Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (bundan sonra – Nazirlik):
1.1. tabeliyindəki “Geodeziya və Kartoqrafiya” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – Cəmiyyət) Nazirliyin tabeliyində publik hüquqi şəxs statuslu Geodeziya və Kartoqrafiya Agentliyinə çevrilmə yolu ilə yenidən təşkil edilsin;
1.2. tabeliyindəki Milli Geoloji Kəşfiyyat Xidmətinin (bundan sonra –Xidmət) əsasında (bu Fərmanın 4.3-cü bəndi nəzərə alınmaqla) Nazirliyin tabeliyində Geoloji Kəşfiyyat Agentliyi publik hüquqi şəxs yaradılsın.
2. Müəyyən edilsin ki:
2.1. Geodeziya və Kartoqrafiya Agentliyi geodeziya (xüsusi (sahəvi) təyinatlı geodeziya istisna olmaqla) dövlət topoqrafik xəritələrinin və planlarının hazırlanması, ümumdövlət əhəmiyyətli məsələlərin həllini təmin edən dövlət planlarının tərtibi, qravimetriya, kartoqrafiya və xəritəçəkmə, dövlət əhəmiyyətli coğrafi məlumat sistemlərinin yaradılması, geodeziya (xüsusi (sahəvi) təyinatlı geodeziya istisna olmaqla) və kartoqrafiya fəaliyyətinə nəzarətin həyata keçirilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir;
2.2. Geoloji Kəşfiyyat Agentliyi kompleks geoloji, geofiziki, hidrogeoloji, mühəndis-geoloji, geoekoloji tədqiqatların aparılması, yeraltı suların, faydalı qazıntı yataqlarının axtarışı, qiymətləndirilməsi və kəşfiyyatı, yer təkinin dərinlik quruluşunun və seysmohidrogeodinamik şəraitinin öyrənilməsi, sənaye və mülki tikinti obyektlərinin ərazisində mühəndis-geoloji işlərinin həyata keçirilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir;
2.3. bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxslərin yenidən təşkili və ləğvi ilə bağlı təsisçinin səlahiyyətləri Azərbaycan Respublikasının Prezidentinə, nizamnamələrinin təsdiq edilməsi və nizamnamə fondunun miqdarının müəyyən olunması və onların dəyişdirilməsi Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində nəzərdə tutulmuş digər səlahiyyətlərin həyata keçirilməsi isə Nazirliyə həvalə edilir;
2.4. bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxslər müvafiq olaraq Nazirliyin tabeliyindəki Cəmiyyətin və Xidmətin (bu Fərmanın 4.3-cü bəndi nəzərə alınmaqla) hüquqi varisləridir, Cəmiyyətin və Xidmətin hüquq və öhdəlikləri, habelə əmlakı aidiyyəti üzrə həmin publik hüquqi şəxslərə keçir;
2.5. bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxslər “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatına alındığı günədək Cəmiyyət və Xidmət öz fəaliyyətini davam etdirir və onların strukturu, işçilərinin say həddi, əməkhaqları (vəzifə maaşları, vəzifə maaşlarına əlavələr, mükafatlar və digər ödənişlər) və əməyin ödənilməsi sistemi saxlanılır.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxslərin nizamnamələrini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla üç ay müddətində təsdiq etsin;
3.2. bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxslər dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində Cəmiyyətin və Xidmətin balansındakı əmlakın (bu Fərmanın 4.3-cü bəndi nəzərə alınmaqla) müvafiq olaraq həmin publik hüquqi şəxslərin balansına verilməsini təmin etsin;
3.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
4. Nazirlik:
4.1. bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxslərin nizamnamələrinin layihəsini, habelə nizamnamə fondunun məbləğinə dair təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
4.2. bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxslərin dövlət qeydiyyatına alınması üçün onların nizamnamələri təsdiq edildikdən sonra 3 (üç) gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tədbirlər görsün;
4.3. Xidmətin strukturundakı Dövlət Geoloji İnformasiya Fondunun fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
4.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
5. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxslərin:
5.1. cari ildə saxlanılması xərclərinin Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində Nazirlik üçün nəzərdə tutulmuş vəsait çərçivəsində maliyyələşdirilməsi ilə bağlı tədbirlər görsün;
5.2. növbəti illərdə fəaliyyətinin təşkili üçün tələb olunan vəsaiti hər ilin dövlət büdcəsinin layihəsində nəzərdə tutsun.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 aprel 2022-ci il
28 Aprel 2022, 08:0422 Yanvar 2021, 18:01
Azərbaycan Respublikası Prezidentinin “Sumqayıt Kimya Sənaye Parkının yaradılması haqqında” 2011-ci il 21 dekabr tarixli 548 nömrəli və “Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında” 2014-cü il 8 oktyabr tarixli 288 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
22 Yanvar 2021, 18:01
Azərbaycan Respublikası Prezidentinin “İnvestisiya fəaliyyətinin təşviqi üzrə əlavə tədbirlər haqqında” 2006-cı il 30 mart tarixli 1395 nömrəli, “Neftçala Sənaye Məhəlləsinin yaradılması haqqında” 2015-ci il 2 fevral tarixli 1011 nömrəli, “Mingəçevir Sənaye Parkının yaradılması haqqında” 2015-ci il 26 fevral tarixli 1077 nömrəli, “Qaradağ Sənaye Parkının yaradılması haqqında” 2015-ci il 3 iyun tarixli 1255 nömrəli, “Masallı Sənaye Məhəlləsinin yaradılması haqqında” 2016-cı il 13 iyun tarixli 2115 nömrəli, “Pirallahı Sənaye Parkının yaradılması haqqında” 2016-cı il 14 sentyabr tarixli 2336 nömrəli, “Hacıqabul Sənaye Məhəlləsinin yaradılması haqqında” 2017-ci il 25 iyul tarixli 3127 nömrəli və “Sabirabad Sənaye Məhəlləsinin yaradılması haqqında” 2017-ci il 27 noyabr tarixli 3407 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
19 Yanvar 2021, 17:01
Qarabağ Dirçəliş Fondunun fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
19 Yanvar 2021, 17:01
İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
19 Yanvar 2021, 17:01
Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...
16 Yanvar 2021, 19:01
Xüsusi karantin rejiminin müddətinin uzadılması və sərtləşdirilmiş karantin rejimində tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ətraflı...
16 Yanvar 2021, 19:01
“Azərlotereya” Açıq Səhmdar Cəmiyyətinin idarəetməyə verilməsi ilə əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
15 Yanvar 2021, 20:01
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
15 Yanvar 2021, 20:01
“Azərbaycan Respublikasının hərbi əməliyyatlar nəticəsində işğal olunmuş və bununla əlaqədar zərər çəkmiş ərazilərinin bərpası və yenidən qurulması üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 12 iyul tarixli 471 nömrəli Fərmanının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
15 Yanvar 2021, 20:01
“Azərbaycan Respublikasının Hərbi Əməliyyatlar Nəticəsində İşğal Olunmuş və Bununla Əlaqədar Zərər Çəkmiş Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Dövlət Komissiyasının nəzdində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Agentliyin yaradılması barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 18 iyul tarixli 854 nömrəli Sərəncamının ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...