“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 16, maddə 694; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 3, maddələr 171, 226, № 4, maddə 287; 1998, № 1, maddə 16; 2001, № 12, maddə 736; 2002, № 6, maddə 328, № 12, maddə 692; 2003, № 1, maddə 16; 2005, № 8, maddə 684; 2009, № 5, maddə 314, № 7, maddələr 512, 517; 2011, № 2, maddə 71, № 7, maddə 604; 2013, № 3, maddə 217, № 4, maddə 355; 2015, № 4, maddələr 364, 367, № 11, maddə 1257, № 12, maddə 1443; 2016, № 12, maddə 1985; 2017, № 6, maddə 1047; 2020, № 7, maddə 826) aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci maddə üzrə:

1.1. dördüncü hissədə “Dini mərkəz tərəfindən dəvət edilmiş din xadimləri” sözləri “Bu Qanunun 21-ci maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş hallar” sözləri ilə əvəz edilsin və həmin hissəyə “tərəfindən” sözündən sonra “Azərbaycan Respublikasının ərazisində” sözləri əlavə edilsin;

1.2. beşinci hissə aşağıdakı redaksiyada verilsin:

“Valideynlər və ya digər qanuni nümayəndələr, qarşılıqlı razılıq əsasında, uşaqları özlərinin dini əqidəsinə və dinə münasibətinə müvafiq olaraq tərbiyə edə bilərlər. Uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağandır. Uşaqların dini tərbiyəsi onların fiziki və psixi sağlamlığına mənfi təsir göstərməməlidir.”;

1.3. aşağıdakı məzmunda altıncı və yeddinci hissələr əlavə edilsin:

“Bu Qanunun 21-ci maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, kütləvi dini ibadət, ayin və mərasimlərin icrası zamanı dini təlimin əsaslarının işıqlandırılması yalnız bu Qanunla müəyyən edilmiş qaydada təyin olunmuş din xadimləri tərəfindən həyata keçirilə bilər.

Dini ekstremizmin təbliğinə, həmçinin siyasi məqsədlər üçün dinlərarası və dinlərdaxili fərqlərin istifadəsinə yönəldilmiş fəaliyyət qadağandır.”.

2. Aşağıdakı məzmunda 4-1.3-cü və 4-1.4-cü maddələr əlavə edilsin:

“4-1.3. Din xadimləri dövlət orqanlarına seçildikdə və ya təyin olunduqda, onların peşəkar dini fəaliyyəti həmin vəzifədə olduqları müddətdə dayandırılır.

4-1.4. Din xadimlərinə dini titullar (rütbələr) yalnız dini mərkəzlər (idarələr) tərəfindən verilir.”.

3. 5-ci maddənin altıncı hissəsi ləğv edilsin.

4. 6-cı maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 6. Dini təhsil

6.1. Azərbaycan Respublikası Konstitusiyasının 18-ci maddəsinin III hissəsinə uyğun olaraq, Azərbaycan Respublikasında dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır.

6.2. Vətəndaşlar fərdi qaydada və (və ya) başqaları ilə birlikdə dini öyrənə və dini təhsil ala bilərlər.

6.3. Dini təhsil müəssisələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmaqla, dini mərkəz (idarə) tərəfindən təsis edilir. Dini mərkəz (idarə) yalnız bir ali dini təhsil müəssisəsi yarada bilər.

6.4. Dini qurumlar tərəfindən müqəddəs kitabları öyrənmə kursları (qrupları) həmin dini qurumların nizamnamələrinə uyğun olaraq tabe olduqları dini mərkəzlərin (idarələrin) razılığı ilə yaradılır və bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verilir.

6.5. Ali dini təhsil və dini orta ixtisas təhsili müəssisələri “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilən lisenziya əsasında fəaliyyət göstərirlər.

6.6. Dini təhsil müəssisələrində təhsil alanlar dövlət təhsil müəssisələrində təhsil alanlar üçün müəyyən olunmuş hüquqlardan və güzəştlərdən istifadə edirlər.”.

5. Aşağıdakı məzmunda 6-1-ci maddə əlavə edilsin:

“Maddə 6-1. Kütləvi dini ibadət, ayin və mərasimlər

6-1.1. Kütləvi dini ibadət, ayin və mərasimlər (dəfn, yas, iftar, kəbinkəsmə, mövlud və ehsan mərasimləri istisna olmaqla) dini ibadət yerlərində və ziyarətgahlarda keçirilir.

6-1.2. Kütləvi dini ibadət, ayin və mərasimlər (dəfn, yas, iftar, kəbinkəsmə, mövlud və ehsan mərasimləri istisna olmaqla) dini ibadət yerlərindən və ziyarətgahlardan kənarda yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə təşkil olunur.

6-1.3. Xarici ölkələrdə yerləşən və müvafiq din üçün müqəddəs hesab edilən yerlərə ibadət məqsədilə dindarların mütəşəkkil şəkildə ziyarətləri müvafiq dini mərkəzlər (idarələr) tərəfindən həyata keçirilir və bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verilir.”.

6. 8-ci maddədə:

6.1. birinci hissə üzrə:

6.1.1. “məqsədilə” sözündən sonra “eyni inzibati ərazi vahidi hüdudlarında yaşayan” sözləri əlavə edilsin;

6.1.2. aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Dini icma azı 50 (əlli) nəfər yetkinlik yaşına çatmış Azərbaycan Respublikasının vətəndaşı tərəfindən yaradılır.”;

6.2. ikinci hissədə “qeyri-müsəlman dini icmalarının” sözləri “digər dini icmaların” sözləri ilə əvəz edilsin;

6.3. üçüncü hissə üzrə:

6.3.1. “ibadət yerlərinə” sözlərindən sonra “və ziyarətgahlara” sözləri, “təyin” sözündən sonra “olunur və hər beş ildən bir attestasiya” sözləri əlavə edilsin;

6.3.2. aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Attestasiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) nümayəndəsinin iştirakı ilə keçirilir.”;

6.4. dördüncü hissə ləğv edilsin;

6.5. aşağıdakı məzmunda beşinci – doqquzuncu hissələr əlavə edilsin:

“Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən qeyri-islam dini icmalarında din xadimlərinin təyinatını dini icmanın təqdimatı əsasında tabe olduqları dini mərkəz (idarə) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə həyata keçirir.

Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən qeyri-islam dini icmasının tabe olduğu dini mərkəz (idarə) olmadıqda, din xadimlərinin təyinatını dini icma müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə həyata keçirir.

İslam dini icmaları yalnız təmsil etdikləri dinə aid ibadət yerlərində və ziyarətgahlarda yaradılır.

Dini icması yaradılmamış dini ibadət yerlərinə və ziyarətgahlara dini mərkəz (idarə) tərəfindən bu Qanunla müəyyən olunmuş qaydada din xadimləri təyin edilə bilər.

Dini ibadət yerinə və ziyarətgaha təyin edilmiş din xadimi tutduğu vəzifədən azad edildikdə, həmin vəzifəyə yeni din xadimi təyin olunanadək dini ibadət yerinin və ziyarətgahın dini icması öz dini fəaliyyətini dayandırır.”.

7. 9-cu maddə üzrə:

7.1. dördüncü hissədə “ibadətgahlar” sözü “dini ibadət yerləri, ziyarətgahlar” sözləri ilə əvəz edilsin;

7.2. aşağıdakı məzmunda beşinci hissə əlavə edilsin:

“Dini mərkəz (idarə) Azərbaycan Respublikasında və xarici dövlətlərdə filial və (və ya) nümayəndəlik yarada bilər.”.

8. Aşağıdakı məzmunda 9-1-ci maddə əlavə edilsin:

“Maddə 9-1. Dini qurumun adı və fəaliyyət ərazisi

9-1.1. Dini qurumun adı onun təşkilati-hüquqi formasını, fəaliyyətinin xarakterini və hansı dinə mənsub olduğunu özündə əks etdirməlidir. Dini qurumun adında Azərbaycan Respublikasının dövlət orqanlarının adlarından, habelə Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarından istifadə edilə bilməz.

9-1.2. Dini qurumun (dini mərkəz (idarə) istisna olmaqla) qeydiyyatdan keçdiyi hüquqi ünvandan kənarda fəaliyyət göstərməsinə yol verilmir.

9-1.3. Dini mərkəzin (idarənin) Azərbaycan Respublikasında fəaliyyət ərazisi məhdudlaşdırılmır.

9-1.4. Dini qurumun hüquqi ünvanı dəyişdikdə, bu barədə 7 (yeddi) gün müddətində tabe olduğu dini mərkəzə (idarəyə) məlumat verir. Dini mərkəz (idarə) bu barədə, habelə öz hüquqi ünvanı dəyişdiyi hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) 10 (on) gün müddətində məlumat verir.”.

9. 10-cu maddə ləğv edilsin.

10. 11-ci maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 11. Dini qurumun nizamnaməsi

11.1. Dini qurumun nizamnaməsi onun təsis yığıncağında təsisçiləri tərəfindən qəbul olunur.

11.2. Dini qurumun nizamnaməsində aşağıdakılar göstərilir:

11.2.1. dini qurumun adı, hüquqi ünvanı, növü və hansı dinə aid olması;

11.2.2. dini qurumun məqsədi və vəzifələri, habelə fəaliyyətinin əsas formaları;

11.2.3. dini qurumun strukturu, idarə olunması qaydası, idarəetmə orqanları və onların təşkili qaydası, habelə həmin orqanların səlahiyyətləri;

11.2.4. dini qurumun təsisçiliyinə qəbulun və ondan çıxmanın şərtləri və qaydası;

11.2.5. dini qurumun əmlakının formalaşdırılması mənbələri;

11.2.6. nizamnamənin qəbulu, onda dəyişiklik edilməsi qaydası;

11.2.7. dini qurumun ləğvi qaydası və ləğv edildiyi halda əmlakından istifadə qaydası.

11.3. Dini qurumun nizamnaməsi öz dini mərkəzinin (idarəsinin) nizamnaməsinə uyğun olmalıdır.

11.4. Dini qurumun dini etiqad fəaliyyətini müəyyən edən, digər daxili məsələlərini həll edən sənədlər dövlət orqanlarında qeydiyyata alınmır.”.

11. 12-ci maddənin birinci hissəsinin ikinci cümləsində “ibadət yerlərində” sözləri “dini ibadət yerlərində və ziyarətgahlarda” sözləri ilə əvəz edilsin.

12. 12-1-ci maddə üzrə:

12.1. ikinci hissəyə aşağıdakı məzmunda 8-1-ci bənd əlavə edilsin:

“8-1) dini qurumun fəaliyyətində aşkar olunmuş qanun pozuntusunun aradan qaldırılmasına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yazılı tələbində qoyulmuş müddətdə qanun pozuntusunun aradan qaldırılmaması;”;

12.2. aşağıdakı məzmunda beşinci hissə əlavə edilsin:

“Dini qurum ləğv edildikdə, ləğv edilmiş dini qurumun əmlak məsələlərinin Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada həll olunması barədə məlumatlar (sənədlər) “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilir.”.

13. 21-ci maddə üzrə:

13.1. birinci və ikinci hissələr aşağıdakı redaksiyada verilsin:

“Dini qurumların dini ibadət yerlərinə və ziyarətgahlara himayədarlıq etmək, onları saxlamaq və onlardan istifadə etmək hüququ vardır.

Bu Qanunun 1-ci maddəsinin tələbləri nəzərə alınmaqla və 6-1-ci maddəsində müəyyən edilmiş hallar istisna olmaqla, dini ibadətlər, ayinlər və mərasimlər ziyarətgahlarda, dini ibadət və dəfn yerlərində, dini qurumların idarələrində, vətəndaşların mənzillərində və evlərində maneəsiz keçirilir.”;

13.2. üçüncü hissənin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Bu maddənin dördüncü hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, dini ibadət, ayin və mərasimlərin aparılması yalnız Azərbaycan Respublikasının vətəndaşları tərəfindən həyata keçirilir.”;

13.3. aşağıdakı məzmunda dördüncü hissə əlavə edilsin:

“Azərbaycan Respublikasında fəaliyyət göstərən dini mərkəz (idarə) tərəfindən dəvət edilmiş və ya Azərbaycan Respublikasında rəsmi səfərdə olan əcnəbi və ya vətəndaşlığı olmayan din xadimi tərəfindən dini ibadət, ayin və mərasimlərin aparılmasına yol verilir.”;

13.4. beşinci, altıncı və yeddinci hissələr aşağıdakı redaksiyada verilsin:

“Hərbi hissənin komandanlığı döyüş əməliyyatları, döyüş növbətçiliyi, qarovul və qarnizon xidməti, hərbi təlimlər ilə əlaqədar olan hallar istisna olmaqla, asudə vaxtlarında hərbi qulluqçuların dini ibadət etmələrinə mane ola bilməz. Hərbi hissələrdə din xadimlərinin fəaliyyətinə hərbi hissənin komandanlığının razılığı ilə yol verilir.

Tibb və sosial xidmət müəssisələrində, yataqxanalarda, həbs yerlərində və cəzaçəkmə müəssisələrində dini ibadətlər həmin müəssisələrdə olan şəxslərin xahişi ilə keçirilir. Həmin qurumlar din xadimlərinin dəvət olunmasına yardım göstərir, dini ibadətin, ayinin və ya mərasimin keçirilməsi vaxtının və digər şərtlərinin müəyyənləşdirilməsində iştirak edirlər.

Dini qurumlar tibb və sosial xidmət müəssisələrində, yataqxanalarda, həbs yerlərində və cəzaçəkmə müəssisələrində dini ibadətlərin təşkili məqsədilə həmin müəssisələrə müraciət edə bilərlər.”;

13.5. səkkizinci hissənin birinci cümləsində “İbadətgahlardan” sözü “Dini ibadət yerlərindən və ziyarətgahlardan” sözləri ilə, ikinci cümləsində “ibadətgahların” sözü “dini ibadət yerlərinin və ziyarətgahların” sözləri ilə əvəz edilsin.

14. 29-cu maddə üzrə:

14.1. ikinci abzasdan “dini qurumların xahişi üzrə” sözləri çıxarılsın, həmin abzasa hər iki halda “dövlət orqanları” sözlərindən sonra “(qurumları)” sözü əlavə edilsin və həmin abzasda “onlara” sözü “dini qurumlara” sözləri ilə əvəz edilsin;

14.2. altıncı abzasdan “, dini etiqad azadlığı haqqında qanunvericiliyin icrası” sözləri çıxarılsın;

14.3. səkkizinci abzasda “dini təşkilatların” sözləri “dini qurumların bu Qanunun tələbləri nəzərə alınmaqla,” sözləri ilə əvəz edilsin;

14.4. yeddinci və onuncu abzaslar aşağıdakı redaksiyada verilsin:

“dini mərkəzlərdən (idarələrdən) və dini icmalardan qanunda nəzərdə tutulmuş məlumatlar, maliyyə hesabatları alır;”;

“dini ibadət yerlərinin və ziyarətgahların tikintisinə və yenidən qurulmasına müvafiq dini mərkəzin (idarənin) təklifini nəzərə almaqla rəy verir;”;

14.5. doqquzuncu abzasda “müvafiq mütəxəssislərini” sözləri “mütəxəssisləri” sözü ilə əvəz edilsin.

15. 30-cu maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 30. Bu Qanunun pozulmasına görə məsuliyyət

Bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 may 2021-ci il

16 İyun 2021, 20:06

http://www.azertag.az

10071—10080 / 10511

1 May 2014, 09:05

Bakı Xoreoqrafiya Akademiyasının yaradılması haqqında   ətraflı...

1 May 2014, 09:05

İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında   ətraflı...

1 May 2014, 09:05

1941-1945-ci illər Böyük Vətən müharibəsi əlillərinin və onlara bərabər tutulan şəxslərin xüsusi avtonəqliyyatla təmin edilməsi sahəsindəəlavə tədbirlər haqqında   ətraflı...

1 May 2014, 09:05

1941-1945-ci illər Böyük Vətən müharibəsində iştirak etmiş bəzi kateqoriyalardan olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında   ətraflı...

1 May 2014, 09:05

1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi barədə   ətraflı...

1 May 2014, 09:05

“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 18 aprel tarixli 941-IVQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...

1 May 2014, 09:05

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi barədə   ətraflı...

1 May 2014, 09:05

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 18 aprel tarixli 940-IVQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...

1 May 2014, 09:05

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə   ətraflı...

30 Aprel 2014, 09:04

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 18 aprel tarixli 942-IVQD nömrəli Qanununun tətbiqi barədə   ətraflı...