“Azərbaycan Respublikasının Kino Agentliyi” publik hüquqi şəxsin yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında kinematoqrafiya sahəsində dövlət siyasətinin həyata keçirilməsinin təkmilləşdirilməsi, Azərbaycan kinematoqrafiyasının beynəlxalq rəqabətə davamlılığının təmin edilməsi, yerli istehsal və yayım infrastrukturunun müasirləşdirilməsi məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində “Azərbaycan Respublikasının Kino Agentliyi” publik hüquqi şəxs (bundan sonra – Agentlik) yaradılsın.
2. Müəyyən edilsin ki:
2.1. Agentlik Azərbaycan Respublikasında kinematoqrafiyanın inkişafının, o cümlədən yerli və müştərək kino istehsalının dəstəklənməsi, kino mədəniyyətinin təbliğinin təşkili, kinematoqrafiya müəssisələrinin və kino sənayesi iştirakçılarının fəaliyyətinin, eləcə də kinematoqrafiya sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması, Azərbaycan kinematoqrafiyasının dünya kinematoqrafiyasına inteqrasiyası sahələrində fəaliyyət göstərən, Nazirliyin tabeliyindəki kinematoqrafiya müəssisələrini idarə edən və onların fəaliyyətinə nəzarəti həyata keçirən publik hüquqi şəxsdir;
2.2. Agentliyin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr və onun iki müavini daxil olmaqla 3 (üç) üzvdən ibarət Müşahidə Şurası yaradılır;
2.3. Agentliyin fəaliyyətinə cari rəhbərliyi Baş direktor həyata keçirir.
3. Agentliyin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:
3.1. Azərbaycan Respublikasının Prezidentinə:
3.1.1. Agentliyin nizamnaməsinin təsdiqi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;
3.1.2. Agentliyin idarəetmə orqanlarının yaradılması;
3.1.3. Agentliyin yenidən təşkili və ləğvi;
3.2. Nazirliyə:
3.2.1. bu Fərmanın 3.1-ci bəndində qeyd edilənlər istisna olunmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.
4. Agentliyin saxlanılması və fəaliyyətinin təmin edilməsi dövlət büdcəsinin vəsaiti və qanunla qadağan edilməyən digər mənbələr hesabına həyata keçirilir.
5. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
5.1. iki ay müddətində:
5.1.1. Agentliyin nizamnaməsinin layihəsini və nizamnamə fondunun miqdarı barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
5.1.2. Agentliyin fəaliyyətinin təşkili üçün maddi-texniki təminat məsələlərinin həlli ilə bağlı zəruri tədbirlər görsün;
5.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
6. Nazirlik:
6.1. Agentliyin dövlət qeydiyyatına alınması üçün onun nizamnaməsi təsdiq edildikdən sonra 3 (üç) gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tədbirlər görsün;
6.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 aprel 2022-ci il
20 Aprel 2022, 16:0422 Aprel 2014, 14:04
"Tikinti materiallarının və məmulatının sertifikatlaşdırılmasını həyata keçirən müəssisələrin laboratoriyalarının, habelə sınaq laboratoriyalarının akkreditasiyası Qaydaları"nın təsdiq edilməsi barədə ətraflı...
22 Aprel 2014, 14:04
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 31 oktyabr tarixli 177 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə bəzi ixtisasların (ixtisaslaşmaların) Təsnifatı"nda dəyişikliklər edilməsi barədə ətraflı...
22 Aprel 2014, 09:04
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun QƏRARI ətraflı...
10 Aprel 2014, 09:04
Naxçıvan Muxtar Respublikasının sosial və iqtisadi inkişafında xidmətləri olan şəxslərə fəxri adların verilməsi haqqında ətraflı...
10 Aprel 2014, 09:04
Naxçıvan Muxtar Respublikasının sosial və iqtisadi inkişafında xidmətləri olan şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında ətraflı...
4 Aprel 2014, 16:04
Ş.H.Xanbabayevin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
4 Aprel 2014, 10:04
"Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli qərarında dəyişiklik edilməsi barədə ətraflı...
4 Aprel 2014, 10:04
"Gömrük işi sahəsində cinayət işləri və digər hüquqpozmalar üzrə məhkəmənin qüvvəyə minmiş qərarına əsasən müsadirə edilmiş, habelə şəxsin dövlətin xeyrinə imtina etdiyi malların və nəqliyyat vasitələrinin dövlət mülkiyyətinə keçirilməsi Qaydaları"nın təsdiq edilməsi barədə ətraflı...
4 Aprel 2014, 10:04
"Dövlət mülkiyyətinə keçirilmiş və gömrük hərraclarında satılmamış qalan, yaxud mülki dövriyyədə olmasına yol verilməyən və mülki dövriyyəsi məhdudlaşdırılmış mallar, həmçinin tez xarab olan və saxlanc müddəti keçmiş mallar barəsində sərəncam verilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında ətraflı...
4 Aprel 2014, 10:04
"Viza blankının doldurulması Qaydası"nın, "Viza almaq üçün ərizə-anket"in nümunəsinin və "Azərbaycan Respublikasına əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət edən tərəfin vəsatəti"nin nümunəsinin təsdiq edilməsi haqqında ətraflı...