Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində “Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzi”nin yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 iyun tarixli 2947 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində “Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzi”ni (bundan sonra – Mərkəz) on beş gün müddətində yaratsın və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
2. Müəyyən edilsin ki, Mərkəz elm və sənaye arasında bağlantı, qarşılıqlı sifariş və təklif münasibətlərinin yaradılmasını, ixtiraçılıq fəaliyyətinin keyfiyyətcə artması və tətbiqi xarakter daşıması üçün texnologiyaların transferini və əqli fəaliyyət nəticələrinin kommersiyalaşdırılmasını həyata keçirən, innovativ inkişafın, o cümlədən startap layihələrin dəstəklənməsinə xidmət edən, elmi tədqiqatların nəticələrinin kommersiya və qeyri-kommersiya məqsədilə istifadəsi üçün transferinə, həmçinin bu nəticələrdən gəlir əldə etməyə yönəldilən, müştərilərə texnologiyaların və layihələrin hədəf bazarlarına çıxarılması xidmətlərinin göstərilməsində, bu sahədə fəaliyyətin əlaqələndirilməsində iştirak edən publik hüquqi şəxsdir.
3. Mərkəzin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:
3.1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:
3.1.1. Mərkəzin nizamnaməsinin və nizamnamə fondunun miqdarının Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla təsdiq edilməsi, onların dəyişdirilməsi;
3.1.2. Mərkəzin idarəetmə orqanlarının yaradılması;
3.1.3. Mərkəzin strukturunun təsdiq edilməsi;
3.1.4. Mərkəzin Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla yenidən təşkili və ləğv edilməsi;
3.2. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə:
3.2.1. bu Fərmanın 3.1-ci bəndində qeyd edilənlər istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bir ay müddətində:
4.1. Mərkəzin strukturunu və Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla nizamnaməsini təsdiq etsin;
4.2. fəaliyyətinin təmin edilməsi məqsədilə Mərkəzin maddi-texniki təminatı məsələlərinin həlli üçün tədbirlər görsün;
4.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
5. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi bu Fərmandan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 aprel 2021-ci il.
6 Aprel 2021, 20:041 Aprel 2014, 16:04
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 28 sentyabr tarixli 156 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydaları"nda dəyişikliklər edilməsi barədə ətraflı...
1 Aprel 2014, 16:04
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş "Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları"nda dəyişikliklər edilməsi barədə ətraflı...
1 Aprel 2014, 16:04
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları"nda dəyişiklik edilməsi barədə ətraflı...
1 Aprel 2014, 16:04
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş "İnzibati orqanların Təsnifatı"nda dəyişiklik edilməsi barədə ətraflı...
1 Aprel 2014, 16:04
"Ekoloji təmiz kənd təsərrüfatı haqqında" Azərbaycan Respublikasının Qanunu ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 8 yanvar tarixli 5 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında ətraflı...
1 Aprel 2014, 09:04
Gədəbəy rayonunun Qarıkənd-Miskinli-Çalburun və Qızıltorpaq-Ağbaşlar avtomobil yollarının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında ətraflı...
31 Mart 2014, 09:03
Quba rayonunun Quba-Küpçal-Küsnət avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında ətraflı...
27 Mart 2014, 10:03
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarına ali hərbi rütbələrin verilməsi haqqında ətraflı...
28 Mart 2014, 09:03
Saatlı rayonunun Sımada-Qarayevkənd avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında ətraflı...
27 Mart 2014, 10:03
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında ətraflı...