Elektron hökumət sahəsində idarəetmənin təkmilləşdirilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli, “Azərbaycan Respublikasında rəqəmsal inkişaf və nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli, “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında” 2018-ci il 14 mart tarixli 1885 nömrəli və “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Son illər ərzində Azərbaycan Respublikasında həyata keçirilən sosial-iqtisadi inkişaf siyasəti çərçivəsində “elektron hökumət”in formalaşması, dövlət xidmətlərindən “bir pəncərə” prinsipi əsasında istifadəni təmin edən “Elektron hökumət” portalının fəaliyyət göstərməsi, dövlət orqanlarının informasiya sistemləri arasında xüsusi infrastruktur vasitəsilə informasiya mübadiləsinin aparılması, “elektron hökumət”in fəaliyyəti üçün vacib əhəmiyyət kəsb edən dövlət informasiya sistemləri və ehtiyatlarının yaradılması istiqamətində mühüm işlər görülmüş, müasir informasiya-kommunikasiya texnologiyalarının, telekommunikasiya qurğularının və innovasiyaların geniş tətbiqi nəticəsində qabaqcıl texnoloji infrastruktur qurulmuşdur. Qeyd edilən texnoloji infrastrukturun mövcudluğu bütünlükdə ölkə üzrə rəqəmsal inkişafın, habelə rəqəmsal hökumətə keçidin sürətləndirilməsi üçün münbit şərait və əlavə imkanlar yaradır.

Rəqəmsal inkişaf rəqəmsal texnologiyaların tətbiqi və açıq məlumatlardan istifadə etməklə xidmətlər göstərilməsini və dövlət idarəçiliyinin təkmilləşdirilməsini təmin edən rəqəmsal hökumətin formalaşdırıldığı, rəqəmsal bilik, bacarıq və vərdişlərin artırıldığı, o cümlədən biznes proseslərinin avtomatlaşdırıldığı və proqnozlaşdırıla bilən rəqəmsal iqtisadiyyatın mövcud olduğu rəqəmsal cəmiyyətə keçidi ehtiva edir.

Bu məqsədlərə çatmaq üçün rəqəmsal texnologiyalardan istifadə yolu ilə dövlət idarəçiliyində səmərəlilik və vahid yanaşma təmin edilməli, dövlət idarəetməsinin və biznes proseslərinin rəqəmsallaşdırılmasında pərakəndəlik aradan qaldırılmalı, iqtisadi artım təşviq edilməli, sahibkarlıq, insan kapitalı və elm kimi vacib sahələrin inkişafına nail olunmalı, rəqəmsallaşma səviyyəsi ölkənin bölgədəki və beynəlxalq aləmdəki nüfuzunu artıran bir amil kimi önə çəkilməlidir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Elektron hökumət sahəsində dövlət siyasətinin və tənzimləməsinin həyata keçirilməsi, o cümlədən fəaliyyətin təşkili və əlaqələndirilməsi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə edilsin.

2. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (bundan sonra – Agentlik) Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxsin ona qoşulması formasında yenidən təşkil edilsin.

3. Elektron Hökumət İnformasiya Sistemi (o cümlədən “Elektron hökumət” portalı, “MyGov” portalı və Elektron Hökumət İnformasiya Sisteminin alt sistemləri), “Rəqəmsal icra hakimiyyəti” portalı, Milli Məlumat Mübadiləsi sistemi (“ASAN Bridge”), Vahid Giriş Sistemi (“ASAN Login”), “ASAN Finans” sistemi, “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri” və İnformasiya Mənbələrinin Reyestri, “İcazələrin alınması və monitorinqi sistemi”, habelə həmin sistem və reyestrlərlə əlaqəli olan digər əsas və yardımçı informasiya sistemləri üç ay müddətində texniki-texnoloji infrastrukturu ilə birlikdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin balansından Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin balansına verilsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

4.1. beynəlxalq məsləhətçi şirkət cəlb etməklə, rəqəmsal inkişaf sahəsində beynəlxalq və ölkədaxili təcrübə əsasında “Azərbaycan Respublikasının Rəqəmsal Məcəlləsi”nin layihəsini doqquz ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.2. bu Fərmanın 1-ci, 2-ci və 3-cü hissələri nəzərə alınmaqla, normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.3. bu Fərmanın 2-ci hissəsi nəzərə alınmaqla, Agentliyin nizamnamə fondunun miqdarının artırılması barədə təkliflərini dörd ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.4. “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxsin balansındakı əmlakın Agentliyin balansına verilməsini 3 ay müddətində təmin etsin;

4.5. bu Fərmanın 3-cü hissəsində nəzərdə tutulan sistemlərin və reyestrlərin saxlanılması və fəaliyyəti ilə əlaqədar xərclərin cari ildə dövlət büdcəsində nəzərdə tutulmuş vəsait çərçivəsində maliyyələşdirilməsi, növbəti illərdə isə dövlət büdcəsi layihələrində müvafiq vəsaitin nəzərdə tutulması üçün tədbirlər görsün;

4.6. bu Fərmanın 3-cü hissəsində və 4.1-ci bəndində nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsinin təmin edilməsi, habelə Agentliyin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün zəruri tədbirlər görsün;

4.7. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

5. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi:

5.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə birlikdə Agentliyin yenidən təşkili, o cümlədən “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxsin fəaliyyətinə xitam verilməsinin dövlət qeydiyyatı ilə bağlı zəruri tədbirləri həyata keçirsin;

5.2. bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün tədbirlər görsün.

6. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 9, maddə 858; 2013, № 2, maddə 109, № 3, maddə 254, № 4, maddə 377; 2014, № 2, maddə 117, № 5, maddə 486, № 9, maddələr 1027, 1044, 1048; 2015, № 6, maddə 708, № 8, maddə 917, № 10, maddə 1122; 2016, № 2 (II kitab), maddə 251, № 5, maddə 852, № 8, maddə 1384, № 9, maddə 1464; 2017, № 2, maddə 174, № 4, maddə 564, № 5, maddə 809, № 8, maddələr 1521, 1531; 2018, № 3, maddə 437, № 6, maddə 1242, № 10, maddə 2013, № 11, maddə 2553; 2019, № 1, maddə 61, № 4, maddə 647; 2020, № 8, maddələr 1039, 1044, 1047; 2021, № 8, maddə 919, № 9, maddə 990, № 11, maddə 1217; 2022, № 5, maddə 475) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

6.1. 1.1-ci bənddən “dövlət qurumlarının informasiya bazalarının qarşılıqlı inteqrasiyasını, elektron xidmətlərin təşkili prosesinin sürətləndirilməsini,” sözləri çıxarılsın;

6.2. 2.1.6-cı yarımbəndin sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz olunsun və 2.1.7-ci yarımbənd ləğv edilsin;

6.3. 3.1.10 – 3.1.12-1-ci və 4.1.6 – 4.1.8-ci yarımbəndlər ləğv edilsin;

6.4. 4.1.3-cü yarımbənddən “elektron formada” sözləri çıxarılsın;

6.5. 4.1.4-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

“4.1.4. fəaliyyət istiqamətləri üzrə elektron xidmətlərin təşkilini və göstərilməsini təmin etmək;”;

6.6. 4.1.5-ci yarımbənddən “, o cümlədən elektron xidmətlərin” sözləri çıxarılsın.

7. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 1, maddə 41; 2019, № 1, maddə 95, № 6, maddə 1027, № 11, maddə 1702, № 12, maddə 1929; 2020, № 3, maddə 231, № 4, maddə 407, № 8, maddə 1044; 2021, № 6 (I kitab), maddə 593, № 12, maddələr 1356, 1430; 2022, № 5, maddə 459) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

7.1. 1.1-ci bəndə “rabitə (telekommunikasiya və poçt),” sözlərindən sonra “elektron hökumət,” sözləri əlavə edilsin;

7.2. 2.0.17-ci yarımbənddə “məsələlərində aidiyyəti dövlət orqanları ilə birlikdə iştirak edir” sözləri “ilə bağlı tədbirlər görür” sözləri ilə əvəz edilsin;

7.3. 3.0.74-cü yarımbənddən “aidiyyəti dövlət orqanları ilə birlikdə” sözləri çıxarılsın;

7.4. 3.0.75-ci yarımbənddə “və elektron xidmətlərin göstərilməsini” sözləri “Elektron Hökumət İnformasiya Sistemi, elektron xidmətlərin göstərilməsini isə” sözləri ilə əvəz edilsin;

7.5. 3.0.77-ci yarımbənddən “, onların inteqrasiyasına dair texniki tələb və standartların müəyyənləşdirilməsi ilə bağlı təkliflər vermək” sözləri çıxarılsın;

7.6. 3.0.80-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“3.0.80. dövlət informasiya sistemlərinin və ehtiyatlarının formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi ilə bağlı texniki tələbləri müəyyənləşdirmək;”;

7.7. aşağıdakı məzmunda 3.0.80-1-ci, 3.0.80-2-ci və 4.0.17-1 – 4.0.17-5-ci yarımbəndlər əlavə edilsin:

“3.0.80-1. dövlət qurumlarının göstərdikləri xidmətlərin elektron formada təşkili və təkmilləşdirilməsi məqsədilə aşağıdakıları həyata keçirmək:

1. dövlət qurumlarının malik olduqları informasiya sistemləri və ehtiyatları ilə tanış olmaq, göstərilən xidmətlərin elektron formada təşkili ilə bağlı tədbirlər görmək;

2. elektron xidmətlərin göstərilməsi üzrə texniki tələbləri müəyyənləşdirmək;

3. dövlət qurumlarında elektron xidmətlərin təşkili və göstərilməsi, habelə dövlət qurumlarının informasiya sistemlərinin və ehtiyatlarının təşkili və fəaliyyəti üzrə qiymətləndirmələr aparmaq və nəticəsi barədə arayışlar, hesabatlar hazırlamaq;

4. elektron xidmətlərin göstərilməsi üzrə dövlət qurumlarına metodik və əməli köməklik göstərmək;

5. dövlət qurumlarının elektron xidmətləri barədə vətəndaşlardan daxil olan irad və təklifləri təhlil edərək, aidiyyəti dövlət qurumlarına məlumat göndərmək;

3.0.80-2. informasiya sistemləri və ehtiyatları, habelə elektron xidmətlərlə bağlı dövlət qurumları tərəfindən təqdim olunan layihələrə, onların texniki və səmərəliliyi baxımından məqsədəuyğunluğu barədə rəy vermək;”;

“4.0.17-1. dövlət qurumlarının malik olduqları informasiya sistemlərinə və ehtiyatlarına çıxış əldə etmək, dövlət qurumları tərəfindən göstərilən xidmətlərin elektron formada təşkili ilə bağlı müvafiq proqram təminatını hazırlamaq məqsədilə həmin qurumların xidmət prosesini öyrənmək və müvafiq təkliflər vermək;

4.0.17-2. elektron xidmətlərin təşkili və təkmilləşdirilməsi ilə bağlı layihələrin təşəbbüsçüsü, icraçısı və ya sifarişçisi kimi çıxış etmək;

4.0.17-3. dövlət qurumlarında elektron xidmətlərin təşkilində istifadə olunacaq informasiya sistemlərinin və ehtiyatlarının yaradılması zamanı onların təsdiq olunmuş layihələrə, texniki normalara, standartlara və tələblərə uyğun həyata keçirilməsinə nəzarət etmək və istismara qəbulunda bilavasitə iştirak etmək;

4.0.17-4. dövlət qurumlarının informasiya sistemləri arasında informasiya mübadiləsinin həyata keçirilməsi məqsədilə yaradılmış infrastruktura qoşulmaları üçün dövlət qurumlarına təkliflər vermək və onların təmin edilməsinə nəzarət etmək;

4.0.17-5. elektron xidmətlərin təşkili və təkmilləşdirilməsi ilə bağlı dövlət qurumlarının təkliflərini toplamaq, onları təhlil etmək və rəy vermək;”.

8. “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 14 mart tarixli 1885 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 3, maddə 435) aşağıdakı dəyişikliklər edilsin:

8.1. 1.1 – 1.5-ci, 1.8-ci və 1.9-cu bəndlər ləğv edilsin;

8.2. 3-cü və 4-cü hissələr ləğv edilsin;

8.3. 5-ci hissə aşağıdakı redaksiyada verilsin:

“5. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi:

5.1. elektron hökumət sahəsində dövlət siyasətini və tənzimləməsini həyata keçirsin;

5.2. dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və effektiv idarə edilməsi sahəsində koordinasiyanı həyata keçirmək məqsədilə əlaqələndirici qurum funksiyalarını yerinə yetirsin;

5.3. “Elektron hökumət” portalının idarə olunmasını və fəaliyyətini təmin etsin, təkmilləşdirilməsi ilə əlaqədar zəruri tədbirlər görsün;

5.4. dövlət orqanlarının informasiya sistemləri və ehtiyatları arasında informasiya mübadiləsini Elektron Hökumət İnformasiya Sistemi, elektron xidmətlərin göstərilməsini isə “Elektron hökumət” portalı vasitəsilə təşkil etsin;

5.5. elektron xidmətlərin, o cümlədən dövlət – biznes (G2B – government to business), biznes – dövlət (B2G – business to government) elektron xidmətlərinin inkişafı ilə bağlı tədbirlər görsün;

5.6. rəqəmsal hökumətə keçid prosesinin sürətləndirilməsi məqsədilə mövcud kommunikasiya infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı tədbirlər görsün.”;

8.4. 6-cı hissədə “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi” sözləri “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi” sözləri ilə əvəz edilsin.

9. “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 9, maddə 1826; 2020, № 8, maddə 1044) aşağıdakı dəyişikliklər edilsin:

9.1. 4.2-ci, 4.4-4.7-ci bəndlər ləğv edilsin;

9.2. aşağıdakı məzmunda 4-1-ci hissə əlavə edilsin:

“4-1. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi:

4-1.1. dövlət informasiya ehtiyatlarının və sistemlərinin, habelə elektron xidmətlərin qeydiyyatının həyata keçirilməsi məqsədilə vahid reyestrin – “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri”nin təşkilini və aparılmasını təmin etsin;

4-1.2. bu Fərmanın 2-ci hissəsində qeyd edilən altsistemlərin formalaşdırılmasını onların operatorları ilə birlikdə təmin etsin;

4-1.3. bu Fərmanla təsdiq edilmiş Qaydaların icrası ilə bağlı mövcud dövlət informasiya ehtiyatlarının və sistemlərinin qiymətləndirilməsini həyata keçirsin;

4-1.4. dövlət informasiya ehtiyatları və sistemlərinin rəsmi statistik məlumatlarla təmin olunması məqsədilə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müvafiq informasiya sisteminin Elektron Hökumət İnformasiya Sisteminə (EHİS) inteqrasiya edilməsini həmin Komitə ilə birlikdə təşkil etsin.”;

9.3. 5.3-cü bənddə “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin” sözləri “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin” sözləri ilə əvəz edilsin;

9.4. həmin Fərmanla təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın 1.4-cü bəndində “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi” sözləri “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 noyabr 2022-ci il

25 Noyabr 2022, 07:11

http://www.azertag.az

1601—1610 / 10511

26 Yanvar 2021, 19:01

T.Ə.Bakıxanovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

25 Yanvar 2021, 19:01

Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

25 Yanvar 2021, 19:01

Görkəmli elm xadimi Lütfi Zadənin 100 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

25 Yanvar 2021, 19:01

“Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

25 Yanvar 2021, 19:01

Azərbaycan Respublikası Prezidentinin “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” 2014-cü il 16 aprel tarixli 152 nömrəli və “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 26 iyun tarixli 148 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

25 Yanvar 2021, 19:01

Azərbaycan Respublikası Prezidentinin “Aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 2004-cü il 23 oktyabr tarixli 468 nömrəli, “Azərbaycan Respublikasında sitrus meyvələri, çay və çəltik istehsalının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 2017-ci il 12 sentyabr tarixli 3227 nömrəli sərəncamlarında dəyişiklik edilməsi və “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən lizinqə verilən və ya lizinq yolu ilə satılan suvarma sistemləri dəstinə və avadanlığına güzəşt tətbiq edilməsi haqqında” 2015-ci il 16 aprel tarixli 1176 nömrəli, “Bitkiçilikdə intensiv inkişafın təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” 2018-ci il 2 mart tarixli 3739 nömrəli sərəncamlarının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

23 Yanvar 2021, 17:01

İ.M.Hacıyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

23 Yanvar 2021, 17:01

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

23 Yanvar 2021, 17:01

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

22 Yanvar 2021, 18:01

Sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...