Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Ötən əsrin 90-cı illərində Azərbaycan Respublikasında dövlət müstəqilliyi bərpa edildikdən sonra müasir medianın formalaşması və inkişafı üçün geniş imkanlar yaranmışdır. Həyata keçirilmiş köklü islahatlar nəticəsində ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran digər süni maneələr aradan qaldırılmış, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası formalaşdırılmış, redaksiyaların davamlı inkişafı, onların iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin sərbəst fəaliyyətinin təmin edilməsi məqsədilə ardıcıl tədbirlər görülmüşdür.
Ötən dövr ərzində Azərbaycan mediası özünəməxsus inkişaf yolu keçmiş, ölkəmizdə və dünyada baş verən hadisələrlə bağlı cəmiyyətin məlumatlandırılması, xalqımızın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü fəaliyyət göstərmişdir. Bununla yanaşı, Azərbaycanda cəmiyyət həyatının hər bir sahəsini əhatə edən köklü islahatların həyata keçirildiyi, habelə bütün dünyanı əhatə edən vahid informasiya məkanında yeniliklərin intensiv xarakter aldığı, kommunikasiya vasitələrinin sürətlə inkişaf etdiyi, mütərəqqi texnologiyaların, iş metodlarının tətbiq olunduğu müasir dövrdə media sahəsində keyfiyyət dəyişikliklərinə ehtiyac vardır.
Qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə uyğun olaraq modernləşmə, rasionallıq, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi və digər mühüm şərtləri özündə birləşdirən innovativ təkamülün yaratdığı imkanlardan Azərbaycan mediasının daha çox bəhrələnməsi, onun şəffaflıq və vətəndaş məmnunluğu prinsiplərinə əsaslanan, cəmiyyətin obyektiv və peşəkar şəkildə məlumatlandırılmasına xidmət edən fəaliyyətinin stimullaşdırılması üçün bu sahədə əsaslı islahatlar aparılmasına zərurət yaranmışdır.
Azərbaycan Respublikasında medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılsın.
2. “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).
3. Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (bundan sonra – Agentlik) Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun hüquqi varisidir, onun hüquq və öhdəlikləri, habelə əmlakı Agentliyə keçir.
4. Agentliyin nizamnamə fondu 285 405 (iki yüz səksən beş min dörd yüz beş) manat təşkil edir və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır.
5. Müəyyən edilsin ki:
5.1. Agentliyin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi sədr və 6 (altı) üzvdən ibarət Müşahidə Şurası həyata keçirir;
5.2. Agentliyin fəaliyyətinə cari rəhbərliyi Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi İcraçı direktor həyata keçirir;
5.3. Agentliyin saxlanma xərcləri və fəaliyyəti dövlət büdcəsi və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşir.
6. Agentliyin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:
6.1. Azərbaycan Respublikasının Prezidentinə:
6.1.1. Agentliyin nizamnaməsinin təsdiqi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;
6.1.2. Agentliyin idarəetmə orqanlarının yaradılması, idarəetmə orqanlarının rəhbərlərinin (üzvlərinin) vəzifəyə təyin və vəzifədən azad edilməsi;
6.1.3. Agentliyin ləğvi və yenidən təşkili;
6.1.4. nizamnaməsində nəzərdə tutulmayan məqsədlər üçün Agentliyin mənfəətinin dövlət büdcəsinə köçürülməsi barədə qərar qəbul edilməsi;
6.1.5. Agentliyin işçilərinin say həddinin və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğinin təsdiqi;
6.1.6. Agentliyin təsərrüfat cəmiyyətlərinin yaradılmasına və ya onlarda iştirak etməyə, idarə, filial və nümayəndəliklərin yaradılmasına razılıq verilməsi;
6.2. Agentliyə:
6.2.1. bu Fərmanın 6.1-ci bəndində qeyd edilənlər istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.
7. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası:
7.1. “Media haqqında” Azərbaycan Respublikası qanununun layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
7.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
8. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
8.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
8.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
8.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
8.4. dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində Agentliyin inzibati bina ilə təmin edilməsi və maddi-texniki təminatı məsələlərini həll etsin;
8.5. Agentlik “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun balansındakı əmlakın Agentliyin balansına verilməsini təmin etsin;
8.6. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
9. Agentlik:
9.1. Agentliyin işçilərinin say həddi və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləği barədə təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
9.2. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun işçilərinin Agentlikdə müvafiq vəzifələrə təyin olunmaları ilə bağlı tədbirlər görsün və nəticəsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin;
9.3. Agentliyin dövlət qeydiyyatına alınması üçün bu Fərman qüvvəyə mindiyi tarixdən 3 (üç) gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müraciət etsin;
9.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
10. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:
10.1. bu Fərmanın 4-cü hissəsində və 5.3-cü bəndində nəzərdə tutulan maliyyələşməni təmin etsin;
10.2. Agentliyin saxlanılması və fəaliyyəti üçün tələb olunan vəsaiti hər il üçün dövlət büdcəsinin layihəsində nəzərdə tutsun.
11. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 yanvar 2021-ci il.
12 Yanvar 2021, 20:0129 Mart 2023, 14:03
Ağsu rayonunun Ağsu–Kürdəmir–Bəhrəmtəpə (19 km)–Ərəbmehdibəy–Dədəli–Qasımbəyli–Xəlilli–Mustafalı–Göydəlləkli–Təklə–Dəlilər–Qaraqoyunlu–Kəndoba avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
28 Mart 2023, 14:03
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
27 Mart 2023, 16:03
Xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə ətraflı...
17 Mart 2023, 15:03
E.N.Məmmədovun Naxçıvan Muxtar Respublikası Ordubad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
17 Mart 2023, 15:03
Peşə təhsili müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
17 Mart 2023, 15:03
R.M.Məmmədovun 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
17 Mart 2023, 15:03
“Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Serbiya Respublikasının Tikinti, Nəqliyyat və İnfrastruktur Nazirliyi arasında “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair (DHDNÇ) 1978-ci il tarixli Beynəlxalq Konvensiya”nın (əlavələrlə) I/10-cu qaydasına əsasən sertifikatların (diplomların) tanınması haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...
17 Mart 2023, 15:03
“Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyi arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...
17 Mart 2023, 15:03
“Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...
15 Mart 2023, 15:03
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...