“Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 dekabr 2020-ci il.

 

Azərbaycan Respublikası Prezidentinin

2020-ci il 22 dekabr tarixli Fərmanı ilə

təsdiq edilmişdir

Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsi haqqında

Əsasnamə

1. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsi (bundan sonra – İşlər İdarəsi) “Azərbaycan Respublikasının Nazirlər Kabinetində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 aprel tarixli 1005 nömrəli Fərmanı ilə yaradılmışdır.

1.2. İşlər İdarəsi öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydasını, habelə bu Əsasnaməni rəhbər tutur.

1.3. İşlər İdarəsi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı (bundan sonra – Nazirlər Kabinetinin Aparatı), habelə dövlət və yerli özünüidarəetmə orqanları, dövlətə məxsus olan hüquqi şəxslər (bundan sonra – dövlətin hüquqi şəxsləri) və qeyri-hökumət təşkilatları ilə, eləcə də digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.4. İşlər İdarəsinin müstəqil balansı, istifadəsində olan dövlət əmlakı, xəzinə və bank hesabları, üzərində Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri və öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır.

1.5. İşlər İdarəsinin saxlanılması xərcləri və fəaliyyəti Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti və qanunla nəzərdə tutulmuş digər mənbələr hesabına maliyyələşdirilir.

2. İşlər İdarəsinin fəaliyyət istiqaməti

İşlər İdarəsinin fəaliyyət istiqaməti Nazirlər Kabineti Aparatının və İşlər İdarəsinin maliyyə, təsərrüfat, təşkilati, nəqliyyat və maddi-texniki təminat məsələlərini həll etməkdən ibarətdir.

3. İşlər İdarəsinin vəzifələri

3.0. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətinə uyğun olaraq İşlər İdarəsinin vəzifələri aşağıdakılardır:

3.0.1. Nazirlər Kabineti Aparatının və İşlər İdarəsinin fəaliyyəti üçün zəruri şəraitin yaradılması, onların maliyyə, inventar, dəftərxana ləvazimatları, rabitə, nəqliyyat, kommunal və digər maddi-texniki təminatı ilə bağlı tədbirləri həyata keçirmək;

3.0.2. fəaliyyəti ilə bağlı bank və xəzinə əməliyyatlarının həyata keçirilməsi üçün zəruri tədbirlər görmək;

3.0.3. İşlər İdarəsinin saxlanılması və fəaliyyətinin təmin edilməsi məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitdən və qanunla nəzərdə tutulmuş digər mənbələrdən daxil olan vəsaitdən təyinatı üzrə səmərəli istifadəni təmin etmək;

3.0.4. Nazirlər Kabineti Aparatının və İşlər İdarəsinin əsaslı tikinti və təmir ehtiyaclarını təmin etmək, onların istifadəsində olan dövlət əmlakının, o cümlədən binaların, avadanlıq və qurğuların, habelə İşlər İdarəsinin avtomobil parkının səmərəli istismar edilməsi və mühafizəsini təşkil etmək;

3.0.5. Nazirlər Kabineti Aparatının və İşlər İdarəsinin inzibati binalarının yanğından mühafizəsi və həmin binalarda sanitar-gigiyenik normalara riayət olunması ilə bağlı tədbirlər görmək;

3.0.6. Nazirlər Kabineti Aparatında və İşlər İdarəsində mühasibat uçotunu müəyyən olunmuş mühasibat uçotu standartlarına və uçot qaydalarına uyğun aparmaq;

3.0.7. Nazirlər Kabinetinin fəaliyyəti ilə bağlı keçirilən iclasların və digər tədbirlərin texniki təminatı ilə bağlı tədbirlər görmək;

3.0.8. Nazirlər Kabineti Aparatının və İşlər İdarəsinin istifadəsində olan əmlakın inventarizasiyasının aparılmasını və qiymətləndirilməsini təmin etmək və nəticəsi barədə Azərbaycan Respublikasının Baş nazirinə (bundan sonra – Baş nazir) məlumat vermək;

3.0.9. İşlər İdarəsinin fəaliyyətinə dair hesabatları hazırlamaq və Baş nazirə təqdim etmək;

3.0.10. Baş nazirin və onun müavinlərinin tapşırıqlarının icrasını aidiyyəti üzrə təşkil etmək;

3.0.11. İşlər İdarəsinin əməkdaşlarının əlavə təhsili və peşəkarlığının yüksəldilməsi üçün tədbirlər görmək;

3.0.12. İşlər İdarəsində kargüzarlıq və arxiv işinin aparılmasını təşkil etmək;

3.0.13. fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;

3.0.14. bu Əsasnamə və Azərbaycan Respublikası Prezidentinin başqa aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

4. İşlər İdarəsinin hüquqları

4.0. İşlər İdarəsinin öz vəzifələrini həyata keçirmək üçün aşağıdakı hüquqları vardır:

4.0.1. fəaliyyət istiqamətinə uyğun olaraq, dövlət və yerli özünüidarəetmə orqanları, dövlətin hüquqi şəxsləri və qeyri-hökumət təşkilatları ilə, habelə digər hüquqi və fiziki şəxslərlə əməkdaşlıq etmək;

4.0.2. Baş nazirin razılığı ilə fəaliyyət istiqamətinə uyğun olaraq müqavilələr bağlamaq və onların yerinə yetirilməsini təmin etmək;

4.0.3. fəaliyyət istiqaməti üzrə təkliflər, arayışlar hazırlamaq, onları Baş nazirə və ya onun müavinlərinə təqdim etmək;

4.0.4. fəaliyyət istiqaməti üzrə müvafiq hüquqi aktların layihələrinin hazırlanmasında iştirak etmək;

4.0.5. mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, dövlətin hüquqi şəxslərinə, yerli özünüidarəetmə orqanlarına, habelə fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə yazılı və ya şifahi sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

4.0.6. İşlər İdarəsinin əməkdaşlarının maddi təminatının, əmək və sosial-məişət şəraitinin yaxşılaşdırılması barədə Baş nazirə təkliflər vermək;

4.0.7. bu Əsasnamə və Azərbaycan Respublikası Prezidentinin başqa aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

5. İşlər İdarəsinin fəaliyyətinin təşkili

5.1. İşlər İdarəsi bilavasitə Baş nazirə tabedir.

5.2. İşlər İdarəsinin strukturunu Azərbaycan Respublikasının Prezidenti müəyyən edir.

5.3. İşlər İdarəsinin işçilərinin say həddini Baş nazir təsdiq edir.

5.4. İşlər İdarəsinə ümumi rəhbərliyi Nazirlər Kabinetinin İşlər müdiri (bundan sonra – İşlər müdiri) həyata keçirir.

5.5. İşlər müdiri Baş nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir. İşlər müdiri Baş nazirə tabedir.

5.6. İşlər İdarəsinin inzibati vəzifə tutan işçilərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, habelə dövlət qulluğu haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinə aid edilmiş hallar istisna olmaqla, işçilərə müvafiq ixtisas dərəcələrinin verilməsi Baş nazir tərəfindən həyata keçirilir.

5.7. İşlər müdiri bu Əsasnamə ilə İşlər İdarəsinə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsinə və hüquqların həyata keçirilməsinə görə şəxsən məsuliyyət daşıyır.

5.8. İşlər müdirinin Baş nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən iki müavini vardır. İşlər müdirinin müavinləri İşlər müdiri tərəfindən onlara həvalə olunmuş vəzifələri yerinə yetirir və buna görə şəxsən məsuliyyət daşıyırlar.

5.9. İşlər müdiri:

5.9.1. İşlər İdarəsinin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir, habelə İşlər müdirinin müavinlərinin, İşlər İdarəsinin struktur bölmələrinin rəhbərlərinin işini əlaqələndirir, onlara müvafiq tapşırıqlar verir;

5.9.2. İşlər İdarəsinin struktur bölmələrinin fəaliyyət istiqamətlərinə dair təklifləri təsdiq olunmaq üçün Baş nazirə təqdim edir;

5.9.3. İşlər İdarəsinin strukturu və işçilərinin say həddi barədə Baş nazirə təkliflər verir;

5.9.4. İşlər İdarəsinin müəyyən edilmiş strukturu və işçilərinin say həddi daxilində İşlər İdarəsinin struktur bölmələrinin daxili strukturunu və ştat cədvəlini təsdiq olunmaq üçün Baş nazirə təqdim edir, ayrılmış büdcə təxsisatı daxilində xərclər smetasını təsdiq edir;

5.9.5. İşlər İdarəsini təmsil edir;

5.9.6. Baş nazirin və onun müavinlərinin tapşırıqlarının icrasını təmin edir;

5.9.7. Nazirlər Kabinetinin aktlarının icrasını fəaliyyət istiqamətinə uyğun olaraq təmin edir;

5.9.8. İşlər İdarəsində Baş nazirin vəzifəyə təyin etdiyi şəxslərin həvəsləndirilməsi və onların intizam tənbehi barədə Baş nazirə təkliflər verir;

5.9.9. İşlər İdarəsinin fəaliyyətinə dair əmr və sərəncam formasında qeyri-normativ hüquqi aktlar qəbul edir, onların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;

5.9.10. bu Əsasnamənin 5.9.8-ci yarımbəndi nəzərə alınmaqla, İşlər İdarəsinin işçiləri barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür, habelə işçilərin məzuniyyətləri, ezamiyyətləri və xidməti fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı məsələləri həll edir, İşlər İdarəsinin struktur bölmələrinin yardımçı vəzifə tutan işçilərini işə qəbul və işdən azad edir;

5.9.11. “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, İşlər İdarəsinin məxfiləşdirilməli məlumatlarının siyahısını təsdiq edir, dövlət sirrinin mühafizəsinin təmin olunmasına nəzarət edir;

5.9.12. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, İşlər İdarəsində informasiyanın əldə olunmasına məhdudiyyət qoymaq yolu ilə onu xidməti istifadə üçün nəzərdə tutulmuş hesab edir;

5.9.13. bu Əsasnamə ilə, Baş nazirin və onun müavinlərinin tapşırığı ilə müəyyən edilən digər səlahiyyətləri həyata keçirir.

5.10. İşlər müdiri öz vəzifələrini yerinə yetirə bilmədikdə, ezamiyyətdə və ya məzuniyyətdə olduqda, onun səlahiyyətlərini İşlər müdiri tərəfindən müəyyən edilən müavini icra edir.

22 Dekabr 2020, 20:12

http://www.azertag.az

3061—3070 / 10511

16 Yanvar 2019, 08:01

G.Q.İsmayılzadənin Azərbaycan Respublikasının Yaponiyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

16 Yanvar 2019, 08:01

Konsulluq xidmətlərinin göstərilməsində şəffaflığın artırılması məqsədilə “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

16 Yanvar 2019, 08:01

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

15 Yanvar 2019, 08:01

Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

15 Yanvar 2019, 08:01

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

15 Yanvar 2019, 08:01

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

15 Yanvar 2019, 08:01

“Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 27 oktyabr tarixli 661 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

14 Yanvar 2019, 08:01

Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

14 Yanvar 2019, 08:01

Naxçıvan Muxtar Respublikasının bir sıra birinci instansiya məhkəmələri hakimlərinin və sədrlərinin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

14 Yanvar 2019, 08:01

“Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...