"Nəzarət markasının forması, uçotu, istifadəsi və verilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 191

Bakı şəhəri, 9 iyun 2014-cü il

"Nəzarət markasının forması, uçotu, istifadəsi və verilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin "Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının 2012-ci il 22 may tarixli 365-IVQD nömrəli Qanununun tətbiqi barədə" 2012-ci il 6 iyul tarixli 668 nömrəli Fərmanının 1.1.4-cü yarımbəndinin və "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 415-IVQD nömrəli Qanununun tətbiqi haqqında"  2012-ci il 4 sentyabr tarixli 697 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər KabinetiQƏRARA ALIR:

"Nəzarət markasının forması, uçotu, istifadəsi və verilməsi Qaydaları" təsdiq edilsin (əlavə olunur).

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

  

Azərbaycan  Respublikası  Nazirlər Kabinetinin  2014-cü il 9 iyun tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmişdir

Nəzarət markasının forması, uçotu, istifadəsi və verilməsi

QAYDALARI

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar "Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsinə və "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 1-ci hissəsinin üçüncü bəndinə uyğun olaraq hazırlanmışdır və nəzarət markasının formasını, uçotu, istifadəsi və verilməsi qaydalarını müəyyən edir.

1.2. "Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə və "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 1-ci hissəsinin dördüncü bəndinə əsasən Azərbaycan Respublikasının ərazisində hazırlanan (istehsal edilən) və Azərbaycan Respublikasının ərazisinə idxal edilən aşağıdakı mallar, məmulatlar və məlumat materialları (bundan sonra - nəzarət markası ilə markalanmalı olan mallar, məmulatlar və məlumat materialları) nəzarət markası ilə markalanmalıdır:

1.2.1.  dərman vasitələri;

1.2.2. audiovizual əsərin, fonoqramın, kompyuter proqramının, məlumat toplusunun, kitabın nüsxələri;

1.2.3.   dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audio və video materiallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materialları.

1.3. Nəzarət markası dərman vasitələrinə münasibətdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, audiovizual əsərin, fonoqramın, kompyuter proqramının, məlumat toplusunun, kitabın nüsxələrinə münasibətdə Azərbaycan Respublikasının Müəllif  Hüquqları Agentliyi, dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audio və video materiallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materiallarına münasibətdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən verilir.

1.4. Müəlliflik hüququ və əlaqəli hüquqlar obyektləri olan dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların nüsxələrinə ilkin olaraq Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən, daha sonra isə Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyindən alınan nəzarət markası yapışdırılır.

2. Nəzarət markasının forması

2.1. Nəzarət markası ilə markalanmalı olan malların, məmulatların və məlumat materiallarının növünə uyğun olaraq, nəzarət markası bu Qaydaların 1-3 nömrəli əlavələrində göstərilən formada hazırlanır.

2.2. Nəzarət markasının üzərində aşağıdakılar əks olunmalıdır:

2.2.1. "NƏZARƏT MARKASI" sözləri;

2.2.2. nəzarət markasını verən orqanın adı;

2.2.3nəzarət markasının nömrəsini bildirən hərf-rəqəm kodu;

2.2.4. audiovizual əsərin, fonoqramın, kompyuter proqramının, məlumat toplusunun, kitabın nüsxələrinə yapışdırılan nəzarət markasında bu Qaydaların 2.2.1-ci-2.2.3-cü yarımbəndlərində qeyd edilənlərə əlavə olaraq aşağıdakılar da göstərilməlidir:

2.2.4.1. nüsxəyə aid informasiyanı qrafik şəkildə təsvir edən ikiölçülü matriks kod (QR kod);

2.2.4.2. nüsxənin seriyasını bildirən işarə;

2.2.4.3. əsərin, əlaqəli hüquqlar obyektinin adı;

Qeyd. Ümumi təhsil müəssisələrinin (ibtidai, orta və tam orta ümumtəhsil məktəbləri, ümumtəhsil internat məktəbləri, xüsusi məktəblər və xüsusi internat məktəbləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəblər və internat məktəbləri, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müəssisələr, istedadlı şagirdlər üçün məktəblər, gimnaziyalar, liseylər və digər müəssisələr) I-XI sinif şagirdlərinə pulsuz paylanan dərsliklərə, təhsil və elmi tədqiqat müəssisələrinə, dövlət orqanlarına, respublika, rayon (şəhər), qəsəbə və kənd kitabxanalarına, diaspor təşkilatlarına və Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərinə (nümayəndəliklərinə) pulsuz paylanan və nəşri dövlət büdcəsindən maliyyələşdirilən nüsxələrə yapışdırılan nəzarət markalarının üzərində "qeyri-kommersiya" sözlərinin baş hərfləri - QK yazılır.

2.2.5. dərman vasitələrinə yapışdırılan nəzarət markasında bu Qaydaların 2.2.1-ci-2.2.3-cü yarımbəndlərində qeyd edilənlərə əlavə olaraq "DƏRMAN VASİTƏLƏRİ" sözləri yazılır;

2.2.6.  dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audio və video materiallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materiallarına yapışdırılan nəzarət markasında bu Qaydaların 2.2.1-ci-2.2.3-cü yarımbəndlərində qeyd edilənlərə əlavə olaraq "DİNİ TƏYİNATLI" sözləri yazılır.

2.3. Audiovizual əsərin, fonoqramın, kompyuter proqramının, məlumat toplusunun, kitabın nüsxələrinəyapışdırılan nəzarət markasında onun növünü bildirən aşağıdakı xüsusi seriyalar göstərilir:

2.3.1. audiovizual əsərlər üçün - "A";

2.3.2. fonoqramlar üçün - "F";

2.3.3. kompyuter proqramları üçün - "P";

2.3.4. məlumat topluları üçün - "M";

2.3.5. kitablar üçün - "K".

2.4. Audiovizual əsərin, fonoqramın, kompyuter proqramının, məlumat toplusunun, kitabın nüsxələrinə yapışdırılan nəzarət markasının üzərindəki seriyanı bildirən işarələrin və nüsxəyə aid informasiyanı qrafik şəkildə təsvir edən ikiölçülü matriks kodların rəngləri nüsxələrin növündən asılı olaraq aşağıdakı kimi olur:

2.4.1. audiovizual əsər üçün qırmızı;

2.4.2. fonoqram üçün tünd-sarı;

2.4.3. kompyuter proqramı üçün açıq-mavi;

2.4.4. məlumat toplusu üçün bənövşəyi;

2.4.5. kitablar üçün gümüşü.

2.5. Audiovizual əsərin, fonoqramın, kompyuter proqramının, məlumat toplusunun, kitabın nüsxələrinəyapışdırılan nəzarət markasının fərdiləşdirilməsi Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi tərəfindən həyata keçirilir.

2.6. Nəzarət markasının üzərində ornamentlər fonunda Azərbaycan Respublikasının Dövlət gerbinin təsvirindən və holoqrafik müdafiə vasitəsindən istifadə olunur.

3. Nəzarət markasının uçotu

3.1. Nəzarət markasının uçotu nəzarət markasını verən orqanın müəyyən etdiyi məsul şəxs (bundan sonra - məsul şəxs) tərəfindən "Nəzarət markasının uçotu jurnalı"nda (bundan sonra - uçot jurnalı) aparılır. Uçot jurnalı qaytanlanır, nömrələnir, jurnalın sonuncu səhifəsi (qaytanın düyünləndiyi hissə) nəzarət markası verən orqanın rəhbəri və ya onun müavini tərəfindən imzalanır və möhürlə təsdiq edilir.

3.2. Nəzarət markasının faktiki sayının yoxlanılması məqsədi ilə nəzarət markasını verən orqanda hər il yanvarın 10-dan gec olmayaraq, üzvlərinin sayı 3 nəfərdən az olmayan inventarizasiya komissiyası yaradılır. İnventarizasiya komissiyasına nəzarət markasının uçotunu aparan məsul şəxsin daxil edilməsinə yol verilmir.

3.3. Uçotun nəticələrinə dair 2 nüsxədən ibarət inventarizasiya aktı tərtib olunur. İnventarizasiya aktı inventarizasiya komissiyasının üzvləri və məsul şəxs tərəfindən imzalanır.

3.4. Nəzarət markasının uçotu bu Qaydalara və ciddi hesabat blankları üçün müəyyən edilmiş mühasibat uçotunun aparılması qaydalarına uyğun olaraq yerinə yetirilir.

3.5. Nəzarət markasını alan şəxs nəzarət markasından istifadə edənədək və ya zədələnmiş nəzarət markası məhv olanadək, onun düzgün uçotunun aparılmasını təmin etməlidir.

3.6. Nəzarət markası  mühafizə edilən və kənar şəxslərin girişi qadağan olunan yerdə saxlanılır.

3.7. Nəzarət markasını verən orqanın texniki vasitələrdən istifadə etməklə nəzarət markasının elektron variantda uçotunu aparmaq hüququ vardır.

 4. Nəzarət markasının istifadəsi

4.1. Nəzarət markası ilə markalanmalı olan mallara, məmulatlara və məlumat materiallarına birdəfəlik istifadə üçün nəzərdə tutulan nəzarət markası yapışdırılır.

4.2. Nəzarət markası ilə markalanmalı olan mallara, məmulatlara və məlumat materiallarına tətbiq edilən nəzarət markası bu malların satışa çıxarılmasından və ya yayılmasından əvvəl Azərbaycan Respublikasının "Dərman vasitələri haqqında" və "Dini etiqad azadlığı haqqında" qanunlarına əsasən müvafiq məhsulları hazırlamaq (istehsal etmək) və ya onların idxalını həyata keçirmək hüququ olan şəxslər, Azərbaycan Respublikasının "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında", "Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında", "Məlumat toplularının hüquqi qorunması haqqında" və "Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında" qanunlarına uyğun olaraq hüquq sahibləri və hüquqları əldə etmiş fiziki və hüquqi şəxslər tərəfindən yapışdırılır.

 4.3. Azərbaycan Respublikasının ərazisinə idxal edilən nəzarət markası ilə markalanmalı olan mallara, məmulatlara və məlumat materiallarına nəzarət markası gömrük rəsmiləşdirilməsi başa çatdırıldıqdan sonra yapışdırılır.

4.4. Nəzarət markası yapışdırılarkən, onun əzilməsinə yol verilməməli, rekvizitləri və malın üzərindəki məlumatlar (adı, etibarlılıq müddəti, istifadə qaydaları və s.) aydın oxunmalıdır. Nəzarət markası qablaşmanın içindəkilərin sayından asılı olmayaraq, nəzarət markası ilə markalanmalı olan malların, məmulatların və məlumat materiallarının üzərinə bir ədəd olmaqla yapışdırılır.

4.5. Nəzarət markası audiovizual əsər və fonoqram nüsxələrinin üz qabığında yuxarıdan ortada, kompyuter proqramının və məlumat toplusunun nüsxələrinin üz qabığında hüquq sahibinin adının qarşısında, kağız daşıyıcıda olan kitab nüsxəsinin üz qabığının arxa hissəsində aşağıdan ortada, elektron daşıyıcıda olan kitab nüsxəsinin üz qabığında naşirin adından sonra yapışdırılır.

4.6. Nəzarət markasını alan şəxslər onun təyinatı üzrə istifadəsinə görə cavabdehdirlər və nəzarət markasının istifadə edilməsi haqqında ildə iki dəfə 6 (altı) aylıq dövr üçün nəzarət markasını verən orqana hesabat (hesabat dövrü başa çatdığı tarixdən sonra gələn 15 (on beş) gün müddətində) təqdim etməlidirlər. Hesabata aşağıdakı məlumatlar daxil edilir:

4.6.1. nəzarət markasının növü;

4.6.2. alınmış nəzarət markasının hərf-rəqəm kodu və sayı;

4.6.3. istifadə edilmiş nəzarət markasının hərf-rəqəm kodu və sayı;

4.6.4. istifadə edilməmiş, о cümlədən zədələnmiş (istifadəyə yararsız hala düşmüş) nəzarət markasının hərf-rəqəm kodu və sayı (səbəblər göstərilməklə).

4.7. İstifadə edilməmiş və ya zədələnmiş nəzarət markaları (istifadə edilməməsinin və ya zədələnməsinin səbəbləri göstərilməklə) alındığı tarixdən ən geci 3 (üç) ay müddətində ərizə ilə nəzarət markasını verən orqana geri qaytarılmalıdır.

4.8.  Zədələnmiş nəzarət markası geri qaytarılarkən, kağız üzərinə hər vərəqədə 10 (on)  ədəddən çox olmayaraq, aşağıdakı şərtlərə əməl edilməklə yapışdırılmalıdır:

4.8.1. nəzarət markası kağız üzərində hamar və düz yapışdırılmalıdır;

4.8.2. nəzarət markasının hərf-rəqəm kodu dəqiq oxunmalı və mərkəz hissəsi aydın görünməlidir;

4.8.3. nəzarət markasının parçalanmış ayrı-ayrı hissələri birləşdirilməlidir;

4.8.4. geri qaytarılan zədələnmiş hər bir nəzarət markasının (o cümlədən, ayrı-ayrı hissələrdən yığılmış) ümumi sahəsi ilkin sahənin 60 (altmış) faizindən az olmamalıdır.

4.9.  Zədələnmiş və geri qaytarılmış nəzarət markası məhv edilməlidir. Bununla əlaqədar nəzarət markasını verən orqan tərəfindən 5 (beş) nəfərdən ibarət komissiya yaradılır.

4.10. Alınmış nəzarət markasının digər şəxslərə verilməsinə, satılmasına, saxtalaşdırılmasına, təkrar istifadəsinə və təyinatına zidd istifadə olunmasına yol verilmir.

4.11. Bu Qaydaların 5.16-cı bəndinə uyğun olaraq, ödənilmiş məbləğ istifadə edilməmiş və ya zədələnmiş nəzarət markalarına görə nəzarət markasını verən orqan tərəfindən geri qaytarılmır.

4.12. Nəzarət markası ilə markalanmalı olan audiovizual əsərin, fonoqramın, kompyuter proqramının, məlumat toplusunun, kitabın nüsxələrinə, dini təyinatlı ədəbiyyata (kağız və elektron daşıyıcılarına), audio və video materiallara, mal və məmulatlara və dini məzmunlu başqa məlumat materiallarına, həmçinin dərman vasitələrinə aşağıdakı hallarda nəzarət markası yapışdırılmır:

4.12.1.  audiovizual əsərin, fonoqramın, kompyuter proqramının, məlumat toplusunun, kitabın nüsxələri və dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audio və video materiallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materialları üzrə:

4.12.1.1.  beynəlxalq kinofestivallarda və xarici ölkələrin kino günlərində nümayiş üçün Azərbaycan Respublikasına gətirilən və festivaldan sonra geri qaytarılan audiovizual əsərlərin (filmlərin), kompyuter proqramının və məlumat toplusunun nümayiş məqsədi ilə hazırlanmış versiyalarına və ya bir neçə audiovizual əsərin (filmin), fonoqramın həmin nüsxənin reklamı üçün yazılmış və pulsuz paylanan hissələrinə;

4.12.1.2.  jurnallara, məcmuələrə və digər dövri nəşrlərə onların ayrılmaz hissəsi kimi əlavə edilən CD və DVD-yə;

4.12.1.3. şəxsi istifadə üçün hazırlanan (istehsal olunan) və ya bu məqsədlə Azərbaycan Respublikasının ərazisinə gətirilən nüsxələrə;

4.12.1.4.  elmi-praktik konfransların, simpoziumların, iclasların materiallarından ibarət nəşrlərinə, avtoreferatlarına, həmçinin sərgilərdə və bayram tədbirlərində nümayiş etdirilən nüsxələrə;

4.12.2.  dərman vasitələri üzrə:

4.12.2.1. "Dərman vasitələri haqqında" Azərbaycan Respublikası Qanununun 6.5-ci, 9.2-ci, 9.3-cü və 9.4-cü maddələrində göstərilən hallarda, o cümlədən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və digər dövlət qurumlarının sifarişi ilə qeyri-kommersiya məqsədləri üçün hazırlanan (istehsal olunan) və ya idxal edilən dərman vasitələrinə. 

5. Nəzarət markasının verilməsi

5.1. Nəzarət markasının alınması üçün bu Qaydaların 4.2-ci bəndi ilə müəyyən edilən şəxslər bu Qaydaların 4 - 6 nömrəli əlavələrində göstərilən formaya uyğun müvafiq ərizə ilə nəzarət markasını verən orqana müraciət edirlər. Ərizədə aşağıdakı məlumatlar göstərilir:

5.1.1. ərizəçinin müraciət etdiyi orqanın adı;

5.1.2. ərizəçi fiziki şəxs olduqda, onun soyadı, adı, atasının adı və ünvanı, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi haqqında məlumatlar;

5.1.3.  ərizə hüquqi şəxsin adından verildikdə, onun adı, olduğu yer və qeydiyyat nömrəsi;

5.1.4. ərizə şəxsin nümayəndəsi tərəfindən imzalandıqda, nümayəndənin soyadı, adı, atasının adı və ünvanı, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi, habelə vəkalətnamə haqqında məlumatlar;

5.1.5.  nəzarət markası ilə markalanmalı olan malların, məmulatların və məlumat materiallarının növü, sayı və nəzarət markalarının sayı;

5.1.6. tələbin qısa məzmunu;

5.1.7. ərizəyə əlavə edilmiş sənədlərin siyahısı;

5.1.8. ərizəçinin elektron ünvanı (varsa);

5.1.9. ərizə onun tərtib edildiyi tarix göstərilməklə, ərizəçi (və ya nümayəndəsi) tərəfindən imzalanır.

5.2.  Ərizəyə  aşağıdakı sənədlər əlavə edilməlidir:

5.2.1. ərizəçi fiziki şəxs olduqda, onun şəxsiyyətini təsdiq edən sənədin surəti;

5.2.2. ərizəçi fərdi sahibkar olduqda, vergi uçotuna alınması haqqında şəhadətnamənin surəti;

5.2.3.  ərizə hüquqi şəxsin adından verildikdə, hüquqi şəxsin dövlət reyestrindən çıxarışın surəti;

5.2.4. nəzarət markası ilə markalanmalı olan mallar, məmulatlar və məlumat materialları Azərbaycan Respublikasının ərazisinə idxal olunmuşdursa, gömrük orqanları tərəfindən təsdiq edilmiş gömrük bəyannaməsinin surəti.

5.3. Audiovizual əsərin, fonoqramın, kompyuter proqramının, məlumat toplusunun, kitabın nüsxələrinə nəzarət markası alınarkən, bu Qaydaların 5.2.1-ci-5.2.4-cü yarımbəndlərində göstərilən sənədlərdən əlavə aşağıdakı sənədlər də təqdim edilir:

5.3.1. audiovizual əsərin (filmin) filmlərin dövlət reyestrinə daxil edilməsini təsdiq edən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən verilmiş yayım vəsiqəsinin surəti;

5.3.2.  fonoqramın  hazırlandığı (istehsal edildiyi) tarix və yer, fonoqrama daxil edilən musiqili əsərin (mətnli, mətnsiz) adı, müəlliflər, ifaçılar haqqında məlumat;

5.3.3.  kompyuter proqramının adı, istehsalçısı, hazırlandığı (istehsal edildiyi) tarix və yer barədə məlumat;

5.3.4. kitabın adı, müəllifi (müəllifləri), tərtib edilmiş əsərlər üçün tərtibatçı müəllifin soyadı, adı, atasının adı, kitaba daxil edilmiş əsərlərin adları və müəllifləri, kitab tərcümə olunmuşdursa, əsərin orijinalının müəllifi və hansı dildən tərcümə edildiyi barədə məlumat;

5.3.5. müəlliflik hüququ və ya əlaqəli hüquqlar obyektlərinin nüsxələrinin hazırlanmasının (istehsal edilməsinin) qanuniliyini təsdiq edən sənədlərin (hüquqların verilməsi barədə müəllif müqaviləsi, hüquqlar vərəsəlik qaydasında keçdikdə vərəsəlik haqqında şəhadətnamə) surətləri (müəllifdən (və ya hüquq sahibindən) obyektiv səbəblərə görə (müəllifin və ya hüquq sahibinin hərbi xidmətə çağırılması, xəstələnməsi, ölkədə olmaması, o cümlədən uzunmüddətli ezamiyyətə göndərilməsi halları nəzərdə tutulur) icazə almaq mümkün olmadıqda, onun əmlak hüquqlarının kollektiv əsasda idarəçiliyini həyata keçirən təşkilatla bağladığı müqavilənin surəti ərizəyə əlavə olunmalıdır), ərizəçi əsərin müəllifi olduqda, əsərin qeydiyyatı haqqında şəhadətnamənin surəti;

5.3.6. müəlliflik hüququ və ya əlaqəli hüquqlar obyektlərinin nüsxəsinin yazıldığı maddi daşıyıcının növü barədə məlumat;

5.3.7. müəlliflik hüququ və ya əlaqəli hüquqlar obyektlərinin nüsxələrinin nümunəsi ("siqnal nüsxə");

Qeyd. Nüsxələrin nümunəsinin ("siqnal nüsxə"nin) üz qabığında (titul vərəqində) əsərin və ya fonoqram istehsalçısının (naşirin) adı, hüquqi ünvanı, elektron poçt ünvanı (olduğu təqdirdə), əlaqə telefonları, müəlliflərin, ifaçıların, o cümlədən audiovizual əsərdə baş rolların ifaçılarının siyahısı, hüquq sahibləri, nüsxələrin hazırlandığı (istehsal edildiyi) yer (ölkə (şəhər) və tarix, istifadəyə verilən əmlak hüquqları, istifadənin məzmunu, müddəti, ərazisi barədə məlumatlar qeyd edilməlidir. Təqdim olunan nüsxə uçota alınır və Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyində saxlanılır.

5.4.  Dini təyinatlı ədəbiyyata (kağız və elektron daşıyıcılarında), audio və video materiallara, mal və məmulatlara və dini məzmunlu başqa məlumat materiallarına nəzarət markası alınarkən, bu Qaydaların 5.2.1-ci-5.2.4-cü yarımbəndlərində göstərilən sənədlərdən əlavə aşağıdakı sənədlər də təqdim edilir:

5.4.1.  dini təyinatlı ədəbiyyatın ( kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının istehsalına, idxalına Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin razılıq məktubunun surəti;

5.4.2.  dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının nüsxələrinin nümunəsi ("siqnal nüsxə"). Təqdim olunan nüsxə uçota alınır və Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində saxlanılır.

5.5. Dərman vasitələrinə nəzarət markası alınarkən, bu Qaydaların 5.2.1-ci-5.2.4-cü yarımbəndlərində göstərilən sənədlərdən əlavə aşağıdakı sənədlər də təqdim edilir:

5.5.1.  Azərbaycan Respublikasında istehsal olunan dərman vasitələrinin seriya nümunələrinin analizinin müsbət nəticələrinin protokollarının və müvafiq istehsal sertifikatlarının surətləri;

5.5.2.  idxal olunan dərman vasitələrinin seriya nümunələrinin analizinin müsbət nəticələrinin protokollarının və qaimə-fakturasının (invoysun) surətləri.

5.6. Ərizəçidən bu Qaydaların 5.1-ci-5.5-ci bəndlərində nəzərdə tutulanlardan əlavə hər hansı digər sənəd və məlumat tələb edilə bilməz və həmin sənədlər ərizəçi tərəfindən bilavasitə və ya poçt rabitəsi vasitəsilə, yaxud elektron qaydada təqdim edilir.

5.7.  Nəzarət markasının verilməsi üçün bu Qaydaların 5.1-ci bəndinə uyğun olaraq hazırlanan ərizənin nümunəsi, habelə bu Qaydaların 5.2-ci-5.5-ci bəndlərində göstərilən müvafiq sənədlərin siyahısı nəzarət markasını verən orqanın rəsmi internet səhifəsində yerləşdirilir.

5.8. Ərizəyə daxil olduğu gündən sonra ən geci 7 (yeddi) iş günü müddətində baxılır.

5.9. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, bu barədə ərizəçinin poçt və elektron ünvanına 2 (iki) iş günü müddətində yazılı bildiriş göndərilir. Bu zaman nəzarət markasının verilməsi ilə bağlı müddətin axımı dayandırılır və dayandırılmış müddət nəzarət markasının verilməsi müddətinə daxil edilmir. Ərizəçi çatışmazlıqları aradan qaldırdıqdan sonra müddətin axımı bərpa olunur.  Çatışmazlıqlar aradan qaldırıldıqda və imtina üçün bu Qaydaların 5.11-ci bəndində nəzərdə tutulan hallar aşkar edilmədikdə, 5 (beş) iş günü müddətində nəzarət markalarının verilməsi barədə qərar qəbul edilir. Qərar nəzarət markasını verən orqanın rəhbəri və ya onun tapşırığı ilə müavini tərəfindən imzalanır.

5.10. Qərar imzalandığı tarixdən 2 (iki) iş günündən gec olmayaraq ərizəçiyə bilavasitə təqdim olunur, yaxud poçt vasitəsilə və ya skan edilmiş formada onun elektron ünvanına göndərilir.

5.11. Bu Qaydaların 5.1-ci-5.5-ci bəndlərinə əsasən təqdim edilən sənədlərdə düzgün olmayan məlumatlar olduqda, nəzarət markasının verilməsindən imtina edilir.

5.12. Nəzarət markasının verilməsindən imtina barədə qərar 2 (iki) iş günündən gec olmayaraq, ərizəçiyə bilavasitə təqdim edilir və ya poçt vasitəsilə, yaxud skan edilmiş formada onun elektron ünvanına göndərilir.

5.13. Nəzarət markasının verilməsi və verilməsindən imtina edilməsi barədə qərarlar haqqında (o cümlədən, qəbul olunmuş qərarların təqdim edilməsinə dair) məlumatlar uçot jurnalında qeyd olunur.

5.14.  Nəzarət markasının verilməsi barədə qərar qəbul olunduqdan sonra ərizədə göstərilən növdə və sayda nəzarət markası 3 (üç) iş günü müddətində (bu Qaydaların 5.16-cı bəndinə əsasən ödənişin həyata keçirildiyini təsdiq edən sənədin Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinə təqdim edildiyi tarixdən) ərizəçiyə təhvil verilir.

5.15. Ərizəçi nəzarət markasını onu verən orqandan təhvil götürür və bu Qaydalara uyğun olaraq uçot jurnalında müvafiq qeydlər aparır.

5.16. Ərizəçi audiovizual əsərin, fonoqramın, kompyuter proqramının, məlumat toplusunun, kitabın nüsxələrinə yapışdırılması üçün nəzarət markasının alınmasına görə "Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun 13.3-cü maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş məbləğdə Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinə haqq ödəyir.

7 İyul 2014, 09:07

http://cabmin.gov.az/

3591—3600 / 10511

23 May 2018, 08:05

“İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

23 May 2018, 08:05

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı”nda dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

23 May 2018, 08:05

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi və Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi haqqında əsasnamələrin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

23 May 2018, 08:05

“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

23 May 2018, 08:05

“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1141-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

23 May 2018, 08:05

Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu   ətraflı...

23 May 2018, 08:05

“Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1126-VQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

23 May 2018, 08:05

“Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

23 May 2018, 08:05

“Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1125-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

23 May 2018, 08:05

Azərbaycan Respublikasının 2005-ci il 3 may tarixli 906-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...