Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamı
Son dövrlər dünyada iqlim dəyişiklikləri ilə yanaşı koronavirus (COVID-19) pandemiyası da inflyasiyanın sürətlənərək qlobal xarakter daşımasını şərtləndirmişdir. Bu çərçivədə qlobal dəyər zəncirində qırılmalar, istehsal məsrəflərinin artması, əhali və biznesə dəstək üçün həyata keçirilən fiskal ekspansiya, həmçinin tələb və təklif arasında uyğunsuzluq inflyasiyanın əsas amillərinə çevrilmişdir. Dünya əmtəə bazarlarında ərzaq məhsullarının kəskin bahalaşması əksər ölkələrdə inflyasiyanın sürətlənməsi ilə müşahidə olunmaqla yanaşı, makroiqtisadi sabitliyə mənfi təsiretmə risklərini də artırmışdır.
Ötən ilin ikinci yarısından qlobal inflyasiyanın xərc amillərinin aktivləşməsi, eləcə də Azərbaycanın əsas ticarət tərəfdaşı ölkələrində qiymət artımı ölkəmizə idxal olunan məhsulların bahalaşmasında öz əksini tapmışdır. Bu səbəbdən il ərzində inflyasiyanın artaraq hədəflənən səviyyəni üstələməsi, onun iqtisadi fəallığa və əhalinin sosial rifahına mənfi təsirlərinin azaldılması istiqamətində tədbirlər görülməsini zəruri etmişdir.
İnflyasiyanın xərc amillərinin qiymətlərə ötürücülüyünün artdığı, idxal olunan məhsulların bahalaşaraq qiymət artımını sürətləndirdiyi bir şəraitdə ölkədə makroiqtisadi sabitlik qorunmalı, dünya ərzaq qiymətlərinin daxili istehlak bazarına qiymət təzyiqi azaldılmalı və əhalinin real gəlirləri və alıcılıq qabiliyyəti inflyasiya artımı şəraitində qorunmalıdır.
2022-ci ildə qiymətlərin yuxarı səviyyədə və qalıcı olmasının qarşısının alınması üçün qiymətartırıcı amillərin sabitləşdirilməsi, həmçinin zəruri gündəlik tələbat məhsulları üzrə daxili istehsalın təşviqi sahəsində təxirəsalınmaz tədbirlər həyata keçirilməlidir.
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, ölkədə qiymətlərin bazar prinsipləri əsasında formalaşmasını qorumaqla işgüzar fəallığa və əhalinin sosial rifahına inflyasiyanın təsirlərini minimallaşdırmaq məqsədilə:
1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:
1.1. inflyasiyanın iqtisadi fəallıq üçün məqbul səviyyədə saxlanılması məqsədilə:
1.1.1. minimum istehlak səbətinə daxil olan ərzaq məhsulları ilə daxili bazarın təchizatının yaxşılaşdırılması, həmçinin belə məhsulların yerli istehsalçılarının stimullaşdırılması istiqamətində tədbirlər görsün və nəticəsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə ayda bir dəfə məlumat versin;
1.1.2. minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsullarının tədarükü və emalı, aqrar emal ilə məşğul olan mikro, kiçik və orta sahibkarlar üçün güzəştli maliyyələşdirmə alətlərinə (güzəştli kredit, kredit-zəmanət və faiz subsidiyası mexanizmi) və məhsullarına dair Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və digər aidiyyəti qurumlarla birlikdə razılaşdırılmış təkliflərini 15 (on beş) gün müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
1.1.3. minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsulları üzrə qiymət artımının ticarət əlavələri hesabına sabitləşdirilməsinə dair təkliflərini 15 (on beş) gün müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
1.1.4. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə birlikdə minimum istehlak səbətinin tərkibində ərzaq malları üzrə daxili bazarda özünütəminat səviyyəsinin qorunmasına dair lazımi tədbirlər görsün.
1.2. daxili bazarda qiymət manipulyasiyası üzərində nəzarətin gücləndirilməsi istiqamətində ölkədə sağlam rəqabət mühitinin gücləndirilməsi, o cümlədən inhisarlaşma, bazarların bölüşdürülməsi, razılaşdırılmış qiymətlərin tətbiq edilməsi hallarının və qiymət manipulyasiyasının qarşısının alınması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən aparılan nəzarət tədbirləri barədə ayda bir dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
2. 2022-ci il ərzində idxal inflyasiyasının təsirinin azaldılması məqsədilə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə idxal edilən və minimum istehlak səbətinin tərkibində ərzaq məhsullarına münasibətdə və konkret sahəni əhatə etməklə daxili istehsalda istifadə olunan aralıq məhsulların idxalına tətbiq edilən gömrük rüsumları və əlavə dəyər vergisi üzrə güzəştlərin verilməsinə, gömrükdə saxlanc və yükləmə-boşaltma xərclərinin optimallaşdırılmasına dair razılaşdırılmış təkliflərini 15 (on beş) gün müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə yerli istehsal edilən və idxal olunan kənd təsərrüfatı və ərzaq məhsullarının daşınma-logistika və ticarət şəbəkələrinə daxilolma xərclərinin optimallaşdırılması məqsədilə mümkün mexanizmlərin tətbiqi barədə razılaşdırılmış təkliflərini 15 (on beş) gün müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
4. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə birlikdə kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışının yarmarkalarda daha səmərəli təşkili, özəl tədarük-satış bazalarının və logistik mərkəzlərin inkişaf etdirilməsi üçün tədbirlər görsün və nəticəsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə ayda bir dəfə məlumat versin.
5. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi:
5.1. zərurət olduğu təqdirdə özünüməşğulluq proqramının və haqqı ödənilən ictimai işlərin əhatə dairəsinin genişləndirilməsi istiqamətində tədbirlər görsün;
5.2. əhalinin sosial rifahının qorunması sahəsində görülmüş işlərin nəticəsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə rübdə bir dəfə məlumat versin.
6. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi inflyasiya səviyyəsini nəzərə alaraq qısa, orta və uzunmüddətli dövlət qiymətli kağızlarının buraxılışı istiqamətində lazımi tədbirlər görsün.
7. Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilsin:
7.1. inflyasiyanın makroiqtisadi və maliyyə sabitliyi üçün xələl gətirməyən həddə qorunması məqsədilə öz səlahiyyətləri çərçivəsində zəruri siyasət tədbirləri həyata keçirsin;
7.2. inflyasiya təzyiqlərinin azaldılması ilə bağlı Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə monetar və fiskal siyasətin sıx əlaqələndirilməsi istiqamətində zəruri tədbirlər görsün.
8. Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə birlikdə qlobal ərzaq bazarındakı vəziyyəti nəzərə almaqla strateji məhsullar üzrə ehtiyatlanmaya dair təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
9. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 21 fevral 2022-ci il
22 Fevral 2022, 08:0218 Avqust 2020, 12:08
“Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
17 Avqust 2020, 18:08
Bakı şəhərinin Nərimanov rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
17 Avqust 2020, 18:08
E.H.Həsənovun iqamətgahı Belqrad şəhərində olmaqla Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda və Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri vəzifələrindən geri çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
17 Avqust 2020, 18:08
D.A.Həsənovun Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
17 Avqust 2020, 17:08
F.M.Quliyevin Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
17 Avqust 2020, 17:08
F.M.Quliyevin Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
17 Avqust 2020, 17:08
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
17 Avqust 2020, 17:08
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
17 Avqust 2020, 17:08
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
17 Avqust 2020, 17:08
Azərbaycan Respublikası Prezidentinin “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” 2017-ci il 23 fevral tarixli 1256 nömrəli və “Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin yaradılması haqqında” 2017-ci il 22 dekabr tarixli 1750 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...