Siyasi partiyalar haqqında
Azərbaycan Respublikasının Qanunu
Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 10-cu bəndlərinə uyğun olaraq, siyasi partiyanın təsis edilməsi, dövlət qeydiyyatı, fəaliyyətinin yoxlanılması, dayandırılması və bərpası, ləğvi qaydasını, həmçinin siyasi partiyanın fəaliyyətinin təşkili, üzvlük və maddi təminat məsələlərini müəyyən edir.
1-ci fəsil
Ümumi müddəalar
Maddə 1. Əsas anlayışlar
1.1. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir:
1.1.1. siyasi partiya – Azərbaycan Respublikasının vətəndaşları tərəfindən ölkənin siyasi həyatında və vətəndaşların siyasi iradəsinin ifadə olunmasında iştirak etmək məqsədilə bu Qanuna uyğun olaraq təsis edilmiş qeyri-kommersiya hüquqi şəxsi;
1.1.2. siyasi partiyanın nizamnaməsi – siyasi partiyanın ümumi fəaliyyətini tənzimləyən və bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş məlumatları əks etdirən təsis sənədi;
1.1.3. siyasi partiyanın proqramı – siyasi partiyanın ideoloji fəaliyyətini tənzimləyən və bu Qanunun 13.4-cü maddəsinin birinci cümləsində nəzərdə tutulmuş məsələləri əks etdirən sənəd;
1.1.4. siyasi partiyanın orqanları – siyasi partiyanın idarəetmə orqanları olan ali orqanı, qurultayarası kollegial orqanı və (və ya) sədri, həmçinin nəzarət orqanı;
1.1.5. siyasi partiyanın struktur qurumları – siyasi partiyada müvafiq istiqamətlər üzrə yaradılmış məşvərətçi qurumlar, siyasi partiyanın qərargahında cari işlərlə məşğul olmaq məqsədilə yaradılmış bölmə (katiblik, aparat və s.), həmçinin yerli təşkilatlar;
1.1.6. siyasi partiyanın qərargahı – siyasi partiyanın idarəetmə orqanlarının yerləşdiyi yer;
1.1.7. siyasi partiyanın üzvü – siyasi partiyaya qəbul olunmuş 18 yaşına çatmış tam fəaliyyət qabiliyyətli Azərbaycan Respublikasının vətəndaşı;
1.1.8. nümayəndə – siyasi partiyanın ali orqanında təmsil olunmaq məqsədilə yerli təşkilat tərəfindən siyasi partiya üzvləri sırasından müəyyən olunan şəxs;
1.1.9. nümayəndəlik norması – yerli təşkilatın nümayəndə sayını müəyyən etmək məqsədilə yerli təşkilat üzrə siyasi partiya üzvlərinin sayına əsasən müəyyən olunan norma;
1.1.10. üzvlük haqqı – siyasi partiyanın üzvləri tərəfindən siyasi partiyanın nizamnaməsinə uyğun olaraq pul şəklində mütəmadi ödənilən vəsait;
1.1.11. dövlət maliyyə yardımı – bu Qanunla nəzərdə tutulmuş qaydada siyasi partiyalara dövlət büdcəsindən ayrılan vəsait;
1.1.12. ianə – siyasi partiya qarşısında hər hansı məqsədə nail olmaq vəzifəsi qoymadan ona Azərbaycan Respublikasının vətəndaşları tərəfindən pul və ya digər əmlak şəklində verilən vəsait, habelə digər formada göstərilən maddi yardım.
1.2. Bu Qanunda istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən olunmuş mənaları ifadə edir.
Maddə 2. Siyasi partiyalar haqqında Azərbaycan Respublikasının qanunvericiliyi
2.1. Siyasi partiyalar haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir.
2.2. Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının, Azərbaycan Respublikası Prezidentinin və bələdiyyə seçkilərinin, həmçinin ümumxalq səsverməsinin (referendumun) keçirilməsində siyasi partiyaların iştirakı Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə tənzimlənir.
Maddə 3. Siyasi partiyanın fəaliyyətinin dövlət təminatları
3.1. Hər kəs bərabər şəkildə siyasi partiya yaratmaq və ya mövcud siyasi partiyaya daxil olmaq hüququna malikdir.
3.2. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş hüquq yalnız Azərbaycan Respublikasının Konstitusiyası, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu ilə və bu Qanunla müəyyən edilmiş hallarda məhdudlaşdırıla bilər. Qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməlidir, Azərbaycan Respublikasının Konstitusiyasında və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda nəzərdə tutulan qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır.
3.3. Dövlət qeydiyyatından keçmiş bütün siyasi partiyaların sərbəst fəaliyyətinə təminat verilir.
3.4. Dövlət siyasi partiyaların Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq təsis edilməsi və fəaliyyətlərinin həyata keçirilməsi üçün, onların hüquqlarına və qanuni mənafelərinə əməl olunmasına bərabər hüquqi şərait yaradılmasına təminat verir.
3.5. Siyasi partiyaların fəaliyyətinin dövlət tərəfindən hüquqi tənzimlənməsi siyasi plüralizmin təşviqinə xidmət etməlidir.
3.6. Dövlət bu Qanunun 25-ci maddəsi ilə müəyyən edilmiş qaydada dövlət büdcəsinin vəsaiti hesabına siyasi partiyalara maliyyə yardımı göstərir.
3.7. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət orqanlarının (qurumlarının), yerli özünüidarəetmə orqanlarının, vəzifəli şəxslərin siyasi partiyaların fəaliyyətinə müdaxiləsinə yol verilmir.
3.8. Siyasi partiya hüquqlarının və qanuni mənafelərinin pozulması ilə bağlı inzibati və məhkəmə qaydasında şikayət verə bilər. Siyasi partiya öz üzvünün razılığı ilə onun partiya üzvlüyü ilə bağlı hüquq, azadlıq və qanunla qorunan mənafeyinin müdafiəsi üçün də şikayət edə bilər.
3.9. Azərbaycan Respublikasının Konstitusiyasını və Azərbaycan Respublikasının qanunlarını pozan siyasi partiyaların fəaliyyətinə yalnız məhkəmə qaydasında xitam verilə bilər.
3.10. Siyasi partiyanın dövlət qeydiyyatı, fəaliyyətinin dayandırılması və ləğvi ilə bağlı mübahisələrə apellyasiya məhkəməsi tərəfindən baxılır.
3.11. Hüquqi şəxsi ləğv etmə cinayət-hüquqi tədbiri kimi siyasi partiyaya tətbiq edilmir.
Maddə 4. Siyasi partiyanın təsis edilməsi və fəaliyyət prinsipləri
4.1. Siyasi partiyalar könüllülük, üzvlərinin hüquq bərabərliyi, özünüidarə, kollegiallıq, qanunçuluq və aşkarlıq prinsipləri əsasında təsis edilir və fəaliyyət göstərirlər.
4.2. Siyasi partiyalar qanun qarşısında bərabərdirlər.
4.3. Siyasi partiyaların aşağıdakı məqsədlə təsis edilməsinə və fəaliyyətinə yol verilmir:
4.3.1. Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsi, ərazi bütövlüyünün parçalanması, hakimiyyətin zorla ələ keçirilməsi və ya saxlanılması, kütləvi iğtişaşlara, terrorçuluğa açıq çağırışlar edilməsi;
4.3.2. terrorçuluğun, dini ekstremizmin, zorakılığın və qəddarlığın, habelə irqi, dini, mənşə, cinsi, etnik və digər ayrı-seçkiliyin, həmçinin sağlamlığın və ətraf mühitin qorunmasına zidd olan hərəkətlərin təbliği;
4.3.3. irqi, dini və ya etnik düşmənçiliyin salınması.
4.4. Azərbaycan Respublikasının ərazisində xarici dövlətlərin siyasi partiyalarının, habelə onların bölmələrinin və təşkilatlarının təsis edilməsinə və fəaliyyətinə yol verilmir.
4.5. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, dövlət orqanlarında (qurumlarında), yerli özünüidarəetmə orqanlarında, təhsil müəssisələrində, həmçinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq mülkiyyətçinin təşkilati-hüquqi formasından, adından və fəaliyyət növündən asılı olmayaraq yaratdığı hüquqi şəxsdə, onun və xarici hüquqi şəxsin filialında, nümayəndəliyində siyasi partiyaların təsis edilməsi və fəaliyyəti qadağandır.
4.6. Siyasi partiyaların fəaliyyəti onların üzvlərinin Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında təsbit olunmuş əsas insan və vətəndaş hüquq və azadlıqlarının məhdudlaşdırılmasına yönələ bilməz.
4.7. Siyasi partiyanın dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsinə yol verilmir.
4.8. Siyasi partiyanın qərargahı Azərbaycan Respublikasında yerləşməlidir. Siyasi partiya fəaliyyətini Azərbaycan Respublikasının bütün ərazisində həyata keçirə bilər.
4.9. Siyasi partiyanın bütün xalqın adından danışmaq və bütün xalqın adından müraciət etmək hüququ yoxdur.
4.10. Siyasi partiyalar öz hüquqlarından sui-istifadə etməməlidirlər.
4.11. Siyasi partiyaya üzv olmaq kişi və qadınlar üçün eyni şərtlərlə mümkün olmalıdır və onlar üçün bərabər imkanlar yaradılmalıdır.
4.12. Siyasi partiyanın nizamnaməsi həmin partiyanın fəaliyyətində əlilliyi olan şəxslərin iştirakını məhdudlaşdırmamalıdır.
4.13. Siyasi partiyanın fəaliyyətinin dayandırıldığı dövrdə (siyasi partiya tərəfindən məcburi dövlət ödənişlərinin, cərimələrin, mövcud mülki-hüquqi və əmək müqavilələri üzrə ödənişlərin, fəaliyyəti nəticəsində dəymiş ziyanın ödənilməsi, həmçinin bu Qanunun 8.2-ci maddəsində və 8.7-ci maddəsinin birinci cümləsində müəyyən edilmiş hərəkətlər istisna olmaqla) və ya ləğvinin dövlət qeydiyyatına alındığı halda onun hər hansı formada fəaliyyət göstərməsi, o cümlədən partiya orqanlarının (struktur qurumlarının) və üzvlərinin siyasi partiyanın adından çıxış etməsi və ya fəaliyyət göstərməsi, toplantıların keçirilməsi, maliyyə əməliyyatlarının aparılması, yaxud onun fəaliyyətinin qanunsuz təşkilində və ya işində iştirak qadağandır. Siyasi partiyanın səlahiyyət müddəti bitmiş orqanları (struktur qurumları) tərəfindən partiyanın fəaliyyəti ilə əlaqədar hər hansı hərəkətlərin edilməsi, o cümlədən qərarların qəbul edilməsi və ya sənədlərin imzalanması qadağandır.
4.14. Siyasi partiya aşağıdakı subyektlər tərəfindən bu Qanunun pozulmasına görə cavabdehlik daşıyır:
4.14.1. siyasi partiyanın orqanları və struktur qurumları;
4.14.2. siyasi partiyanı təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs;
4.14.3. siyasi partiyanın adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs;
4.14.4. siyasi partiyanın fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs;
4.14.5. bu Qanunun 4.14.1–4.14.4-cü maddələrində nəzərdə tutulmuş subyektlər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində siyasi partiyanın adından rəsmi olaraq hərəkət edən üzvü.
2-ci fəsil
Siyasi partiyanın təsis edilməsi, dövlət qeydiyyatı,
fəaliyyətinin yoxlanılması, dayandırılması və bərpası,
siyasi partiyanın ləğvi
Maddə 5. Siyasi partiyanın təsis edilməsi
5.1. Siyasi partiya Azərbaycan Respublikasının tam fəaliyyət qabiliyyətli olan azı 50 vətəndaşı (təsisçilər) tərəfindən təsis edilir.
5.2. Siyasi partiyanın təsis edilməsi məqsədilə təsisçilər təsis yığıncağını keçirirlər. Təsisçilərin siyasi partiyanın təsis yığıncağında nümayəndə vasitəsilə iştirakına yol verilmir.
5.3. Təsis yığıncağında siyasi partiyanın nizamnaməsi və proqramı qəbul olunur, təmsilçilik məqsədilə təsisçilər sırasından səlahiyyətli şəxs müəyyən edilir. Bu Qanunun 5.7-ci maddəsinə uyğun olaraq siyasi partiyanın nizamnaməsində və proqramında çatışmazlıqlar aşkarlanarsa təsis yığıncağında həmin sənədlərdə müvafiq dəyişikliklər edilir. Siyasi partiyanın təsis yığıncağının nəticələri protokolla rəsmiləşdirilir. Təsis yığıncağının protokolunda, o cümlədən təsisçilərin və səlahiyyətli şəxsin adı, soyadı, atasının adı, doğulduğu tarix, qeydiyyat ünvanı və əlaqə telefon nömrəsi göstərilir.
5.4. Təsis yığıncağının keçirildiyi tarixdən 30 gün müddətində siyasi partiyanın səlahiyyətli şəxsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) ərizə ilə müraciət edərək təsis yığıncağının protokolunu, partiyanın nizamnaməsini və proqramını təqdim edir. Ərizə siyasi partiyanın səlahiyyətli şəxsi və digər təsisçilər tərəfindən imzalanır və notariat qaydasında təsdiqlənir.
5.5. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ərizənin daxil olduğu tarixdən 30 gün müddətində sənədlərin bu Qanunun 5.1–5.4-cü maddələrinin tələblərinə uyğunluğunu yoxlayır.
5.6. Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, ərizənin daxil olduğu tarixdən 30 gündən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) onların aradan qaldırılması barədə məlumatı siyasi partiyanın səlahiyyətli şəxsinə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir, həmçinin bu Qanunun 4.7-ci maddəsinin tələbinə əməl olunmamasının hüquqi nəticələrini ona izah edir. Bütün çatışmazlıqlar eyni zamanda bildirilməlidir.
5.7. Bu Qanunun 5.6-cı maddəsində nəzərdə tutulmuş məlumat daxil olduqdan sonra siyasi partiyanın səlahiyyətli şəxsi sənədlərdə aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması üçün tədbirlər görür və ərizə ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edir. Ərizə siyasi partiyanın səlahiyyətli şəxsi tərəfindən imzalanır və notariat qaydasında təsdiqlənir.
5.8. Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edilmədikdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Qanunun 5.5-ci və ya 5.7-ci maddəsində nəzərdə tutulmuş ərizənin daxil olduğu tarixdən 30 gün müddətində bu barədə məlumatı siyasi partiyanın səlahiyyətli şəxsinə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir.
5.9. Bu Qanunun 5.8-ci maddəsində nəzərdə tutulmuş məlumat daxil olduğu tarixdən 180 gün müddətində siyasi partiyanın səlahiyyətli şəxsi siyasi partiya üzvlərinin bu Qanunun 6.1-ci maddəsində nəzərdə tutulmuş sayının təmin edilməsi üçün tədbirlər görür və bu Qanunun 20.10-cu maddəsinə uyğun olaraq üzvlərin reyestrini tərtib edir.
Maddə 6. Siyasi partiyanın dövlət qeydiyyatı
6.1. Dövlət qeydiyyatına alınması üçün siyasi partiyanın azı 5000 üzvü olmalıdır.
6.2. Siyasi partiyanın səlahiyyətli şəxsi bu Qanunun 5.9-cu maddəsində müəyyən edilmiş müddət bitəndən sonra 10 gündən gec olmayaraq siyasi partiyanın dövlət qeydiyyatına alınması üçün “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edir.
6.3. Bu Qanunun 5.9-cu maddəsinə uyğun olaraq reyestrin təqdim edilməməsi və ya bu Qanunun 5.9-cu və 6.2-ci maddələrində müəyyən edilmiş müddətlərə əməl olunmaması siyasi partiyanın təsis edilməsi prosesinin yenidən başlanmasına səbəb olur.
6.4. Siyasi partiya üzvlərinin reyestrində baş vermiş sonrakı dəyişikliklər barədə ildə bir dəfə (yanvar ayının 15-dək) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat təqdim edir.
6.5. Siyasi partiya dövlət qeydiyyatına alındığı tarixdən 3 gün müddətində bu barədə məlumatı mediada dərc etdirir və (və ya) yayımlayır.
6.6. Siyasi partiyanın dövlət qeydiyyatı ilə bağlı (o cümlədən bu Qanunun 30-cu maddəsində nəzərdə tutulmuş halda) digər məsələlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
Maddə 7. Siyasi partiyanın fəaliyyətinin yoxlanılması
7.1. Bu Qanunun 28-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) siyasi partiyanın fəaliyyətinin normativ hüquqi aktların və nizamnaməsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu məqsədlə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum):
7.1.1. siyasi partiyanın fəaliyyətinin Azərbaycan Respublikasının normativ hüquqi aktlarına və nizamnaməsinə uyğunluğunu öyrənir;
7.1.2. siyasi partiyanın yaradılması zamanı yol verilmiş Azərbaycan Respublikasının normativ hüquqi aktlarının tələblərinin pozulması halları ilə əlaqədar araşdırma aparır;
7.1.3. siyasi partiyaya bu Qanunun 7.4-cü maddəsində nəzərdə tutulmuş qaydada yazılı xəbərdarlıq edir;
7.1.4. bu Qanunun 8-ci və 9-cu maddələrində nəzərdə tutulmuş qaydada siyasi partiyanın fəaliyyətinin dayandırılması və ya onun ləğvi barədə məhkəmədə iddia qaldırır.
7.2. Siyasi partiyanın fəaliyyətinin Azərbaycan Respublikasının normativ hüquqi aktlarına və nizamnaməsinə uyğunluğunun öyrənilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum):
7.2.1. siyasi partiyanın fəaliyyəti ilə bağlı üzvlərindən, həmçinin dövlət orqanlarından (qurumlarından), yerli özünüidarəetmə orqanlarından, hüquqi və fiziki şəxslərdən daxil olmuş müraciətlərə baxır, mediada dərc olunmuş (yayımlanmış) məlumatları nəzərdən keçirir;
7.2.2. dövlət elektron informasiya ehtiyatlarından istifadə etməklə siyasi partiya üzvlərinin reyestrində olan məlumatları ildə azı iki dəfə nəzərdən keçirir;
7.2.3. məsələ ilə bağlı siyasi partiyanın qanuni təmsilçisinin izahatını alır;
7.2.4. Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş digər tədbirlər görür.
7.3. Siyasi partiyanın yaradılması zamanı yol verilmiş normativ hüquqi aktların tələblərinin pozulması hallarının araşdırılması məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum):
7.3.1. məsələ ilə bağlı siyasi partiyanın qanuni təmsilçisinin izahatını alır;
7.3.2. bu Qanunun 6.1-ci maddəsinin tələbinin pozulması halı müəyyən edildikdə dövlət qeydiyyatına alınarkən siyasi partiyada üzv sayının 4500-dən aşağı olması halında həmin siyasi partiyanın dövlət qeydiyyatının ləğvi barədə məhkəmədə iddia qaldırır;
7.3.3. normativ hüquqi aktların pozulmasının aradan qaldırılmalı olan digər halı müəyyən edildikdə siyasi partiyaya yazılı xəbərdarlıq edir.
7.4. Bu Qanunun 7.2-ci maddəsi çərçivəsində görülmüş tədbirlər nəticəsində normativ hüquqi aktların və siyasi partiyanın nizamnaməsinin pozulması halı (bu Qanunun 4.3-cü maddəsinin, həmçinin fəaliyyəti dayandırılmış siyasi partiya tərəfindən bu Qanunun 4.13-cü maddəsinin birinci cümləsinin pozulması halı, habelə dövlət qeydiyyatına alınmış siyasi partiyada üzv sayının 4500-dən aşağı olması halı istisna olmaqla) müəyyən edildikdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) siyasi partiyaya yazılı xəbərdarlıq edir.
7.5. Bu Qanunun 7.3.3-cü və 7.4-cü maddələrində nəzərdə tutulmuş xəbərdarlıqda pozuntu halları göstərilir və əsaslandırılır, onların aradan qaldırılması üçün tələblər və zəruri müddət (bu Qanunun 30.1-ci, 30.3-cü və 30.5-ci maddələrində nəzərdə tutulmuş sənədlərin təqdim edilməsi üçün 30 gün) müəyyən edilir, həmçinin pozuntuların aradan qaldırılmamasının hüquqi nəticələri izah edilir. Xəbərdarlıq siyasi partiyaya təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. Siyasi partiya göstərilmiş pozuntuları xəbərdarlıqda müəyyən edilmiş müddətdə aradan qaldırır və bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verir.
Maddə 8. Siyasi partiyanın fəaliyyətinin dayandırılması və bərpası
8.1. Siyasi partiya fəaliyyətini müvəqqəti dayandıra bilər. Bu barədə qərar (fəaliyyətin dayandırıldığı müddət dəqiq göstərilməklə) siyasi partiyanın qurultayı tərəfindən qəbul olunur.
8.2. Qurultayın keçirildiyi tarixdən 3 gün müddətində siyasi partiya qəbul olunmuş qərarı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edir və siyasi partiyanın fəaliyyətinin dayandırılması barədə məlumatı mediada dərc etdirir və (və ya) yayımlayır.
8.3. Siyasi partiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) bu Qanunun 7.3.3-cü və 7.4-cü maddələrinə uyğun olaraq müəyyən etdiyi pozuntuları xəbərdarlıqda göstərilmiş müddətdə aradan qaldırıb bu barədə məlumat vermədikdə, onun fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) iddiası əsasında apellyasiya məhkəməsinin qərarı ilə 2 aydan 6 ayadək müddətinə dayandırıla bilər. Siyasi partiyanın fəaliyyətinin dayandırılması barədə apellyasiya məhkəməsinin qərarı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq qəbul edilir. Həmin məhkəmə qərarı qüvvəyə mindiyi tarixdən 3 gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) siyasi partiyanın fəaliyyətinin dayandırılması barədə məlumatı mediada dərc etdirir və (və ya) yayımlayır.
8.4. Siyasi partiyanın fəaliyyəti bu barədə qurultayın qərarı qəbul edildiyi, yaxud müvafiq məhkəmə qərarı qüvvəyə mindiyi tarixdən dayandırılmış hesab olunur.
8.5. Siyasi partiyanın fəaliyyətinin dayandırıldığı dövrdə onun orqanlarının və struktur qurumlarının nizamnaməsində nəzərdə tutulmuş səlahiyyət müddətlərinin axımı dayandırılır.
8.6. Bu Qanunun 8.1-ci maddəsində nəzərdə tutulmuş halda siyasi partiyanın fəaliyyətinin dayandırıldığı müddət bitdikdən sonra siyasi partiyanın fəaliyyəti bərpa olunmuş hesab olunur.
8.7. Bu Qanunun 8.3-cü maddəsində nəzərdə tutulmuş halda siyasi partiyanın fəaliyyətinin dayandırıldığı müddət bitdikdən sonra siyasi partiya 30 gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) bu Qanunun 7.3.3-cü və 7.4-cü maddələrində nəzərdə tutulmuş xəbərdarlığında göstərilmiş pozuntuları aradan qaldırır və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) bu barədə məlumatı təqdim edir. Təqdim edilmiş məlumatda xəbərdarlıqda göstərilmiş pozuntuların tam aradan qaldırılması müəyyən edildikdə, məlumatın daxil olduğu tarixdən 30 gündən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu barədə məlumatı siyasi partiyaya təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir. Həmin məlumat alındığı tarixdən siyasi partiyanın fəaliyyəti bərpa olunmuş hesab olunur.
8.8. Bu Qanunun 8.6-cı və 8.7-ci maddələrinə uyğun olaraq siyasi partiyanın fəaliyyətinin bərpa olunduğu tarixdən 3 gün müddətində siyasi partiya bu barədə məlumatı mediada dərc etdirir və (və ya) yayımlayır.
8.9. Bu Qanunun 8.7-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müddətdə məlumat müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilmədikdə, həmçinin təqdim edilmiş məlumatda xəbərdarlıqda göstərilmiş pozuntuların tam aradan qaldırılmadığı müəyyən edildikdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Qanunun 9.3-cü maddəsinə uyğun olaraq tədbir görür.
8.10. Hərbi və ya fövqəladə vəziyyətin elan edilməsinə səbəb olmuş halların aradan qaldırılmasına və müəyyən edilmiş tədbirlərin həyata keçirilməsinə mane olan siyasi partiyanın fəaliyyəti hərbi və ya fövqəladə vəziyyət dövrü başa çatanadək dayandırıla bilər. Bununla bağlı məsələlər “Hərbi vəziyyət haqqında” və “Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq tənzimlənir.
Maddə 9. Siyasi partiyanın ləğvi
9.1. Siyasi partiya bu Qanunla və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş hallarda (bu Qanunun 3.11-ci maddəsi nəzərə alınmaqla) siyasi partiya qurultayının və ya məhkəmənin qərarı əsasında ləğv edilə bilər.
9.2. Siyasi partiyanın ləğvi barədə siyasi partiyanın qurultayının qərarı siyasi partiyanın nizamnaməsində nəzərdə tutulmuş qaydada qəbul edilir.
9.3. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) aşağıdakı hallarda siyasi partiyanın ləğvi barədə apellyasiya məhkəməsində iddia qaldırır:
9.3.1. siyasi partiya bu Qanunun 4.3-cü maddəsinin tələblərini pozduqda;
9.3.2. bu Qanunun 7.3.2-ci və 8.9-cu maddələrində nəzərdə tutulmuş hallarda;
9.3.3. fəaliyyəti dayandırılmış siyasi partiya bu Qanunun 4.13-cü maddəsinin birinci cümləsinin tələblərini pozduqda;
9.3.4. dövlət qeydiyyatına alınmış siyasi partiyada üzv sayı 4500-dən aşağı olduqda.
9.4. Siyasi partiyanın bu Qanunun 9.3-cü maddəsində nəzərdə tutulmuş hallarda ləğvi siyasi partiyaya qarşı tətbiq edilə biləcək ən son zərurət tədbiri hesab edilir.
9.5. Siyasi partiyanın ləğvi barədə apellyasiya məhkəməsinin qərarı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) iddiası əsasında Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq qəbul edilir.
9.6. Siyasi partiyanın ləğvi barədə qeyd hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi tarixdən 3 gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) siyasi partiyanın ləğvi barədə məlumatı mediada dərc etdirir və (və ya) yayımlayır.
9.7. Siyasi partiyanın ləğvi ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
3-cü fəsil
Siyasi partiyanın fəaliyyətinin təşkili
Maddə 10. Siyasi partiyanın adı və rəmzləri
10.1. Siyasi partiyanın adı olmalı və onun adında “partiya” sözü göstərilməlidir. Siyasi partiyanın adının qısaldılmış forması, həmçinin siyasi partiyanın rəmzləri (bayraq, emblem və s.) ola bilər.
10.2. Siyasi partiyanın adı, qısaldılmış adı və rəmzləri dövlət orqanlarının (qurumlarının), yerli özünüidarəetmə orqanlarının, Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış və ya ləğv edilmiş hüquqi şəxslərin, o cümlədən digər siyasi partiyanın adından, adının qısaldılmış formasından və rəmzlərindən fərqlənməlidir, qanunla qorunan əmtəə nişanlarını təqlid etməməlidir.
10.3. Siyasi partiyanın adında, qısaldılmış adında və rəmzlərində irqi, dini, mənşə, cinsi, etnik xüsusiyyətlərə istinad olunması, habelə fiziki şəxslərin adlarından istifadə edilməsinə yol verilmir.
10.4. Siyasi partiyanın adı, qısaldılmış adı və rəmzləri bu Qanunun 4.3-cü maddəsində göstərilmiş məqsədlərin təbliğinə xidmət etməməlidir.
10.5. Siyasi partiyanın rəmzləri Azərbaycan Respublikasının və xarici dövlətlərin dövlət rəmzlərindən, habelə beynəlxalq təşkilatların rəmzlərindən fərqlənməlidir.
10.6. Siyasi partiya öz rəmzlərinin təsdiq edilməsi barədə qərarını qəbul etdiyi tarixdən 30 gün müddətində rəmzlərin eskizlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edir.
10.7. Azərbaycan Respublikasının Dövlət Bayrağı siyasi partiyanın bayrağı ilə birgə qaldırılırsa (asılırsa) və ya yerləşdirilirsə, siyasi partiyanın bayrağının ölçüsü Azərbaycan Respublikası Dövlət Bayrağının ölçüsündən böyük ola bilməz.
Maddə 11. Siyasi partiyanın fəaliyyət istiqamətləri
11.1. Siyasi partiya aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:
11.1.1. ölkənin siyasi həyatında iştirak edir;
11.1.2. vətəndaşların siyasi iradəsinin ifadə olunmasında, həmçinin ictimai rəyin formalaşdırılmasında iştirak edir;
11.1.3. vətəndaşlar arasında siyasi maarifləndirmə işi aparır;
11.1.4. ümummilli dəyərləri və vətənpərvərliyi təbliğ edir;
11.1.5. üzvlərinin siyasi fəallığına dəstək verir;
11.1.6. üzvlərinin siyasi iradəsini ifadə edir;
11.1.7. seçkilərin, həmçinin ümumxalq səsverməsinin (referendumun) keçirilməsində iştirak edir;
11.1.8. müxtəlif məsələlər ilə bağlı rəy və təkliflərini təqdim etməklə Azərbaycan Respublikasının daxili və xarici siyasətinin formalaşmasına təsir göstərir.
Maddə 12. Siyasi partiyanın hüquq və vəzifələri
12.1. Siyasi partiya aşağıdakı hüquqlara malikdir:
12.1.1. məqsədləri və fəaliyyəti barədə informasiyanı sərbəst yaymaq;
12.1.2. ideyalarını, məqsədlərini və proqramını təbliğ etmək;
12.1.3. digər siyasi partiyalarla fəaliyyətin əlaqələndirilməsi, habelə ümumi mənafelərin təmsil və müdafiə edilməsi məqsədilə könüllülük əsasında birləşib ittifaqlar və siyasi bloklar yaratmaq;
12.1.4. Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının, Azərbaycan Respublikası Prezidentinin və bələdiyyə seçkilərinin, həmçinin ümumxalq səsverməsinin (referendumun) keçirilməsində iştirakla bağlı Azərbaycan Respublikasının Seçki Məcəlləsində nəzərdə tutulmuş hüquqları həyata keçirmək;
12.1.5. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı iclaslar, görüşlər konfranslar və müşavirələr keçirmək;
12.1.6. “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yığıncaq, mitinq, nümayiş, küçə yürüşü və piket keçirmək;
12.1.7. bu Qanunun 3.8-ci maddəsinə uyğun olaraq özünün və üzvlərinin hüquqlarını və qanuni maraqlarını müdafiə etmək;
12.1.8. siyasi partiyanın nizamnaməsində (proqramında) qeyd olunmuş məqsədlərlə (hədəflərlə) razı olmayan şəxsi üzvlüyə qəbulundan imtina etmək;
12.1.9. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı təşəbbüslə çıxış etmək, o cümlədən dövlət orqanlarına (qurumlarına), yerli özünüidarəetmə orqanlarına müvafiq təkliflər vermək;
12.1.10. hüquqi aktların layihələrini hazırlamaq və aidiyyəti üzrə təqdim etmək, həmçinin dövlət orqanları (qurumları), yerli özünüidarəetmə orqanları tərəfindən hüquqi aktların layihələrinin hazırlanmasında iştirak etmək, hüquqi aktlarda dəyişikliklər edilməsi, onların şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi ilə bağlı məsələ qaldırmaq;
12.1.11. “Media haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq çap mediasını təsis etmək (çap mediasının iştirakçısı olmaq);
12.1.12. bu Qanunun 12.2-ci maddəsində nəzərdə tutulmuş qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq;
12.1.13. bu Qanunun 19-cu maddəsində nəzərdə tutulmuş qaydada beynəlxalq əməkdaşlıq əlaqələri qurmaq;
12.1.14. bu Qanunun 24-cü maddəsində nəzərdə tutulmuş qaydada ianələr qəbul etmək;
12.1.15. qısaldılmış ada, həmçinin emblemə, bayrağa və s. rəmzlərə malik olmaq;
12.1.16. konfranslar, görüşlər, müzakirələr və digər ictimai tədbirlər keçirmək;
12.1.17. Azərbaycan Respublikasının Dövlət Bayrağını keçirdiyi tədbirlər zamanı qaldırmaq (asmaq) və ya yerləşdirmək;
12.1.18. bu Qanuna, həmçinin Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarına uyğun olaraq digər hüquqları həyata keçirmək.
12.2. İctimai-siyasi nəşrlərin, digər təbliğat və təşviqat materialların hazırlanması və satışı istisna olmaqla, siyasi partiya sahibkarlıq fəaliyyətinin digər növləri ilə məşğul ola bilməz. Bu Qanunun 12.2-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş sahibkarlıq fəaliyyətinin növləri ilə məşğul olmaq, həmçinin bu Qanunun 12.1.11-ci maddəsinin məqsədləri üçün siyasi partiya təsərrüfat cəmiyyətləri yarada bilər və ya onlarda iştirak edə bilər.
12.3. Siyasi partiyanın aşağıdakı vəzifələri vardır:
12.3.1. öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, digər normativ hüquqi aktlarına və öz nizamnaməsinə riayət etmək;
12.3.2. üzvlərinin reyestrini aparmaq;
12.3.3. Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının, Azərbaycan Respublikası Prezidentinin və bələdiyyə seçkilərinin, həmçinin ümumxalq səsverməsinin (referendumun) keçirilməsində iştirakla bağlı Azərbaycan Respublikasının Seçki Məcəlləsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirmək;
12.3.4. bu Qanunun 27-ci maddəsinə uyğun olaraq mühasibat uçotunu aparmaq, maliyyə hesabatını və maliyyə fəaliyyətinə dair əlavə məlumat və sənədləri aidiyyəti üzrə təqdim etmək;
12.3.5. fiziki və hüquqi şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləmək;
12.3.6. dövlət orqanlarının (qurumlarının), yerli özünüidarəetmə orqanlarının, vəzifəli şəxslərin fəaliyyətinə, həmçinin digər şəxslərin sahibkarlıq fəaliyyətinə müdaxilə etməmək;
12.3.7. digər siyasi partiyanın öz siyasi ideyalarını və baxışlarını azad və sərbəst yaymaq hüququna hörmət bəsləmək;
12.3.8. keçirdiyi mərasimlər və digər təntənəli tədbirlər zamanı Azərbaycan Respublikasının Dövlət Bayrağını qaldırarkən və ya asarkən Azərbaycan Respublikası Dövlət Himninin ifa edilməsini təmin etmək;
12.3.9. bu Qanuna, həmçinin Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarına uyğun olaraq digər vəzifələri yerinə yetirmək.
12.4. Siyasi partiyanın ali və qurultayarası kollegial idarəetmə orqanlarının iclaslarının yalnız epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejiminin tətbiqi ilə əlaqədar real vaxt rejimində videokonfrans sistemi vasitəsilə keçirilməsinə yol verilir.
Maddə 13. Siyasi partiyanın nizamnaməsi və proqramı
13.1. Siyasi partiyanın hər bir şəxsin tanış olmaq imkanı olan nizamnaməsi və proqramı olmalıdır. Nizamnamə və proqram təsis yığıncağında qəbul edilir. Dövlət qeydiyyatına alınmış siyasi partiyanın nizamnaməsində və proqramında dəyişikliklər, həmçinin yeni nizamnaməsi və proqramı bu Qanunun 13.4-cü maddəsinin ikinci cümləsinə və 14.2.1-ci maddəsinə uyğun olaraq qəbul edilir.
13.2. Siyasi partiyanın nizamnaməsində aşağıdakılar nəzərdə tutulmalıdır:
13.2.1. siyasi partiyanın adı və qısaldılmış adı (olduğu halda);
13.2.2. siyasi partiyanın qərargahının yerləşdiyi yer (hüquqi ünvanı);
13.2.3. siyasi partiyanın məqsədi, fəaliyyət istiqamətləri, hüquq və vəzifələri;
13.2.4. siyasi partiyada üzvlük məsələləri (üzvlüyə qəbul və xitam verilməsi, üzvlərin qeydiyyatı, intizam tənbeh tədbirləri, üzvlük haqlarının ödənilməsi və s.);
13.2.5. siyasi partiya üzvlərinin hüquq və vəzifələri;
13.2.6. siyasi partiya üzvlərinin partiyadaxili şikayət etmək qaydası;
13.2.7. siyasi partiyanın orqanları və struktur qurumları, onların təşkili qaydası və səlahiyyətləri, onların səlahiyyət müddətləri;
13.2.8. partiyadaxili qərarların, o cümlədən nizamnamənin və proqramın qəbulu və onlarda dəyişikliklər edilməsi, siyasi partiyanın fəaliyyətinin dayandırılması, yenidən təşkili və ləğvi barədə qərarın qəbulu qaydası və buna nəzarət formaları;
13.2.9. siyasi partiyanın fəaliyyətinin maddi təminat məsələləri (gəlir, xərclər, əmlak, maliyyə hesabatı, mühasibat uçotu və s.).
13.3. Nizamnamədə siyasi partiyanın fəaliyyəti ilə bağlı bu Qanuna və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarına zidd olmayan başqa müddəalar da nəzərdə tutula bilər.
13.4. Siyasi partiyanın proqramında partiyanın fəaliyyətinin prinsipləri, hədəf və vəzifələri, həmçinin hədəf və vəzifələrin yerinə yetirilməsi vasitələri nəzərdə tutulmalıdır. Dövlət qeydiyyatına alınmış siyasi partiyanın proqramında dəyişikliklərin edilməsi, həmçinin yeni proqramın qəbul edilməsi səlahiyyəti siyasi partiyanın nizamnaməsi ilə qurultaya və ya qurultayarası kollegial idarəetmə orqanına verilə bilər.
13.5. Nizamnamədə və proqramda dövlət orqanlarının (qurumlarının), yerli özünüidarəetmə orqanlarının, vəzifəli şəxslərin səlahiyyətlərinin mənimsənilməsinə, habelə dövlət nəzarəti və yoxlama funksiyalarının nəzərdə tutulmasına yol verilmir.
13.6. Siyasi partiya dövlət qeydiyyatına alındıqdan sonra nizamnaməsində və proqramında edilmiş dəyişiklikləri “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edir.
Maddə 14. Siyasi partiyanın ali idarəetmə orqanı
14.1. Siyasi partiyanın ali idarəetmə orqanı siyasi partiyanın qurultayıdır. Qurultay siyasi partiyanın nizamnaməsi ilə müəyyən edilmiş müddətlərdə, lakin 5 ildə bir dəfən az olmayaraq keçirilir. Siyasi partiyanın növbəti və növbədənkənar qurultayı partiyanın qurultayarası kollegial idarəetmə orqanının (həmin orqan olmadığı halda partiya sədrinin) qərarı ilə çağırılır. Növbədənkənar qurultay səlahiyyətlərinə aid olan məsələlər çərçivəsində nəzarət orqanının, həmçinin partiya üzvlərinin ən azı üçdə iki hissəsinin qurultayarası kollegial idarəetmə orqanına (həmin orqan olmadığı halda partiyanın sədrinə) edilmiş müraciəti əsasında da çağırılır.
14.2. Qurultayın müstəsna səlahiyyətlərinə aşağıdakılar daxildir:
14.2.1. dövlət qeydiyyatına alınmış siyasi partiyanın nizamnaməsində dəyişikliklərin edilməsi, həmçinin yeni nizamnamənin qəbul edilməsi;
14.2.2. siyasi partiyanın qurultayarası kollegial idarəetmə və nəzarət orqanlarının say tərkibinin müəyyənləşdirilməsi, üzvlərinin seçilməsi və səlahiyyətlərinə xitam verilməsi;
14.2.3. siyasi partiya sədrinin seçilməsi və səlahiyyətlərinə xitam verilməsi;
14.2.4. qurultayarası kollegial idarəetmə, nəzarət orqanlarının və siyasi partiya sədrinin hesabatlarının dinlənilməsi;
14.2.5. siyasi partiyanın fəaliyyətinin dayandırılması, yenidən təşkili və ləğvi haqqında qərarın qəbul edilməsi.
14.3. Bu Qanunun 15.2-ci, 15.4-cü, 16.2-ci, 16.4-cü və 17.2-ci maddələri nəzərə alınmaqla, siyasi partiyanın nizamnaməsinə uyğun olaraq qurultayın səlahiyyətlərinə digər məsələlər də aid edilə bilər.
Maddə 15. Siyasi partiyanın qurultayarası kollegial idarəetmə orqanı
15.1. Siyasi partiyaya qurultayarası dövrdə ümumi rəhbərliyi həyata keçirmək üçün kollegial idarəetmə orqanı (orqanları) yaradıla bilər. Qurultay qurultayarası kollegial idarəetmə orqanının say tərkibini müəyyənləşdirir, üzvlərini seçir və səlahiyyətlərinə xitam verir.
15.2. Qurultayarası kollegial idarəetmə orqanı:
15.2.1. qurultayarası dövrdə siyasi partiyaya ümumi rəhbərliyi həyata keçirir;
15.2.2. növbəti və növbədənkənar qurultay çağırır;
15.2.3. fəaliyyəti barədə qurultay qarşısında hesabat verir;
15.2.4. digər siyasi partiyalarla ittifaq və siyasi blok yaradılması barədə qərar qəbul edir;
15.2.5. siyasi partiyanın çap mediasının təsis edilməsi və ya onda iştirakı barədə qərar qəbul edir;
15.2.6. siyasi partiyanın nizamnaməsi ilə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində partiyanın əmlakının və vəsaitlərinin idarə edilməsi üzrə qərarlar qəbul edir.
15.3. Bu Qanunun 14.2-ci, 16.2-ci (siyasi partiyada sədr vəzifəsi olduğu halda), 16.4-cü və 17.2-ci maddələri nəzərə alınmaqla, siyasi partiyanın nizamnaməsinə uyğun olaraq qurultayarası kollegial idarəetmə orqanının səlahiyyətlərinə digər məsələlər də aid edilə bilər.
15.4. Siyasi partiyada qurultayarası kollegial idarəetmə orqanı olmadığı halda, bu Qanunun 15.2-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətləri siyasi partiyanın nizamnaməsinə uyğun olaraq partiyanın sədri həyata keçirir.
Maddə 16. Siyasi partiyanın sədri
16.1. Siyasi partiyanın fəaliyyətinə cari rəhbərliyi həyata keçirmək üçün idarəetmə orqanı olan sədr seçilə bilər. Sədr partiyanın ali seçkili vəzifəli şəxsi sayılır. Qurultay sədri seçir və səlahiyyətlərinə xitam verir. Siyasi partiyanın nizamnaməsi ilə sədrin səlahiyyət müddəti, həmçinin müavinlərinin olması müəyyən oluna bilər.
16.2. Sədr:
16.2.1. siyasi partiyanın fəaliyyətinə cari rəhbərliyi həyata keçirir, etibarnaməsiz partiyanın adından hərəkət edir;
16.2.2. siyasi partiyanı təmsil edir;
16.2.3. fəaliyyəti barədə qurultay qarşısında hesabat verir;
16.2.4. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq etibarnamələr verir, partiya adından əlaqələr qurur, siyasi partiyanın nizamnaməsi ilə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində partiyanın əmlakı və vəsaitləri üzərində sərəncam verir;
16.2.5. siyasi partiyanın qurultayarası kollegial idarəetmə və nəzarət orqanlarının növbədənkənar iclaslarını çağırır;
16.2.6. özünün, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-1.1.3-cü və 49-1.1.5-ci maddələrində göstərilən şəxslərin bağlanılan əqdə münasibətdə aidiyyəti şəxs qismində çıxış etməsi, həmçinin həmin əqdlə əlaqədar öz maraqlarının xüsusiyyətləri (onun yaranması, həcmi və s.) barədə məlumatı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-1.6-cı maddəsi ilə müəyyən edilmiş qaydada siyasi partiyanın nəzarət orqanına təqdim edir.
16.3. Bu Qanunun 14.2-ci, 15.2-ci (siyasi partiyada qurultayarası kollegial idarəetmə orqanı olduğu halda), 15.4-cü və 17.2-ci maddələri nəzərə alınmaqla, siyasi partiyanın nizamnaməsinə uyğun olaraq sədrin səlahiyyətlərinə digər məsələlər də aid edilə bilər.
16.4. Siyasi partiyada sədr vəzifəsi olmadığı halda, bu Qanunun 16.2-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətləri siyasi partiyanın nizamnaməsinə uyğun olaraq partiyanın qurultayarası kollegial idarəetmə orqanı həyata keçirir.
16.5. Sədr və sədr müavinləri siyasi partiyanın qurultayarası kollegial idarəetmə orqanında və məşvərətçi qurumlarında, o cümlədən onların rəhbərliyində təmsil oluna bilər.
16.6. Sədr səlahiyyətlərinin bir hissəsinin həyata keçirilməsini müavinlərinə (olduğu halda) həvalə edə bilər.
16.7. Sədr Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49.3-cü maddəsində müəyyən edilmiş vəzifələri yerinə yetirməyə borcludur.
Maddə 17. Siyasi partiyanın nəzarət orqanı
17.1. Nəzarət orqanı siyasi partiyanın nəzarət-təftiş kollegial orqanıdır. Qurultay nəzarət orqanının say tərkibini müəyyənləşdirir, üzvlərini seçir və səlahiyyətlərinə xitam verir.
17.2. Nəzarət orqanı:
17.2.1. siyasi partiyanın nizamnaməsinin və proqramının tələblərinin, partiya orqanlarının qərarlarının yerinə yetirilməsinə nəzarəti həyata keçirir;
17.2.2. partiyadaxili nizam-intizam və maliyyə məsələlərinə nəzarəti həyata keçirir;
17.2.3. siyasi partiyanın maliyyə-təsərrüfat fəaliyyətini təftiş edir;
17.2.4. nəzarətin və təftişin nəticələri barədə qurultayarası kollegial idarəetmə orqanına (həmin orqan olmadığı halda partiyanın sədrinə) məlumat verir;
17.2.5. fəaliyyəti barədə qurultay qarşısında hesabat verir;
17.2.6. növbədənkənar qurultayın çağırılması barədə siyasi partiyanın qurultayarası kollegial idarəetmə orqanına (həmin orqan olmadığı halda partiyanın sədrinə) müraciət edir;
17.2.7. siyasi partiya orqanlarının (qurultay istisna olmaqla) və struktur qurumlarının qərarlarının normativ hüquqi aktlara və siyasi partiyanın nizamnaməsinə uyğunluğunu bilavasitə yoxlayır, həmçinin onların hərəkət və ya hərəkətsizliyindən verilən şikayətlərə baxır.
17.3. Bu Qanunun 14.2-ci, 15.2-ci, 15.4-cü, 16.2-ci və 16.4-cü maddələri nəzərə alınmaqla, siyasi partiyanın nizamnaməsinə uyğun olaraq nəzarət orqanının səlahiyyətlərinə digər məsələlər də aid edilə bilər.
17.4. Nəzarət orqanının üzvü siyasi partiyanın digər orqanlarında və struktur qurumlarında təmsil oluna bilməz.
Maddə 18. Siyasi partiyanın struktur qurumları
18.1. Siyasi partiyada müvafiq istiqamətlər üzrə məşvərətçi qurumlar, siyasi partiyanın qərargahında cari işlərlə məşğul olmaq məqsədilə ayrıca bölmə (katiblik, aparat və s.), həmçinin yerli təşkilatlar yaradıla bilər.
18.2. Struktur qurumların təşkili qaydası və səlahiyyətləri, onların səlahiyyət müddətləri siyasi partiyanın nizamnaməsi ilə müəyyən edilir.
18.3. Yerli təşkilatın statusu Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq hüquqi şəxsin filialı statusuna bərabər tutulur.
18.4. Yerli təşkilat siyasi partiya tərəfindən Azərbaycan Respublikasının müvafiq inzibati ərazi vahidi üzə yaradılır.
18.5. Yerli təşkilatın adında onu yaratmış partiyanın adına və yaradıldığı müvafiq inzibati ərazi vahidinin adına istinad olunmalıdır.
18.6. Yerli təşkilatın yuxarı orqanı ümumi yığıncaqdır (konfrans və s.). Ümumi yığıncaqda siyasi partiyanın yerli təşkilatında qeydiyyatda olan üzvlər iştirak edir. Ümumi yığıncaqda yerli təşkilatın fəaliyyətinə dair hesabat dinlənilir, siyasi partiyada müəyyən olunmuş nümayəndəlik normasına uyğun olaraq siyasi partiyanın qurultayına nümayəndələr seçilir və siyasi partiyanın nizamnaməsinə uyğun olaraq digər məsələlər həll edilir.
Maddə 19. Siyasi partiyanın beynəlxalq əlaqələri
19.1. Siyasi partiya digər ölkələrin siyasi partiyaları ilə əməkdaşlıq edə, o cümlədən sazişlər bağlaya bilər.
19.2. Siyasi partiya siyasi partiyaların beynəlxalq ittifaqlarına üzv ola bilər.
19.3. Siyasi partiya bu Qanunun 19.1-ci və 19.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müvafiq olaraq sazişin bağlandığı və ya üzvlüyə daxil olduğu tarixdən 30 gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) bu barədə məlumat verir.
4-cü fəsil
Siyasi partiyada üzvlük məsələləri
Maddə 20. Siyasi partiyada üzvlük
20.1. Bu Qanunun 1.1.7-ci maddəsinin tələblərinə cavab verən şəxs siyasi partiyanın üzvü ola bilər. Şəxs yalnız bir siyasi partiyanın üzvü ola bilər. Dövlət qeydiyyatına alınmış siyasi partiyanın üzvü partiyanın yalnız bir yerli təşkilatında (olduğu halda) qeydiyyatda ola bilər.
20.2. Heç kəs hər hansı siyasi partiyaya daxil olmağa və ya onun üzvlüyündə qalmağa məcbur edilə bilməz.
20.3. Siyasi partiyaya üzvlük irqi, etnik, dini, dil, cinsi, mənşə, əqidə və sosial mənsubiyyətinə görə məhdudlaşdırıla bilməz.
20.4. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər siyasi partiyanın üzvü ola bilməzlər.
20.5. Azərbaycan Respublikası məhkəmələrinin hakimləri, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman), hərbi qulluqçular, həmçinin prokurorluq, ədliyyə, daxili işlər, gömrük, fövqəladə hallar, miqrasiya, xarici işlər, vergi orqanlarının xüsusi rütbəli əməkdaşları, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım şurasının üzvləri, baş direktoru və onun müavinləri, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin və Hesablama Palatasının üzvləri, din xadimləri, notariuslar siyasi partiyanın üzvü ola bilməzlər və siyasi partiyanın fəaliyyətində iştirak edə bilməzlər. Həmin şəxslər işə (xidmətə) başlamazdan qabaq siyasi partiyanın üzvlüyündən çıxmalıdırlar.
20.6. Bu Qanunun 20.5-ci maddəsində nəzərdə tutulmuş dövlət qulluğunun xüsusi növündə qulluq keçən şəxslər istisna olmaqla, digər dövlət qulluqçuları, həmçinin dövlət adından yaradılaraq müvafiq sahədə dövlət siyasətini həyata keçirən və hakimiyyət səlahiyyətinə (nəzarət, yoxlama, hüquqmüəyyənedici sənədlərin verilməsi və ya məsuliyyət tədbirlərinin tətbiqi) malik olan publik hüquqi şəxslərdə inzibati vəzifə tutan əməkdaşlar siyasi partiyanın üzvü ola bilərlər, lakin qulluq vəzifələrini icra etdiyi vaxtda siyasi partiyanın fəaliyyətində iştirak edə bilməzlər.
20.7. Həmkarlar ittifaqları birliklərinin sədrləri və ya onların müavinləri eyni zamanda siyasi partiyanın orqanında təmsil oluna bilməzlər.
20.8. Siyasi partiyanın bu Qanunun 5.1-ci maddəsində nəzərdə tutulmuş təsisçiləri partiyanın üzvləri hesab olunurlar.
20.9. Şəxsin siyasi partiyadakı üzvlüyünə aşağıdakı hallarda xitam verilir:
20.9.1. şəxs öz ərizəsinə əsasən siyasi partiyanın üzvlüyündən çıxdıqda;
20.9.2. şəxs öldükdə və ya məhkəmənin qərarı ilə ölmüş elan edildikdə;
20.9.3. şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına xitam verildikdə;
20.9.4. şəxs məhkəmənin qərarı ilə məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə;
20.9.5. şəxs siyasi partiyadan xaric olunduqda.
20.10. Siyasi partiya üzvlərinin reyestrini (adı, soyadı, atasının adı, doğulduğu tarix, qeydiyyat ünvanı, qeydiyyatda olduğu partiyanın yerli təşkilatı (olduğu halda) və əlaqə telefon nömrəsi göstərilməklə) aparır.
Maddə 21. Siyasi partiya üzvünün hüquqları
21.1. Siyasi partiya üzvünün hüquqları bu Qanunun 21.2-ci maddəsi nəzərə alınmaqla onun nizamnaməsi ilə müəyyən edilir. Həmin hüquqlar Azərbaycan Respublikasının Konstitusiyasına və digər normativ hüquqi aktlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə zidd ola bilməz.
21.2. Siyasi partiya üzvünün aşağıdakı hüquqları vardır:
21.2.1. siyasi partiyanın nizamnaməsində müəyyən edilmiş qaydada siyasi partiya orqanlarının və struktur qurumlarının təşkilində iştirak etmək, həmçinin onlara seçilmək (təyin edilmək);
21.2.2. siyasi partiyanın orqanlarına və struktur qurumlarına sorğu, təklif, ərizə və şikayət ilə müraciət etmək və öz müraciətinə dair mahiyyəti üzrə cavab almaq, həmçinin onların fəaliyyəti haqqında məlumat almaq;
21.2.3. siyasi partiyanın nizamnaməsində və bu Qanunun 21.5-ci maddəsində nəzərdə tutulmuş qaydada siyasi partiya orqanlarının və struktur qurumlarının hərəkət və ya hərəkətsizliyindən şikayət etmək;
21.2.4. öz iradəsini sərbəst formada ifadə etmək;
21.2.5. siyasi partiyanın üzvlüyündən çıxmaq;
21.2.6. bu Qanuna, həmçinin Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarına və siyasi partiyanın nizamnaməsinə uyğun olaraq digər hüquqları həyata keçirmək.
21.3. Şəxsin siyasi partiyadakı üzvlüyü və onun partiyanın fəaliyyətində iştirakı, həmçinin siyasi partiya üzvlüyünün olmaması onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasına (bu Qanunun 20.5–20.7-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla), hər hansı imtiyazın verilməsinə və ya qanunla müəyyən edilmiş vəzifələrin icrasından imtinaya əsas ola bilməz.
21.4. Özü barədə rəsmi məlumatların təqdim edilməsi zamanı şəxsdən siyasi partiyadakı üzvlüyünə və ya üzvlüyünün olmamasına dair məlumatın göstərilməsinin tələb edilməsinə yol verilmir.
21.5. Siyasi partiya ilə üzvləri arasında yaranan mübahisələr partiyanın nizamnaməsində nəzərdə tutulmuş partiyadaxili qaydada həll olunur. Siyasi partiyanın üzvü siyasi partiyanın orqanlarının və struktur qurumlarının fəaliyyəti ilə bağlı, o cümlədən hərəkət və ya hərəkətsizliyindən şikayət etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və məhkəməyə müraciət edə bilər.
Maddə 22. Siyasi partiya üzvünün vəzifələri
22.1. Siyasi partiya üzvünün vəzifələri bu Qanunun 22.2-ci maddəsi nəzərə alınmaqla onun nizamnaməsi ilə müəyyən edilir. Həmin vəzifələr Azərbaycan Respublikasının Konstitusiyasına və digər normativ hüquqi aktlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə zidd ola bilməz.
22.2. Siyasi partiya üzvünün aşağıdakı vəzifələri vardır:
22.2.1. siyasi partiyanın nizamnaməsi və proqramı ilə tanış olmaq;
22.2.2. siyasi partiyanın nizamnaməsində və proqramında göstərilmiş tələblərə əməl etmək;
22.2.3. siyasi partiya orqanlarının və struktur qurumlarının qanuni qərarlarını yerinə yetirmək;
22.2.4. siyasi partiyanın fəaliyyətində iştirak etmək;
22.2.5. üzvlük haqqını ödəmək;
22.2.6. siyasi partiyanın adına, məqsəd və vəzifələrinə xələl gətirən hərəkətlərə yol verməmək;
22.2.7. bu Qanunun 20.10-cu maddəsinə uyğun olaraq aparılan reyestrdə özünə aid olan məlumatlarda baş vermiş dəyişikliklər barədə siyasi partiyaya məlumat vermək;
22.2.8. bu Qanuna, həmçinin Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarına və siyasi partiyanın nizamnaməsinə uyğun olaraq digər vəzifələri yerinə yetirmək.
5-ci fəsil
Siyasi partiyanın fəaliyyətinin maddi təminatı
Maddə 23. Siyasi partiyanın fəaliyyətinin maliyyələşdirilməsi
23.1. Siyasi partiyanın fəaliyyəti aşağıdakı mənbələr hesabına maliyyələşir:
23.1.1. üzvlük haqqı;
23.1.2. ianə;
23.1.3. dövlət maliyyə yardımı;
23.1.4. bu Qanunun 12.1.11-ci və 12.1.12-ci maddələrində nəzərdə tutulmuş fəaliyyətdən əldə edilən gəlir;
23.1.5. mülki hüquq müqavilələri üzrə, o cümlədən əmlakından istifadə və onun satılmasından, borcun (kreditin) alınmasından əldə edilən vəsait;
23.1.6. hüquq varisliyi və vərəsəlik yolu ilə əldə edilən əmlak;
23.1.7. qanunla qadağan olunmayan digər gəlirlər.
23.2. Siyasi partiyanın aşağıdakılar tərəfindən maliyyələşdirilməsi, o cümlədən aşağıdakılardan ianələr qəbul etməsi qadağandır:
23.2.1. bu Qanunun 23.1.3-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, dövlət orqanları (qurumları);
23.2.2. yerli özünüidarəetmə orqanları və onların tabeliyində olan qurumlar;
23.2.3. digər hüquqi şəxslər, o cümlədən ictimai birliklər və fondlar, dini qurumlar;
23.2.4. beynəlxalq təşkilatlar, xarici dövlətlər və xarici hüquqi şəxslər;
23.2.5. əcnəbilər və vətəndaşlığı olmayan şəxslər;
23.2.6. yetkinlik yaşına çatmamış şəxslər, fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən təsdiq edilmiş şəxslər;
23.2.7. adını, soyadını, atasının adını, doğulduğu tarixi, qeydiyyat ünvanını və əlaqə telefon nömrəsini göstərməyən fiziki şəxslər.
23.3. Üzvün siyasi partiyaya il ərzində ödədiyi üzvlük haqlarının yuxarı həddi minimum əmək haqqının 35 mislindən artıq ola bilməz. Üzvlük haqqının məbləğindən artıq ödənişlər ianə hesab edilir.
23.4. Siyasi partiya üzvlərinin bəzi kateqoriyasına (pensiyaçılar və digər sosial müdafiəyə ehtiyacı olanlara, tələbələr və s.) münasibətdə üzvlük haqlarının ödənilməsində imtiyaz və ya güzəşt müəyyən edə bilər.
23.5. Siyasi partiyanın sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəliri üzvləri arasında bölüşdür&uum11 Yanvar 2023, 15:01
3 Mart 2015, 09:03
Azərbaycan Respublikası vətəndaşlarının 2015-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında ətraflı...
2 Mart 2015, 09:03
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun QƏRARI ətraflı...
27 Fevral 2015, 09:02
Mingəçevir Sənaye Parkının yaradılması haqqında ətraflı...
27 Fevral 2015, 09:02
“Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 20 iyun tarixli 984-IVQD nömrəli Qanununun tətbiqi və “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 5 noyabr tarixli 139 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 iyul tarixli 217 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə ətraflı...
27 Fevral 2015, 09:02
Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AzərTAc-ın) əməkdaşlarına fəxri adların verilməsi haqqında ətraflı...
27 Fevral 2015, 09:02
Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AzərTAc-ın) əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında ətraflı...
27 Fevral 2015, 09:02
Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) Azərbaycan Dövlət İnformasiya Agentliyi (AzərTAc) adlandırılması haqqında ətraflı...
27 Fevral 2015, 09:02
Mingəçevir Sənaye Parkının fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında ətraflı...
26 Fevral 2015, 08:02
A.T. Rasi-zadənin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
26 Fevral 2015, 09:02
Mingəçevir şəhərinin mənzil fondunun əsaslı təmiri işlərinin sürətləndirilməsinə və kommunal texnikanın alınmasına dair əlavə tədbirlər haqqında ətraflı...