Azərbaycan Respublikası adından
“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin müddəaları baxımından şərh edilməsinə dair
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun QƏRARI

27 avqust 2020-ci il                    Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova (məruzəçi-hakim), Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə, məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə, Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 33-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Göyçay Rayon Məhkəməsinin müraciəti əsasında “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin müddəaları baxımından şərh edilməsinə dair konstitusiya işinə baxdı.

İş üzrə hakim S.Həsənovanın məruzəsini, maraqlı subyekt Azərbaycan Respublikası Milli Məclisi Aparatının İqtisadi və sosial qanunvericilik şöbəsi, mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzi tərəfindən təqdim edilmiş yazılı mülahizələri və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

MÜƏYYƏN  ETDİ :

Göyçay Rayon Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun) 9.8-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 13 və 29-cu maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152-ci maddəsinin müddəaları baxımından şərh edilməsini xahiş etmişdir.

Müraciətdə göstərilmişdir ki, Göyçay rayonu Potu Bələdiyyəsinin 2 mart 2018-ci il tarixli qərarı ilə Göyçay rayonu Potu kəndi ərazisindən 0.12 ha həyətyanı torpaq sahəsi Saçlı Abbasovaya satılmış, həmin qərar əsasında Göyçay rayon Notariat Ofisində təsdiq edilmiş 11 iyul 2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 2 641 manat məbləğində pul bələdiyyənin hesabına ödənilmişdir.

Qeyd olunan müqavilənin 13-cü bəndi ilə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 9.8-ci maddəsinə istinad edilərək S.Abbasovaya beş il müddətində həmin torpaq sahəsini özgəninkiləşdirmək qadağan edilmişdir.

S.Abbasova maddi çətinlik səbəbindən həmin torpaq sahəsini satmaq istəyərkən Göyçay rayon Notariat Ofisi tərəfindən notariat əməliyyatının həyata keçirilməsindən imtina edilmiş, buna səbəb kimi alqı-satqı müqaviləsinin 13-cü bəndi göstərilmişdir.

Bundan sonra S.Abbasova Konstitusiyanın 13 və 29-cu maddələrində nəzərdə tutulmuş mülkiyyət hüququnun pozulmasına əsaslanmaqla Göyçay Rayon Məhkəməsinə müraciət edərək, notariat hərəkətlərinin aparılması vəzifəsinin Göyçay rayon Notariat Ofisinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Müraciətedən “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 2.5-ci maddəsinə, yəni Mülki Məcəllə mülki hüquq normalarını əks etdirən digər Məcəllə və qanunlarla ziddiyyət təşkil etdikdə, Mülki Məcəllənin tətbiq edilməsini və onun mülki dövriyyəni tənzimləyən qanunvericilik sistemində üstün hüquqi qüvvəyə malik olmasını nəzərdə tutan hüquq normasına istinad edərək “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 9.8-ci maddəsinin Konstitusiyanın 13 və 29-cu maddələri, eləcə də Mülki Məcəllənin 152-ci maddəsi ilə uyğunsuzluq təşkil etdiyi qənaətinə gəlmişdir.

Bu baxımdan Göyçay Rayon Məhkəməsi S.Abbasovanın mülkiyyət hüququnun məhdudlaşdırılmasına səbəb olan qanunvericilik normasının şərh edilməsini zəruri hesab edərək Konstitusiya Məhkəməsinə müraciət etmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə qaldırılan məsələyə aydınlıq gətirilməsi üçün mülkiyyət hüququ, onun məhdudlaşdırılması halları və hədləri ilə bağlı Konstitusiyanın, mülki qanunvericiliyin və beynəlxalq-hüquqi aktların normalarının nəzərdən keçirilməsini vacib hesab edir.

Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər (Konstitusiyanın 13-cü maddəsinin I və II hissələri).

Konstitusiyanın 29-cu maddəsinin I, II və III hissələrinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

Eyni zamanda, Konstitusiyanın 29-cu maddəsinin VI hissəsində müəyyən edilmişdir ki, sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər.

Mülki Məcəllənin 6-cı maddəsi mülki qanunvericiliyin mülki hüquq subyektlərinin bərabərliyi, mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülkiyyətin toxunulmazlığı, müqavilələr azadlığı, mülki hüquqların məhkəmə müdafiəsi və s. prinsiplərini təsbit etmişdir. Məcəllənin 6.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər.

Mülki Məcəllənin mülkiyyət hüququnun anlayışını və məzmununu müəyyən edən 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

Mülki Məcəllənin 152.5-ci maddəsində göstərilmişdir ki, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola, ondan istifadə edə və ona dair sərəncam verə bilər.

Oxşar norma Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Belə ki, həmin maddəyə əsasən, hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ — torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur.

Mülkiyyətin bir növü kimi bələdiyyə mülkiyyətində olan torpaqların idarə edilməsi xüsusiyyətləri nəzərə alınmaqla onların mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları, istifadəsi və mühafizəsi sahəsində hüquq münasibətləri “Bələdiyyə torpaqlarının idarə edilməsi” haqqında Qanunla tənzimlənir.

Bununla yanaşı, “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş və həmin Qanunla bələdiyyə torpaqlarının idarə olunması sahəsində ciddi islahatlar həyata keçirilmiş, bələdiyyə torpaqlarının satışı və icarəsinin torpaq hərracları və ya müsabiqələri vasitəsilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bu dəyişikliklərin edilməsində əsas məqsəd torpaqların satışı və icarəsi sahəsində şəffaflığın təmin olunması, bazar iştirakçıları üçün bərabər imkanların yaradılması və digər neqativ halların qarşısının alınması olmuşdur.

“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.1-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir.

Həmin Qanunun 6.2-ci maddəsində bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsinin bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirildiyi qeyd olunmuşdur. Həmin müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur.

Qeyd olunmalıdır ki, 2014-cü il 16 dekabr tarixli 1145-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanuna 9.8-ci maddə əlavə edilmişdir. Həmin maddəyə görə, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə müəyyən edilən hallar istisna olmaqla, bu Qanunun 9.1-ci maddəsində müəyyən edilmiş əsaslarla mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi əldə etmiş şəxs həmin torpaq sahəsini beş il müddətində özgəninkiləşdirə bilməz. Belə məhdudiyyət bələdiyyənin qərarında və tərəflər arasında bağlanmalı olan müqavilədə nəzərdə tutulmalıdır.

“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 9.1-ci maddəsində isə müəyyən edilmişdir ki, bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.

Qeyd olunan maddələrin məzmunundan göründüyü kimi, bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqlarının əldə edilməsinin ümumi qaydası kimi, onların açıq torpaq hərracları və ya müsabiqələri yolu ilə əldə edilməsi nəzərdə tutulmuş, bu qaydadan bir sıra istisnalar da müəyyən edilmişdir. Həmin istisnalara bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə beş il müddətinə özgəninkiləşdirmək qadağan edilməklə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi aiddir.

Başqa sözlə, bələdiyyə torpaqları hərrac və ya müsabiqə keçirilmədən də mülkiyyətə verilə bilər. Bu istisna bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda, ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının yaşayış şəraitinin yaxşılaşdırılması üçün onların mənzilə ehtiyaclarının təmin edilməsi və s. məqsədlərə yönəlmişdir. Bu zaman onlara hərrac və ya müsabiqədən kənar, daha uyğun şərtlərlə torpaq sahəsinin satışı təmin olunur və bu halda beş il müddətinə özgəninkiləşdirilmə ilə bağlı məhdudiyyət tətbiq olunur.

Torpaq münasibətlərinin özünəməxsusluğunu, onun təyinatlı və güzəştli şərtlərlə satışını nəzərə alaraq, qanunverici bu cür məhdudiyyət tətbiq etmişdir. Bu məhdudiyyət Konstitusiyanın 29-cu maddəsi və Mülki Məcəllənin 152-ci maddəsi ilə müəyyən edilmiş mülkiyyət hüququnun məhdudlaşdırılması kimi qiymətləndirilməməlidir. Qanunvericilikdə belə məhdudiyyətlərin tətbiq edilməsinə rast gəlinir (məsələn, özəlləşdirilən dövlət əmlakının təyinatının dəyişdirilməsinə zaman məhdudiyyətinin tətbiqi, xüsusi mülkiyyətdə olmasından asılı olmayaraq torpaqdan istifadə hüququnun onun təyinatına uyğun həyata keçirilməsi üzrə məhdudiyyətin tətbiqi və s).

Müraciətə əlavə edilmiş sənədlərdən görünür ki, S.Abbasova ilə Göyçay rayonu Potu Bələdiyyəsi arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş 11 iyul 2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, ona fərdi yaşayış evinin tikintisi məqsədi ilə 0.12 ha torpaq sahəsi güzəştli şərtlərlə və dəyərindən aşağı qiymətə satılmışdır. Müqavilədə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 9.8-ci maddəsinə istinad edilərək, ona beş il müddətində həmin torpaq sahəsini özgəninkiləşdirmək qadağan edilmişdir. Sözügedən müqaviləni bağlayarkən tərəflər bərabər hüquqlu subyektlər kimi iştirak etmiş, S.Abbasova iradəsini ifadə etməkdə sərbəst olmuş və torpağın özgəninkiləşdirilməsinin məhdudlaşdırılması ilə bağlı müqavilənin şərtini qəbul etmişdir.

Eyni zamanda, qeyd olunmalıdır ki, torpaqların beş il ərzində özgəninkiləşdirilməsinin məhdudlaşdırılması bələdiyyə torpaqlarının dolayısı ilə bələdiyyə ərazisində yaşamayan şəxslərə özgəninkiləşdirilməsinin, gəlir əldəetmə vasitəsinə çevrilməsinin, habelə bələdiyyə torpaqlarının hərrac və ya müsabiqədən kənar satılmasının qarşısının alınmasına yönəlmişdir ki, bu da Konstitusiyada və Mülki Məcəllədə təsbit olunmuş mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına dair normalara zidd hesab oluna bilməz.

Konstitusiya hüquq və azadlıqlarla yanaşı, onlardan irəli gələn vəzifələri də müəyyən edir və hüquqların həyata keçirilməsinə mümkün qanuni və əsaslı müdaxilələri istisna etmir. Lakin hər hansı hüquqa, o cümlədən mülkiyyət hüququna qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olmaqla həyata keçirilməlidir.

Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 4 aprel tarixli Qərarında göstərmişdir ki, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda hüquq və azadlıqların, o cümlədən mülkiyyət hüququnun ümumi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya (bundan sonra – Konvensiya) tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır.

Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan normanın məzmunundan görünür ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir.

“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 9.8-ci maddəsində nəzərdə tutulan məhdudiyyət Konvensiyanın tələbləri baxımından qiymətləndirilərək qeyd olunmalıdır ki, bu məhdudiyyət qanun qüvvəli normativ hüquqi aktla müəyyən edilərək qanunilik və müəyyənlik prinsiplərinin tələblərinə cavab verir və Azərbaycan Respublikası vətəndaşlarının yaşayış şəraitinin yaxşılaşdırılması üçün onların mənzilə ehtiyaclarının təmin edilməsi kimi cəmiyyətin ümumi maraqlarına xidmət etməklə qanuni məqsəd daşıyır.

Yuxarıda qeyd olunanlara əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticəyə gəlir:

- “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 9.8-ci maddəsinin torpaq sahəsinin özgəninkiləşdirilməsinin məhdudlaşdırılması ilə bağlı müddəası Konstitusiyanın 29-cu maddəsinin VI hissəsinin və Mülki Məcəllənin 152.5-ci maddəsinin tələblərinə uyğun olmaqla mülkiyyətçinin hüququnu pozmur.

Göstərilənlərə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq Konstitusiya Məhkəməsinin Plenumu

QƏRARA  ALDI:

1. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin torpaq sahəsinin özgəninkiləşdirilməsinin məhdudlaşdırılması ilə bağlı müddəası Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VI hissəsinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinin tələblərinə uyğun olmaqla mülkiyyətçinin hüququnu pozmur.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

Sədr       Fərhad Abdullayev

22 Sentyabr 2020, 20:09

http://www.azertag.az

2941—2950 / 10511

14 Mart 2019, 08:03

“Cinayət işləri üzrə maddi sübutlar olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, odlu silahın, onun əsas hissələrinin, hərbi sursatların, partlayıcı maddələrin və partlayıcı qurğuların verilməsi qaydası haqqında” Protokolun təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

14 Mart 2019, 08:03

“Cinayət işləri üzrə maddi sübutlar olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, odlu silahın, onun əsas hissələrinin, hərbi sursatların, partlayıcı maddələrin və partlayıcı qurğuların verilməsi qaydası haqqında Protokol”un icrası ilə bağlı səlahiyyətli orqanların müəyyən edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

14 Mart 2019, 08:03

“Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

14 Mart 2019, 08:03

“Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 1 fevral tarixli 1480-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

14 Mart 2019, 08:03

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

14 Mart 2019, 08:03

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 1 fevral tarixli 1476-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

12 Mart 2019, 08:03

E.S.Babayevin Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

12 Mart 2019, 08:03

E.S.Babayevin Bakı Dövlət Universitetinin rektoru təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

12 Mart 2019, 08:03

AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun 90 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

12 Mart 2019, 08:03

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 692 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İdarələrarası elektron sənəd dövriyyəsi sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...