Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

2014-cü il fevral ayının 9-da Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyi tamam olur.

Azərbaycanın qədim bölgəsi Naxçıvan tarixən çətin sınaqlarla dolu mürəkkəb və eyni zamanda şərəfli bir yol qət etmişdir. Çoxəsrlik dövlətçilik ənənələri olan bu diyar həmişə xalqımızın zəngin mədəni irsini layiqincə yaşatmış, yetirdiyi çox sayda görkəmli elm xadimləri, sənətkarları, tarixi şəxsiyyətləri ilə ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi həyatında əvəzsiz rol oynamışdır.

Naxçıvan əhalisinin milli istiqlal ideyalarına bağlılıq nümayiş etdirərək dövlət müstəqilliyimizin bərpası, qorunub saxlanılması və möhkəmləndirilməsində müstəsna xidmətləri vardır. Bu gün yüksək potensiala malik muxtar respublika bütün dövlət proqramlarını, infrastruktur layihələrini böyük uğurla həyata keçirməsi sayəsində ölkədə dinamik inkişaf xəttinə uyğun, fasiləsiz aparılan irimiqyaslı quruculuq, abadlıq işlərinin fəal iştirakçısıdır. Naxçıvan hazırda mötəbər beynəlxalq tədbirlərin təşkil olunduğu məkana çevrilmişdir.

Naxçıvan Muxtar Respublikasının yaradılmasının Azərbaycanın siyasi tarixinin mühüm əhəmiyyətli hadisəsi olduğunu nəzərə alaraq və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyi dövlət səviyyəsində qeyd olunsun.

2. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirsin.

3. Naxçıvan Muxtar Respublikasında Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə tövsiyə edilsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

 

 

 

 

15 Yanvar 2014, 08:01

http://www.azertag.net

10511—10511 / 10511

24 Dekabr 2012, 21:12

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası   ətraflı...