Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı

Azərbaycan Respublikası Prezidentinin

 

2014-cü il 24 iyul tarixli Sərəncamı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

1. Giriş

 Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqlarının, respublikanın vətəndaşları üçün layiqli həyat səviyyəsinin təmin edilməsinin dövlətin ali məqsədi olduğunu qeyd edərək,2009-cu il 6 fevral tarixli “Azərbaycan Respublikasının İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı”na uyğun həyata keçirilən tədbirlərin davamı olaraq,insan alverinə qarşı mübarizə sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarını rəhbər tutaraq,

insan alveri cinayətlərinin insan hüquq və azadlıqlarına ciddi təhlükə yaratdığını, insan hüquqlarını pozduğunu, şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə olduğunu nəzərə alaraq,

qanunvericiliklə müəyyən edilmiş məqsədlərlə yanaşı, insan alverinə qarşı mübarizədə müvafiq qurumların qarşılıqlı fəaliyyətinə imkan verən səmərəli sistemin təmin edilməsi məqsədi ilə,

insan alverinə qarşı mübarizədə maarifləndirmə tədbirlərinin və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın, bu mübarizənin ən yüksək səviyyədə təşkil edilməsi üzrə beynəlxalq tədbirlərdə fəal iştirakın zəruriliyini vurğulayaraq,

insan alverinə qarşı mübarizə sahəsində həyata keçirilən təşəbbüsləri dəstəkləyərək, Аzərbаycаn Rеspublikаsında insan alverinə qarşı mübarizəyə dair 2014–2018-ci illər üçün Milli Fəaliyyət Planı (bundan sonra – Milli Fəaliyyət Planı) qəbul edilir. 

2. Milli Fəaliyyət Planının məqsədi və həyata keçirilməsi prinsipləri

2.1. Milli Fəaliyyət Planının məqsədi aşağıdakı istiqamətlər üzrə həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsidir:

2.1.1.şəxsiyyətin və cəmiyyətin insan alverinin bütün formalarından qorunması;

2.1.2.insan alverinin səbəblərinin, insan alverinə şərait yaradan halların müəyyən edilməsi və aradan qaldırılması;

2.1.3.şəxslərin insan alverinin qurbanına çevrilməsi riskinin azaldılması, insan alverinə məruz qala bilən həssas əhali qruplarının sosial müdafiəsinin təmin edilməsi;

2.1.4.insan alverinin bütün formalarının aşkar edilməsi və qarşısının alınması, habelə nəticələrinin aradan qaldırılması;

2.1.5 insan alveri qurbanlarının müdafiəsi, hüquqlarının bərpası və sosial reabilitasiyasının təmin edilməsi;

2.1.6.insan alveri qurbanlarının və potensial qurbanlarının həyat səviyyəsinin yaxşılaşdırılması üçün lazımi şəraitin yaradılması;

2.2.  Milli Fəaliyyət Planı qeyd edilən məqsədlərə nail olunması üçün əsas vəzifələri (tədbirləri), onların icra edilməsində müxtəlif qurumların (icra hakimiyyəti orqanları, qeyri-hökumət təşkilatları, beynəlxalq tərəfdaşlar və digər qurumlar) iştirakını, bu qurumların fəaliyyətinin İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator (bundan sonra - Milli Koordinator) tərəfindən əlaqələndirilməsini və insan alverinə qarşı mübarizə sahəsində digər tədbirləri nəzərdə tutur.

2.3.  İnsan alverinə qarşı mübarizə aparan bütün qurumlar Milli Fəaliyyət Planı üzrə müəyyən olunmuş tədbirləri aşağıdakı prinsipləri rəhbər tutmaqla həyata keçirirlər:

2.3.1.insan alveri qurbanlarının cəmiyyətdə ayrı-seçkiliyə məruz qalmasının qarşısının alınması;

2.3.2.insan alveri qurbanlarının təhlükəsizliyinin və onlarla nəzakətli rəftarın təmin edilməsi;

2.3.3.insan alverinə görə cəzanın labüdlüyü;

2.3.4.hüquqi, siyasi, sosial-iqtisadi və təşkilati xarakterli profilaktik tədbirlərin həyata keçirilməsi;

2.3.5.insan alverinə qarşı mübarizəyə qeyri-hökumət təşkilatlarının cəlb edilməsi;

2.3.6.insan alverinə qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi;

2.3.7.vəzifələrin “yalnız zəruri məlumatlara malik olma” prinsipinə əsaslanmaqla icra edilməsi.

3. İnsan alverinə qarşı mübarizə sahəsində

qanunvericilik tədbirləri

3.1. İnsan alverinə qarşı mübarizə sahəsində qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunundan və digər qanunvericilik aktlarından ibarətdir.

3.2. İnsan alverinə qarşı mübarizə sahəsində Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrdən, o cümlədən “İnsan alverinə qarşı mübarizə haqqında” Avropa Şurası Konvensiyasından irəli gələn  öhdəliklərin yerinə yetirilməsi məqsədi ilə   bu sahədə beynəlxalq təcrübələr nəzərə alınmaqla müvafiq qanunvericilik aktlarının təkmilləşdirilməsi təmin ediləcəkdir.

3.3. 2008-ci il noyabrın 17-də Azərbaycan Respublikasının qoşulduğu “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasının ratifikasiya edilməsi və şəxslərin insan alverinin qurbanına çevrilməsi riskinin azaldılması məqsədi ilə həssas qrupa aid olan qadın və uşaqların hüquqi və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində müvafiq işlər görüləcəkdir.

3.4. “İnsan alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizmi Qaydaları”nın, “İnsan alveri qurbanlarının müəyyən edilməsi Qaydaları (indikatorları)”nın, “İnsan alveri qurbanları üçün xüsusi müəssisələrin yaradılması, maliyyələşdirilməsi, fəaliyyəti, habelə onların fəaliyyətinə nəzarət Qaydaları”nın, “İnsan alveri qurbanlarına kömək fondu haqqında Əsasnamə”nin, “İnsan alverinə şərait yaradan sosial problemlərin aradan qaldırılması üzrə Proqram”ın və digər aidiyyəti normativ hüquqi aktların təkmilləşdirilməsi nəzərdə tutulur.

4. İnsan alverinin qarşısının alınması və profilaktikasının gücləndirilməsi

4.1. İnsan alverinin qarşısının alınması qanunvericilik çərçivəsində xüsusi tədbirlər sistemi əsasında təşkil edilir.

4.2. İnsan alverinin qarşısının alınması məqsədi ilə müvafiq sosial təbəqələr üzrə maarifləndirmə və təbliğat işinin təşkil edilməsi təmin olunur, insan alveri qurbanlarını gözləyən təhlükə, təmin edilən müdafiə tədbirləri, insan alverinə qarşı həyata keçirilən inzibati, cinayət-hüquqi və digər tədbirlər barədə məlumatlandırma həyata keçirilir.

4.3. İnsan alveri cinayətlərindən zərər çəkmiş şəxslərə, insan alverinin ehtimal olunan qurbanlarına və potensial qurbanlarına xidmət edən “qaynar xətt” barədə ictimaiyyətin məlumatlandırılması davam etdiriləcək, xidmətdə çalışan operatorlara mütəmadi təlim keçirilməsi, bu xətlərin təhlükəsizliyinin və ondan istifadə edən şəxslərin konfidensiallığının,  həmçinin xidmətin təşkilati-texniki imkanlarının artırılmasının təmin edilməsi üçün müvafiq tədbirlər görüləcəkdir.

4.4. İnsan alveri probleminin mahiyyəti, onun qarşısının alınması barədə metodik-tədris vəsaitlərinin hazırlanması, insan alverinə qarşı mübarizəyə dair elmi tədqiqatların aparılmasının təmin edilməsi və əldə edilmiş nəticələrdən mübarizə tədbirlərinin  səmərəsini  artırmaq üçün istifadə edilməsi nəzərdə tutulur.

4.5. Uşaq əməyinə dair müvafiq beynəlxalq konvensiyalardan, həmçinin Beynəlxalq Əmək Təşkilatının sənədlərindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üzrə tədbirlər gücləndiriləcəkdir.

4.6. Qanunsuz miqrasiyanın, məcburi əməyin və insan alverinin qarşısının alınması, onun qurbanlarının və potensial qurbanlarının müəyyən edilməsi məqsədi ilə aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə monitorinqlərin, yoxlama tədbirlərinin həyata keçirilməsi, insan alverinə şərait yaradan halların müəyyənləşdirilməsi və bu halların aradan qaldırılması istiqamətində işlərin görülməsi, əmək miqrasiyasına nəzarətin gücləndirilməsi üzrə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

4.7. İnsan alverinin qurbanı olma riskinin azaldılması məqsədi ilə sosial cəhətdən həssas ailələrin və daimi yaşayış yerindən məhrum şəxslərin yerli icra hakimiyyəti orqanları tərəfindən qeydiyyata götürülməsi və müvafiq tədbirlərin görülməsi üçün  aidiyyəti orqanlara yönəldilməsi, insan alverinin potensial qurbanlarının ictimai-faydalı əməyə cəlb edilməsi, onların məşğulluğunun təmin edilməsi, insan alverindən zərər çəkmiş şəxslərin işə götürülməsi üçün sahibkarların həvəsləndirilməsi istiqamətində zəruri tədbirlər görüləcəkdir.

4.8. Kütləvi informasiya vasitələrinin, internet səhifələrinin mütəmadi monitorinqini aparmaqla, insan alveri ilə bağlılığı ola biləcək şübhəli təkliflərin mahiyyətinin öyrənilməsi və müvafiq tədbirlərin görülməsi, habelə ölkədaxili və beynəlxalq əməkdaşlıq imkanlarından istifadə etməklə, insan alverinə qarşı mübarizəni və sosial reabilitasiyanı həyata keçirən dövlət orqanlarının əməkdaşları və  vətəndaş cəmiyyəti nümayəndələri üçün xüsusi təlimlərin keçirilməsi nəzərdə tutulur.

5. İnsan alveri cinayətlərinə qarşı cinayət təqibi

5.1. İnsan alveri cinayətlərinin təqibi həmin cinayətlərin müəyyən edilməsi, insan alverçisinin ifşa olunması, ona ittiham irəli sürülməsi, bu ittihamın məhkəmədə müdafiəsi, insan alverçisinə cəza təyin edilməsi, zəruri olduqda isə prosessual məcburiyyət tədbirlərinin həyata keçirilməsindən ibarətdir.

5.2. İnsan alveri cinayətlərinə qarşı cinayət təqibini təkmilləşdirmək məqsədi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin (bundan sonra - Baş İdarə) fəaliyyətini gücləndirmək və əməkdaşlarının peşəkarlıq səviyyəsini yüksəltmək üçün tədbirlər həyata keçiriləcəkdir.

5.3. İnsan alverinə qarşı mübarizə üzrə şahidlərin və cinayət təqibini həyata keçirən orqanlarla əməkdaşlıq edən şəхslərin müdafiəsi işini təkmilləşdirmək və  istintaq üçün faydalı olan informasiyanın verilməsini stimullaşdırmaq üçün  tədbirlər görülməsi nəzərdə tutulur.

5.4. İnsan alveri cinayətlərinə qarşı cinayət təqibini həyata keçirən orqanlar arasında əməkdaşlığın təkmilləşdirilməsi, səmərəli məlumat və təcrübə mübadiləsinin təmin edilməsi, insan alverinə qarşı mübarizə sahəsində yaranan problemlərin birgə öyrənilməsi təşkil ediləcək, əməliyyat-axtarış fəaliyyətinin və cinayət təqibinin həyata keçirilməsi üzrə beynəlxalq əməkdaşlıq genişləndiriləcəkdir.

5.5. Transmilli mütəşəkkil cinayətkar qrupların insan alverçiləri ilə əlaqələrinin müəyyən edilməsi, habelə insan alveri ilə bağlı transmilli mütəşəkkil cinayətkarlığın qarşısının alınması, onun aşkar edilməsi və aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin gücləndirilməsi nəzərdə tutulur.

5.6. Respublika daxilində insan alveri və məcburi əmək qurbanlarının, o cümlədən insan alverinin qurbanı olan uşaqların, əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin müəyyən edilməsi üçün müvafiq tədbirlər görüləcək, miqrantları məcburi əməyə cəlb edən insan alverçilərinə (fiziki və ya hüquqi şəxslərə) qarşı mübarizə gücləndiriləcək, insan alveri ilə bağlı istismar əlaməti müəyyən edilən hər bir əməlin cinayət təqibi aparılacaq, insan alveri cinayəti yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın (insan alverinin törədilməsi nəticəsində birbaşa və ya dolayısı ilə əldə olunmuş hər hansı pul vəsaitləri, daşınar və ya daşınmaz, maddi və ya qeyri-maddi əmlak, mülkiyyət hüquqlarını təsdiq edən hüquqi sənədlər) leqallaşdırılmasına qarşı mübarizə tədbirləri gücləndiriləcəkdir.

6. İnsan alveri qurbanlarının reabilitasiyası və reinteqrasiyası

6.1. İnsan alveri qurbanlarının sosial reabilitasiyası, cəmiyyətə reinteqrasiyası onların normal həyat tərzinə qaytarılması məqsədi ilə həyata keçirilir və insan alveri qurbanlarına hüquqi yardım göstərilməsi, onların təhsilinin davam etdirilməsi, psixoloji, tibbi və peşə reabilitasiyası üçün müvafiq tədbirlər görülməsi, həmin şəxslərin işlə və yaşayış sahəsi ilə təmin edilməsi imkanlarından istifadə olunmasını nəzərdə tutur.

6.2. İnsan alveri qurbanlarının sosial reabilitasiyası həyata keçirilərkən, onların Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə təsbit edilmiş insan və vətəndaş hüquqlarının hər hansı formada məhdudlaşdırılmasına və yaxud iradələrinə zidd reabilitasiya tədbirlərinin tətbiq edilməsinə yol verilmir, qurbanların, xüsusilə uşaqların yaşı, cinsi və tələbatı, o cümlədən sığınacağa, təhsilə və qayğıya olan ehtiyacları nəzərə alınır.

6.3. Cinayət təqibi orqanının müraciətinə əsasən, dövlət orqanları öz səlahiyyətləri daxilində, sığınacaqlar və yardım mərkəzləri isə öz funksiyaları çərçivəsində insan alveri qurbanlarına yardım göstərilməsi işini davam etdirəcəklər.

6.4. İnsan alveri qurbanları üçün regionlarda yeni sosial reabilitasiya, sosial xidmət və yardım mərkəzlərinin, sığınacaqların yaradılması və onlara hüquqi, tibbi, psixoloji, sosial və digər yardımların təmin edilməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi, insan alveri probleminin yerlərdə sosial-psixoloji aspektlərinin öyrənilməsi, bu vəziyyəti yaradan səbəblərin müəyyənləşdirilməsi və aradan qaldırılması üzrə müvafiq tədbirlərin görülməsi, insan alveri qurbanlarına və potensial qurbanlarına ayrılmış stasionar və ya ambulator tipli müəssisələrdə tibbi yardım göstərilməsinin davam etdirilməsi, zərurət yarandıqda, bu müəssisələrə ixtisaslı mütəxəssislərin cəlb edilməsi nəzərdə tutulur.

6.5. İnsan alveri qurbanları üçün xüsusi müəssisələrdə (sığınacaq və yardım mərkəzləri) qurbanlara və potensial qurbanlara tibbi, psixoloji və digər yardımların göstərilməsinə məsul olan mütəxəssislərin sayının artırılması və onlara müvafiq təlimlərin keçilməsi, insan alveri qurbanlarının, həmçinin potensial qurbanlarının əmək bazarında rəqabət qabiliyyətinin artırılması, onların yeni peşələrə yiyələnməsinə yönəlmiş kursların təşkili, məşğulluq probleminin həlli istiqamətində tədbirlər görülməsi nəzərdə tutulur.

6.6. İnsan alverinin qurbanları üçün xüsusi müəssisələrin fəaliyyətinin təşkilinə, qurbanlara hüquqi yardım göstərilməsinə və onların sosial reabilitasiyasına qeyri-hökumət təşkilatlarının cəlb olunması işi davam etdiriləcəkdir.

7. İnsan alverinin qurbanı olmuş və ya potensial qurbanı olan uşaqlara göstərilən yardımın və onların müdafiəsinin təkmilləşdirilməsi

7.1. İnsan alverinin qurbanı olmuş və ya potensial qurbanı olan uşağa yardım göstərilərkən onun mənafeləri üstün tutulmalı, “İnsan alverinə qarşı mübarizə haqqında” və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarına, “Uşaq hüquqları haqqında” BMT-nin Konvensiyasına, habelə Azərbaycan Respublikasının digər qanunlarına və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, uşağın hüquqlarının və qanuni maraqlarının qorunması üçün müvafiq tədbirlər görülməlidir. Bu normativ hüquqi aktlarla yanaşı, yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında qanunvericiliyin müddəaları rəhbər tutulmaqla, insan alverinin qurbanı olmuş uşaqların sosial reabilitasiyası xüsusi tərtib edilmiş proqramlar əsasında həyata keçiriləcək.

7.2. Qəyyumluq və himayə orqanları, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar insan alverinin qurbanı olmuş və ya potensial qurbanı olan uşaqların hüquq və mənafelərinin qanunvericiliyə uyğun olaraq qorunmasında, onların sosial reabilitasiyasının həyata keçirilməsində yaxından iştirak edərək müvafiq tədbirlər görəcəklər.

7.3. Dövlətin himayəsində olan uşaqların yetkinlik yaşına çatdıqdan sonra insan alveri riski qrupuna daxil olmaması məqsədi ilə onlara sosial-hüquqi və sosial-psixoloji xidmətlər, sosial-məsləhət yardımı göstərilməsi, insan alverinin qurbanı olmuş uşaqların təhsillərini davam etdirmək imkanlarının təmin edilməsi, müvəqqəti sığınacaqlarda yaşayan uşaqların təhsilinin həmin yerlərdə təşkil edilməsi, insan alverinin qurbanı olmuş uşaqların ümumtəhsil məktəblərində təhsil aldıqları müddətdə ayrı-seçkiliyə məruz qalmasının qarşısının alınması üçün tədbirlər görülməsi, uşaqların təhsildən yayınması və baxımsızlığı ilə bağlı monitorinqlər aparılması, təhsildən yayınan və sosial cəhətdən həssas uşaqların reabilitasiyası üzrə tədbirlərin görülməsi nəzərdə tutulur.

7.4. Övladlığa, qəyyumluğa və ya himayəyə verilmiş uşaqların ailələrdə monitorinqi aparılacaq və bu məqsədlə yerlərdə monitorinq qrupları yaradılacaq, şəxsiyyəti təsdiq edən sənədi olmayan uşaqların müvafiq sənədlərlə təmin edilməsinə kömək göstəriləcək, uşaqlarla işləyən sosial iş institutunun formalaşması istiqamətində müvafiq tədbirlər həyata keçiriləcəkdir.

8. İnsan alveri qurbanlarının müdafiəsi

8.1. İnsan alverindən zərər çəkmiş şəxslərin təhlükəsizliyinin təmin edilməsi “Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında” və “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun həyata keçirilir və tətbiq olunan təhlükəsizlik tədbirləri təhlükə tam aradan qalxanadək davam etdirilir.

8.2. Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlikləri və konsulluqları səlahiyyətləri daxilində və yerləşdikləri ölkənin qanunvericiliyinə uyğun olaraq, insan alverinin qurbanı olan Azərbaycan Respublikası vətəndaşlarının hüquq və mənafelərinin müdafiəsini həyata keçirməyə davam edəcəklər.

9. Milli Fəaliyyət Planı iştirakçılarının fəaliyyətinin, insan alverinə

qarşı mübarizə üzrə dəstəyin və resursların əlaqələndirilməsi

9.1. Milli Fəaliyyət Planı həmçinin, insan alverinə qarşı mübarizədə müvafiq qurumların qarşılıqlı fəaliyyətinə imkan verən səmərəli sistemi təmin etmək məqsədi daşıyır. Milli Koordinator Milli Fəaliyyət Planının həyata keçirilməsi üzrə məsul şəxs olaraq, iştirakçıların qarşılıqlı əməkdaşlığının vahid sistemini yaratmaq və bu qurumlar arasında məlumat mübadiləsini təmin etmək məqsədi ilə ümumi fəaliyyəti əlaqələndirir.

9.2. Milli Koordinator Milli Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsi üzrə müvafiq dövlət və qeyri-hökumət təşkilatlarının dəstəyini əlaqələndirir, Milli Fəaliyyət Planının icrasından irəli gələn tələbatı müəyyən edərək, həlli üçün müvafiq tədbirlər görür, insan alverinə qarşı mübarizə vəziyyəti ilə bağlı Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Milli Məclisinə və Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) illik məlumat təqdim edir və Milli Fəaliyyət Planında nəzərdə tutulan vəzifələrin icrası istiqamətində digər funksiyaları həyata keçirir.

9.3. Milli Fəaliyyət Planında göstərilən tədbirlərin həyata keçirilməsi zamanı donor dəstəyinin (informasiya, metodiki, təşkilati, maddi, konsultativ və s. dəstəyin) əlaqələndirilməsi, müvafiq dövlət və qeyri-hökumət təşkilatlarının, beynəlxalq təşkilatların və digər tərəfdaşların resurslarından birgə istifadənin həyata keçirilməsini ehtiva edir.

9.4. Milli Koordinator Milli Fəaliyyət Planının həyata keçirilməsi ilə bağlı donor təşkilatlarla əməkdaşlığı gücləndirəcəkdir

10. İnsan alverinə qarşı mübarizə sahəsində əməkdaşlığın inkişaf etdirilməsi

10.1. Azərbaycan insan alverinə qarşı mübarizə sahəsində digər dövlətlərlə, xüsusən təyinat və mənbə ölkələrinin hüquq mühafizə və başqa dövlət orqanları ilə, habelə aidiyyəti beynəlxalq təşkilatlarla əməkdaşlığı gücləndirəcəkdir.

 10.2. İnsan alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizminin həyata keçirilməsi üçün yaradılmış idarələrarası komissiyanın iclaslarına və qeyri-hökumət təşkilatları ilə keçirilən görüşlərə insan alverinə qarşı mübarizə sahəsində fəaliyyət göstərən və tərəfdaş olan beynəlxalq təşkilatların nümayəndələrinin dəvət edilməsi davam etdiriləcəkdir.

10.3. İnsan alvеrinə qarşı mübarizə sahəsində qanunvеriciliyin təkmilləşdirilməsi məqsədi ilə yaradılmış müxtəlif dövlət orqanlarının nümayəndələrindən ibarət İşçi Qrupu dövlət orqanları, vətəndaş cəmiyyəti nümayəndələri ilə və beynəlxalq tərəfdaşlarla yaxından əməkdaşlıq edəcəkdir.

10.4. İnsan alverinə şərait yaradan sosial problemlərin aradan qaldırılması, eləcə də yaş həddinə görə internat evlərini və digər alternativ qayğı müəssisələrini tərk etmək məcburiyyətində qalan valideyn himayəsindən məhrum olmuş və yaşayış yeri olmayan gənclərin sosial-məişət problemlərinin həlli istiqamətində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və müvafiq təkliflər verilməsi nəzərdə tutulur.

11. İnsan alverinə qarşı mübarizə ilə bağlı maarifləndirmə

11.1. İnsan alverinə qarşı mübarizə ilə bağlı maarifləndirmə və təbliğat işinin təşkili insan alverinin profilaktikası üzrə tədbirlər sisteminə daxildir.

11.2. Ölkəyə daxil olan şəxslərin insan alveri təhlükəsi barədə məlumatlandırılması üçün mütəmadi tədbirlərin görülməsi və bu məqsədlə hazırlanmış maarifləndirici vəsaitlərin sərhəd və gömrük keçid məntəqələrində paylanılması təmin ediləcək, insan alverinin qarşısının alınması məqsədi ilə müxtəlif  nəşrlərin hazırlanması, sosial reklamların, qısametrajlı filmlərin çəkilməsi və nümayiş etdirilməsi üzrə tədbirlər həyata keçiriləcəkdir.

11.3. Təhsil və təlim-tərbiyə müəssisələrində uşaqların insan alveri və uşaq əməyinin istismarı ilə bağlı təhlükələrdən müdafiəsi istiqamətində maarifləndirmə tədbirləri davam etdiriləcək, xüsusilə uşaq əməyinin istismarının baş verməməsi məqsədi ilə özəl qurumlarda müvafiq təbliğat və maarifləndirmə işləri aparılacaqdır.

 11.4. İnsan alverinin və qanunsuz miqrasiyanın mahiyyətinə, onların müxtəlif təzahür formalarına dair kütləvi informasiya vasitələrinin əməkdaşları üçün sahə mütəxəssislərinin iştirakı ilə kursların təşkili, belə məlumatların kütləvi informasiya vasitələrində işıqlandırılması xüsusiyyətləri ətrafında müvafiq tədbirlərin keçirilməsi nəzərdə tutulur.

11.5. Respublika ərazisində fəaliyyət göstərən turizm şirkətlərinin nümayəndələri üçün maarifləndirmə tədbirləri keçiriləcək, müxtəlif növ maarifləndirici materiallar turizm şirkətlərinə paylanılacaqdır.

12. Milli Fəaliyyət Planının maliyyələşdirilməsi

Milli Fəaliyyət Planında göstərilən tədbirlərin icrası üçün tələb olunan xərclər müvafiq illər üzrə Azərbaycan Respublikasının dövlət büdcəsində aidiyyəti icraçı orqanlar üçün nəzərdə tutulmuş vəsaitlər, büdcədənkənar vəsaitlər, qrantlar, habelə Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan digər mənbələr hesabına maliyyələşdirilir. 

 

Qeyd.

1. Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilsin ki, bu Milli Fəaliyyət Planının 13.1.1, 13.1.7, 13.2.5, 13.3.3-13.3.5, 13.3.7-13.3.9, 13.6.1 və 13.8.1-ci yarımbəndlərində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsində iştirak etsin.

2. Azərbaycan Respublikasının Ali Məhkəməsinə tövsiyə edilsin ki, bu Milli Fəaliyyət Planının 13.1.1 və 13.1.7-ci yarımbəndlərində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsində iştirak etsin.

3. Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına tövsiyə edilsin ki, bu Milli Fəaliyyət Planının 13.4.1 və 13.4.4-cü yarımbəndlərində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsində iştirak etsin.

4. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) tövsiyə edilsin ki, bu Milli Fəaliyyət Planının 13.1.1-13.1.3, 13.2.4 və 13.8.4-cü yarımbəndlərində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsində iştirak etsin.

5. Azərbaycan Respublikasının Mətbuat Şurasına tövsiyə edilsin ki, bu Milli Fəaliyyət Planının 13.2.9 və 13.9.5-ci yarımbəndlərində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsində iştirak etsin.

 

25 İyul 2014, 09:07

http://www.azertag.net

2331—2340 / 10511

20 Dekabr 2019, 08:12

Xoşbəxt Yusifzadənin 90 illik yubileyinin qeyd olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

20 Dekabr 2019, 08:12

Şəmkir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

20 Dekabr 2019, 08:12

E.T.Süleymanovanın 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

20 Dekabr 2019, 08:12

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamənin, Komitənin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” 2006-cı il 9 avqust tarixli 444 nömrəli, “Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli və “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 6 iyun tarixli 119 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

20 Dekabr 2019, 08:12

“Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 5 mart tarixli 833 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

20 Dekabr 2019, 08:12

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu   ətraflı...

20 Dekabr 2019, 08:12

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 19 noyabr tarixli 1693-VQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

20 Dekabr 2019, 08:12

“Kinematoqrafiya haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Nəşriyyat işi haqqında”, “Televiziya və radio yayımı haqqında”, “İctimai televiziya və radio yayımı haqqında”, “Telekommunikasiya haqqında” və “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

20 Dekabr 2019, 08:12

“Kinematoqrafiya haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Nəşriyyat işi haqqında”, “Televiziya və radio yayımı haqqında”, “İctimai televiziya və radio yayımı haqqında”, “Telekommunikasiya haqqında” və “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 19 noyabr tarixli 1692-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

20 Dekabr 2019, 08:12

“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Uşaq hüquqları haqqında”, “Təhsil haqqında”, “Reklam haqqında” və “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...