Rəqəmsal transformasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Müasir dövrdə telekommunikasiya texnologiyaları cəmiyyətin bütün sahələrinə ciddi nüfuz edərək, inkişaf üçün geniş imkanlar yaratmışdır. Qabaqcıl təcrübələrdə keyfiyyətli, təhlükəsiz və səmərəli rəqəmsal transformasiya, eləcə də bu sahədə resurslardan effektiv istifadə innovasiyaların inkişafında hərəkətverici qüvvə hesab olunur. Ölkələr rəqəmsal xidmətlərin genişləndirilməsi və elektron hökumətin inkişafı vasitəsilə səmərəliliyin və şəffaflığın artırılmasına nail olmuşlar.

İqtisadiyyatın və cəmiyyətin rəqəmsal transformasiyası son illərdə Azərbaycan Respublikasının qarşısında duran prioritet məsələlərdən birinə çevrilmişdir. Ölkədə rəqəmsallaşma, informasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsində yeni infrastruktur quruculuğu, müasir texnologiyaların tətbiqi və modernizasiyası sahəsində mühüm işlər görülmüşdür. İqtisadiyyatın və dövlət idarəetməsinin səmərəliliyinin, informasiya təhlükəsizliyinin və vətəndaşların yaşayış səviyyəsinin yüksəldilməsi məqsədilə İKT infrastrukturunun əsasını təşkil edən genişzolaqlı internet şəbəkəsinin inkişafı, “Hökumət buludu” (G-Cloud), “Böyükhəcmli məlumatlar” (Big Data), “Ağıllı şəhər” (Smart City) və “Ağıllı kənd” (Smart Village) kimi rəqəmsal təşəbbüslər həyata keçirilir. Azərbaycanın regionda rəqəmsal mərkəzə çevrilməsi istiqamətində ardıcıl islahatlar aparılır.

Hazırda genişzolaqlı internet şəbəkəsi ölkənin bütün ərazisində tətbiq olunur, o cümlədən özəl sektorun fəaliyyəti üçün səmərəli hesab edilməyən ucqar məntəqələrdə rəqəmsal infrastruktur qurulur, dövlət şirkətləri vasitəsilə müasir xidmətlər təqdim edilir, cəmiyyətdə müvafiq sahədə vərdişlər formalaşdırılır. Dövlət “Böyükhəcmli məlumatların” (Big Data) ölkə üzrə əsas təminatçısı olmaqla yanaşı, mövcud infrastrukturun və məlumatların qorunması üzrə kibertəhlükəsizlik çağırışlarını prioritetləşdirir. Bu sahədə işləyən xidmət operatorları rəqəmsal transformasiya və kibertəhlükəsizlik üçün kritik infrastruktur və məlumat təminatçısı rolunu yerinə yetirirlər.

Təhlillər göstərir ki, hazırkı mərhələdə rəqəmsal xidmət sahələrinin profil üzrə idarə edilməsinin mühüm strateji əhəmiyyəti vardır. Sahəvi rabitə operatorları zəruri infrastruktur və məlumat təminatçısı funksiyasını yerinə yetirərək, rəqəmsal cəmiyyətin, o cümlədən innovasiya nəhənglərinin fəaliyyət göstərdiyi texnologiya bölgələrinin təşəkkülünə mühüm töhfə verir.

Rəqəmsal transformasiya sahəsində həyata keçirilən dövlət siyasəti üzrə idarəetmə, əlaqələndirmə və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, kommersiya fəaliyyəti ilə yanaşı, dövlət və ictimai əhəmiyyət daşıyan funksiyaların effektiv həyata keçirilməsi tələb olunur.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə müasir telekommunikasiya və rəqəmsal arxitektura quruculuğunun idarə olunması, eləcə də müxtəlif sahələrdə rəqəmsal xidmətlər və həllər üzrə platformanın inkişaf etdirilməsi sahəsində işlərin effektiv əlaqələndirilməsi məqsədilə qərara alıram:

1. Rəqəmsal transformasiya sahəsində fəaliyyətin təşkili, əlaqələndirilməsi və həyata keçirilməsi Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə həvalə edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikasında rəqəmsal transformasiya konsepsiyasının layihəsini dörd ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi:

3.1. tabeliyindəki “Aztelekom” MMC-nin, “Bakı Telefon Rabitəsi” MMC-nin, “Azerbaijan International Telecom” (AzInTelecom)” MMC-nin və “Azərpoçt” MMC-nin fəaliyyətinin ölkənin rəqəmsal transformasiya siyasətinə uyğun olaraq təşkilinə, informasiya-telekommunikasiya şəbəkəsindən dayanıqlı və təhlükəsiz istifadənin təmin edilməsinə, habelə mütərəqqi korporativ idarəetmə prinsiplərinin tətbiqinə və dövlət-özəl sektor tərəfdaşlığının inkişafına dair təkliflərini dörd ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 aprel 2021-ci il

27 Aprel 2021, 19:04

http://www.azertag.az

2191—2200 / 10511

18 Mart 2020, 07:03

“Dəniz limanları haqqında” Azərbaycan Respublikasının 2014-cü il 18 aprel tarixli 945-IVQ nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 20 aprel tarixli 395 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 14 may tarixli 161 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

17 Mart 2020, 08:03

Cəlilabad rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

17 Mart 2020, 08:03

Xüsusi dövlət mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

17 Mart 2020, 08:03

B.H.Eyyubovun Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

17 Mart 2020, 08:03

Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 29 dekabr tarixli 51 nömrəli Fərmanı ilə təsdiq edilmiş “20 Yanvar şəhidi” fəxri adı haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

17 Mart 2020, 08:03

“Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 22 iyun tarixli 103 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

17 Mart 2020, 08:03

“Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair 2020–2024-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

13 Mart 2020, 08:03

Ağdaş və Göyçay rayonlarında yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

13 Mart 2020, 08:03

G.Q.İsmayılzadənin Azərbaycan Respublikasının Yaponiyada fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

13 Mart 2020, 08:03

E.H.Axundovanın Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...