Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması mexanizminin təkmilləşdirilməsi və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 158-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalını və emalını stimullaşdırmaq, dövlət sifarişi ilə kənd təsərrüfatı və ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada satın alınması proseslərini elektronlaşdırmaq və təkmilləşdirmək, bu sahədə həyata keçirilən işlərin səmərəliliyini və şəffaflığını artırmaq məqsədilə qərara alıram:

1. “Elektron kənd təsərrüfatı” informasiya sisteminin altsistemi olan “Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması” elektron portalı (bundan sonra – elektron portal) yaradılsın.

2. Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması, aşağıdakı tələblər nəzərə alınmaqla, bu Fərmanın 1-ci hissəsi ilə yaradılan elektron portal vasitəsilə həyata keçirilsin:

2.1. satınalma şərtlərinə cavab verən və tələbata uyğun istehsal həcminə malik olan, elektron portalda qeydiyyatdan keçən istehsalçıların və ya satıcıların satınalan təşkilat tərəfindən seçilməsi;

2.2. satınalan təşkilatla istehsalçılar və ya satıcılar arasında müqavilələrin elektron portal vasitəsilə bağlanılmasının təmin edilməsi;

2.3. istehsalçıların və satıcıların satınalma şərtlərinə uyğunluğunun müəyyən edilməsi məqsədilə tədarük və təchizat agentinin monitorinqlər aparması və onların nəticələrinin elektron portalda yerləşdirilməsi;

2.4. satınalma və müqavilə şərtlərinə əməl etməyən istehsalçıların və satıcıların dövlət sifarişi ilə satınalmalarda iştirakının məhdudlaşdırılması;

2.5. satınalma şərtlərinə uyğun olan təkliflərə satınalan təşkilat tərəfindən baxılarkən mikro, kiçik və orta sahibkarlıq subyektləri olan yerli istehsalçılara üstünlük verilməsi.

3. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi:

3.1. bu Fərmanın 1.2-ci bəndinə əsasən ərzaq məhsullarının dövlət sifarişi ilə bağlı alqı-satqı əməliyyatlarının elektron portal vasitəsilə avtomatlaşdırılmış qaydada həyata keçirilməsini və müqavilələrin “Elektron sənəd və elektron imza haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq elektron sənəd formasında bağlanılmasını 2022-ci il yanvarın 1-dən təmin etsin;

3.2. istehsalçıların və satıcıların ərzaq məhsullarının dövlət sifarişi ilə bağlı satınalmalarda iştirakına, habelə satınalma və müqavilə şərtlərinə əməl etməyən istehsalçıların və satıcıların dövlət sifarişi ilə satınalmalarda iştirakının məhdudlaşdırılmasına dair inzibati reqlamenti üç ay müddətində müəyyən etsin;

3.3. bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan elektron portalın yaradılması ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə:

3.3.1. elektron portalın fəaliyyətinin təmin edilməsi ilə bağlı “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq zəruri tədbirlər görsün;

3.3.2. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 dekabr tarixli 897 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi ilə bağlı təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

4. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 158-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 664, № 9, maddə 1486; 2018, № 11, maddə 2237; 2019, № 4, maddə 619) aşağıdakı dəyişikliklər edilsin:

4.1. 3.2-ci bənddə “qiymətləri” sözü “qiyməti, növü, miqdarı” sözləri ilə əvəz edilsin;

4.2. 4.2-ci bənddə “Satınalan təşkilatların ərzaq məhsullarına olan tələbatı” sözləri “Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alması” sözləri ilə əvəz edilsin;

4.3. həmin Fərmanla təsdiq edilmiş “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası” üzrə:

4.3.1. 2.0.3-cü yarımbənddə “əsas məqsədi ərzaq məhsullarının istehsalçılarından və satıcılarından belə məhsulların alınmasını, tədarük edərək satınalan təşkilatlara təqdim olunmasını” sözləri “ərzaq məhsullarının dövlət sifarişi ilə bağlı alqı-satqı əməliyyatlarını “Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması” elektron portalı vasitəsilə aparılmasını, eləcə də bu sahədə fəaliyyətin təşkili ilə bağlı digər tədbirlər görülməsini” sözləri ilə əvəz edilsin, həmin yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 2.0.4-cü yarımbənd əlavə edilsin:

“2.0.4. “Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması” elektron portalı (bundan sonra – elektron portal) – satınalan təşkilatlar tərəfindən ərzaq məhsullarının dövlət büdcəsinin vəsaiti hesabına satın alınması ilə bağlı tələb və təkliflərin yerləşdirildiyi, alqı-satqı əməliyyatlarının təşkil edildiyi “Elektron kənd təsərrüfatı” informasiya sisteminin altsistemi.”;

4.3.2. 3.1.1-ci yarımbəndin birinci cümləsində “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə təqdim edirlər” sözləri “elektron portalda yerləşdirirlər” sözləri ilə əvəz edilsin, həmin yarımbəndin ikinci cümləsinin sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

“Satınalma şərtlərini, bu Qaydanın 1.2-ci bəndində qeyd edilən məqsədlər nəzərə alınmaqla, Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir;”;

4.3.3. 3.1.2-ci yarımbənddə “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi” sözləri “tədarük və təchizat agenti” sözləri ilə, “qiymətləri” sözü “qiyməti, növü, miqdarı” sözləri ilə əvəz edilsin;

4.3.4. 3.1.3 – 3.1.6-cı yarımbəndlər aşağıdakı redaksiyada verilsin:

“3.1.3. ərzaq məhsullarının hər bir növü üzrə satınalma qiyməti ötən il iyulun 1-dən cari il iyulun 1-dək olan dövr üzrə orta statistik satış qiymətinin növbəti il üçün proqnozlaşdırılan inflyasiya səviyyəsinə vurulması ilə müəyyən edilir. İl ərzində bu qiymətlər yalnız şəraitin əhəmiyyətli dərəcədə dəyişməsinin qiymətlərə təsir göstərdiyi hallarda yenilənir. Ərzaq məhsullarının hər bir növü üzrə orta statistik satış qiyməti barədə məlumatları Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, növbəti il üçün proqnozlaşdırılan inflyasiya səviyyəsi barədə məlumatları isə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi hər il iyulun 20-dək Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə təqdim edirlər;

3.1.4. tədarük və təchizat agenti hər il sentyabrın 1-dək satın alınması nəzərdə tutulan ərzaq məhsullarının hər növü üzrə yerli istehsalçılar və onların istehsal potensialı barədə məlumatları Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin dövlət aqrar inkişaf mərkəzləri vasitəsilə toplayır və elektron portalda yerləşdirir. Satın alınması nəzərdə tutulan ərzaq məhsulunu satmaq niyyəti olan, lakin barəsində elektron portalda məlumat olmayan istehsalçı bilavasitə tədarük və təchizat agentinə müraciət edə bilər. Müraciət edildiyi halda həmin istehsalçı ilə bağlı məlumatlar dərhal elektron portala əlavə edilməli və müraciət edən şəxsə bu barədə məlumat verilməlidir. Ərzaq məhsullarının istehsalçıları satmaq niyyətində olduqları məhsulların növü, qiyməti və miqdarı barədə məlumatı hər il sentyabrın 1-dək portalda yerləşdirirlər;

3.1.5. tədarük və təchizat agenti elektron portalda barəsində məlumatlar yerləşdirilən istehsalçıların, eləcə də satıcıların fəaliyyətinin monitorinqini “Elektron kənd təsərrüfatı” informasiya sistemi və (və ya) yerində baxış vasitəsilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada hər il oktyabrın 1-dək aparır və həmin monitorinqin nəticələrini elektron portala daxil edir;

3.1.6. ərzaq məhsullarının satın alınmasına dair bu Qaydanın 3.1.2-ci yarımbəndində nəzərdə tutulan elanın şərtlərinə uyğun olan təklif satınalan təşkilatın həmin məhsullara tələbatından az olduqda, bütün iştirakçıların təklifləri qəbul edilir və bu halda satınalan təşkilat ərzaq məhsullarına olan tələbatın təklifdən artıq olan hissəsini bu Qaydanın 3.1.3-cü yarımbəndinə uyğun olaraq müəyyən edilmiş qiymətlər çərçivəsində digər şəxslərdən ala bilər;”;

4.3.5. 3.1.7-ci yarımbənddə “həmin məhsullara tələbatdan çox olduqda” sözləri “satınalan təşkilatın həmin məhsullara tələbatından çox olduqda mikro, kiçik və orta sahibkarlıq subyektləri olan” sözləri ilə əvəz edilsin;

4.3.6. 3.1.8-ci yarımbənd ləğv edilsin;

4.3.7. 3.2-ci bənddə “Tədarük və təchizat agenti ilə” sözləri “Satınalan təşkilatlarla” sözləri ilə, “oktyabrın” sözü “noyabrın” sözü ilə əvəz edilsin;

4.3.8. 3.3 – 3.5-ci bəndlər ləğv edilsin;

4.3.9. 3.6 – 3.9-cu bəndlər və 4-cü hissə aşağıdakı redaksiyada verilsin:

“3.6. Tədarük və təchizat agentinin vəzifələri aşağıdakılardır:

3.6.1. elektron portalın operatorunun funksiyalarını həyata keçirmək və elektron portaldan istifadəyə görə satınalan təşkilatlarla ərzaq məhsullarının istehsalçıları və ya satıcıları arasında bağlanılmış müqavilə üzrə satılmış ərzaq məhsullarının dəyərinin 10 (on) faizə qədərini satınalan təşkilatdan almaq;

3.6.2. satınalan təşkilatlar tərəfindən bu Qaydanın 3.1.6-cı və 3.1.7-ci yarımbəndlərinin tələblərinə riayət olunmasını təmin etmək;

3.6.3. satınalan təşkilatların müraciəti və (və ya) bu Qaydanın 3.1.5-ci yarımbəndinə uyğun olaraq aparılan monitorinqin nəticələri əsasında satınalma və müqavilə şərtlərinə əməl etməyən ərzaq məhsulları istehsalçılarının və ya satıcılarının təkliflərinin bir il ərzində elektron portalda yerləşdirilməsini məhdudlaşdırmaq.

3.7. Bu Qaydanın 3.6.1-ci yarımbəndinə uyğun olaraq ödənilən vəsaitin hər bir müqavilə üzrə məbləğini tədarük və təchizat agenti satınalma dövründə bir dəfə müəyyən edir.

3.8. Ərzaq məhsulları istehsalçılarının və ya satıcılarının təkliflərinin elektron portalda yerləşdirilməsi bu Qaydanın 3.6.3-cü yarımbəndinə uyğun olaraq məhdudlaşdırıldığı halda, satınalan təşkilat ərzaq məhsullarını bu Qaydanın 3.1.3-cü yarımbəndi ilə müəyyən edilmiş qiymətlər çərçivəsində bu Qaydanın 3.1.6-cı yarımbəndinə uyğun olaraq digər şəxslərdən alır.

3.9. Satınalan təşkilatlarla ərzaq məhsullarının istehsalçıları və ya satıcıları arasında bağlanılan müqavilənin nümunəvi formasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir.

4. Yekun müddəalar

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Qaydadan irəli gələn maliyyələşməni “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən həyata keçirir.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 sentyabr 2021-ci il

3 Sentyabr 2021, 20:09

http://www.azertag.az

721—730 / 10511

25 Aprel 2022, 15:04

“Pensiya yaşına çatmasına, əlilliyinə, o cümlədən sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğu vəzifəsində minimum qulluq stajına (15 il) və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçularına təyin edilən ömürlük müavinətin miqdarı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 22 oktyabr tarixli 936 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

22 Aprel 2022, 07:04

Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə bir qrup şəxsin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

22 Aprel 2022, 07:04

M.A.Əfəndiyevə və Q.N.Mürşüdova “Əməkdar elm xadimi” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

22 Aprel 2022, 07:04

B.Q.Kərimovun və Y.B.Musayevin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

20 Aprel 2022, 16:04

Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

20 Aprel 2022, 16:04

“Azərbaycan Respublikasının Kino Agentliyi” publik hüquqi şəxsin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

20 Aprel 2022, 07:04

Dövlət qulluqçusunun xidməti vəsiqəsinin təsvirinin və nümunəsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

20 Aprel 2022, 07:04

1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

18 Aprel 2022, 16:04

Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

15 Aprel 2022, 08:04

“Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında Əsasnamə”nin və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi qulluqçularının hərbi geyim formasının və fərqləndirmə nişanlarının təsvirləri”nin təsdiqi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi qulluqçularının hərbi geyim forması və fərqlənmə nişanları haqqında Əsasnamə”nin və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi qulluqçularının hərbi geyim formasının və fərqlənmə nişanlarının təsvirləri”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 fevral tarixli 832 nömrəli Fərmanının ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...