Azərbaycan Respublikası adından
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun QƏRARI
12 avqust 2020-ci il Bakı şəhəri
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən (məruzəçi-hakim) ibarət tərkibdə, məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə, Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 33-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair konstitusiya işinə baxdı.
İş üzrə hakim K.Şəfiyevin məruzəsini, maraqlı subyektlərin nümayəndələri Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi R.Xəlilovun və Azərbaycan Respublikası Milli Məclisi Aparatının İqtisadi və sosial qanunvericilik şöbəsinin müdiri M.Bazıqovun, mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının sədri S.Hacıyevin və Bakı Apellyasiya Məhkəməsinin hakimi R.Eyvazovun yazılı mülahizələrini, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 407.2-ci maddəsinin şərh edilməsini xahiş etmişdir.
Müraciətdən görünür ki, Ramiz Daşdiyevlə “Kapital Bank” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – “Kapital Bank” ASC) arasında 15 aprel 2020-ci il tarixli kredit müqaviləsi bağlanmış və həmin müqavilə R.Daşdiyev tərəfindən banka gedilmədən elektron sənəd mübadiləsi yolu ilə rəsmiləşdirilmişdir.
Sonradan R.Daşdiyev “Kapital Bank” ASC-yə qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
R.Daşdiyev iddia ərizəsini onunla əsaslandırmışdır ki, Mülki Məcəllənin 407.2 və 740.2-ci maddələrində müəyyən olunmuş müqavilənin yazılı formada bağlanması qaydasına bank tərəfindən riayət edilməmişdir.
Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi Mülki Məcəllənin 407.2-ci maddəsinin “sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı ... andan bağlanmış sayılır” müddəasının “müvafiq qaydada imzalanma” tələbinin mənasının şərh edilməsini xahiş etmişdir.
Müraciətedən Mülki Məcəllənin 407.2-ci maddəsinə dair təcrübədə müxtəlif yanaşmaların olduğunu və belə mübahisələrin həlli zamanı qeyri-müəyyənliyin yarandığını nəzərə alaraq vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədi ilə qaldırılan məsələ üzrə müvafiq şərhin verilməsinin zəruriliyi qənaətinə gəlmişdir.
Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə göstərilən məsələyə aydınlıq gətirilməsi üçün mülki qanunvericiliyin müqavilənin mühüm şərtləri, forması və bağlanması anını nəzərdə tutan müddəalarının əlaqəli şəkildə təhlil edilməsini zəruri hesab edir.
Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə bağlıdır. Müqavilənin bağlanmış sayılması üçün tərəf qarşılıqlı olaraq müəyyən hüquqi nəticəni əmələ gətirmək arzusunda olmalı və buna uyğun mühüm şərtləri özündə əks etdirən iradələrini bəyan etməlidirlər. Yəni müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır (Mülki Məcəllənin 324-cü maddəsi).
Mülki Məcəllənin 389.1-ci maddəsinə müvafiq olaraq, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı iki və ya bir neçə şəxs arasında razılaşdırılmış müqavilə əsasında həyata keçirilir.
Mülki Məcəllədə nəzərdə tutulan müqavilə növlərindən biri də borc müqaviləsidir. Kredit müqaviləsi qanunvericilikdə borc müqaviləsinin bir növü kimi müəyyən edilmişdir. Belə ki, Məcəllənin borc müqaviləsinin anlayışına aydınlıq gətirən 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
Mülki Məcəllənin 740-cı maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
Mülki Məcəllənin 390-cı maddəsində müəyyən edilmiş müqavilə azadlığı Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 29-cu və həmin Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Sözügedən müddəa ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarı).
Müqavilənin bağlanması anının dəqiq müəyyənləşdirilməsi müqavilə iştirakçılarının mülki hüquq münasibətlərinin tənzimlənməsində böyük əhəmiyyətə malikdir. Məhz müqavilənin bağlandığı andan tərəflərin konkret hüquq və vəzifələri yaranmış olur.
Mülki Məcəllənin 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin mühüm şərtləri sırasına müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər daxildir.
Müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir (Mülki Məcəllənin 417.1-ci maddəsi).
Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarında, həmçinin göstərilmişdir ki, öhdəlik hüququnda müqavilənin standart şərtlərinə dair normalarda şəffaflıq prinsipinin tərkib hissəsi kimi müəyyənlik prinsipi (tələbi) mövcuddur. Həmin prinsipə əsasən müqavilənin standart şərtlərində dispozisiya şərtləri və hüquqi nəticələr elə dəqiqliklə təsvir olunmalıdır ki, bu zaman bir tərəfdən müqavilənin standart şərtlərinin istifadəçisi üçün əsaslandırılmamış heç bir qiymətləndirmə azadlığı imkanları yaranmasın, digər tərəfdən isə müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquqlarını müəyyənləşdirə bilməsi (onun bu hüquqları həyata keçirməsinin qarşısının alınmaması üçün) mümkün olsun. Müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir (Mülki Məcəllənin 419.1, 419.2 və 420.1.2-ci maddələri).
Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli Qərarında belə nəticəyə gəlmişdir ki, məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s. kimi şərtlər kredit müqaviləsinin mühüm şərtləri olmaqla yanaşı, qeyd olunan müqavilələrdə yetərli dərəcədə aydın göstərilməlidir.
Müqavilənin bağlanmış sayılması üçün tərəflərin təkcə müqavilənin bütün mühüm şərtləri barəsində razılığa gəlmələri kifayət etmir. Bunun üçün, həm də tərəflərin razılığının tələb edilən formada ifadə olunması gərəkdir.
Mülki Məcəllənin müqavilənin forması ilə bağlı qaydaları müəyyən edən 406-cı maddəsinə əsasən, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barədə şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər.
Mülki Məcəllənin 407.2-ci maddəsinə əsasən, sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır.
Yazılı formalı müqavilələr iki üsulla bağlanır. Birinci üsul bir sənəd tərtib etməkdən ibarətdir. Sənəd tərtibi yolu ilə bağlanan müqavilə onun şərtlərini əks etdirir və müqaviləni bağlayan tərəflər onu imzalayırlar. Tərəflərin vəkil etdikləri şəxslər də müqaviləni imzalaya bilərlər. Mülki Məcəllənin 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır.
İkinci üsul isə sənədlər mübadiləsindən ibarətdir. Sənədlər mübadiləsi yolu ilə müqavilə bağlanarkən poçt, teleqraf, teletayp, telefon, elektron və digər rabitə vasitələrindən istifadə edilir. Yalnız zəruridir ki, həmin rabitə vasitələri sənədin müqavilə iştirakçısından (tərəfindən) gəlməsini dürüst müəyyənləşdirməyə imkan versin.
Mülki Məcəllənin 331.3-cü maddəsinə görə, əqdlərin bağlanması zamanı mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə edilməsinə tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda və qaydada yol verilir. Elektron imzadan istifadə etmə qaydaları qanunvericiliklə müəyyən edilir.
“Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu elektron imzanın və elektron sənədin istifadəsinin, onların elektron sənəd dövriyyəsində tətbiqinin təşkilati, hüquqi əsaslarını və əlaqədar subyektlərin hüquqlarını müəyyən edir, aralarında yaranan münasibətləri tənzimləyir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sertifikatlaşdırılmış imza vasitələri ilə yaradılmış və qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir.
Qeyd etmək lazımdır ki, “Elektron ticarət haqqında” Azərbaycan Respublikası Qanununda (bundan sonra – “Elektron ticarət haqqında” Qanun) əqdlərin elektron formada bağlanması da nəzərdə tutulmuşdur.
Belə ki, “Elektron ticarət haqqında” Qanunun 7-ci maddəsinə əsasən, elektron ticarətdə satıcı (təchizatçı) ilə alıcı (sifarişçi) arasında müqavilələr elektron sənəd formasında bağlanır. Müqavilə bağlamaq təklifi (oferta), o cümlədən qeyri-müəyyən şəxslər dairəsinə ünvanlanmış oferta (ümumi oferta) oferentin özü və ya bu təkliflə bağlı onun adından hərəkət etmək səlahiyyəti verilmiş şəxs tərəfindən, yaxud onların proqramlaşdırdığı və avtomatik fəaliyyət göstərən informasiya sistemi vasitəsilə göndərilə bilər. Müqavilənin şərtləri xüsusi biliyə malik olmayan alıcı (sifarişçi) tərəfindən dəqiq və birmənalı başa düşülən şəkildə tərtib edilməlidir, həmçinin müqavilə onunla tanış olmağa və onu saxlamağa imkan verən formada hazırlanmalıdır. Müqavilənin bəzi şərtləri digər elektron sənədə istinadən verilə bilər və bu səbəbdən müqavilə etibarsız sayıla bilməz. Bu halda satıcı (təchizatçı) müqavilənin qüvvədə olduğu müddətdə istinad olunan elektron sənədə çıxış imkanı təmin etməlidir. Müqavilə satıcının (təchizatçının) ona aksept aldığı andan bağlanmış hesab olunur. Əgər tərəflər arasındakı razılığa əsasən digər hallar nəzərdə tutulmamışdırsa, elektron sənədin qəbul edilməsinin təsdiqi aksept hesab olunmur.
Qeyd olunan normaların məzmunundan göründüyü kimi, yazılı əqdin bağlanmasında vacib şərtlərdən biri tərəflərin onu imzalamasıdır. İmza iradə bəyan edən şəxsi müəyyənləşdirməyə imkan verən işarədir. Yazılı sənəd tərtib edilərkən orada əks olunan iradənin məhz müvafiq şəxsə aid olması ya qrafik, ya da elektron imza ilə işarələnmiş olur. Məqsəd bəyan olunan iradənin müvafiq şəxsdən gəldiyini təyin etməkdir.
Beləliklə, yazılı müqavilələr aşağıdakı qaydada imzalanmaqla bağlana bilər:
- tərəflər, onu şəxsən imzalamaqla;
- mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzalanmaqla (faksimiledən);
- elektron imzadan istifadə etməklə;
- şəxsi imzanın başqa analoqundan istifadə etməklə.
Mülki Məcəllənin 406.3-cü maddəsinin “sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən” müddəası müqavilə tərəfinə (xüsusilə də bankdan kredit alan və ya istehlakçı sayılan şəxslərə) razılaşmanın bütün mühüm şərtləri barədə ətraflı və aydın şəkildə məlumat verilməsini, həmin şəxsin bunlarla sərbəst tanış olmasını, razıdırsa, bu şərtləri qəbul etməsini bildirmək imkanını ehtiva edir.
Təhlil edilən normaların məzmunundan göründüyü kimi, qanunvericilikdə əqdin tərəflərin imzaladığı bir sənədin tərtibi ilə, yəni şəxsən, bilavasitə imzalanması ilə yanaşı onun poçt, elektron və digər rabitə vasitələri ilə sənədlər mübadiləsi yolu ilə bağlanması imkanları təsbit edilmişdir. Müqavilənin elektron vasitələrlə sənədlər mübadiləsi yolu ilə bağlanması, bir sənədin tərtib edilməsi ilə bağlanan əqdlə eyni hüquqi qüvvəyə malikdir.
Eyni zamanda, qeyd edilməlidir ki, Mülki Məcəllənin 331.3-cü maddəsi ilə müəyyən edilmiş "Əqdlərin bağlanması zamanı ... şəxsi imzanın başqa analoqundan istifadə edilməsinə tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda və qaydada yol verilir" müddəası həm bağlanması nəzərdə tutulan əqdlərin, həm də belə əqdlərin bağlanması üçün nəzərdə tutulan digər sənədlərin (əqdlərin) imzalanmasını ehtiva edə bilər.
Bununla yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, bu Qərarda əks olunmuş hüquqi mövqelər müqavilələrin bağlanması üçün qanunvericiliklə tələb olunan əlaqəli sənədlərin imzalanması ilə bağlı münasibətlərə də şamil edilir. Həmin sənədlərin imzalanması zamanı tərəflərin iradəsi dəqiq, birmənalı, aydın və sui-istifadəni istisna edən şəkildə ifadə olunmalıdır.
Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticəyə gəlir:
- Mülki Məcəllənin 407.2-ci maddəsinin “sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı ... andan bağlanmış sayılır” müddəasının “müvafiq qaydada imzalanma” tələbi tərəflərin onu şəxsən, mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə etməklə imzalamasını nəzərdə tutur.
Mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə etməklə bağlanan müqavilələrin şərtləri mümkün qədər aydın, dürüst və başadüşülən olmalıdır.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin “sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı ... andan bağlanmış sayılır” müddəasının “müvafiq qaydada imzalanma” tələbi tərəflərin onu şəxsən, mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə etməklə imzalamasını nəzərdə tutur.
Mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə etməklə bağlanan müqavilələrin şərtləri mümkün qədər aydın, dürüst və başadüşülən olmalıdır.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.
4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.
Sədr Fərhad Abdullayev
24 Avqust 2020, 20:0829 Yanvar 2021, 19:01
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə” 2017-ci il 15 may tarixli 1388 nömrəli, “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Kolumbiya Respublikasının Mədəniyyət Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlığa dair Sazişin təsdiq edilməsi haqqında” 2017-ci il 7 avqust tarixli 1577 nömrəli, “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlığa dair Sazişin təsdiq edilməsi haqqında” 2017-ci il 29 noyabr tarixli 1694 nömrəli və “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Türkmənistanın Turizm üzrə Dövlət Komitəsi arasında turizm sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə” 2017-ci il 29 noyabr tarixli 1698 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
29 Yanvar 2021, 19:01
Azərbaycan Respublikası Prezidentinin “2011-ci il aprelin 8-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Bolqarıstan Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlığa dair Saziş”in təsdiq edilməsi haqqında” 2011-ci il 7 iyun tarixli 447 nömrəli, “2011-ci il aprelin 9-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və İraq Respublikasının Mədəniyyət Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə” 2011-ci il 7 iyun tarixli 449 nömrəli, “Azərbaycan Respublikası və Monteneqro arasında 2011-ci il sentyabrın 16-da Bakı şəhərində imzalanmış sənədlər haqqında” 2011-ci il 24 noyabr tarixli 530 nömrəli, “Azərbaycan Respublikası və Çexiya Respublikası arasında 2012-ci il aprelin 5-də Praqa şəhərində imzalanmış sazişlərin təsdiq edilməsi haqqında” 2012-ci il 19 iyun tarixli 660 nömrəli, “2012-ci il aprelin 12-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və San Marino Respublikası Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə” 2012-ci il 19 iyun tarixli 662 nömrəli, “2012-ci il noyabrın 29-da Tirana şəhərində imzalanmış “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Albaniya Respublikasının Turizm, Mədəniyyət, Gənclər və İdman Nazirliyi arasında mədəniyyət və turizm sahələrində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə” 2013-cü il 7 mart tarixli 840 nömrəli və “2013-cü il fevralın 14-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlığa dair Saziş”in təsdiq edilməsi barədə” 2013-cü il 15 mart tarixli 848 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
29 Yanvar 2021, 19:01
Azərbaycan Respublikası Prezidentinin “2013-cü il martın 11-də Zaqreb şəhərində imzalanmış “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Xorvatiya Respublikasının Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə” 2013-cü il 3 may tarixli 885 nömrəli, “2013-cü il martın 12-də Mədinə şəhərində imzalanmış “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Səudiyyə Ərəbistanı Krallığının Turizm və Qədim Abidələr üzrə Baş Komissiyası arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə” 2013-cü il 11 iyun tarixli 909 nömrəli, “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə İtaliya Respublikasının Mədəni İrs və Fəaliyyət, Turizm Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə” 2014-cü il 9 sentyabr tarixli 258 nömrəli, “Azərbaycan Respublikası Hökuməti ilə Argentina Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə” 2015-ci il 30 oktyabr tarixli 665 nömrəli, “Azərbaycan Respublikası ilə Uruqvay Şərq Respublikası arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə” 2015-ci il 30 oktyabr tarixli 666 nömrəli və “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Ukraynanın Mədəniyyət Nazirliyi arasında 2016–2020-ci illər üzrə mədəniyyət və incəsənət sahəsində əməkdaşlığa dair Proqramın təsdiq edilməsi haqqında” 2016-cı il 4 oktyabr tarixli 1057 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
29 Yanvar 2021, 19:01
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında xarici ticarətin daha da liberallaşdırılması haqqında” 1997-ci il 24 iyun tarixli 609 nömrəli, “İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” 1997-ci il 6 sentyabr tarixli 629 nömrəli, “Kitabxana işi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1999-cu il 12 mart tarixli 115 nömrəli, “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqramın təsdiq edilməsi barədə” 2000-ci il 15 iyul tarixli 371 nömrəli, “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” 2000-ci il 15 iyul tarixli 376 nömrəli və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” 2000-ci il 30 avqust tarixli 393 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
29 Yanvar 2021, 19:01
Azərbaycan Respublikası Prezidentinin “Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları”nın təsdiq edilməsi barədə” 2007-ci il 11 aprel tarixli 564 nömrəli, “Yaşlı və gənc nəsil yazıçı, rəssam və bəstəkarların yaradıcılıq fəaliyyətini təmin etmək üçün xüsusi təqaüd fondu haqqında” 2007-ci il 6 avqust tarixli 612 nömrəli, “Turizm haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 5 iyun tarixli 374-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” 2007-ci il 16 avqust tarixli 615 nömrəli, “Turizm və rekreasiya zonaları haqqında nümunəvi Əsasnamə”nin təsdiq edilməsi barədə” 2008-ci il 20 iyun tarixli 773 nömrəli, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrasının təmin edilməsi barədə” 2010-cu il 24 may tarixli 272 nömrəli, “Daşınmaz dövlət əmlakı obyektlərinin müsabiqə əsasında icarəyə verilməsi Qaydaları”nın təsdiq edilməsi barədə” 2010-cu il 22 iyun tarixli 284 nömrəli və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar əlavə tədbirlər barədə” 2011-ci il 15 fevral tarixli 382 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
29 Yanvar 2021, 19:01
Azərbaycan Respublikası Prezidentinin “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə” 2000-ci il 23 dekabr tarixli 432 nömrəli, “Kinematoqrafiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə əlaqədar əlavə tədbirlər haqqında” 2001-ci il 4 iyul tarixli 526 nömrəli, “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 21 fevral tarixli 679 nömrəli Fərmanının icrasının təmin edilməsi haqqında” 2002-ci il 24 avqust tarixli 769 nömrəli və “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”ın təsdiq edilməsi haqqında” 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
29 Yanvar 2021, 19:01
Azərbaycan Respublikası Prezidentinin “Qeyri-dövlət mülkiyyətində olan xüsusi əhəmiyyətli mədəniyyət sərvətlərinin satılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2003-cü il 23 oktyabr tarixli 944 nömrəli, “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” 2003-cü il 24 noyabr tarixli 4 nömrəli, “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2004-cü il 29 yanvar tarixli 16 nömrəli, “Turizm haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2004-cü il 23 aprel tarixli 56 nömrəli, “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” 2005-ci il 28 dekabr tarixli 344 nömrəli, “Ailə kəndli təsərrüfatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə əlaqədar əlavə tədbirlər barədə” 2006-cı il 1 sentyabr tarixli 456 nömrəli və “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2007-ci il 6 fevral tarixli 529 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
29 Yanvar 2021, 19:01
Azərbaycan Respublikası Prezidentinin “Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında” 2016-cı il 1 iyun tarixli 923 nömrəli, “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2016-cı il 12 iyul tarixli 985 nömrəli, “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli, “Ticarət festivalları dövründə fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 20 fevral tarixli 1252 nömrəli və “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2017-ci il 22 fevral tarixli 1255 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
29 Yanvar 2021, 19:01
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkili barədə” 2011-ci il 27 may tarixli 432 nömrəli, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin təsdiqi barədə” 2012-ci il 13 fevral tarixli 593 nömrəli, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2012-ci il 6 iyun tarixli 648 nömrəli, “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli Qanununun tətbiqi barədə” 2013-cü il 8 iyul tarixli 938 nömrəli, “Bakı Xoreoqrafiya Akademiyasının Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 2014-cü il 26 dekabr tarixli 432 nömrəli, “Tikinti işlərinin dayandırılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2015-ci il 22 may tarixli 533 nömrəli, “Azərbaycan Turizm və Menecment Universitetinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 2015-ci il 21 dekabr tarixli 710 nömrəli, “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 18 yanvar tarixli 745 nömrəli və “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 15 fevral tarixli 795 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
29 Yanvar 2021, 19:01
M.M.Kajlayevin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...