Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin əsasında publik hüquqi şəxs statuslu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi yaradılsın.
2. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (bundan sonra – Agentlik) Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin hüquqi varisidir, onun hüquq və öhdəlikləri, habelə əmlakı Agentliyə keçir.
3. Müəyyən edilsin ki:
3.1. Agentlik Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin minalardan, partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi, həmçinin onların müvəqqəti saxlanılması, daşınması, zərərsizləşdirilməsi sahəsində fəaliyyət göstərən, habelə bu sahədə digər zəruri işlərin təşkilini, fəaliyyətin planlaşdırılmasını, əlaqələndirilməsini və idarə edilməsini həyata keçirən publik hüquqi şəxsdir;
3.2. Agentliyin fəaliyyətinə rəhbərliyi həyata keçirmək üçün 3 (üç) üzvdən – sədr və onun 2 (iki) müavinindən ibarət İdarə Heyəti yaradılır.
4. Agentliyin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:
4.1. Azərbaycan Respublikasının Prezidentinə:
4.1.1. Agentliyin nizamnaməsinin təsdiq olunması və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;
4.1.2. Agentliyin idarəetmə orqanlarının yaradılması;
4.1.3. Agentliyin İdarə Heyəti sədrinin və onun müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;
4.1.4. Agentliyin yenidən təşkili və ləğvi;
4.2. Agentliyə:
4.2.1. “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.
5. Agentliyin fəaliyyətinin təşkili və təmin edilməsi xərcləri dövlət büdcəsinin vəsaiti və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.
6. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Agentliyin nizamnaməsinin layihəsini 15 gün müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
7. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
7.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
7.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
7.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
7.4. Agentliyin dövlət qeydiyyatına alınması üçün onun nizamnaməsi təsdiq edildikdən sonra 3 (üç) gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tədbirlər görsün;
7.5. dövlət qeydiyyatına alındığı gündən Agentliyin inzibati bina ilə təmin olunması və maddi-texniki təminatı məsələlərinin həlli üçün bir ay müddətində tədbirlər görüb Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
7.6. Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentliyin ləğv edilməsi ilə bağlı müvafiq tədbirlər görsün;
7.7. Agentlik dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentliyin və Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin balansındakı əmlakın Agentliyin balansına verilməsini təmin etsin;
7.8. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
8. Agentlik “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik və Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentlik öz fəaliyyətini davam etdirsin.
9. Agentlik:
9.1. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin işçilərinin Agentlikdə müvafiq vəzifəyə təyin olunması üçün tədbirlər görsün və nəticəsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin;
9.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
10. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:
10.1. bu Fərmanın 5-ci hissəsinə uyğun olaraq maliyyələşməni təmin etsin;
10.2. Agentliyin saxlanılması və fəaliyyəti üçün tələb olunan vəsaiti hər il üçün dövlət büdcəsinin layihəsində nəzərdə tutsun.
11. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 yanvar 2021-ci il.
15 Yanvar 2021, 20:011 Avqust 2017, 09:08
Azərbaycanın kino xadimlərinə fəxri adların verilməsi haqqında ətraflı...
1 Avqust 2017, 09:08
Azərbaycanın kino xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında ətraflı...
1 Avqust 2017, 09:08
Müslüm Maqomayevin 75 illik yubileyinin keçirilməsi haqqında ətraflı...
1 Avqust 2017, 09:08
X.İ.Şıxsəidovun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
1 Avqust 2017, 09:08
Ç.A.Qənizadənin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
31 İyul 2017, 10:07
“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 27.3-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin I hissəsinə, 29-cu maddəsinin I, II və III hissələrinə, 149-cu maddəsinin I və III hissələrinə uyğunluğunun yoxlanılmasına dair ətraflı...
31 İyul 2017, 10:07
Ucar rayonunun Ucar-Gəraybəyli-Rəstəcə avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında ətraflı...
31 İyul 2017, 09:07
Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə ətraflı...
31 İyul 2017, 09:07
Mərkəzi Seçki Komissiyasının 21 iyul 2017-ci il tarixli iclas protokolunun təsdiq edilməsi barədə ətraflı...
27 İyul 2017, 09:07
Bərdə rayonunun Yeni Daşkənd-Umudalılar avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında ətraflı...