Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
XX əsrin 80-ci illərinin sonları-90-cı illərinin əvvəllərində Ermənistan Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları ilə çıxış etmiş və ölkəmizə qarşı hərbi təcavüzə başlamışdır. Həmin dövrdə Azərbaycanda hökm sürən hərc-mərclikdən istifadə edən Ermənistan torpaqlarımızın 20%-ni işğal etmiş, Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı öz doğma yurd-yuvasından didərgin düşmüşdür.
Azərbaycana qarşı hərbi təcavüzün nəticələrinin aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin həyata keçirilməsi üzrə 30 ilə yaxın davam edən danışıqlar prosesi Ermənistanın destruktiv mövqeyinə görə nəticə verməmişdir.
2019-cu ildən etibarən isə Ermənistan hərbi-siyasi rəhbərliyinin bir-birinin ardınca verdiyi təxribatçı bəyanatlar və atdığı addımlar danışıqlar prosesini məqsədyönlü şəkildə tamamilə pozmuşdur. Bununla Ermənistan bir daha özünün əsl məqsədinin mövcud status-kvonu möhkəmləndirməkdən və Azərbaycan ərazilərini ilhaq etməkdən ibarət olduğunu nümayiş etdirmişdir.
Ermənistanın qəbul etdiyi təcavüzkar və hücum xarakterli milli təhlükəsizlik strategiyası və hərbi doktrina, işğal edilmiş ərazilərdə qeyri-qanuni məskunlaşdırma siyasətini genişləndirməsi, “yeni ərazilər uğrunda yeni müharibə” çağırışı, mülki şəxslərdən ibarət “könüllü dəstələri” yaratmaq qərarı, 2020-ci il iyulun 12-də Ermənistan – Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində təxribat törətməsi, eyni zamanda bütövlükdə qoşunların təmas xəttində gərginliyi artırması, cəbhə xəttinə yaxın ərazilərdə qoşunlarını cəmləşdirməsi, böyük həcmdə silah-sursat toplaması Ermənistanın genişmiqyaslı hücuma hazırlaşdığını göstərirdi.
Azərbaycan dəfələrlə bəyan etmişdi ki, Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdə qanunsuz mövcudluğu regionda sülh və təhlükəsizlik üçün əsas təhdiddir və hər zaman vəziyyətin gərginləşməsinə səbəb ola bilər.
Ermənistanın təxribatına və növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı torpaqlarımızın işğaldan qurtarılması, Ermənistanın sülhə məcbur edilməsi, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərinin yerinə yetirilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və ədalətin bərpası üçün Vətən müharibəsinə başladı. Bu müqəddəs amal uğrunda bütün Azərbaycan xalqı səfərbər və həmrəy oldu.
44 gün sürən hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla ümumilikdə 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etdi.
Rəşadətli Azərbaycan əsgər və zabitləri addım-addım irəliləyərək, Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçdilər, torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına azad edildi.
Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynadı, Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələndi, Ermənistanı Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur etdi.
Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə qərara alıram:
1. Hər il noyabrın 10-u Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 dekabr 2020-ci il.
2 Dekabr 2020, 13:1212 Dekabr 2014, 09:12
2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 11 dekabr 2014-cü il tarixli 18 saylı müraciətə baxılmasına dair ətraflı...
12 Dekabr 2014, 09:12
2014-cü il dekabrın 23-nə təyin edilmiş Azərbaycan Respublikasında keçirilən bələdiyyə seçkilərində “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin “exit-poll” keçirmək üçün qeydə alınması barədə ətraflı...
12 Dekabr 2014, 09:12
Mərkəzi Seçki Komissiyasının 28 noyabr və 6 dekabr 2014-cü il tarixli iclas protokollarının təsdiq edilməsi barədə ətraflı...
12 Dekabr 2014, 09:12
“Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsi”nin təsdiqi və “Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 yanvar tarixli 837 nömrəli Fərmanının ləğvi barədə ətraflı...
11 Dekabr 2014, 09:12
Astara rayonunun Deqadi-Pəlikəş avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında ətraflı...
10 Dekabr 2014, 09:12
Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsi ilə əlaqədar bələdiyyə mülkiyyətində olan torpaqların dövlətin mülkiyyətinə və ya icarəsinə verilməsi ilə bağlı alqı-satqı və ya icarə müqavilələrinin bağlanmasını həyata keçirən orqanın müəyyən edilməsi barədə ətraflı...
10 Dekabr 2014, 09:12
"Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli 120 nömrəli qərarında dəyişikliklər edilməsi barədə ətraflı...
10 Dekabr 2014, 09:12
2015-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında ətraflı...
10 Dekabr 2014, 09:12
"Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın və "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarında dəyişiklik edilməsi barədə ətraflı...
10 Dekabr 2014, 09:12
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 172 nömrəli qərarı ilə təsdiq edilmiş "Mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının hazırladıqları hüquqi aktların layihələrinə dair ictimai dinləmə və ictimai müzakirənin keçirilməsi Qaydası"nda dəyişikliklər edilməsi barədə ətraflı...