İşğaldan azad edilmiş ərazilərdə yeni hərbi prokurorluqların yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, işğaldan azad edilmiş ərazilərdə hərbi prokurorluq orqanlarının fəaliyyətinin daha səmərəli təşkilini təmin etmək məqsədilə qərara alıram:

1. Aşağıdakı hərbi prokurorluqlar yaradılsın:

1.1. Qubadlı Hərbi Prokurorluğu;

1.2. Kəlbəcər Hərbi Prokurorluğu;

1.3. Qarabağ Hərbi Prokurorluğunun əsasında Ağdam Hərbi Prokurorluğu.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Qubadlı Hərbi Prokurorluğu, Kəlbəcər Hərbi Prokurorluğu və Ağdam Hərbi Prokurorluğunun yaradılması ilə əlaqədar həmin qurumların müvafiq olaraq Qubadlı, Kəlbəcər və Ağdam şəhərlərində bina, avadanlıq, rabitə, nəqliyyat vasitələri ilə və digər təşkilati-texniki vasitələrlə təmin edilməsi məqsədilə tədbirlər görsün;

2.2. bu Sərəncamın 1.1-ci və 1.2-ci bəndlərində nəzərdə tutulmuş hərbi prokurorluqların yaradılması ilə əlaqədar Azərbaycan Respublikasının prokurorluq işçilərinin və prokurorluq orqanlarına işə götürülən digər işçilərin ştat sayı həddinin artırılmasına dair təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.3. Füzuli Hərbi Prokurorluğunun Füzuli şəhərində fəaliyyətinin təşkili üçün onun bina, avadanlıq, rabitə və digər təşkilati-texniki vasitələrlə təmin edilməsi məqsədilə tədbirlər görsün;

2.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 aprel 2021-ci il.

1 Aprel 2021, 20:04

http://www.azertag.az

10511—10511 / 10511

24 Dekabr 2012, 21:12

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası   ətraflı...