Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Ermənistan Respublikası silahlı qüvvələrinin 2020-ci il sentyabrın 27-də törətdiyi növbəti hərbi təxribata cavab olaraq, Azərbaycan Respublikasının Silahlı Qüvvələri əks-hücum əməliyyatlarına başlamış və Azərbaycan Respublikasının bir neçə rayonunu, eləcə də strateji əhəmiyyətli digər ərazilərini işğaldan azad etmişlər. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin işğal olunmuş ərazilərin azad edilməsi istiqamətində uğurlu əməliyyatları davam etməkdədir.

İşğaldan azad olunmuş ərazilərdə müvəqqəti xüsusi idarəetmənin təşkili və “Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 sentyabr tarixli 1166 nömrəli Fərmanından irəli gələn vəzifələrin icrasının təmin olunması məqsədilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində, Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə müvafiq olaraq, hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqlar yaradılsın.

2. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi müvafiq ərazilərin müvəqqəti komendantlarını təyin etsin və müvəqqəti komendantlıqların fəaliyyətini təşkil etsin.

3. Müvəqqəti komendantlıqlar öz fəaliyyətini Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti ilə əlaqələndirsinlər.

4. Müvəqqəti komendantlıqların nəzdində aşağıdakı dövlət orqanlarının (qurumlarının) nümayəndələrinin daxil olduğu əməliyyat qərargahları yaradılsın:

4.1. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti;

4.2. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi;

4.3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi;

4.4. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi;

4.5. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi;

4.6. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi;

4.7. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi;

4.8. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi;

4.9. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik;

4.10. müvafiq yerli icra hakimiyyəti orqanları.

5. Zərurət olduqda, əməliyyat qərargahlarının fəaliyyətinə bu Fərmanın 4-cü hissəsində nəzərdə tutulanlardan başqa, digər dövlət orqanlarının (qurumlarının) nümayəndələri cəlb oluna bilər.

6. Müvəqqəti komendantlıqlar fəaliyyət göstərdikləri ərazilərdə aşağıdakı vəzifələrin yerinə yetirilməsini təşkil etsinlər:

6.1. mühüm əhəmiyyətli obyektlərin, o cümlədən nəqliyyat və telekommunikasiya infrastrukturu obyektlərinin, enerji və su təchizatı sistemlərinin, su anbarlarının, insanlar və ətraf mühit üçün yüksək təhlükə mənbəyi olan xüsusi obyektlərin mühafizəsi;

6.2. ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunması;

6.3. aşkar edilən hərbi texnikanın, silahın, döyüş sursatının, zəhərləyici və partlayıcı maddələrin toplanması, inventarlaşdırılması və mühafizəsi;

6.4. kənd təsərrüfatı texnikası istisna olmaqla, digər mülki təyinatlı texnikanın, nəqliyyat vasitələrinin inventarlaşdırılması, saxlanılması və mühafizəsi;

6.5. aşkar edilmiş sənədlərin uçotunun aparılması və sonrakı təhlil üçün mühafizəsi;

6.6. hərbi vəziyyət rejiminin təmin olunması üçün “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş digər tədbirlərin həyata keçirilməsi.

7. Müvəqqəti komendantlıqlar aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə aşağıdakı vəzifələri yerinə yetirsinlər:

7.1. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik ilə birlikdə minalardan təmizləmə və zərərsizləşdirmə işlərinin aparılması üçün zəruri tədbirlər görülməsi;

7.2. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti ilə birlikdə terrorçuluq, casusluq, təxribat və Azərbaycan Respublikasına qarşı yönəldilmiş digər qanunazidd fəaliyyətin qarşısının alınması;

7.3. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə birlikdə energetika qurğularının, o cümlədən hidrotexniki qurğuların vəziyyətinin ilkin qiymətləndirilməsi, yanğınların, təbii fəlakətlərin və texnogen qəzaların nəticələrinin aradan qaldırılması və zərurət yarandıqda, müvafiq mülki müdafiə tədbirlərinin yerinə yetirilməsi;

7.4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə birlikdə infrastruktur obyektlərinin, torpaq sahələrinin və digər daşınmaz əmlak obyektlərinin ilkin inventarlaşdırılması və mühafizəsi;

7.5. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə kənd təsərrüfatı üçün yararlı torpaqların müəyyənləşdirilməsi, kənd təsərrüfatı texnikası və istehsal vasitələrinin, kənd təsərrüfatı heyvanlarının uçotunun aparılması, saxlanılması və mühafizəsi, fitosanitar və epizootik vəziyyətin ilkin qiymətləndirilməsi;

7.6. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birlikdə zəruri rabitə şəbəkəsinin qurulması;

7.7. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə ətraf mühitin qorunması, topoqrafiya və xəritəçəkmə işlərinin aparılması, təbii sərvətlərdən səmərəli istifadə məqsədilə onların ilkin qiymətləndirilməsi və mühafizəsi;

7.8. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birlikdə tarix və mədəniyyət obyektlərinin (abidələrinin və müəssisələrinin) ilkin inventarlaşdırılması və mühafizəsi.

8. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi işğaldan azad olunmuş ərazilərdə giriş-çıxışın xüsusi rejiminin tətbiqini təmin etsinlər.

9. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti işğaldan azad edilmiş ərazilərdə dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının rabitə ilə təmin olunmasını təşkil etsinlər.

10. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən dövlət orqanlarının (qurumlarının) əməkdaşlarına təxirəsalınmaz tibbi yardım göstərilməsinin və digər səhiyyə xidmətlərinin təşkili məqsədilə zəruri tədbirlər görsünlər.

11. “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi işğaldan azad olunmuş ərazilərdə dövlət orqanlarının (qurumlarının) normal fəaliyyəti üçün müvafiq binaların elektrik enerjisi, su və təbii qaz ilə təminatını həyata keçirsinlər.

12. “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti işğaldan azad olunmuş ərazilərin peyk təsvirlərini, digər geoinformasiya məlumatlarını və müxtəlif məzmunlu təhlilləri müvafiq dövlət orqanlarının (qurumlarının) sorğuları əsasında onlara təqdim etsin.

13. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası müvəqqəti komendantlıqların fəaliyyətinə ümumi nəzarəti həyata keçirsin.

14. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanda nəzərdə tutulan tədbirlərin maliyyələşməsinə dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

15. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 oktyabr 2020-ci il.

29 Oktyabr 2020, 19:10

http://www.azertag.az

8701—8710 / 10511

19 Fevral 2015, 09:02

"Tikinti materiallarının və məmulatının standartlara uyğunluğunun yoxlanılması Qaydaları"nın təsdiq edilməsi barədə   ətraflı...

19 Fevral 2015, 09:02

"Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikası Qanununun 52-2-ci maddəsinin 3-cü hissəsinin ikinci abzasına uyğun olaraq, protokolun formasına və tərtibinə dair tələblər"in təsdiq edilməsi barədə   ətraflı...

19 Fevral 2015, 09:02

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 16 noyabr tarixli 263 nömrəli qərarı ilə təsdiq edilmiş "Siyasi partiyaların maliyyə hesabatlarının forması, məzmunu və təqdim edilmə Qaydası"nda dəyişikliklər edilməsi haqqında   ətraflı...

19 Fevral 2015, 09:02

"Azərbaycan Respublikasında avtomobil yollarının təsnifat göstəriciləri"nin və "Ümumi istifadədə olan avtomobil yollarının adlandırılması, indeksasiyası və qeydiyyata alınması Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 1 iyul tarixli 91 nömrəli qərarında dəyişikliklər edilməsi barədə   ətraflı...

17 Fevral 2015, 09:02

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 16 mart tarixli 43 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin dövlət qeydiyyatı ilə bağlı sazişin hazırlanması üçün danışıqların aparılması və bağlanması Qaydaları"nda dəyişiklik edilməsi barədə   ətraflı...

17 Fevral 2015, 09:02

"Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları", "Dövlət reyestr kitabı", "Qeyri-kommersiya hüquqi şəxslərinin dövlət qeydiyyatı haqqında şəhadətnamə", "Təhsil müəssisələrinin dövlət qeydiyyatı haqqında şəhadətnamə", "Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət reyestrindən çıxarışın forması və çıxarışda göstərilən məlumatların həcmi" və "Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət qeydiyyatına alınması barədə ərizənin forması"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 aprel tarixli 70 nömrəli qərarında dəyişikliklər edilməsi barədə   ətraflı...

17 Fevral 2015, 09:02

"Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası"nın təsdiq edilməsi haqqında   ətraflı...

17 Fevral 2015, 09:02

“Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 2 fevral tarixli 1176-IVQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...

17 Fevral 2015, 09:02

“Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə   ətraflı...

17 Fevral 2015, 09:02

“Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 2 fevral tarixli 1177-IVQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...