Azərbaycan Respublikasında minatəmizləmə fəaliyyətinin əlaqələndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında
Azərbaycan  Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin minalardan və partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlarından təmizlənməsi sahəsində əlaqələndirmə işini gücləndirmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. beynəlxalq humanitar minatəmizləmə standartları nəzərə alınmaqla, minatəmizləmə fəaliyyətinə dair tələbləri üç ay müddətində təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.2. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (bundan sonra – Agentlik) təklifləri əsasında Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin (bundan sonra – ərazilər) minalardan və partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlarından (bundan sonra – minalardan və hərbi sursatdan) təmizlənməsi sahəsində prioritet təşkil edən ərazilər nəzərə alınmaqla minatəmizləmə üzrə illik planı hər il dekabrın 25-dək təsdiq etsin;

1.3. bu Fərmanın 2.4-cü bəndində nəzərdə tutulan məlumat bazasına daxil ediləcək məlumatların növünü, həcmini, daxiledilmə müddətini və qaydasını üç ay müddətində müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. bu Fərmanın 1.2-ci bəndində nəzərdə tutulan plana uyğun olaraq Agentlik və Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (bundan sonra – minatəmizləmə sahəsində fəaliyyət göstərən digər dövlət orqanları) arasında tapşırıqların bölgüsünü (bundan sonra – tapşırıqlar bölgüsü) həyata keçirsin, həmçinin planda nəzərdə tutulmayan hallarda dövlət orqanlarının (qurumlarının) müraciəti əsasında minatəmizləmə işlərinin təşkili üçün müvafiq tədbirlər görsün;

1.5. Agentliyin maddi-texniki təminatını gücləndirmək məqsədilə zəruri tədbirlər görülməsini təmin etsin;

1.6. ərazilərin minalardan və hərbi sursatdan təmizlənməsi sahəsində görülmüş işlər barədə mütəmadi olaraq Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.7. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

2. Agentlik:

2.1. minatəmizləmə sahəsində fəaliyyət göstərən digər dövlət orqanlarının, fiziki və hüquqi şəxslərin, habelə xarici ölkələrin müvafiq qurumlarının minatəmizləmə fəaliyyəti üzrə mövcud qüvvə və vasitələri nəzərə alınmaqla ərazilərdə minatəmizləmə fəaliyyətinin hər növbəti il üçün planlaşdırılmasına dair təkliflərini cari il dekabrın 1-dək hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;

2.2. tapşırıqlar bölgüsünə uyğun olaraq əlaqələndirilməni, görülmüş işlərin icrasının monitorinqini və bu Fərmanın 1.1-ci bəndində nəzərdə tutulan tələblər əsasında keyfiyyətlə tamamlanmasına nəzarəti həyata keçirsin;

2.3. minatəmizləmə sahəsində fəaliyyət göstərən digər dövlət orqanlarının şəxsi heyətinin bu Fərmanın 1.1-ci bəndində nəzərdə tutulan tələblərə uyğun olaraq ixtisasının artırılması ilə bağlı tədbirlər görülməsini təmin etsin;

2.4. “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq bu Fərmanın 1.3-cü bəndində nəzərdə tutulan məlumatlara dair elektron məlumat bazasının (bundan sonra – məlumat bazası) dörd ay müddətində formalaşdırılmasını, eləcə də onun fəaliyyətini, məlumatların mütəmadi yenilənməsini və emalını təmin etsin;

2.5. tapşırıqlar bölgüsünə uyğun olaraq görülmüş işlər barədə mütəmadi olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin;

2.6. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Minatəmizləmə sahəsində fəaliyyət göstərən digər dövlət orqanları:

3.1. minatəmizləmə fəaliyyətini tapşırıqlar bölgüsünə uyğun olaraq öz qüvvə və vasitələri hesabına həyata keçirsinlər;

3.2. minatəmizləmə fəaliyyətinə cəlb edilmiş şəxsi heyətin işini bu Fərmanın 1.1-ci bəndində nəzərdə tutulan tələblərə uyğun təşkil etsinlər;

3.3. aşağıdakı məlumatların mütəmadi olaraq Agentliyə verilməsini təmin etsinlər:

3.3.1. məlumat bazasına daxil edilməsi üçün bu Fərmanın 1.3-cü bəndinə uyğun olaraq müəyyənləşdirilmiş məlumatların;

3.3.2. tapşırıqlar bölgüsünün icrası ilə bağlı məlumatların;

3.3.3. minatəmizləmə fəaliyyəti üzrə öz qüvvə və vasitələri barədə məlumatların.

3.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsinlər.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 sentyabr 2021-ci il

16 Sentyabr 2021, 19:09

http://www.azertag.az

2111—2120 / 10511

23 Aprel 2020, 19:04

Azərbaycan Respublikası Prezidentinin “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” 1999-cu il 13 fevral tarixli 102 nömrəli, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1999-cu il 12 mart tarixli 116 nömrəli və “Faydalı qazıntı ehtiyatlarının təsdiq edilməsi və silinməsi Qaydalarının təsdiq edilməsi haqqında” 2003-cü il 23 oktyabr tarixli 973 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

23 Aprel 2020, 19:04

Naxçıvan Muxtar Respublikasında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

21 Aprel 2020, 20:04

Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

21 Aprel 2020, 20:04

N.R.Bağırova töhmət elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

21 Aprel 2020, 10:04

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” 2017-ci il 6 noyabr tarixli 1665 nömrəli Fərmanında və 2017-ci il 4 dekabr tarixli 1704 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

21 Aprel 2020, 10:04

Bakı şəhərində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

18 Aprel 2020, 10:04

A.Ə.Məmmədovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

18 Aprel 2020, 10:04

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə İordaniya Haşimilər Krallığının Mədəniyyət Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

18 Aprel 2020, 10:04

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Qırğız Respublikası Hökuməti yanında Gənclər, Bədən Tərbiyəsi və İdman Məsələləri üzrə Dövlət Agentliyi arasında bədən tərbiyəsi və idman sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

18 Aprel 2020, 10:04

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Niderland Mərkəzi Statistika Bürosu arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...