Azərbaycan Respublikası Adından
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun QƏRARI
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci
maddəsinin şərh edilməsinə dair
15 iyul 2014-cü il Bakı şəhəri
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev (məruzəçi-hakim), Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə, məhkəmə katibi Elməddin Hüseynovun, maraqlı subyektlərin nümayəndələri 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi Rüstəm Kərimlinin, Azərbaycan Respublikası Milli Məclisi Aparatının İqtisadi qanunvericilik şöbəsinin baş məsləhətçisi Vasif Əmiraslanovun,mütəxəssis Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin Məhkəmələrlə iş üzrə sektorunun müdiri Vaqif Ataşovun,ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekan müavini, Mülki hüquq kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Sərvər Süleymanlının iştirakı ilə,Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə iclasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin şərh edilməsinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxdı.
İş üzrə hakim C.Qaracayevin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssisin çıxışlarını və ekspertin rəyini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 467-ci maddəsinin “qanundan irəli gələn öhdəliklərin yerinə yetirilməsi ilə bağlı hallara şamil olunub-olunmaması baxımından” şərh edilməsini xahiş etmişdir.
Müraciətdə bildirilir ki, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti (bundan sonra – Antiinhisar Xidməti) cavabdeh Qadir Mustafayevə qarşı maliyyə sanksiyasının və ona hesablanmış dəbbə pulunun (peniyanın) tutulmasına dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
İddia tələbi onunla əsaslandırılmışdır ki, Q.Mustafayev “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Haqsız rəqabət haqqında” Qanun) 9-cu maddəsinin tələblərini pozduğuna, yəni istehlakçıları çaşdıraraq müvafiq sənədləri olmadan istehsal edilmiş qənnadı məhsulları satışını təşkil etdiyinə görə ona qarşı həmin Qanunun 12-ci maddəsinə əsasən 750 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.
Cavabdeh tərəfindən maliyyə sanksiyası vaxtında tam ödənilmədiyinə görə, onun qalan hissəsinə dəbbə pulu (peniya) əlavə edilmişdir. Maliyyə sanksiyasının ödənilmədiyi günlərə görə hesablanan peniyanın məbləği 3.726 manat təşkil etmişdir.
Mülki məhkəmə icraatı qaydasında müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı dəbbə pulu Mülki Məcəllənin 467-ci maddəsinə əsasən azaldıla bilər.
Qeyd edilənlərə əsaslanaraq, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi məhkəmə təcrübəsində hüquqi müəyyənlik prinsipinin təmin edilməsi məqsədi ilə Mülki Məcəllənin 467-ci maddəsinin ictimai münasibətlərə təsiri dairəsi, ümumi (publik) mübahisələrdə qanunlardan yaranan öhdəliklərin icra olunmaması halında, habelə hüquq normasının analogiya əsasında tətbiq edilməsinin mümkünlüyü baxımından şərh edilməsini zəruri hesab edir.
Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə əlaqədar aşağıdakıları qeyd etməyi vacib hesab edir.
Büdcə gəlirləri dedikdə, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq əvəzi ödənilmədən və qaytarılmamaq şərti ilə dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının sərəncamına daxil olan pul vəsaiti başa düşülür. Dövlət büdcəsinin gəlirləri dövlətin maliyyə bazasını təşkil edir. Bu gəlirlər dövlətin pul vəsaiti fondunun formalaşması prosesində dövlətlə təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi və fiziki şəxslər arasında əmələ gələn iqtisadi münasibətləri ifadə edir.
Dövlət büdcəsinin əsas gəlirlərini vergi və rüsumlar təşkil edir. Vergi və rüsumlar ödənilmədiyi halda dövlət orqanları məcburetmə tədbirindən istifadə edərək, iqtisadi-hüquqi münasibətlərin qaydalarını pozan subyektlərə cərimə və maliyyə sanksiyaları tətbiq etmək səlahiyyətindədirlər.
Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən cərimə hər hansı bir hüquq pozuçusuna tətbiq edilən neqativ təsir növüdür. Azərbaycan Respublikası İnzibat Xətalar Məcəlləsinin 25.1-ci maddəsində müəyyən edilmişdir ki, inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Maliyyə sanksiyası isə cərimədən fərqli olaraq bərpaedici xarakter daşıyır və dövlət büdcəsini itkilərdən qorumaqla büdcəyə daxil olmalı maliyyə vəsaitinin bərpasına yönəlir. İnzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyan inzibati tənbeh – məsuliyyət tədbirindən fərqli olaraq, maliyyə sanksiyalarının təyinatı məcburi dövlət ödənişlərinin yerinə yetirilməməsi və ya layiqincə yerinə yetirilməməsi nəticəsində dövlət büdcəsinin məruz qaldığı əmlak itkilərini bərpa etməkdən ibarətdir.
Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 56.1-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75 və 213-cü maddələrinin şərh edilməsinə dair” 8 aprel 2002-ci il tarixli Qərarında maliyyə sanksiyasının təbiəti göstərilərək qeyd edilmişdir ki, Vergi Məcəlləsindəki maliyyə sanksiyalarının tətbiq edilməsi vergi vəzifələrinin yerinə yetirilməməsi və ya layiqincə yerinə yetirilməməsi nəticəsində büdcənin məruz qaldığı əmlak itkilərinin bərpa edilməsi məqsədi daşıyır.
“Haqsız rəqabət haqqında” Qanunun 12-ci maddəsinin 1-ci hissəsində bu Qanunun tələblərinin pozulmasına görə səlahiyyətli dövlət orqanı tərəfindən bazar subyektlərinə maliyyə sanksiyalarının tətbiq edilməsi nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən bu Qanunun 4-cü maddəsində qadağan olunmuş hərəkətlərə yol verdikdə — bazar subyektlərinə qanunsuz əldə olunmuş gəlirin bir misli həcmində, bundan sonrakı il ərzində bu hərəkətə təkrar yol verdikdə — iki misli həcmində maliyyə sanksiyaları; bu Qanunun 5, 6, 7, 8, 9-cu maddələrində qadağan olunmuş hərəkətlərə yol verdikdə — haqsız rəqabət fəaliyyəti göstərilən dövrdə bazar subyektinin əldə etdiyi ümumi gəlirin 10 faizinədək, bundan sonrakı il ərzində bu hərəkətə təkrar yol verdikdə 20 faizinədək maliyyə sanksiyası; Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişlərini yerinə yetirməməyə və ya vaxtında icra etməməyə görə bazar subyektlərinə son üç ayda əldə edilmiş gəlirin 10 faizinədək maliyyə sanksiyaları; Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanına qəsdən düzgün olmayan məlumat verdikdə və ya lazımi məlumatı vermədikdə bazar subyektlərinə son üç ayda əldə edilmiş gəlirin 5 faizinə qədər maliyyə sanksiyaları tətbiq edilir.
Qeyd olunmalıdır ki, analoji hüquq münasibətlərini tənzimləyən digər qanunvericilik müddəalarında bazar subyektinə qarşı bərpaedici (maliyyə sanksiyası) xarakterli tədbirlər bir qayda olaraq dəqiq məbləğlərlə və ya pozuntu ilə əlaqədar olan fəaliyyət dövrünə mütənasib olaraq müəyyən edilir (“Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin 1-ci hissəsi).
Bununla yanaşı, “Haqsız rəqabət haqqında” Qanunun 12-ci maddəsinin 3-cü hissəsinə müvafiq olaraq maliyyə sanksiyaları bazar subyektləri və vəzifəli şəxslər tərəfindən 30 gün ərzində qanunvericilikdə müəyyən olunmuş qaydada dövlət büdcəsinə ödənilməlidir.
“Haqsız rəqabət haqqında” Qanunun 2-ci maddəsinə əsasən Antiinhisar Xidməti haqsız rəqabət haqqında qanunvericiliyin icrasına öz səlahiyyətləri çərçivəsində nəzarət edir. Qeyd edilən müvafiq icra hakimiyyəti orqanı, haqsız rəqabət haqqında qanunvericiliyi pozan subyektlərə dair qanunvericilikdə nəzərdə tutulan müvafiq tədbirləri (inzibati, cinayət) tətbiq etmək səlahiyyətini yerinə yetirməlidir.
Göründüyü kimi, haqsız rəqabət haqqında qanunvericiliyi pozan subyektə qanuvericilikdə nəzərdə tutulan müvafiq məcburetmə tədbirlərini tətbiq etmək Antiinhisar Xidmətinin vəzifəsidir. Bu vəzifənin qanuna müvafiq icra edilməsi məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 1998-ci il tarixli 120 nömrəli Qərarı ilə təsdiq edilmiş “Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması Qaydaları” qəbul edilmişdir. Bu Qaydaların 3.10-cu bəndinə əsasən, haqsız rəqabət haqqında qanunvericiliyi pozmuş subyekt, hüquqa zidd əməlinə görə ona tətbiq olunan maliyyə sanksiyasını 30 günlük möhlət müddəti ərzində yerinə yetirməzsə, gecikdirilən hər günə görə, ödənilməmiş cərimə və maliyyə sanksiya məbləğinin 1%-i məbləğində əlavə dəbbə pulu (peniya) ödənişini etməlidir. Beləliklə, Antiinhisar Xidməti haqsız rəqabət haqqında qanunvericiliyi pozmuş subyektə müəyyən edilən maliyyə sanksiyasının məbləğinin gecikdirilən günlərə görə ödənməli olduğu dəbbə pulunun (peniyanın) tutulmasına dair icraat aparmalıdır.
Nəzərə alınmalıdır ki, cərimə və maliyyə sanksiyalarından fərqli olaraq, dəbbə pulu (peniya) dövlət büdcəsinə tutulan maliyyə vəsaiti vaxtında ödənilmədiyi halda tətbiq edilir və həmin pul mülki müqavilə ilə və ya qanunvericiliklə müəyyən edilir. Maliyyə sanksiyasının məbləğinin gecikdirilən günlərə görə hesablanmış dəbbə pulunun (peniyanın) əsas təyinatı isə büdcənin vaxtında ödənilməyən maliyyə vəsaiti itkisindən qorunmasına xidmət etməkdir.
Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, məhkəmələr tərəfindən qanunvericiliklə müəyyən edilən cərimə və maliyyə sanksiyalarının ədalətli tətbiqi əsasları qiymətləndirilərkən onların mahiyyət etibarı ilə bərpaedici və ya tənbehedici (məcburi tutulan müəyyən pul məbləği) xüsusiyyəti nəzərə alınmalıdır.
Bununla yanaşı, dövlət orqanlarının qarşısında duran ən vacib vəzifə dövlətin Konstitusiyada təsbit olunmuş quruluşunun, idarəetmə üsulunun, dövlət və ictimai qaydanın mühafizəsindən ibarətdir. Bu vəzifənin həyata keçirilməsi demokratik, hüquqi cəmiyyətdə hər bir cəmiyyət üzvünün maraqlarının qorunmasına xidmət edir. Məhz bu səbəbdən dövlət maraqlarının mühafizəsinin təmin olunması ümumilikdə şəxsiyyətin və vətəndaşların hüquqlarının və qanuni maraqlarının müdafiəsinin təmin olunması ilə sıx əlaqəlidir.
Müvafiq icra hakimiyyəti orqanı və ya məhkəmələr tərəfindən tətbiq edilən cərimə və maliyyə sanksiyası qanunvericiliklə nəzərdə tutulan qaydada mütənasib və ədalətli olmalıdır. Bu isə baş vermiş hüquq pozuntusuna tətbiq edilən maliyyə sanksiyası müəyyən edilərkən təsərrüfat subyektlərinin iqtisadi vəziyyətinin nəzərə alınmasını tələb edir.
Konstitusiya Məhkəməsi Plenumunun “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin birinci hissəsinin yeddinci abzasının şərh edilməsinə dair” 29 oktyabr 2010-cu il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, mütənasiblik prinsipinə müvafiq olaraq fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
İnzibati münasibətlərdə mütənasiblik prinsipinin qorunması xüsusilə vacib hesab edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsində mütənasiblik prinsipi ifadə edilərək göstərilmişdir ki, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
Oxşar mövqeyi Rusiya Federasiyasının Konstitusiya Məhkəməsi 15 iyul 1999-cu il tarixli Qərarında belə ifadə etmişdir ki, qanunverici orqan məcburetmə tədbirlərini müəyyən edərkən ədalətlilik, mütənasiblik və digər konstitusion və ümumi prinsipləri rəhbər tutaraq, Rusiya Federasiyası Konstitusiyasının 55-ci maddəsinin 3-cü bəndində birbaşa göstərilən məqsədlərə mütənasib hüquq və azadlıqların məhdudlaşdırması mümkünlüyündən çıxış etməlidir.
Məhz bu baxımdan, hüquqi məsuliyyətin hər hansı bir növü tətbiq edilərkən həmin təsirin həcmi məhkəmə qaydasında mübahisələndirilə bilər. Bu konstitusion hüquq hər kəsə publik hakimiyyət orqanı ilə münasibətlərdə bərabər imkanların və ədalət mühakiməsinin qorunmasına xidmət edir.
Qeyd olunduğu kimi, maliyyə sanksiyası və ona hesablanmış dəbbə pulu (peniya) qanunvericiliklə müəyyən edilir və onlar dövlət tərəfindən hüquq pozuntusuna yol vermiş subyektlərə göstərilən neqativ təsir vasitəsi olmaqla, hər bir halda publik-hüquqi və ictimai əhəmiyyətli xarakter daşıyır. Belə ki, ümumi (publik) hüquq münasibətləri hakimiyyət xarakterli səlahiyyətlərin realizəsi ilə bağlıdır. Bu cür hüquq münasibətlərində hüququn məcburetmə funksiyaları qanundan irəli gəlir və bu hüquq münasibətlərinin subyektləri həmin qanunun tələblərindən kənara çıxa bilməzlər. Eyni tələb Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsində də müəyyən edilmişdir. Həmin maddənin X hissəsində göstərilir ki, dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər.
Mülki Məcəllənin 6-cı maddəsinin mənasına görə fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki qanunvericilik müqavilənin təbiətini azad xarakterli müəyyən etmişdir. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər.
Mülki Məcəllənin 467-ci maddəsində mülki hüquq subyektlərinin iradə azadlığı prinsipinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (peniya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğu müəyyən edilmişdir.
Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin normaları ümumi qayda olaraq yalnız mülki xarakterli münasibətləri, yəni tərəflərin iradələrinin bərabərliyinə əsaslanan mülki hüquq münasibətlərini tənzimləyən qaydalardır və ümumi (publik) hüquq sahəsində yaranan münasibətlərə tətbiqi mümkün deyildir.
Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəllənin 467-ci maddəsinin ictimai münasibətlərə təsiri dairəsi, habelə bu hüquq normasının analogiya əsasında tətbiq edilməsi məsələsini təhlil edərkən, hər hansı bir hüquq normasının fərqli cins (generic) əlamətləri olan ictimai münasibətlərə, habelə fərqli prinsiplərə əsaslanan hüquq münasibətlərinə qanunun analogiyası əsasında tətbiq edilməsinin mümkünsüzlüyünü qeyd edir.
Mülki qanunvericilik mülki hüququn sahədaxili münasibətlərində qanunun və hüququn analogiyasını istisna etmir. Belə ki, Mülki Məcəllənin 11.1-ci maddəsində qeyd edilir ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Həmin Məcəllənin 11.2-ci maddəsində isə göstərilir ki, oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası).
Mülki hüquq münasibətləri əsasən tərəflərin iradələrinin bərabərliyinə əsaslanan hüquq münasibətləridir. Məhz ona görə mülki münasibətləri tənzimləyən mülki hüquq normaları daha çox mahiyyətcə dispozitiv olan qaydalardır. Belə münasibətlərin tənzimlənməsində qanunun və ya hüququn analogiya əsasında tətbiqi pozitiv funksiya daşıyır və mülki hüquq münasibətləri subyektlərinin maraqlarına zidd və etirazına səbəb olmur.
Hüquqi məsuliyyətlə əlaqəli münasibətlərdə isə qanunun və ya hüququn analogiyasının tətbiqinə yol verilmir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun (bundan sonra – “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanunu) 13.5-ci maddəsində cinayət, inzibati xətalar və vergi qanunvericiliyində məsuliyyətə cəlb olunma, hüquqların məhdudlaşdırılması və vəzifələrin müəyyən edilməsi hallarında hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilməz qadağası qoyulmuşdur.
“Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 13.5-ci maddəsini təhlil edərək qeyd etmək olar ki, publik orqan tərəfindən hər hansı cərimə və ya maliyyə sanksiyasının tətbiqində hüququn və ya qanunun analogiyasından istifadə oluna bilməz. Hüququn və ya qanunun analogiyasından hüquqi məsuliyyətin yaranması, eləcə də məsuliyyətin yüngülləşdirici hallarının əsası kimi istifadə edilə bilməz.
Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, qanunla müəyyən edilən cərimə, maliyyə sanksiyası, habelə qanundan irəli gələn dəbbə pulunun (peniyanın) tətbiqi ilə yaranan hüquq münasibətləri mahiyyət etibarı ilə ümumi (publik) hüquq münasibətləridir və bu sahədə hüququn və ya qanunun analogiyası tətbiq edilə bilməz.
Mövcud qanunvericilikdə gecikdirmə ilə bağlı dəbbə pulu (peniya) nəzərdə tutulmuşdursa, bu qanunvericinin müəyyən etdiyi normadır və məhkəmələr öz mülahizələrinə əsaslanaraq bu normanı dəyişdirə bilməzlər.
Beləliklə, qanunvericilikdə cərimə, maliyyə sanksiyası və ya dəbbə pulu dəyişməz (sabit dərəcədə) faiz miqdarında nəzərdə tutulubsa həmin faizin azaldılması və ya artırılması qeyri-qanuni hesab edilməlidir.
Həmçinin qeyd olunmalıdır ki, qaldırılmış məsələ Avropa Şurasına üzv olan digər ölkələrdə də analoji qaydada həll olunmuş və bu barədə müvafiq ölkələrin məhkəmə təcrübəsi formalaşmışdır.
Fransa Dövlət Şurası “Segame SA” şirkətinin Vergi Departamentinə qarşı işi ilə bağlı qərarında Vergi Məcəlləsinin 1761-ci maddəsinin ədalətliliyi və tətbiqinə dair bildirmişdir ki, məhkəmələr qanunvericiliklə sabit dərəcədə müəyyən edilən cəriməni azaltmadan tətbiq etdikdə hüquqi səhvə yol verməmişlər.
Həmin iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bildirmişdir ki, qanunverici orqan tərəfindən vergidən yayınan vergi ödəyicisinə proporsional olaraq müəyyən edilən cərimənin azaldılması mümkün olmasa da, şikayətçi şirkətin həmin mübahisənin baza hissəsini məhkəmələrdə mübahisələndirmək imkanı olduğundan Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin pozulması müşahidə edilməmişdir (Segame SA” Fransaya qarşı iş üzrə 7 iyun 2012-ci il tarixli Qərarı – 4837/06).
Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, maliyyə sanksiyasının və ya onun vaxtında ödənilmədiyi halda dəbbə pulunun (peniyanın) faizlə məbləği qanunvericiliklə dəqiq (sabit dərəcədə) müəyyən edilmişdirsə həmin məbləğ məhkəmələr tərəfindən azaldıla bilməz. Mübahisənin düzgün həlli üçün məhkəmələr işin əhəmiyyət kəsb edən bütün faktiki hallarını nəzərə almaqla, səlahiyyətli dövlət orqanı tərəfindən tətbiq olunan maliyyə sanksiyasının və hesablanmış dəbbə pulunun (peniyanın) qanuniliyini və əsaslılığını qiymətləndirə bilərlər.
Eyni zamanda, nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, publik orqan tərəfindən hər hansı cərimə və ya maliyyə sanksiyasının tətbiqi ilə bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılarkən mülki qanunvericiliyin normaları tətbiq edilə bilməz.
Qeyd olunanları nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticəyə gəlir:
- məhkəmə tərəfindən dəbbə pulunun azaldılmasının mümkünlüyünü nəzərdə tutan Mülki Məcəllənin 467-ci maddəsi inzibati məhkəmə icraatı qaydasında baxılan mübahisələrə tətbiq edilə bilməz.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
1. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılmasının mümkünlüyünü nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsi inzibati məhkəmə icraatı qaydasında baxılan mübahisələrə tətbiq edilə bilməz.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.
4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.
Sədr Fərhad Abdullayev
4 Avqust 2014, 09:0828 Noyabr 2019, 08:11
Xırdalan şəhərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
28 Noyabr 2019, 08:11
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Pakistan İslam Respublikasının Əyalətlərarası Koordinasiya Nazirliyi arasında idman sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
27 Noyabr 2019, 08:11
Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
27 Noyabr 2019, 08:11
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
27 Noyabr 2019, 08:11
“Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2019-cu il 30 sentyabr tarixli 1669-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
26 Noyabr 2019, 08:11
V.F.Ələsgərovun Ələt azad iqtisadi zonasının müvəqqəti idarəetmə qurumunun sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
26 Noyabr 2019, 08:11
“Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...
26 Noyabr 2019, 08:11
“Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 30 sentyabr tarixli 1670-VQD nömrəli Qanununun tətbiqi, “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikasının 2018-ci il 18 may tarixli 1143-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 iyun tarixli 107 nömrəli Fərmanında dəyişiklik edilməsi və Ələt azad iqtisadi zonasının fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
26 Noyabr 2019, 08:11
Bakı Dövlət Universitetinin əməkdaşlarına Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
26 Noyabr 2019, 08:11
Bakı Dövlət Universitetinin əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...