Azərbaycan İnvestisiya Holdinqinin yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycanda həyata keçirilən davamlı struktur islahatları iqtisadiyyatın səmərəliliyinin daha da artırılması məqsədlərinə xidmət edir. Bu istiqamətdə ölkədə institusional və tənzimləyici çərçivə təkmilləşdirilmiş, milli iqtisadiyyatın özəyi olan təsərrüfat strukturlarında idarəetmənin sağlam prinsiplər əsasında inkişafı və tam şəffaflaşması üçün möhkəm zəmin yaradılmışdır.
Sözügedən islahatlar biznes mühitinin xeyli yaxşılaşmasını şərtləndirmişdir. Həmçinin ölkədə sosial-iqtisadi infrastruktur inkişaf etmiş, yeni strateji mərhələnin çağırışlarına adekvat formada qurulan idarəetmənin çevikliyi artmışdır.
Ötən müddətdə struktur islahatlarının əhəmiyyətini nəzərə alaraq dövlət xidmətləri və məhsul istehsalı sferasının da qabaqcıl prinsiplər əsasında idarə olunmasına xüsusi önəm verilmişdir. Bu istiqamətdə ölkədə iri dövlət şirkətlərinin maliyyə-təsərrüfat fəaliyyətində dayanıqlılığın artırılması, onların gəlir və xərclərinə nəzarətin daha da gücləndirilməsi üçün bir sıra işlər görülmüş, paylarının nəzarət zərfi dövlətə məxsus hüquqi şəxslərin idarə olunmasının təkmilləşdirilməsi məqsədilə mühüm islahatlar həyata keçirilmişdir.
Müasir dövrdə yalnız azad bazar münasibətlərinin hərtərəfli inkişafına, dayanıqlı özəl mülkiyyətin genişlənməsinə, daha sağlam prinsiplərə söykənən idarəçiliyə əsaslanmaqla iqtisadi inkişafı sürətləndirmək mümkündür. Buna görə də dövlətə məxsus müəssisələrin idarə olunması sisteminin təkmilləşdirilməsi, fəaliyyətinin səmərəliliyinin və şəffaflığının artırılması, xərclərini və risklərini optimallaşdırmaq yolu ilə onların tam sağlamlaşdırılması istiqamətində struktur islahatlarının dərinləşdirilməsi tələb olunur.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin vahid prinsiplər əsasında idarə olunması, onların fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən həyata keçirdikləri investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, rəqabət qabiliyyətinin artırılması, maliyyə sağlamlığının və dayanıqlılığının yaxşılaşdırılması məqsədilə qərara alıram:
1. “Azərbaycan İnvestisiya Holdinqi” publik hüquqi şəxs yaradılsın.
2. “Azərbaycan İnvestisiya Holdinqinin Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).
3. Müəyyən edilsin ki:
3.1. Azərbaycan İnvestisiya Holdinqinin (bundan sonra – AİH) fəaliyyətinə rəhbərliyi həyata keçirmək üçün Müşahidə Şurası və İdarə Heyəti yaradılır;
3.2. idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin (bundan sonra – dövlət müəssisələri) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq ali idarəetmə orqanının müstəsna səlahiyyətinə aid edilmiş məsələləri AİH Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həll edir.
4. AİH-in təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:
4.1. Azərbaycan Respublikasının Prezidentinə:
4.1.1. nizamnaməsinin təsdiqi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;
4.1.2. idarəetmə orqanlarının yaradılması;
4.1.3. Müşahidə Şurası üzvlərinin (o cümlədən sədrinin), habelə İdarə Heyəti sədrinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;
4.1.4. ləğvi və yenidən təşkili.
4.2. AİH-ə:
4.2.1. bu Fərmanın 4.1-ci bəndində qeyd edilənlər istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.
5. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
5.1. AİH-in yaradılması ilə əlaqədar Azərbaycan Respublikası qanunlarının təkmilləşdirilməsi ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
5.2. AİH-in idarəetməsinə veriləcək dövlət müəssisələri ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
5.3. AİH-in fəaliyyətinin təşkili və təmin edilməsi xərclərinin maliyyələşdirilməsi üçün dövlət müəssisələrinin AİH-ə ödəyəcəkləri haqqın formalaşma mexanizmi ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
5.4. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
5.5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ-hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
5.6. dövlət qeydiyyatına alındığı gündən AİH-in inzibati bina ilə təmin olunması və maddi-texniki təminatı məsələlərinin həlli üçün bir ay müddətində tədbirlər görüb Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
5.7. mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
5.8. dövlət qeydiyyatına alınması üçün bu Fərmanın qüvvəyə mindiyi tarixdən üç gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müraciət etsin;
5.9. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
6. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanla təsdiq edilmiş Nizamnamənin 5.1-ci bəndində göstərilən məbləğdə maliyyələşməni Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə birlikdə təmin etsin.
7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 avqust 2020-ci il.
7 Avqust 2020, 18:0827 Sentyabr 2018, 08:09
“Azərbaycan Respublikası və Latviya Respublikası arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyul tarixli 417 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
27 Sentyabr 2018, 08:09
Azərbaycan Respublikasının Qızılağac Milli Parkının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
27 Sentyabr 2018, 08:09
Azərbaycan Respublikasının “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti ilə Fransa Respublikasının Milli Kosmik Tədqiqatlar Mərkəzi arasında kosmos sahəsində birgə fəaliyyətlərə dair Çərçivə Sazişinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
24 Sentyabr 2018, 08:09
Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun QƏRARI ətraflı...
24 Sentyabr 2018, 08:09
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
24 Sentyabr 2018, 08:09
T.S.Süleymanovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
18 Sentyabr 2018, 08:09
Abşeron rayonunun Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi (16 km)–Masazır–Novxanı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
18 Sentyabr 2018, 08:09
Ələt azad iqtisadi zonasının inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
18 Sentyabr 2018, 08:09
Şəhərsalma fəaliyyətinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
18 Sentyabr 2018, 08:09
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Serbiya Respublikasının Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...