Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı

Azərbaycan Respublikası Prezidentinin

 

2014-cü il 24 iyul tarixli Sərəncamı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

1. Giriş

 Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqlarının, respublikanın vətəndaşları üçün layiqli həyat səviyyəsinin təmin edilməsinin dövlətin ali məqsədi olduğunu qeyd edərək,2009-cu il 6 fevral tarixli “Azərbaycan Respublikasının İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı”na uyğun həyata keçirilən tədbirlərin davamı olaraq,insan alverinə qarşı mübarizə sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarını rəhbər tutaraq,

insan alveri cinayətlərinin insan hüquq və azadlıqlarına ciddi təhlükə yaratdığını, insan hüquqlarını pozduğunu, şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə olduğunu nəzərə alaraq,

qanunvericiliklə müəyyən edilmiş məqsədlərlə yanaşı, insan alverinə qarşı mübarizədə müvafiq qurumların qarşılıqlı fəaliyyətinə imkan verən səmərəli sistemin təmin edilməsi məqsədi ilə,

insan alverinə qarşı mübarizədə maarifləndirmə tədbirlərinin və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın, bu mübarizənin ən yüksək səviyyədə təşkil edilməsi üzrə beynəlxalq tədbirlərdə fəal iştirakın zəruriliyini vurğulayaraq,

insan alverinə qarşı mübarizə sahəsində həyata keçirilən təşəbbüsləri dəstəkləyərək, Аzərbаycаn Rеspublikаsında insan alverinə qarşı mübarizəyə dair 2014–2018-ci illər üçün Milli Fəaliyyət Planı (bundan sonra – Milli Fəaliyyət Planı) qəbul edilir. 

2. Milli Fəaliyyət Planının məqsədi və həyata keçirilməsi prinsipləri

2.1. Milli Fəaliyyət Planının məqsədi aşağıdakı istiqamətlər üzrə həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsidir:

2.1.1.şəxsiyyətin və cəmiyyətin insan alverinin bütün formalarından qorunması;

2.1.2.insan alverinin səbəblərinin, insan alverinə şərait yaradan halların müəyyən edilməsi və aradan qaldırılması;

2.1.3.şəxslərin insan alverinin qurbanına çevrilməsi riskinin azaldılması, insan alverinə məruz qala bilən həssas əhali qruplarının sosial müdafiəsinin təmin edilməsi;

2.1.4.insan alverinin bütün formalarının aşkar edilməsi və qarşısının alınması, habelə nəticələrinin aradan qaldırılması;

2.1.5 insan alveri qurbanlarının müdafiəsi, hüquqlarının bərpası və sosial reabilitasiyasının təmin edilməsi;

2.1.6.insan alveri qurbanlarının və potensial qurbanlarının həyat səviyyəsinin yaxşılaşdırılması üçün lazımi şəraitin yaradılması;

2.2.  Milli Fəaliyyət Planı qeyd edilən məqsədlərə nail olunması üçün əsas vəzifələri (tədbirləri), onların icra edilməsində müxtəlif qurumların (icra hakimiyyəti orqanları, qeyri-hökumət təşkilatları, beynəlxalq tərəfdaşlar və digər qurumlar) iştirakını, bu qurumların fəaliyyətinin İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator (bundan sonra - Milli Koordinator) tərəfindən əlaqələndirilməsini və insan alverinə qarşı mübarizə sahəsində digər tədbirləri nəzərdə tutur.

2.3.  İnsan alverinə qarşı mübarizə aparan bütün qurumlar Milli Fəaliyyət Planı üzrə müəyyən olunmuş tədbirləri aşağıdakı prinsipləri rəhbər tutmaqla həyata keçirirlər:

2.3.1.insan alveri qurbanlarının cəmiyyətdə ayrı-seçkiliyə məruz qalmasının qarşısının alınması;

2.3.2.insan alveri qurbanlarının təhlükəsizliyinin və onlarla nəzakətli rəftarın təmin edilməsi;

2.3.3.insan alverinə görə cəzanın labüdlüyü;

2.3.4.hüquqi, siyasi, sosial-iqtisadi və təşkilati xarakterli profilaktik tədbirlərin həyata keçirilməsi;

2.3.5.insan alverinə qarşı mübarizəyə qeyri-hökumət təşkilatlarının cəlb edilməsi;

2.3.6.insan alverinə qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi;

2.3.7.vəzifələrin “yalnız zəruri məlumatlara malik olma” prinsipinə əsaslanmaqla icra edilməsi.

3. İnsan alverinə qarşı mübarizə sahəsində

qanunvericilik tədbirləri

3.1. İnsan alverinə qarşı mübarizə sahəsində qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunundan və digər qanunvericilik aktlarından ibarətdir.

3.2. İnsan alverinə qarşı mübarizə sahəsində Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrdən, o cümlədən “İnsan alverinə qarşı mübarizə haqqında” Avropa Şurası Konvensiyasından irəli gələn  öhdəliklərin yerinə yetirilməsi məqsədi ilə   bu sahədə beynəlxalq təcrübələr nəzərə alınmaqla müvafiq qanunvericilik aktlarının təkmilləşdirilməsi təmin ediləcəkdir.

3.3. 2008-ci il noyabrın 17-də Azərbaycan Respublikasının qoşulduğu “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasının ratifikasiya edilməsi və şəxslərin insan alverinin qurbanına çevrilməsi riskinin azaldılması məqsədi ilə həssas qrupa aid olan qadın və uşaqların hüquqi və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində müvafiq işlər görüləcəkdir.

3.4. “İnsan alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizmi Qaydaları”nın, “İnsan alveri qurbanlarının müəyyən edilməsi Qaydaları (indikatorları)”nın, “İnsan alveri qurbanları üçün xüsusi müəssisələrin yaradılması, maliyyələşdirilməsi, fəaliyyəti, habelə onların fəaliyyətinə nəzarət Qaydaları”nın, “İnsan alveri qurbanlarına kömək fondu haqqında Əsasnamə”nin, “İnsan alverinə şərait yaradan sosial problemlərin aradan qaldırılması üzrə Proqram”ın və digər aidiyyəti normativ hüquqi aktların təkmilləşdirilməsi nəzərdə tutulur.

4. İnsan alverinin qarşısının alınması və profilaktikasının gücləndirilməsi

4.1. İnsan alverinin qarşısının alınması qanunvericilik çərçivəsində xüsusi tədbirlər sistemi əsasında təşkil edilir.

4.2. İnsan alverinin qarşısının alınması məqsədi ilə müvafiq sosial təbəqələr üzrə maarifləndirmə və təbliğat işinin təşkil edilməsi təmin olunur, insan alveri qurbanlarını gözləyən təhlükə, təmin edilən müdafiə tədbirləri, insan alverinə qarşı həyata keçirilən inzibati, cinayət-hüquqi və digər tədbirlər barədə məlumatlandırma həyata keçirilir.

4.3. İnsan alveri cinayətlərindən zərər çəkmiş şəxslərə, insan alverinin ehtimal olunan qurbanlarına və potensial qurbanlarına xidmət edən “qaynar xətt” barədə ictimaiyyətin məlumatlandırılması davam etdiriləcək, xidmətdə çalışan operatorlara mütəmadi təlim keçirilməsi, bu xətlərin təhlükəsizliyinin və ondan istifadə edən şəxslərin konfidensiallığının,  həmçinin xidmətin təşkilati-texniki imkanlarının artırılmasının təmin edilməsi üçün müvafiq tədbirlər görüləcəkdir.

4.4. İnsan alveri probleminin mahiyyəti, onun qarşısının alınması barədə metodik-tədris vəsaitlərinin hazırlanması, insan alverinə qarşı mübarizəyə dair elmi tədqiqatların aparılmasının təmin edilməsi və əldə edilmiş nəticələrdən mübarizə tədbirlərinin  səmərəsini  artırmaq üçün istifadə edilməsi nəzərdə tutulur.

4.5. Uşaq əməyinə dair müvafiq beynəlxalq konvensiyalardan, həmçinin Beynəlxalq Əmək Təşkilatının sənədlərindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üzrə tədbirlər gücləndiriləcəkdir.

4.6. Qanunsuz miqrasiyanın, məcburi əməyin və insan alverinin qarşısının alınması, onun qurbanlarının və potensial qurbanlarının müəyyən edilməsi məqsədi ilə aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə monitorinqlərin, yoxlama tədbirlərinin həyata keçirilməsi, insan alverinə şərait yaradan halların müəyyənləşdirilməsi və bu halların aradan qaldırılması istiqamətində işlərin görülməsi, əmək miqrasiyasına nəzarətin gücləndirilməsi üzrə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

4.7. İnsan alverinin qurbanı olma riskinin azaldılması məqsədi ilə sosial cəhətdən həssas ailələrin və daimi yaşayış yerindən məhrum şəxslərin yerli icra hakimiyyəti orqanları tərəfindən qeydiyyata götürülməsi və müvafiq tədbirlərin görülməsi üçün  aidiyyəti orqanlara yönəldilməsi, insan alverinin potensial qurbanlarının ictimai-faydalı əməyə cəlb edilməsi, onların məşğulluğunun təmin edilməsi, insan alverindən zərər çəkmiş şəxslərin işə götürülməsi üçün sahibkarların həvəsləndirilməsi istiqamətində zəruri tədbirlər görüləcəkdir.

4.8. Kütləvi informasiya vasitələrinin, internet səhifələrinin mütəmadi monitorinqini aparmaqla, insan alveri ilə bağlılığı ola biləcək şübhəli təkliflərin mahiyyətinin öyrənilməsi və müvafiq tədbirlərin görülməsi, habelə ölkədaxili və beynəlxalq əməkdaşlıq imkanlarından istifadə etməklə, insan alverinə qarşı mübarizəni və sosial reabilitasiyanı həyata keçirən dövlət orqanlarının əməkdaşları və  vətəndaş cəmiyyəti nümayəndələri üçün xüsusi təlimlərin keçirilməsi nəzərdə tutulur.

5. İnsan alveri cinayətlərinə qarşı cinayət təqibi

5.1. İnsan alveri cinayətlərinin təqibi həmin cinayətlərin müəyyən edilməsi, insan alverçisinin ifşa olunması, ona ittiham irəli sürülməsi, bu ittihamın məhkəmədə müdafiəsi, insan alverçisinə cəza təyin edilməsi, zəruri olduqda isə prosessual məcburiyyət tədbirlərinin həyata keçirilməsindən ibarətdir.

5.2. İnsan alveri cinayətlərinə qarşı cinayət təqibini təkmilləşdirmək məqsədi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin (bundan sonra - Baş İdarə) fəaliyyətini gücləndirmək və əməkdaşlarının peşəkarlıq səviyyəsini yüksəltmək üçün tədbirlər həyata keçiriləcəkdir.

5.3. İnsan alverinə qarşı mübarizə üzrə şahidlərin və cinayət təqibini həyata keçirən orqanlarla əməkdaşlıq edən şəхslərin müdafiəsi işini təkmilləşdirmək və  istintaq üçün faydalı olan informasiyanın verilməsini stimullaşdırmaq üçün  tədbirlər görülməsi nəzərdə tutulur.

5.4. İnsan alveri cinayətlərinə qarşı cinayət təqibini həyata keçirən orqanlar arasında əməkdaşlığın təkmilləşdirilməsi, səmərəli məlumat və təcrübə mübadiləsinin təmin edilməsi, insan alverinə qarşı mübarizə sahəsində yaranan problemlərin birgə öyrənilməsi təşkil ediləcək, əməliyyat-axtarış fəaliyyətinin və cinayət təqibinin həyata keçirilməsi üzrə beynəlxalq əməkdaşlıq genişləndiriləcəkdir.

5.5. Transmilli mütəşəkkil cinayətkar qrupların insan alverçiləri ilə əlaqələrinin müəyyən edilməsi, habelə insan alveri ilə bağlı transmilli mütəşəkkil cinayətkarlığın qarşısının alınması, onun aşkar edilməsi və aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin gücləndirilməsi nəzərdə tutulur.

5.6. Respublika daxilində insan alveri və məcburi əmək qurbanlarının, o cümlədən insan alverinin qurbanı olan uşaqların, əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin müəyyən edilməsi üçün müvafiq tədbirlər görüləcək, miqrantları məcburi əməyə cəlb edən insan alverçilərinə (fiziki və ya hüquqi şəxslərə) qarşı mübarizə gücləndiriləcək, insan alveri ilə bağlı istismar əlaməti müəyyən edilən hər bir əməlin cinayət təqibi aparılacaq, insan alveri cinayəti yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın (insan alverinin törədilməsi nəticəsində birbaşa və ya dolayısı ilə əldə olunmuş hər hansı pul vəsaitləri, daşınar və ya daşınmaz, maddi və ya qeyri-maddi əmlak, mülkiyyət hüquqlarını təsdiq edən hüquqi sənədlər) leqallaşdırılmasına qarşı mübarizə tədbirləri gücləndiriləcəkdir.

6. İnsan alveri qurbanlarının reabilitasiyası və reinteqrasiyası

6.1. İnsan alveri qurbanlarının sosial reabilitasiyası, cəmiyyətə reinteqrasiyası onların normal həyat tərzinə qaytarılması məqsədi ilə həyata keçirilir və insan alveri qurbanlarına hüquqi yardım göstərilməsi, onların təhsilinin davam etdirilməsi, psixoloji, tibbi və peşə reabilitasiyası üçün müvafiq tədbirlər görülməsi, həmin şəxslərin işlə və yaşayış sahəsi ilə təmin edilməsi imkanlarından istifadə olunmasını nəzərdə tutur.

6.2. İnsan alveri qurbanlarının sosial reabilitasiyası həyata keçirilərkən, onların Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə təsbit edilmiş insan və vətəndaş hüquqlarının hər hansı formada məhdudlaşdırılmasına və yaxud iradələrinə zidd reabilitasiya tədbirlərinin tətbiq edilməsinə yol verilmir, qurbanların, xüsusilə uşaqların yaşı, cinsi və tələbatı, o cümlədən sığınacağa, təhsilə və qayğıya olan ehtiyacları nəzərə alınır.

6.3. Cinayət təqibi orqanının müraciətinə əsasən, dövlət orqanları öz səlahiyyətləri daxilində, sığınacaqlar və yardım mərkəzləri isə öz funksiyaları çərçivəsində insan alveri qurbanlarına yardım göstərilməsi işini davam etdirəcəklər.

6.4. İnsan alveri qurbanları üçün regionlarda yeni sosial reabilitasiya, sosial xidmət və yardım mərkəzlərinin, sığınacaqların yaradılması və onlara hüquqi, tibbi, psixoloji, sosial və digər yardımların təmin edilməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi, insan alveri probleminin yerlərdə sosial-psixoloji aspektlərinin öyrənilməsi, bu vəziyyəti yaradan səbəblərin müəyyənləşdirilməsi və aradan qaldırılması üzrə müvafiq tədbirlərin görülməsi, insan alveri qurbanlarına və potensial qurbanlarına ayrılmış stasionar və ya ambulator tipli müəssisələrdə tibbi yardım göstərilməsinin davam etdirilməsi, zərurət yarandıqda, bu müəssisələrə ixtisaslı mütəxəssislərin cəlb edilməsi nəzərdə tutulur.

6.5. İnsan alveri qurbanları üçün xüsusi müəssisələrdə (sığınacaq və yardım mərkəzləri) qurbanlara və potensial qurbanlara tibbi, psixoloji və digər yardımların göstərilməsinə məsul olan mütəxəssislərin sayının artırılması və onlara müvafiq təlimlərin keçilməsi, insan alveri qurbanlarının, həmçinin potensial qurbanlarının əmək bazarında rəqabət qabiliyyətinin artırılması, onların yeni peşələrə yiyələnməsinə yönəlmiş kursların təşkili, məşğulluq probleminin həlli istiqamətində tədbirlər görülməsi nəzərdə tutulur.

6.6. İnsan alverinin qurbanları üçün xüsusi müəssisələrin fəaliyyətinin təşkilinə, qurbanlara hüquqi yardım göstərilməsinə və onların sosial reabilitasiyasına qeyri-hökumət təşkilatlarının cəlb olunması işi davam etdiriləcəkdir.

7. İnsan alverinin qurbanı olmuş və ya potensial qurbanı olan uşaqlara göstərilən yardımın və onların müdafiəsinin təkmilləşdirilməsi

7.1. İnsan alverinin qurbanı olmuş və ya potensial qurbanı olan uşağa yardım göstərilərkən onun mənafeləri üstün tutulmalı, “İnsan alverinə qarşı mübarizə haqqında” və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarına, “Uşaq hüquqları haqqında” BMT-nin Konvensiyasına, habelə Azərbaycan Respublikasının digər qanunlarına və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, uşağın hüquqlarının və qanuni maraqlarının qorunması üçün müvafiq tədbirlər görülməlidir. Bu normativ hüquqi aktlarla yanaşı, yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında qanunvericiliyin müddəaları rəhbər tutulmaqla, insan alverinin qurbanı olmuş uşaqların sosial reabilitasiyası xüsusi tərtib edilmiş proqramlar əsasında həyata keçiriləcək.

7.2. Qəyyumluq və himayə orqanları, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar insan alverinin qurbanı olmuş və ya potensial qurbanı olan uşaqların hüquq və mənafelərinin qanunvericiliyə uyğun olaraq qorunmasında, onların sosial reabilitasiyasının həyata keçirilməsində yaxından iştirak edərək müvafiq tədbirlər görəcəklər.

7.3. Dövlətin himayəsində olan uşaqların yetkinlik yaşına çatdıqdan sonra insan alveri riski qrupuna daxil olmaması məqsədi ilə onlara sosial-hüquqi və sosial-psixoloji xidmətlər, sosial-məsləhət yardımı göstərilməsi, insan alverinin qurbanı olmuş uşaqların təhsillərini davam etdirmək imkanlarının təmin edilməsi, müvəqqəti sığınacaqlarda yaşayan uşaqların təhsilinin həmin yerlərdə təşkil edilməsi, insan alverinin qurbanı olmuş uşaqların ümumtəhsil məktəblərində təhsil aldıqları müddətdə ayrı-seçkiliyə məruz qalmasının qarşısının alınması üçün tədbirlər görülməsi, uşaqların təhsildən yayınması və baxımsızlığı ilə bağlı monitorinqlər aparılması, təhsildən yayınan və sosial cəhətdən həssas uşaqların reabilitasiyası üzrə tədbirlərin görülməsi nəzərdə tutulur.

7.4. Övladlığa, qəyyumluğa və ya himayəyə verilmiş uşaqların ailələrdə monitorinqi aparılacaq və bu məqsədlə yerlərdə monitorinq qrupları yaradılacaq, şəxsiyyəti təsdiq edən sənədi olmayan uşaqların müvafiq sənədlərlə təmin edilməsinə kömək göstəriləcək, uşaqlarla işləyən sosial iş institutunun formalaşması istiqamətində müvafiq tədbirlər həyata keçiriləcəkdir.

8. İnsan alveri qurbanlarının müdafiəsi

8.1. İnsan alverindən zərər çəkmiş şəxslərin təhlükəsizliyinin təmin edilməsi “Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında” və “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun həyata keçirilir və tətbiq olunan təhlükəsizlik tədbirləri təhlükə tam aradan qalxanadək davam etdirilir.

8.2. Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlikləri və konsulluqları səlahiyyətləri daxilində və yerləşdikləri ölkənin qanunvericiliyinə uyğun olaraq, insan alverinin qurbanı olan Azərbaycan Respublikası vətəndaşlarının hüquq və mənafelərinin müdafiəsini həyata keçirməyə davam edəcəklər.

9. Milli Fəaliyyət Planı iştirakçılarının fəaliyyətinin, insan alverinə

qarşı mübarizə üzrə dəstəyin və resursların əlaqələndirilməsi

9.1. Milli Fəaliyyət Planı həmçinin, insan alverinə qarşı mübarizədə müvafiq qurumların qarşılıqlı fəaliyyətinə imkan verən səmərəli sistemi təmin etmək məqsədi daşıyır. Milli Koordinator Milli Fəaliyyət Planının həyata keçirilməsi üzrə məsul şəxs olaraq, iştirakçıların qarşılıqlı əməkdaşlığının vahid sistemini yaratmaq və bu qurumlar arasında məlumat mübadiləsini təmin etmək məqsədi ilə ümumi fəaliyyəti əlaqələndirir.

9.2. Milli Koordinator Milli Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsi üzrə müvafiq dövlət və qeyri-hökumət təşkilatlarının dəstəyini əlaqələndirir, Milli Fəaliyyət Planının icrasından irəli gələn tələbatı müəyyən edərək, həlli üçün müvafiq tədbirlər görür, insan alverinə qarşı mübarizə vəziyyəti ilə bağlı Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Milli Məclisinə və Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) illik məlumat təqdim edir və Milli Fəaliyyət Planında nəzərdə tutulan vəzifələrin icrası istiqamətində digər funksiyaları həyata keçirir.

9.3. Milli Fəaliyyət Planında göstərilən tədbirlərin həyata keçirilməsi zamanı donor dəstəyinin (informasiya, metodiki, təşkilati, maddi, konsultativ və s. dəstəyin) əlaqələndirilməsi, müvafiq dövlət və qeyri-hökumət təşkilatlarının, beynəlxalq təşkilatların və digər tərəfdaşların resurslarından birgə istifadənin həyata keçirilməsini ehtiva edir.

9.4. Milli Koordinator Milli Fəaliyyət Planının həyata keçirilməsi ilə bağlı donor təşkilatlarla əməkdaşlığı gücləndirəcəkdir

10. İnsan alverinə qarşı mübarizə sahəsində əməkdaşlığın inkişaf etdirilməsi

10.1. Azərbaycan insan alverinə qarşı mübarizə sahəsində digər dövlətlərlə, xüsusən təyinat və mənbə ölkələrinin hüquq mühafizə və başqa dövlət orqanları ilə, habelə aidiyyəti beynəlxalq təşkilatlarla əməkdaşlığı gücləndirəcəkdir.

 10.2. İnsan alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizminin həyata keçirilməsi üçün yaradılmış idarələrarası komissiyanın iclaslarına və qeyri-hökumət təşkilatları ilə keçirilən görüşlərə insan alverinə qarşı mübarizə sahəsində fəaliyyət göstərən və tərəfdaş olan beynəlxalq təşkilatların nümayəndələrinin dəvət edilməsi davam etdiriləcəkdir.

10.3. İnsan alvеrinə qarşı mübarizə sahəsində qanunvеriciliyin təkmilləşdirilməsi məqsədi ilə yaradılmış müxtəlif dövlət orqanlarının nümayəndələrindən ibarət İşçi Qrupu dövlət orqanları, vətəndaş cəmiyyəti nümayəndələri ilə və beynəlxalq tərəfdaşlarla yaxından əməkdaşlıq edəcəkdir.

10.4. İnsan alverinə şərait yaradan sosial problemlərin aradan qaldırılması, eləcə də yaş həddinə görə internat evlərini və digər alternativ qayğı müəssisələrini tərk etmək məcburiyyətində qalan valideyn himayəsindən məhrum olmuş və yaşayış yeri olmayan gənclərin sosial-məişət problemlərinin həlli istiqamətində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və müvafiq təkliflər verilməsi nəzərdə tutulur.

11. İnsan alverinə qarşı mübarizə ilə bağlı maarifləndirmə

11.1. İnsan alverinə qarşı mübarizə ilə bağlı maarifləndirmə və təbliğat işinin təşkili insan alverinin profilaktikası üzrə tədbirlər sisteminə daxildir.

11.2. Ölkəyə daxil olan şəxslərin insan alveri təhlükəsi barədə məlumatlandırılması üçün mütəmadi tədbirlərin görülməsi və bu məqsədlə hazırlanmış maarifləndirici vəsaitlərin sərhəd və gömrük keçid məntəqələrində paylanılması təmin ediləcək, insan alverinin qarşısının alınması məqsədi ilə müxtəlif  nəşrlərin hazırlanması, sosial reklamların, qısametrajlı filmlərin çəkilməsi və nümayiş etdirilməsi üzrə tədbirlər həyata keçiriləcəkdir.

11.3. Təhsil və təlim-tərbiyə müəssisələrində uşaqların insan alveri və uşaq əməyinin istismarı ilə bağlı təhlükələrdən müdafiəsi istiqamətində maarifləndirmə tədbirləri davam etdiriləcək, xüsusilə uşaq əməyinin istismarının baş verməməsi məqsədi ilə özəl qurumlarda müvafiq təbliğat və maarifləndirmə işləri aparılacaqdır.

 11.4. İnsan alverinin və qanunsuz miqrasiyanın mahiyyətinə, onların müxtəlif təzahür formalarına dair kütləvi informasiya vasitələrinin əməkdaşları üçün sahə mütəxəssislərinin iştirakı ilə kursların təşkili, belə məlumatların kütləvi informasiya vasitələrində işıqlandırılması xüsusiyyətləri ətrafında müvafiq tədbirlərin keçirilməsi nəzərdə tutulur.

11.5. Respublika ərazisində fəaliyyət göstərən turizm şirkətlərinin nümayəndələri üçün maarifləndirmə tədbirləri keçiriləcək, müxtəlif növ maarifləndirici materiallar turizm şirkətlərinə paylanılacaqdır.

12. Milli Fəaliyyət Planının maliyyələşdirilməsi

Milli Fəaliyyət Planında göstərilən tədbirlərin icrası üçün tələb olunan xərclər müvafiq illər üzrə Azərbaycan Respublikasının dövlət büdcəsində aidiyyəti icraçı orqanlar üçün nəzərdə tutulmuş vəsaitlər, büdcədənkənar vəsaitlər, qrantlar, habelə Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan digər mənbələr hesabına maliyyələşdirilir. 

 

Qeyd.

1. Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilsin ki, bu Milli Fəaliyyət Planının 13.1.1, 13.1.7, 13.2.5, 13.3.3-13.3.5, 13.3.7-13.3.9, 13.6.1 və 13.8.1-ci yarımbəndlərində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsində iştirak etsin.

2. Azərbaycan Respublikasının Ali Məhkəməsinə tövsiyə edilsin ki, bu Milli Fəaliyyət Planının 13.1.1 və 13.1.7-ci yarımbəndlərində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsində iştirak etsin.

3. Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına tövsiyə edilsin ki, bu Milli Fəaliyyət Planının 13.4.1 və 13.4.4-cü yarımbəndlərində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsində iştirak etsin.

4. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) tövsiyə edilsin ki, bu Milli Fəaliyyət Planının 13.1.1-13.1.3, 13.2.4 və 13.8.4-cü yarımbəndlərində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsində iştirak etsin.

5. Azərbaycan Respublikasının Mətbuat Şurasına tövsiyə edilsin ki, bu Milli Fəaliyyət Planının 13.2.9 və 13.9.5-ci yarımbəndlərində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsində iştirak etsin.

 

25 İyul 2014, 09:07

http://www.azertag.net

501—510 / 10511

3 Avqust 2022, 14:08

Azərbaycan Respublikası Prezidentinin “Dövlət mülkiyyətində olan torpaq sahələrinin hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2003-cü il 23 oktyabr tarixli 971 nömrəli, “Yerin təkindən istifadənin dövlət tənzimlənməsi barədə” 2003-cü il 23 oktyabr tarixli 975 nömrəli, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” 2003-cü il 23 oktyabr tarixli 978 nömrəli, “Torpaqların münbitliyi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsinə dair əlavə tədbirlər barədə” 2003-cü il 23 oktyabr tarixli 979 nömrəli, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2004-cü il 10 avqust tarixli 113 nömrəli, “Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi barədə” 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli, “Azərbaycan Respublikasında maliyyə-bank sistemində islahatların dərinləşdirilməsi ilə əlaqədar əlavə tədbirlər haqqında” 2005-ci il 1 mart tarixli 205 nömrəli fərmanlarında dəyişiklik edilməsi və “Özəlləşdirilməsi qadağan olunan dövlət əmlakının, habelə özəlləşdirilməsi Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin qərarları ilə həyata keçirilən müəssisə və obyektlərin əmlakının siyahıya alınması Qaydaları”nın təsdiq edilməsi barədə” 2003-cü il 18 sentyabr tarixli 919 nömrəli Fərmanının ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

3 Avqust 2022, 14:08

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 18 dekabr tarixli 57-VQD nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 15 yanvar tarixli 739 nömrəli, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 2016-cı il 7 mart tarixli 818 nömrəli, “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılması və fəaliyyətinin təşkili haqqında” 2016-cı il 11 aprel tarixli 858 nömrəli, “Dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” 2016-cı il 19 may tarixli 894 nömrəli, “Meliorasiya və su təsərrüfatı sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 23 fevral tarixli 372 nömrəli Fərmanında dəyişikliklər edilməsi və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” 2016-cı il 23 iyun tarixli 952 nömrəli və “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 296-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2016-cı il 11 iyul tarixli 980 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

3 Avqust 2022, 14:08

Azərbaycan Respublikası Prezidentinin “2013-cü il fevralın 22-də Berlin şəhərində imzalanmış “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Almaniya Federativ Respublikasının Maliyyə Nazirliyi arasında dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə” 2013-cü il 3 may tarixli 867 nömrəli, “2013-cü il aprelin 30-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Özbəkistan Respublikasının Özəlləşdirmə, İnhisarsızlaşdırma və Rəqabətin İnkişafı üzrə Dövlət Komitəsi arasında dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə” 2013-cü il 11 iyun tarixli 913 nömrəli, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə Belarus Respublikasının Dövlət Əmlak Komitəsi arasında əməkdaşlığa dair Sazişin təsdiq edilməsi haqqında” 2017-ci il 15 fevral tarixli 1248 nömrəli, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə Avstriya Respublikasının Metrologiya və Mərzçəkmə Federal Qurumu arasında daşınmaz əmlakın kadastrı və coğrafi məlumat sistemi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında” 2018-ci il 4 oktyabr tarixli 292 nömrəli və “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyi arasında daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı və kadastr fəaliyyəti sahəsində əməkdaşlığa dair Sazişin təsdiq edilməsi haqqında” 2018-ci il 26 noyabr tarixli 371 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

3 Avqust 2022, 14:08

Biləsuvar rayonunun Əliabad–Xırmandalı–Bəydili avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

2 Avqust 2022, 15:08

Azərbaycan Respublikası Prezidentinin “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” 2012-ci il 6 iyul tarixli 667 nömrəli, “Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” 2012-ci il 13 dekabr tarixli 760 nömrəli, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 509-IVQD nömrəli Qanununun tətbiqi barədə” 2012-ci il 29 dekabr tarixli 802 nömrəli, “Sənaye parkları haqqında Nümunəvi Əsasnamə”nin təsdiqi barədə” 2013-cü il 24 aprel tarixli 865 nömrəli, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” 2013-cü il 10 dekabr tarixli 45 nömrəli, “Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” 2013-cü il 19 dekabr tarixli 55 nömrəli və “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli 875-IVQD nömrəli Qanununun tətbiqi barədə” 2014-cü il 3 fevral tarixli 100 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

2 Avqust 2022, 15:08

Azərbaycan Respublikası Prezidentinin “Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə”nin təsdiq edilməsi barədə” 2014-cü il 15 may tarixli 168 nömrəli, “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” 2014-cü il 22 dekabr tarixli 413 nömrəli, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410-IVQ nömrəli Qanununun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə” 2015-ci il 26 oktyabr tarixli 660 nömrəli, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1384-IVQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” 2015-ci il 7 dekabr tarixli 700 nömrəli, “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 18 yanvar tarixli 745 nömrəli, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 97-VQ nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 3 fevral tarixli 759 nömrəli və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 20 aprel tarixli 866 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

2 Avqust 2022, 15:08

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 28 oktyabr tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əsasnaməsi”ndə dəyişiklik edilməsi və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində bəzi tədbirlər haqqında” 2018-ci il 8 oktyabr tarixli 299 nömrəli, “Özəlləşdiriləcək dövlət əmlakının (müəssisələrinin) 2019-cu il 1 mart tarixinə mövcud olan əmlak və torpaq vergiləri üzrə borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 5 mart tarixli 1527-VQ nömrəli Qanununun tətbiqi barədə” 2019-cu il 1 aprel tarixli 601 nömrəli, “Xüsusi rabitə ilə bağlı bəzi məsələlər haqqında” 2019-cu il 11 aprel tarixli 622 nömrəli, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”nin və “e-sosial” internet portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2019-cu il 15 aprel tarixli 634 nömrəli, “Şəhər və rayonlar üzrə vergi orqanlarının xətti ilə dövlət büdcəsinə nəzərdə tutulan daxilolmalardan büdcə ilinin sonuna artıq daxil olan vəsaitin müəyyən hissəsinin həmin şəhər və rayonların sərəncamında saxlanılması və istifadəsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2019-cu il 3 iyun tarixli 719 nömrəli və “İdxal-ixrac əməliyyatları üzrə büdcə gəlirlərini təmin edən qurumların birgə nəzarətinin həyata keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2019-cu il 11 iyun tarixli 734 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

2 Avqust 2022, 15:08

Azərbaycan Respublikası Prezidentinin “Elektron ipoteka və kredit zəmanət” sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2018-ci il 1 may tarixli 30 nömrəli, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1356-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 2018-ci il 20 dekabr tarixli 414 nömrəli, “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1350-VQ nömrəli Qanununun tətbiqi barədə” 2018-ci il 21 dekabr tarixli 424 nömrəli, “İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1351-VQ nömrəli Qanununun tətbiqi barədə” 2018-ci il 21 dekabr tarixli 425 nömrəli və “Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 17 yanvar tarixli 479 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

2 Avqust 2022, 15:08

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında” 2016-cı il 22 iyun tarixli 940 nömrəli, “Azərbaycan Respublikasının Vergilər Nazirliyi ilə Türkmənistanın Maliyyə Nazirliyi arasında vergi orqanlarının fəaliyyəti sahəsində əməkdaşlığa dair Memorandumun təsdiq edilməsi haqqında” 2017-ci il 29 noyabr tarixli 1699 nömrəli və “Azərbaycan Respublikasının Vergilər Nazirliyi ilə Litva Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Vergi Müfəttişliyi arasında məlumat mübadiləsi sahəsində və vergi tələblərinin alınmasında qarşılıqlı inzibati yardım haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə” 2017-ci il 19 dekabr tarixli 1747 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

2 Avqust 2022, 15:08

Azərbaycan Respublikası Prezidentinin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2004-cü il 12 aprel tarixli 48 nömrəli, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2005-ci il 7 fevral tarixli 192 nömrəli, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına dəyişikliklər və əlavələr edilməsi və Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 17 dekabr tarixli 521 nömrəli Fərmanının qüvvədən düşmüş hesab edilməsi barədə” 2005-ci il 27 may tarixli 238 nömrəli, “Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi haqqında” 2005-ci il 31 may tarixli 242 nömrəli və “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2005-ci il 9 avqust tarixli 277 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...