“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Ölkəmizin ərazi bütövlüyü təmin olunduqdan sonra Naxçıvan Muxtar Respublikası ilə nəqliyyat-kommunikasiya xətlərinin bərpası və bu istiqamətdə tranzit daşımaların həyata keçirilməsi üçün perspektiv imkanlar yaranmışdır. İşğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma, iqtisadi fəaliyyətin canlanması və nəqliyyat-logistika imkanlarından istifadə regional iqtisadi-ticarət əlaqələrini genişləndirəcəkdir.
Nəzərdə tutulan strateji istiqamətlərin uğurla həyata keçirilməsi üçün bölgədə logistika, ticarət və digər xidmətlərin göstərilməsi, həmçinin qabaqcıl texnologiyalara və “yaşıl enerji” konsepsiyasına əsaslanan rəqabətqabiliyyətli və innovativ sənaye sahələrinin, o cümlədən tikinti materialları istehsalının dəstəklənməsi olduqca mühümdür.
İşğaldan azad olunmuş Şərqi Zəngəzur iqtisadi rayonunun Arazboyu ərazisinin əsasən düzənlik relyefə və həmin bölgənin cənub istiqamətində giriş qapısı mövqeyinə malik olması sənaye parkının yaradılması üçün əlverişli şəraiti təmin edir. Şərqi Zəngəzur iqtisadi rayonunun cənubunda – Cəbrayıl rayonu ərazisində yerləşən tarixi Xudafərin körpülərinin olduğu istiqamətdə sərhəd-gömrük keçid məntəqəsinin açılması da sənaye parkının fəaliyyətə başlaması ilə daha səmərəli olar. Eyni zamanda, Cəbrayıl rayonunda logistika mərkəzinin, müxtəlif xidmət və innovativ sənaye sahələrinin, o cümlədən tikinti materialları istehsalı müəssisələrinin yaradılması işğaldan azad edilmiş digər rayonların da bərpasında faydalı olacaqdır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Şərqi Zəngəzur iqtisadi rayonunda, Cəbrayıl rayonu ərazisində “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yaradılsın.
2. Müəyyən edilsin ki:
2.1. “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı (bundan sonra – Sənaye Parkı) sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastrukturu və idarəetmə qurumları olan, logistika işinin təşkili, müasir texnologiyaların tətbiqi yolu ilə sənaye sahəsində rəqabətqabiliyyətli məhsul istehsalı, emalı (təkrar emalı) və satışı, habelə xidmətlər göstərilməsi üçün istifadə edilən, sahibkarların səmərəli çalışmasına və inkişafına kömək edən ərazidir;
2.2. Sənaye Parkının fəaliyyətinin təşkili, onun idarə edilməsi və inkişafı ilə bağlı tədbirləri Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi (bundan sonra – Agentlik) həyata keçirir.
3. Sənaye Parkının fəaliyyətinin təşkili və onun ərazisində infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılması məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulmuş vəsaitdən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə ilkin olaraq 500,0 (beş yüz) min manat ayrılsın.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
4.1. Sənaye Parkının fəaliyyəti üçün Cəbrayıl rayonunun Soltanlı kəndi yaxınlığında 200 (iki yüz) hektar torpaq sahəsinin icarəyə vermək hüququ ilə Agentliyin daimi istifadəsinə verilməsini iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
4.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:
5.1. Sənaye Parkının ərazisində infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılması, həmin ərazidə görüləcək işlərin təşkili və dəstəklənməsi, logistika sisteminin qurulması, sənaye məhsullarının istehsalı, emalı (təkrar emalı) və satışı, habelə sahibkarlıq fəaliyyətinin səmərəli qurulması üçün digər xidmətlər göstərilməsi məqsədilə Agentliyə kömək etsin;
5.2. Sənaye Parkında göstərilən xidmətlər, istehsal və emal (təkrar emal) olunan sənaye məhsulları üzrə prioritet istiqamətlərin müəyyənləşdirilməsini təmin etsin;
5.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
6. Aidiyyəti dövlət orqanları (qurumları) Sənaye Parkının yaradılması və orada işin təşkili, o cümlədən onun ərazisinin minalardan, partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi, eləcə də bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan infrastrukturun yaradılması ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə zəruri kömək göstərilməsini fəaliyyət istiqamətlərinə uyğun olaraq təmin etsinlər.
7. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanın 3-cü hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 oktyabr 2021-ci il
5 Oktyabr 2021, 08:1011 Yanvar 2022, 16:01
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyul tarixli 1119 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət büdcəsindən ayrılmış vəsait hesabına işlərin və xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunan publik hüquqi şəxslərin siyahısı”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
11 Yanvar 2022, 16:01
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 24 dekabr tarixli 442-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
11 Yanvar 2022, 15:01
Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ətraflı...
11 Yanvar 2022, 14:01
Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Mərkəzi Nəbatat Bağı”və “Dendrologiya Bağı” publik hüquqi şəxslərin yaradılması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ətraflı...
11 Yanvar 2022, 09:01
S.N.Ələkbərovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
8 Yanvar 2022, 14:01
“Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...
8 Yanvar 2022, 14:01
“Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 20 dekabr tarixli 434-VIQD nömrəli Qanununun tətbiqi və “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 3 avqust tarixli 104 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
8 Yanvar 2022, 14:01
V.Y.Babanlının “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
5 Yanvar 2022, 12:01
Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
24 Dekabr 2021, 08:12
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...