Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır.
Təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd olunacaq Şuşa şəhəri zəngin inkişaf yolu keçmiş, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynamışdır.
Bənzərsiz tarixi görkəmini və formalaşdırdığı özünəməxsus mühiti həmişə qoruyub saxlayan bu şəhər yetirdiyi böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmi və ictimai fikir salnaməmizə əlamətdar səhifələr yazmışdır.
Şuşa şəhərinin ötən əsrin 70-ci illərində sürətli inkişafı Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə sıx bağlıdır. Şəhərin inkişafına dair xüsusi qərarlar məhz Ulu Öndərin təşəbbüsü ilə qəbul edilmişdir. Həmin vaxtdan Şuşada quruculuq işləri geniş vüsət almış, mədəniyyət xadimlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atılmışdır.
Strateji mövqeyi ilə seçilən Şuşa Azərbaycana qarşı hərbi təcavüzə başlamış Ermənistanın silahlı qüvvələri tərəfindən 1992-ci il mayın 8-də işğala məruz qalmışdır. İşğal dövründə şəhərdəki yüzlərlə tarix və mədəniyyət yadigarı vandalizm aktları nəticəsində dağıdılmışdır.
Haqq işi naminə apardığımız 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Şuşa şəhərini 2020-ci il noyabrın 8-də işğaldan azad etdi. Ermənistanın kapitulyasiyasına yol açan Şuşa qalibiyyəti xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilərək, tariximizə Zəfər Günü kimi həkk olundu.
Şuşa zəfərindən dərhal sonra şəhərdə infrastrukturun qurulması ilə yanaşı, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılmış, quruculuq işlərinin təşkilində çevikliyin, səmərəliliyin təmin olunması üçün burada dövlət idarəetməsinə böyük diqqət yetirilmiş, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi yaradılmışdır.
Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada bu gün şəhərin əsl tarixi simasının bərpası yönündə nəhəng layihələr gerçəkləşdirilir. Qısa müddətdə Şuşanın Baş planının hazırlanması, qüdrətli şair Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin öz ilkin görkəminə qaytarılması, Bülbülün ev-muzeyinin və Üzeyir Hacıbəylinin heykəlinin açılışları, habelə buradakı tarixi, dini və memarlıq abidələrinin bərpası prosesi ölkəmizin mədəniyyət paytaxtındakı kompleks işlərin tərkib hissəsidir.
Cıdır düzündə “Xarıbülbül” musiqi festivalının və Vaqifin möhtəşəm məqbərəsi önündə Vaqif Poeziya Günlərinin təşkili ənənəsinin bərpası da göstərir ki, Şuşa sürətlə dirçələrək əvvəlki dolğun mədəni həyatına qovuşmaq yolundadır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və Şuşanın Azərbaycan xalqı üçün tarixi əhəmiyyətini, yüksək mədəni- mənəvi dəyərini nəzərə alaraq qərara alıram:
1. 2022-ci il Azərbaycan Respublikasında “Şuşa İli” elan edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Şuşa İli” ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 yanvar 2022-ci il
5 Yanvar 2022, 12:01
25 Fevral 2021, 20:02
“Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...
25 Fevral 2021, 20:02
Azərbaycan Respublikası Prezidentinin “Böyükşor gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi və istifadəsi sahəsində əlavə tədbirlər haqqında” 2013-cü il 26 dekabr tarixli 61 nömrəli Fərmanında və “Zığ gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi və ondan istifadə sahəsində əlavə tədbirlər haqqında” 2014-cü il 15 oktyabr tarixli 774 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
25 Fevral 2021, 20:02
“Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında” Anlaşma Memorandumuna əsasən “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi üzrə tərəflər arasında əməkdaşlığı tənzimləyəcək hökumətlərarası Sazişin layihəsinin hazırlanması və razılaşdırılması məqsədilə Azərbaycan Respublikası tərəfindən İşçi Qrupun yaradılması barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
23 Fevral 2021, 19:02
N.A.Səfərovun Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı ətraflı...
22 Fevral 2021, 20:02
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...
22 Fevral 2021, 20:02
Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
22 Fevral 2021, 20:02
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
22 Fevral 2021, 20:02
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
22 Fevral 2021, 20:02
“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
22 Fevral 2021, 20:02
“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 11 fevral tarixli 1047 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...