Aqrar sahədə istehsalın və emal sənayesinin inkişafına dair bir sıra tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Ötən dövrdə Azərbaycanda kənd təsərrüfatı sürətlə inkişaf edərək, qeyri-neft iqtisadiyyatının mühüm sahələrindən birinə çevrilmişdir. Aqrar sektorda həyata keçirilən islahatlar və yeni çağırışlara uyğun strateji hədəflərin müəyyənləşdirilməsi kənd təsərrüfatının davamlı inkişafına əhəmiyyətli təsir göstərmişdir. Bu çərçivədə elektronlaşmanın tətbiqi, dövlət xidmətlərinin optimallaşdırılması, eləcə də səmərəli idarəetmə sisteminin qurulması aqrar sahədə keyfiyyət dəyişikliyini şərtləndirmiş və emal sənayesinin güclənməsi üçün əlverişli imkanlar yaratmışdır.
Ölkədə aqrar emal sənayesinin dayanıqlı inkişafı qeyri-neft sektorunun ixrac potensialının möhkəmləndirilməsi və ərzaq təhlükəsizliyinin təmin olunması baxımından vacibdir. Bunu nəzərə alaraq, kənd təsərrüfatının yüksəlişinə dəstək mexanizmi məqsədyönlü şəkildə davamlı olaraq təkmilləşdirilməlidir.
Rəqabətədavamlı kənd təsərrüfatı məhsullarının emalı sənayesinin genişləndirilməsi və istehsalın dəyər zəncirinin həlqələri üzrə artırılması məqsədilə istehsalçıların müvafiq resurslara, o cümlədən əlverişli maliyyə resurslarına asan çıxışının təmin edilməsi, bazar infrastrukturunun və aqrar biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində işlərin sürətləndirilməsi tələb olunur.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, kənd təsərrüfatı sahəsində istehsalın və emalın davamlı artımının təmin edilməsi məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. aşağıdakı sahələrdə normativ hüquqi bazanın təkmilləşdirilməsinə dair layihələri hazırlayıb beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin:
1.1.1. torpaqların kateqoriyalara aid edilməsi, onların bir kateqoriyadan digərinə keçirilməsi və məqsədli təyinatının dəyişdirilməsi;
1.1.2. torpaqların idarə edilməsi, mühafizəsi, qanunsuz istifadəsinin qarşısının alınması, habelə münbitliyinin qorunması, bərpası və artırılması;
1.1.3. aqrar emal məhsulları istehsalçıları tərəfindən kənd təsərrüfatı təyinatlı torpaqlarda yaşayış, suvarma infrastrukturu və emal üçün müvəqqəti tikililərin inşası;
1.1.4. aqroparkların fəaliyyətinin tənzimlənməsi;
1.2. aşağıdakı məsələlərlə bağlı təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin:
1.2.1. kənd təsərrüfatı təyinatlı torpaqların səmərəli istifadəsi məqsədilə həmin torpaq sahələrinin icarəyə və istifadəyə verilməsi mexanizminin təkmilləşdirilməsi, torpaqların konsolidasiyası təcrübəsinin tətbiqi;
1.2.2. ixrac məqsədli aqrar istehsal mallarına gömrük və vergi güzəştlərinin tətbiqi;
1.2.3. aqrotexniki xidmət göstərilməsi və mülkiyyət hüququnun saxlanılması şərtilə kənd təsərrüfatı texnikasının lizinqə (icarəyə) verilməsinin əlavə dəyər vergisindən azad edilməsi, habelə yerli kənd təsərrüfatı məhsullarının topdansatışı zamanı tətbiq edilən əlavə dəyər vergisinin ticarət əlavəsinə görə hesablanması;
1.2.4. idxal mallarını yerli istehsal (emal) malları ilə əvəz edəcək məhsulların dairəsinin müəyyənləşdirilməsi, maya dəyərini təşkil edən xərclərin optimallaşdırılması və istehsal edilən yerli məhsulların qiymətinin azaldılması üçün aqrar emal müəssisələrinə vergi təşviqlərinin verilməsi;
1.2.5. aqrar istehsal sahəsində fəaliyyət göstərən müəssisələrin, habelə aqroparkların investisiya təşviqi mexanizmindən yararlanma imkanlarının genişləndirilməsi;
1.2.6. aqrar istehsal və emalla məşğul olan mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dövlət dəstəyi verilməsi, o cümlədən kredit-zəmanət üzrə yeni maliyyələşdirmə alətlərinin tətbiqi;
1.3. kənd təsərrüfatı məhsullarının ixracı üzrə prosedurların sadələşdirilməsinə dair tədbirlər görsün və nəticəsi barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi beş ay müddətində:
2.1. torpaq islahatı zamanı vətəndaşlara verilmiş pay torpaqlarına dair hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin aradan qaldırılması ilə bağlı zəruri tədbirlər görsün və nəticəsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.2. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə birgə torpaq islahatı həyata keçirilməmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqlardan müvəqqəti istifadə mexanizminin formalaşdırılması ilə bağlı tədbirlər görsün və nəticəsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi:
3.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə birlikdə beş ay müddətində aqrar sahədə fəaliyyət göstərən emal müəssisələrinin xammala tələbatını, istehsalçıların istehsal etdiyi kənd təsərrüfatı məhsullarına dair məlumatları əks etdirən və elektron ticarət imkanlarına malik olan portalın yaradılması ilə bağlı “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq tədbirlər görsün və nəticəsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 iyul 2021-ci il
15 İyul 2021, 15:07
4 İyul 2019, 08:07
Azərbaycan Respublikası Prezidentinin “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2001-ci il 26 dekabr tarixli 616 nömrəli və “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2007-ci il 3 iyul tarixli 606 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
3 İyul 2019, 07:07
Sahibkarlığın dəstəklənməsi məqsədilə xarici dövlətlərin və beynəlxalq təşkilatların maliyyələşdirdikləri proqramların (layihələrin) əlaqələndirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
3 İyul 2019, 07:07
“Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...
3 İyul 2019, 07:07
“Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 17 may tarixli 1590-VQD nömrəli Qanununun tətbiqi və “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 277 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
2 İyul 2019, 08:07
Qəbələ rayonunun Böyük Əmili–Bılıx–Əmirvan avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
2 İyul 2019, 08:07
“Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...
2 İyul 2019, 08:07
“Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 13 iyun tarixli 1610-VQD nömrəli Qanununun tətbiqi və “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1284-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 566 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
2 İyul 2019, 08:07
“Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
1 İyul 2019, 08:07
Azərbaycan Yazıçılar Birliyi üzvlərinin yaradıcılıq şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
1 İyul 2019, 08:07
Biləsuvar rayonunun Biləsuvar–Bəhrəmtəpə (56 km)–Çaylı–Bağbanlar–Aranlı–Zəhmətabad avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...