“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 9, maddə 563; 2004, № 7, maddə 505; 2007, № 5, maddə 442; 2009, № 10, maddə 768; 2010, № 5, maddə 374; 2011, № 4, maddə 262, № 12, maddə 1091; 2015, № 11, maddə 1251; 2016, № 12, maddə 1991; 2017, № 6, maddə 1018; 2018, № 3, maddə 380, № 4, maddə 634; 2019, № 11, maddə 1689; 2021, № 5, maddə 429, № 7, maddə 701) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1-ci maddənin birinci hissəsi üzrə:

1.1.1. onuncu abzasda “hüquqi şəxs” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin;

1.1.2. on ikinci abzasdan “istilik enerjisinin alınması və məişət ehtiyacları üçün” sözləri çıxarılsın;

1.1.3. on üçüncü abzasdan “, əhalinin” və “qazın yanacaq kimi istehlakı prosesində” sözləri çıxarılsın;

1.1.4. on dördüncü abzasda “, istilik enerjisinin alınması və məişət ehtiyacları üçün qazın yanacaq və müxtəlif növ məhsulların istehsalı ilə əlaqədar xammal kimi istehlakı prosesində” sözləri “və ya qeyri-məişət ehtiyacları üçün” sözləri ilə əvəz edilsin;

1.1.5. iyirminci abzasın sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və maddəyə aşağıdakı məzmunda iyirmi birinci – iyirmi beşinci abzaslar əlavə edilsin:

müayinə – istehlakçının qaz qurğularının və qaz xətlərinin, tüstü bacalarının, habelə havalandırma və havadəyişmə xətlərinin işçi vəziyyətdə olmasının və texniki təhlükəsizlik tələblərinə riayət olunması vəziyyətinin müəyyən edilməsi, o cümlədən nöqsan və (və ya) pozuntuların aşkar edilməsi məqsədilə həyata keçirilən fəaliyyət;

texniki xidmət – istehlakçının qaz qurğularının və balans mənsubiyyəti sərhədində yerləşən qaz xətlərinin (bundan sonra – qaz qurğularının və qaz xətlərinin), tüstü bacalarının, habelə havalandırma və havadəyişmə xətlərinin təhlükəsiz və etibarlı istismarının təmin olunması məqsədilə müayinə aktı üzrə aşkar edilmiş nöqsan və (və ya) pozuntuların aradan qaldırılması məqsədilə həyata keçirilən təmir və digər əlaqədar xidmət işləri;

tüstü bacası – yanma məhsullarının (tüstü qazlarının) qaz qurğularından sorularaq atmosferə atılmasını təmin edən boru;

məişət abonenti – yaşayış evlərində və mənzillərdə, o cümlədən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91-ci maddəsində nəzərdə tutulan xüsusi təyinatlı yaşayış sahələrində məişət ehtiyacları üçün qazdan istifadə edən fiziki şəxs;

ixtisaslaşmış podratçı – işçiləri bu Qanunla müəyyən edilmiş qaydada ixtisas attestatı alan, texniki xidməti həyata keçirən hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs.”;

1.2. 3-cü maddə üzrə:

1.2.1. 1-ci və 2-ci hissələrə “müvafiq” sözündən sonra “icrа hаkimiyyəti оrqаnının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi” sözləri əlavə edilsin;

1.2.2. 4-cü hissə aşağıdakı redaksiyada verilsin:

“4. Müayinə bu Qanunun 6-2-ci maddəsinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir.

Müayinə zamanı aşkar edilmiş nöqsan və (və ya) pozuntuların aradan qaldırılması məqsədilə bu Qanunun 6-3-cü maddəsinə uyğun olaraq texniki xidmət həyata keçirilir.”;

1.2.3. 5-ci hissədə “sənaye qaz qurğularına” sözləri “qaz qurğularının müayinəsi və ona nəzarət” sözləri ilə, “texniki bахış” sözləri “həyata” sözü ilə əvəz edilsin;

1.2.4. 5-2-ci hissədə “sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (qaz paylayıcısının razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma)” sözləri “qaz paylayıcısının razılığı olmadan qaz paylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma (bundan sonra – qanunsuz qoşulma)” sözləri ilə əvəz edilsin;

1.3. aşağıdakı məzmunda 6-1 – 6-5-ci maddələr əlavə edilsin:

“Maddə 6-1. Müayinə və texniki xidmət məlumatları reyestri

1. Qaz paylayıcısı tərəfindən müayinə və texniki xidmət məlumatları üzrə reyestr (bundan sonra – Reyestr) yaradılır. Reyestrə daxil edilmiş məlumatlar müvаfiq icrа hаkimiyyəti оrqаnının müəyyən etdiyi orqan (qurum) və istehlakçılar üçün açıq olmalıdır. Reyestrin aparılması və ondan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

2. Qaz paylayıcısı müayinə və texniki xidmətlə bağlı məlumatları müayinənin və ya texniki xidmətin keçirildiyi vaxtdan 5 (beş) iş günündən gec olmayaraq Reyestrə daxil etməlidir.

Maddə 6-2. Müayinə

1. Qaz paylayıcısının işçiləri istehlakçıya 5 (beş) iş günü əvvəl sifarişli poçt göndərişi və ya istehlakçının əvvəlcədən razılığı ilə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə bildiriş təqdim etməklə (göndərməklə), bu Qanunun 6-2-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulan hallar istisna olmaqla, ildə bir dəfə (hər il noyabrın 1-dək) müayinə keçirilməsini təmin etməli, nəticəsi barədə müvafiq icra hakimiyyəti оrqаnının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi formada 2 (iki) nüsxədə müayinə aktını istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli və aktın bir nüsxəsini istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir.

Müayinə zamanı nöqsan və (və ya) pozuntular aşkar edildikdə müayinə aktında texniki xidmətin qaz paylayıcısı, ixtisaslaşmış podratçı və ya məişət abonenti olmayan istehlakçının müvafiq ixtisaslı işçi heyəti tərəfindən bir aydan çox olmayan müddətdə həyata keçirilməsi barədə istehlakçının seçimi qeyd edilməlidir.

Müayinə zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş tədbirlər görülür.

Qaz paylayıcısı tərəfindən müayinənin keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

2. Qaz paylayıcısı tərəfindən müayinə ödənişsiz həyata keçirilir.

3. İstehlakçı tərəfindən qaz qurğuları, qaz xətləri və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində nöqsan və (və ya) pozuntular aşkar edildikdə istehlakçının müraciəti əsasında təkrar müayinə qaz paylayıcısı tərəfindən 3 (üç) iş günündən gec olmayaraq aparılmalıdır. İstehlakçı təkrar müayinə üçün il ərzində 1 (bir) dəfədən çox müraciət edərsə növbəti müayinə ödənişli keçirilir. Ödənişin məbləği qaz paylayıcısı ilə istehlakçı arasında bağlanmış müqavilə ilə müəyyən edilir. Müayinə nəticəsində texniki xidmətin göstərilməsi zərurəti yarandıqda, bu Qanunun 6-3-cü maddəsi ilə müəyyən edilmiş tədbirlər görülməlidir.

4. Tüstü bacalarının istismarında təhlükəsizlik texnikası qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Maddə 6-3. Texniki xidmət

1. Qazpaylayıcı şəbəkəyə texniki xidmət qaz paylayıcısı tərəfindən həyata keçirilir.

2. Müayinə aktında istehlakçının qaz qurğularına və qaz xətlərinə texniki xidmətin qaz paylayıcısı tərəfindən həyata keçirilməsi nəzərdə tutulduqda, o, bu Qanunun 6-2-ci maddəsinin 1-ci hissəsinə əsasən müayinə aktını tərtib etdikdən sonra 2 (iki) iş günü müddətində istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) texniki xidmətin göstərilməsi ilə bağlı müqaviləni sifarişli poçt göndərişi və ya istehlakçının razılığı ilə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə təqdim etməlidir (göndərməlidir). İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) müqavilə şərtləri ilə razı olduqda 3 (üç) iş günü müddətində müqaviləni imzalayaraq qaz paylayıcısına onun təqdim edildiyi (göndərildiyi) üsulla təqdim edir, razılaşmadıqda isə həmin müddətdə seçdiyi ixtisaslaşmış podratçı və ya məişət abonenti olmayan istehlakçının müvafiq ixtisaslı işçi heyəti barədə məlumatı bu Qanunun 6-3-cü maddəsinin 3-cü hissəsində nəzərdə tutulan qaydada qaz paylayıcısına təqdim etməlidir. Tüstü bacalarına, habelə havalandırma və havadəyişmə xətlərinə texniki xidmət bu Qanunun 6-3-cü maddəsinin 7-ci hissəsinə uyğun olaraq yaşayış evlərinə münasibətdə istehlakçının seçdiyi ixtisaslaşmış podratçı, digər tikinti obyektlərinə münasibətdə isə bu Qanunun 6-3-cü maddəsinin 6-cı hissəsinə uyğun olaraq ixtisaslaşmış podratçı və ya məişət abonenti olmayan istehlakçının müvafiq ixtisaslı işçi heyəti tərəfindən həyata keçirilir.

3. Müayinə aktında texniki xidmətin ixtisaslaşmış podratçı və ya məişət abonenti olmayan istehlakçının müvafiq ixtisaslı işçi heyəti tərəfindən həyata keçirilməsi nəzərdə tutulduqda, istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) müayinə aktının tərtib edilməsindən sonra 3 (üç) iş günü müddətində ixtisaslaşmış podratçı ilə bağladığı müqavilənin bir nüsxəsini və ya xidmət işlərinin müvafiq ixtisaslı işçi heyəti tərəfindən yerinə yetiriləcəyi barədə məlumatı onun təqdim edildiyi (göndərildiyi) üsulla qaz paylayıcısına təqdim etməlidir (göndərməlidir).

4. Bu Qanunun 6-2-ci maddəsinin 1-ci hissəsinə uyğun keçirilən müayinə zamanı aşkar edilmiş nöqsan və (və ya) pozuntuların tərtib edilmiş müayinə aktında göstərilmiş müddətdə, lakin bir aydan çox olmayan müddətdə aradan qaldırılması üçün istehlakçı qaz paylayıcısını və ya ixtisaslaşmış podratçını bunun üçün istifadə olunacaq mal-materialla təmin etməyə və ya onların, habelə görülmüş işin dəyərini ödəməyə borcludur. Texniki xidmət zamanı görülən işlərin siyahısı və onların dəyəri qaz paylayıcısı və ya ixtisaslaşmış podratçı tərəfindən təsdiq edilir və qaz paylayıcının və ya ixtisaslaşmış podratçının (olduğu halda) internet saytında yerləşdirilir, həmçinin bu Qanunun 6-3-cü maddəsinin 2-ci və 3-cü hissələrində nəzərdə tutulan müqaviləyə əlavə edilir, istifadə olunan mal-materialın dəyəri istehlakçı tərəfindən ödənilmək şərtilə qaz paylayıcı və ya ixtisaslaşmış podratçı tərəfindən təqdim edildikdə həmin mal-materialın dəyəri istehlakçı ilə qaz paylayıcısı və ya ixtisaslaşmış podratçı arasında razılaşma yolu ilə müəyyən edilir. Texniki xidmət zamanı istifadə olunan, o cümlədən qaz paylayıcı və ya ixtisaslaşmış podratçı tərəfindən təqdim edilən və dəyəri istehlakçı tərəfindən ödənilən mal-materialın, habelə görülən işlərin dəyəri texniki xidmət aktında qeyd edilir. Müvаfiq icrа hаkimiyyəti оrqаnının müəyyən etdiyi orqan (qurum) Reyestrə daxil edilmiş texniki xidmət aktlarının təhlili əsasında görülmüş işlərin dəyərinin “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müəyyən edilmiş bazar qiymətinə uyğunluğuna mütəmadi nəzarət edir, habelə əvvəlki ildə tərtib edilmiş texniki xidmət aktlarına əsasən onların orta qiymətini müəyyən edir və rəsmi internet saytında yerləşdirir. Qaz paylayıcısı və ya ixtisaslaşmış podratçılarla istehlakçılar arasında münasibətlər, eləcə də texniki xidmətin göstərilməsinə görə xidmət haqqının məbləği onlar arasında bağlanmış müqavilə ilə tənzimlənir.

5. Qaz paylayıcısı, ixtisaslaşmış podratçı və ya istehlakçının müvafiq ixtisaslı işçi heyəti texniki xidmətin həyata keçirilməsindən dərhal sonra onun nəticəsi barədə müvafiq icra hakimiyyəti оrqаnının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi formada aktı (qaz paylayıcısı və istehlakçının müvafiq ixtisaslı işçi heyəti 2 (iki), ixtisaslaşdırılmış podratçı isə 3 (üç) nüsxədə) istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli və qaz paylayıcısı aktın 1 (bir) nüsxəsini, ixtisaslaşmış podratçı isə aktın 2 (iki) nüsxəsini istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir. Texniki xidmət ixtisaslaşmış podratçı və ya istehlakçının müvafiq ixtisaslı işçi heyəti tərəfindən göstərildikdə, istehlakçı texniki xidmətin göstərilməsinə dair aktın bir nüsxəsini 1 (bir) iş günü müddətində qaz paylayıcısına təqdim etməlidir.

6. Yaşayış binalarının mənzil mülkiyyətçiləri (bina mənzil mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edildikdə), mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti, ixtisaslaşmış istehlak kooperativi, binanı idarə edən hüquqi şəxs və fərdi sahibkar (idarəedici təşkilat), habelə digər qazlaşdırılmış tikinti obyektlərinin mülkiyyətçiləri (istifadəçiləri) ixtisaslaşmış podratçı və ya məişət abonenti olmayan istehlakçının müvafiq ixtisaslı işçi heyəti tərəfindən binanın tüstü bacalarına, habelə havalandırma və havadəyişmə xətlərinə ildə bir dəfə (hər il iyulun 1-dək) texniki xidmətin həyata keçirilməsini təmin etməli və istehlakçının müvafiq ixtisaslı işçi heyəti və ya ixtisaslaşmış podratçı tərəfindən bu Qanunun 6-3-cü maddəsinin 5-ci hissəsinə uyğun texniki xidmətin nəticəsi barədə akt tərtib edilməli və bir nüsxəsi Reyestrə daxil edilməsi üçün qaz paylayıcısına təqdim edilməlidir.

Dövlət mənzil fondu binalarında tüstü bacalarına, habelə havalandırma və havadəyişmə xətlərinə texniki xidmətin həyata keçirilməsi balans mənsubiyyəti üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ildə bir dəfə (hər il iyulun 1-dək) bu Qanuna uyğun olaraq təmin edilməli və texniki xidmətin həyata keçirilməsinə dair tərtib edilmiş aktın bir nüsxəsi Reyestrə daxil edilməsi üçün qaz paylayıcısına təqdim edilməlidir.

7. İstehlakçılar yaşayış evlərinin tüstü bacalarının, habelə havalandırma və havadəyişmə xətlərinin işçi vəziyyətdə saxlanılmasını və müayinə keçirilərkən aşkar edilmiş nöqsan və (və ya) pozuntuların aradan qaldırılması üçün texniki xidmətin ixtisaslaşmış podratçı tərəfindən həyata keçirilməsini təmin etməlidirlər.

8. Bu Qanunun 6-3-cü maddəsinin 7-ci hissəsinə uyğun olaraq tüstü bacalarının, habelə havalandırma və havadəyişmə xətlərinin işçi vəziyyətdə olması qaz paylayıcısı tərəfindən müayinə keçirilərkən yoxlanılır.

Maddə 6-4. Müayinəyə və texniki xidmətə nəzarət

Müvаfiq icrа hаkimiyyəti оrqаnının müəyyən etdiyi orqan (qurum) Reyestrə daxil edilmiş məlumatlar əsasında bu Qanunun 6-2-ci və 6-3-cü maddələrinin tələblərinə riayət olunmasına monitorinq keçirilməsi yolu ilə mütəmadi nəzarət edir və həmin tələblərə riayət olunmadığını müəyyən etdikdə icrası məcburi olan göstərişlər verir. Monitorinqin keçirilmə qaydası müvаfiq icrа hаkimiyyəti оrqаnının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Sahibkarlıq subyektlərinə münasibətdə monitorinq “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun həyata keçirilir.

Maddə 6-5. İxtisaslaşmış podratçı

1. Hüquqi şəxsin işçisinin və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin ixtisaslaşmış podratçı kimi fəaliyyət göstərməsi üçün onlar energetika və texniki sahələrdə, o cümlədən qaz avadanlıqlarının təmiri və istismarı üzrə peşə təhsilinə malik olmalı, habelə müvafiq ixtisas üzrə ən azı 1 (bir) il iş təcrübəsi olmalı və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) ixtisas attestatı almalıdır.

2. İxtisaslaşmış podratçıların reyestrinin aparılmasını və onların fəaliyyətinə nəzarəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həyata keçirir.

3. Bu Qanunun 6-5-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulan ixtisas attestatının forması, attestatın verilməsi, qüvvədə olma müddətinin dayandırılması və ya onun ləğv edilməsi, eləcə də ixtisaslaşmış podratçıların reyestrinin aparılması və onların fəaliyyətinə nəzarətin həyata keçirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.

4. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ixtisaslaşmış podratçıların reyestrində olan aşağıdakı məlumatları rəsmi internet saytında, habelə bu Qanunun 6-1-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş reyestrdə yerləşdirir və müntəzəm olaraq yenilənməsini təmin edir:

4.1. ixtisaslaşmış podratçı fiziki şəxs olduqda soyadı, adı, atasının adı, ünvanı və ixtisas attestatı almış əməkdaşları barədə məlumatlar, hüquqi şəxs olduqda isə hüquqi şəxsin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı və ixtisas attestatı almış əməkdaşları barədə məlumatlar;

4.2. ixtisas attestatının nömrəsi, verilmə və qüvvədə olma tarixi;

4.3. ixtisas attestatının qüvvədə olma müddətinin dayandırılması və ya onun ləğv edilməsi barədə məlumat.”;

1.4. 13-cü maddə üzrə:

1.4.1. adında “və satılması” sözləri “, satılması və qazın verilməsinin dayandırılması” sözləri ilə əvəz edilsin;

1.4.2. 6-cı hissənin yeddinci və səkkizinci abzasları aşağıdakı redaksiyada verilsin:

“istehlakçı qaz paylayıcısının işçilərini müayinə keçirilməsi üçün onun mülkiyyətində və ya istifadəsində olan tikinti obyektinə daxil olmasına maneə törətdikdə və ya müayinənin keçirilməsinə şərait yaratmadıqda;

istehlakçı qaz paylayıcısının işçiləri tərəfindən tərtib edilmiş müayinə aktında qeyd olunmuş nöqsan və (və ya) pozuntuların aradan qaldırılması üçün bu Qanunun 6-2-ci və 6-3-cü maddələrinin tələblərini yerinə yetirmədikdə;”;

1.4.3. 7-ci hissəyə aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:

“Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirildikdən sonra 1 (bir) gün müddətində qazın verilməsi bərpa edilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.”;

1.4.4. 8-ci hissə aşağıdakı redaksiyada verilsin:

“8. Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz.”;

1.4.5. aşağıdakı məzmunda 8-1-ci hissə əlavə edilsin:

“8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.”;

1.4.6. 9-cu hissənin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.”;

1.4.7. 10-cu hissəyə “orqanının” sözündən sonra “və qaz paylayıcısının” sözləri əlavə edilsin;

1.5. 22-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin:

“Bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.”;

1.6. aşağıdakı məzmunda 22-1-ci maddə əlavə edilsin:

“Maddə 22-1. Mübahisələrə baxılma qaydası

İstehlakçı qaz paylayıcısının qərarlarından, digər hərəkət və hərəkətsizliyindən inzibati qaydada və “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla məhkəməyə şikayət verə bilər.”.

Maddə 2. Bu Qanun 2022-ci il mayın 1-dən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 fevral 2022-ci il

8 Aprel 2022, 16:04

http://www.azertag.az

3991—4000 / 10511

7 Mart 2018, 08:03

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

7 Mart 2018, 08:03

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

7 Mart 2018, 08:03

“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

7 Mart 2018, 08:03

“İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

7 Mart 2018, 08:03

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu   ətraflı...

7 Mart 2018, 08:03

“Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 1 fevral tarixli 982-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

6 Mart 2018, 08:03

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

6 Mart 2018, 08:03

Yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

6 Mart 2018, 08:03

“Azərbaycan Respublikası ilə Ukrayna arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 26 avqust tarixli 1640 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

6 Mart 2018, 08:03

Azərbaycan Respublikasında arıçılığın inkişafının stimullaşdırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...