“Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs yaradılsın.

2. “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).

3. Müəyyən edilsin ki:

3.1. Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti (bundan sonra – Xidmət) Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərə (Şuşa rayonu istisna olmaqla) əhalinin qayıdışı ilə əlaqədar çoxmənzilli binaların və fərdi yaşayış evlərinin tikintisinin təşkili, bu qaydada tikilmiş çoxmənzilli binaların idarə edilməsi, habelə müvafiq ərazidə abadlaşdırma, yaşıllaşdırma və mənzil-kommunal təsərrüfatı sahələrində fəaliyyət göstərən publik hüquqi şəxsdir;

3.2. Xidmətin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla 5 (beş) üzvdən ibarət Müşahidə Şurası yaradılır;

3.3. Xidmətin fəaliyyətinə cari rəhbərliyi Xidmətin Müşahidə Şurasının vəzifəyə təyin və vəzifədən azad etdiyi İcraçı direktor həyata keçirir;

3.4. Xidmətin nizamnamə fondu 1 000 000 (bir milyon) manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır;

3.5. Xidmətin saxlanılma xərcləri və fəaliyyəti dövlət büdcəsi və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşir.

4. Xidmətin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

4.1. Azərbaycan Respublikasının Prezidentinə:

4.1.1. nizamnamənin təsdiqi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;

4.1.2. idarəetmə orqanlarının yaradılması;

4.1.3. Müşahidə Şurasının üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;

4.1.4. Xidmətin yenidən təşkili və ləğvi;

4.1.5. “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsində nəzərdə tutulmuş qərarın qəbul edilməsi;

4.2. Xidmətə:

4.2.1. Xidmətin strukturunun, əməyin ödənişi fondunun, işçilərinin say həddinin və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğinin Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiqi;

4.2.2. bu Fərmanın 4.1-ci bəndində qeyd edilənlər istisna olunmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

5.1. Xidmət “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində Xidmətin nəqliyyat vasitələri ilə təmin olunması və maddi-texniki təminatı məsələlərinin həlli üçün zəruri tədbirlər görüb Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

5.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

6. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:

6.1. bu Fərmanın 3.4-cü bəndində nəzərdə tutulan maliyyələşməni təmin etsin;

6.2. Xidmətin saxlanılması və fəaliyyəti üçün tələb olunan vəsaiti hər il dövlət büdcəsinin layihəsində nəzərdə tutsun.

7. Xidmət:

7.1. Xidmətin dövlət qeydiyyatına alınması üçün bu Fərman qüvvəyə mindiyi tarixdən 3 (üç) gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müraciət etsin;

7.2. Xidmət dövlət qeydiyyatına alındıqdan sonra Xidmətin strukturunu, əməyin ödənişi fondunu, işçilərinin say həddini və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla bir ay müddətində təsdiq etsin;

7.3. bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 iyul 2022-ci il

21 İyul 2022, 19:07

http://www.azertag.az

5871—5880 / 10511

25 Yanvar 2017, 09:01

“Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası” nın təsdiq edilməsi haqqında   ətraflı...

25 Yanvar 2017, 09:01

“Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 25 fevral tarixli 388 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə   ətraflı...

25 Yanvar 2017, 09:01

Xocalı soyqırımının iyirmi beşinci ildönümü haqqında   ətraflı...

25 Yanvar 2017, 09:01

İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında   ətraflı...

24 Yanvar 2017, 09:01

Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında   ətraflı...

23 Yanvar 2017, 09:01

Minimum aylıq əməkhaqqının artırılması haqqında   ətraflı...

23 Yanvar 2017, 09:01

Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında   ətraflı...

23 Yanvar 2017, 09:01

“Lisenziyalar və icazələr” portalı haqqında ƏSASNAMƏ   ətraflı...

23 Yanvar 2017, 09:01

“Lisenziyalar və icazələr” portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə   ətraflı...

23 Yanvar 2017, 09:01

Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə   ətraflı...