“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Ölkəmizin ərazi bütövlüyü təmin olunduqdan sonra Naxçıvan Muxtar Respublikası ilə nəqliyyat-kommunikasiya xətlərinin bərpası və bu istiqamətdə tranzit daşımaların həyata keçirilməsi üçün perspektiv imkanlar yaranmışdır. İşğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma, iqtisadi fəaliyyətin canlanması və nəqliyyat-logistika imkanlarından istifadə regional iqtisadi-ticarət əlaqələrini genişləndirəcəkdir.
Nəzərdə tutulan strateji istiqamətlərin uğurla həyata keçirilməsi üçün bölgədə logistika, ticarət və digər xidmətlərin göstərilməsi, həmçinin qabaqcıl texnologiyalara və “yaşıl enerji” konsepsiyasına əsaslanan rəqabətqabiliyyətli və innovativ sənaye sahələrinin, o cümlədən tikinti materialları istehsalının dəstəklənməsi olduqca mühümdür.
İşğaldan azad olunmuş Şərqi Zəngəzur iqtisadi rayonunun Arazboyu ərazisinin əsasən düzənlik relyefə və həmin bölgənin cənub istiqamətində giriş qapısı mövqeyinə malik olması sənaye parkının yaradılması üçün əlverişli şəraiti təmin edir. Şərqi Zəngəzur iqtisadi rayonunun cənubunda – Cəbrayıl rayonu ərazisində yerləşən tarixi Xudafərin körpülərinin olduğu istiqamətdə sərhəd-gömrük keçid məntəqəsinin açılması da sənaye parkının fəaliyyətə başlaması ilə daha səmərəli olar. Eyni zamanda, Cəbrayıl rayonunda logistika mərkəzinin, müxtəlif xidmət və innovativ sənaye sahələrinin, o cümlədən tikinti materialları istehsalı müəssisələrinin yaradılması işğaldan azad edilmiş digər rayonların da bərpasında faydalı olacaqdır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Şərqi Zəngəzur iqtisadi rayonunda, Cəbrayıl rayonu ərazisində “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yaradılsın.
2. Müəyyən edilsin ki:
2.1. “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı (bundan sonra – Sənaye Parkı) sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastrukturu və idarəetmə qurumları olan, logistika işinin təşkili, müasir texnologiyaların tətbiqi yolu ilə sənaye sahəsində rəqabətqabiliyyətli məhsul istehsalı, emalı (təkrar emalı) və satışı, habelə xidmətlər göstərilməsi üçün istifadə edilən, sahibkarların səmərəli çalışmasına və inkişafına kömək edən ərazidir;
2.2. Sənaye Parkının fəaliyyətinin təşkili, onun idarə edilməsi və inkişafı ilə bağlı tədbirləri Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi (bundan sonra – Agentlik) həyata keçirir.
3. Sənaye Parkının fəaliyyətinin təşkili və onun ərazisində infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılması məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulmuş vəsaitdən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə ilkin olaraq 500,0 (beş yüz) min manat ayrılsın.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
4.1. Sənaye Parkının fəaliyyəti üçün Cəbrayıl rayonunun Soltanlı kəndi yaxınlığında 200 (iki yüz) hektar torpaq sahəsinin icarəyə vermək hüququ ilə Agentliyin daimi istifadəsinə verilməsini iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
4.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:
5.1. Sənaye Parkının ərazisində infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılması, həmin ərazidə görüləcək işlərin təşkili və dəstəklənməsi, logistika sisteminin qurulması, sənaye məhsullarının istehsalı, emalı (təkrar emalı) və satışı, habelə sahibkarlıq fəaliyyətinin səmərəli qurulması üçün digər xidmətlər göstərilməsi məqsədilə Agentliyə kömək etsin;
5.2. Sənaye Parkında göstərilən xidmətlər, istehsal və emal (təkrar emal) olunan sənaye məhsulları üzrə prioritet istiqamətlərin müəyyənləşdirilməsini təmin etsin;
5.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
6. Aidiyyəti dövlət orqanları (qurumları) Sənaye Parkının yaradılması və orada işin təşkili, o cümlədən onun ərazisinin minalardan, partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi, eləcə də bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan infrastrukturun yaradılması ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə zəruri kömək göstərilməsini fəaliyyət istiqamətlərinə uyğun olaraq təmin etsinlər.
7. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanın 3-cü hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 oktyabr 2021-ci il
5 Oktyabr 2021, 08:1027 İyul 2015, 09:07
Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir, Salyan və Sumqayıt filiallarının ləğvi və “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 iyun tarixli 349 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə ətraflı...
27 İyul 2015, 09:07
Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakı şəhərində keçirilməsi ilə bağlı Təşkilat Komitəsinin yaradılması haqqında ətraflı...
24 İyul 2015, 09:07
Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişikliklər edilməsi haqqında ətraflı...
24 İyul 2015, 09:07
Baş Dövlət Texniki Nəzarət Müfəttişliyi haqqında ƏSASNAMƏ ətraflı...
24 İyul 2015, 09:07
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti haqqında ƏSASNAMƏ ətraflı...
24 İyul 2015, 09:07
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti haqqında ƏSASNAMƏ ətraflı...
24 İyul 2015, 09:07
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olan bəzi qurumların əsasnamələrinin təsdiq edilməsi haqqında ətraflı...
24 İyul 2015, 09:07
“Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və onun yanında yaradılmış dövlət agentliyi və dövlət xidmətləri haqqında əsasnamələrin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanında dəyişikliklər edilməsi və “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 6 iyun tarixli 716 nömrəli Fərmanının ləğv edilməsi haqqında ətraflı...
24 İyul 2015, 09:07
Cənubi Koreyanın Kvanju şəhərində keçirilən Tələbələrin XXVIII Ümumdünya Yay Universiadasında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında ətraflı...
24 İyul 2015, 09:07
Q.V.Komaneskunun Azərbaycan Respublikasının Rumıniyanın Konstansa şəhərində fəxri konsulu vəzifəsindən geri çağırılması haqqında ətraflı...