə axıdılan tullantı sularının tərkibindəki çirkləndirici maddələrin miqdarı yol verilən qatılıq həddindən artıq olduqda, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada istehlakçıya ödəmələr hesablanır.
9.5. Mövcud təsərrüfat-məişət kanalizasiya sisteminə qoşulmuş sənaye müəssisəsinin tullantı sularının tərkibində nəzarəti aparılan maddələrin qatılıq həddinin tələblərə uyğun gəlmədiyi müəyyən edilərsə, müəssisənin tullantı sularının yerli (lokal) qurğularda təmizlənməsi vacibdir. Bu halda sənaye müəssisəsi öz vəsaiti hesabına yerli (lokal) təmizləmə qurğularının STKM ilə razılaşdırılmış layihə üzrə inşasını təmin etməli, dövri, ardıcıl və təkrar su təchizatı sistemlərinin yaradılmasını həyata keçirməlidir.
9.6. İstehlakçılar kanalizasiya şəbəkə və qurğularının normal istismarı üçün aşağıdakılara əməl etməlidirlər:
9.6.1. özlərinə məxsus olan kanalizasiya şəbəkələrinin düzgün istismarına və mühafizəsinə;
9.6.2. STKM-in kanalizasiya şəbəkəsindən istifadəyə qoyduğu qadağalara;
9.6.3. istifadə edilmiş tullantı sularının axıdılması üzrə xidmətin dəyərinin vaxtında və tam ödənilməsinə;
9.6.4. suqəbuledici avadanlıqlara bərk əşyaların atılmamasına və zərərli (tezalışan) mayelərin axıdılmamasına;
9.6.5. suqəbuledici avadanlıqların, aidiyyəti üzrə kanalizasiya baxış quyularının normal (normalara uyğun) saxlanılmasına və istismarına;
9.6.6. zirzəmilərdə kanalizasiya dayaqlarının və axıtma borularının sazlığına;
9.6.7. binanın damındakı kanalizasiya dayağına aid ventilyasiya nəfəsliyinin bağlanmamasına.
9.7. İstehlakçılar balanslarında olan kanalizasiya baxış quyularının müvafiq qapaqlarla bağlanmasına və qapaqların mühafizəsinə cavabdehlik daşıyırlar.
9.8. Kanalizasiya şəbəkəsinin quyuları onların baxılması və istismarı üçün daim yararlı vəziyyətdə saxlanılmalı, onların istismarına mane olan əşya və maddələrin toplanmasına yol verilməməlidir.
9.9. STKM müntəzəm olaraq öz balansında olan kanalizasiya şəbəkələrinin yoxlanılması, profilaktikası, yuyulması, təmizlənməsi və təmirini həyata keçirməlidir.
9.10. STKM istehlakçının balansında olan kanalizasiya sisteminə nəzarət etmək hüququna malikdir. İstehlakçılar onların ərazilərində yerləşən, yaxud balanslarında olan kanalizasiya şəbəkə, qurğu və avadanlıqlarına STKM-in səlahiyyətli nümayəndələrinin maneəsiz baxış keçirmələrinə şərait yaratmalıdırlar.
9.11. STKM aşağıdakı hallarda yazılı xəbərdarlıq etdikdən sonra və akt tərtib edərək onun bir nüsxəsini istehlakçıya vermək şərtilə istehlakçını təsərrüfat-məişət kanalizasiya şəbəkəsindən ayırmaq hüququna malikdir:
9.11.1. təsərrüfat-məişət kanalizasiya şəbəkəsinin borularını tezliklə sıradan çıxara biləcək və ya tərkibində tezalışan və işçilərin (xidmət heyətinin) səhhəti üçün təhlükəli maddələr olan, həmçinin təmizlənmə prosesinə zərərli təsir göstərən tullantıların axıdılması aşkar edildikdə;
9.11.2. müəssisənin ərazisində kanalizasiya sisteminin istismarı ilə əlaqədar verilmiş tələblər yerinə yetirilmədikdə;
9.11.3. təsərrüfat-məişət kanalizasiya sisteminə qanunsuz qoşulmalar aşkar edildikdə.
9.12. STKM-in mütəxəssislərindən başqa digər şəxslərə təsərrüfat-məişət və yağış kanalizasiya baxış quyularının qapaqlarını açmaq və quyulara düşmək qəti qadağandır.
9.13. İstehlakçının kanalizasiya sistemindən düzgün istifadə etməməsi nəticəsində kanalizasiya qurğuları sıradan çıxdıqda, onların təmiri və ya tam bərpası istehlakçı tərəfindən təmin edilməlidir. Həmin işlər istehlakçının qüvvəsi ilə STKM-in texniki nəzarəti altında aparıla və ya istehlakçının vəsaiti ilə STKM tərəfindən yerinə yetirilə bilər.
9.14. Sənaye müəssisələrinin kanalizasiya şəbəkəsinin tutulması yaşayış məntəqəsinin kanalizasiya sisteminin vəziyyətini təhlükə altına alırsa, STKM istehlakçının vəsaiti hesabına həmin şəbəkənin təmizlənməsini və normal istismar vəziyyətinə gətirilməsini təmin edir.
9.15. Birləşdirici kanalizasiya qolları yalnız STKM tərəfindən təmizlənməlidir. Bununla əlaqədar birləşdirici kanalizasiya qolları tutulduqda, istehlakçı bu barədə dərhal STKM-ə məlumat verməlidir.
9.16. STKM tərəfindən balansında olmayan kanalizasiya şəbəkələrinin təmizlənməsi və təmiri üzrə sifariş əsasında yerinə yetirilən işlərə görə istehlakçılar STKM-in təqdim etdiyi hesab üzrə vəsait ödəməlidirlər.
9.17. Fiziki şəxs olan istehlakçılar istisna olmaqla, digər istehlakçıların kanalizasiya sisteminə tullantı sularının tərkibindəki yol verilən qatılıq həddindən artıq zərərli və çirkləndirici maddələrin təmizlənməsi üçün STKM-ə müəyyən edilmiş tariflərə uyğun xidmət haqqı ödənilir.
4 Avqust 2014, 09:0819 Dekabr 2017, 09:12
Ə.Ə.Əliyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında ətraflı...
18 Dekabr 2017, 09:12
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 aprel tarixli 394 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin büdcədən maliyyələşdirilən işçilərinin say həddi”ndə dəyişiklik edilməsi haqqında ətraflı...
18 Dekabr 2017, 09:12
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 901-VQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...
18 Dekabr 2017, 09:12
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə ətraflı...
18 Dekabr 2017, 09:12
“Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 17 noyabr tarixli 867-VQD nömrəli Qanununun tətbiqi və “Reklam haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1281-IVQ nömrəli Qanununun tətbiqi və “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 noyabr tarixli 644 nömrəli Fərmanının ləğvi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 554 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə ətraflı...
18 Dekabr 2017, 09:12
“Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə ətraflı...
18 Dekabr 2017, 09:12
“Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 17 noyabr tarixli 865-VQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...
18 Dekabr 2017, 09:12
“Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə ətraflı...
18 Dekabr 2017, 09:12
“Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 17 noyabr tarixli 864-VQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...
18 Dekabr 2017, 09:12
“İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 17 noyabr tarixli 862-VQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...