Yaşıllıqların mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanunu
Bu Qanun, Azərbaycan Respublikası Konstitusiyasının 39-cu, 78-ci maddələrinə və 94-cü maddəsinin I hissəsinin 11-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikasında yaşıllıqların mühafizəsi ilə əlaqədar münasibətləri tənzimləyir, bu sahədə dövlətin, bələdiyyələrin, fiziki və hüquqi şəxslərin hüquq və vəzifələrini müəyyən edir.
1-ci fəsil
Ümumi müddəalar
Maddə 1. Əsas anlayışlar
1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.0.1. yaşıllıqlar - şəhərlərin, digər yaşayış məntəqələrinin və infrastruktur obyektlərinin hüdudları daxilində lazımi ekoloji, mədəni-sağlamlaşdırma, landşaft və məkan görünüşü baxımından əhəmiyyət daşıyan, təbii halda mövcud olan və ya süni yaradılan ağac, kol, gül-çiçək və ot bitkilərinin toplumu;
1.0.2. yaşıllıq əraziləri - yaşıllıqların yerləşdiyi və ya yaşıllıq salmaq üçün ayrılmış torpaq sahəsi və ona aid ekoloji mühit (məkan);
1.0.3. yaşıllıqların mühafizəsi - ətraf mühitin mühafizəsi və ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədi ilə yaşıllıqların istifadəsinə, qorunmasına, bərpasına və genişlənməsinə yönəlmiş hüquqi, təşkilati və iqtisadi tədbirlər;
1.0.4. yaşıllıqların salınması - yaşıllıq üçün ayrılmış ərazinin əkinə hazırlanmasına, əkin materialının əldə olunmasına və bitkilərin əkilməsinə (yerləşdirilməsinə) yönəlmiş fəaliyyət;
1.0.5. yaşıllıqların qorunması - yaşıllıqlara aqrotexniki qulluq göstərilməsinə, onların zədələnmədən və məhv olmaqdan, habelə xəstəlik və zərərvericilərdən mühafizəsinə yönəlmiş tədbirlər;
1.0.6. yaşıllıqların uçotu və kadastrı – yaşıllıqların kəmiyyət və keyfiyyət göstəriciləri, növü, ərazisi və onlar barədə digər zəruri məlumatların məcmusu;
1.0.7. yaşıllıqların monitorinqi – yaşıllıqların vəziyyətinin qiymətləndirilməsi və proqnozlaşdırılması məqsədi ilə onların xüsusiyyətlərini və xassələrini müəyyən edən müntəzəm müşahidə və tədqiqatlar sistemi;
1.0.8. yaşıllıqların məhv edilməsi - bitkilərin boy artımının və inkişafının dayanmasına səbəb olan hərəkət (hərəkətsizlik);
1.0.9. yaşıllıqların zədələnməsi - bitkilərin boy artımının və inkişafının dayanmasına gətirib çıxarmayan fiziki və digər təsirlər nəticəsində bitkilərin çətirinin, kök sisteminin, gövdəsinin və ya torpaqüstü canlı hissəsinin tamlığının pozulması, həmçinin yaşıllıq ərazisində torpağın, su və hava mühitinin zəhərli maddələrlə çirklənməsi;
1.0.10. yaşıllıqların bərpası – götürülmüş (kəsilmiş), zədələnmiş və ya məhv edilmiş yaşıllıqların və ya onların hissələrinin əvəzinə onlara bərabər yeni bitkilərin əkilməsi və (və ya) yaşıllığın salınması;
1.0.11. yaşıllıqların bərpa dəyəri - yaşıllıqların salınmasına, becərilməsinə və mühafizəsinə çəkilən xərclər də daxil olmaqla, yaşıllıqların zədələnməsi, məhv edilməsi və götürülməsi (kəsilməsi) zamanı onların dəyərinin müəyyən edilməsi üçün aparılan qiymətləndirmə;
1.0.12. yaşıllıqların götürülməsi - bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulan hallarda ağac, kol və digər bitkilərin yerinin dəyişdirilməsinə (kökündən çıxarılmasına) və ya bərpa edilməsi şərti ilə kəsilməsinə yönəlmiş tədbir.
Maddə 2. Yaşıllıqların mühafizəsi haqqında qanunvericilik
2.1. Yaşıllıqların mühafizəsi haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir.
2.2. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə yaşıllıqların mühafizəsi sahəsində müəyyən edilmiş normalar bu Qanunda nəzərdə tutulmuş normalardan fərqli olduqda beynəlxalq müqavilələrin normaları tətbiq edilir.
Maddə 3. Qanunun tətbiq dairəsi
Bu Qanun, meşə fondu torpaqlarında və xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər) istisna olmaqla, ölkə ərazisindəki yaşıllıqlara şamil edilir.
Maddə 4. Yaşıllıqların mühafizəsi sahəsində hüquq münasibətlərinin obyektləri və subyektləri
4.1. Yaşıllıqların mühafizəsi sahəsində hüquq münasibətlərinin obyektləri yaşıllıqlar (ağac, kol, gül-çiçək, ot bitkiləri, onların əkin materialları (toxumlar, şitillər, tinglər), yaşıllıq əraziləri və onlardan istifadə hüquqlarıdır.
4.2. Yaşıllıqların mühafizəsi sahəsində hüquq münasibətlərinin subyektləri dövlət orqanları, bələdiyyələr, fiziki və hüquqi şəxslərdir.
4.3. Yaşıllıqların mühafizəsi sahəsində hüquq münasibətlərinin bütün subyektləri yaşıllıqlardan istifadədə, onların salınması, bərpası, qorunması və genişləndirilməsində bərabər hüquqlara malikdirlər və subyektlərin heç birinə bu Qanunda nəzərdə tutulan hallar istisna olmaqla, üstünlük verilmir.
Maddə 5. Yaşıllıqların mühafizəsinin əsas prinsipləri
5.0. Yaşıllıqların mühafizəsinin əsas prinsipləri aşağıdakılardır:
5.0.1. yaşıllıq ərazilərində ekoloji tarazlığın təmin edilməsi;
5.0.2. mədəni-sağlamlaşdırma mühitinin yaradılması və təmin edilməsi;
5.0.3. yaşıllıqların mühafizəsində dövlət və bələdiyyə orqanlarının, əhalinin və qeyri-hökumət təşkilatlarının iştirakının təmin olunması;
5.0.4. yaşıllıqların mühafizəsi sahəsində iqtisadi həvəsləndirmənin tətbiq edilməsi;
5.0.5. yaşıllıqların mühafizəsi sahəsində dövlət nəzarəti və ictimai nəzarət;
5.0.6. qanunun pozulmasına görə məsuliyyət;
5.0.7. yaşıllaşdırma sahəsində beynəlxalq əməkdaşlıq.
Maddə 6. Yaşıllıqların növləri
6.1. Təyinatından və istifadə qaydasından (rejimindən) asılı olaraq, şəhərlərdə və digər yaşayış məntəqələrində, infrastruktur obyektlərinin hüdudlarında yaşıllıqların aşağıdakı növləri vardır:
6.1.1. ümumi istifadədə olan yaşıllıqlar (park, meşə-park, bağ, bağça, bulvar ərazisində olan və digər yaşıllıqlar);
6.1.2. məhdud istifadəli yaşıllıqlar (məhəllədaxili, təhsil və səhiyyə, mədəni-məişət, sənaye müəssisələrinin və digər obyektlərin ərazisində olan yaşıllıqlar);
6.1.3. xüsusi təyinatlı yaşıllıqlar (sənaye müəssisələri və kompleksləri ilə yaşayış zonaları arasında, infrastruktur obyektlərinin (magistral dəmir və avtomobil yollarının, enerji kəmərlərinin və obyektlərinin, su kanallarının, digər bu kimi obyektlərin) hüdudlarında salınmış yaşıllıq zolaqları, tingliklər (şitilliklər), küçə yaşıllıqları, mühafizə, sanitariya-mühafizə və digər qoruyucu zonalarda, xatirə kompleksləri (xiyabanlar) və qəbiristanlıqlar ərazisində olan və digər yaşıllıqlar).
6.2. Xüsusi təyinatlı yaşıllıqların mühafizəsi bu Qanunla və digər normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada həyata keçirilir.
6.3. Bu Qanunun 6.1-ci maddəsində göstərilən yaşıllıqların müfəssəl siyahısını, təyinatını və onlardan istifadə qaydasını (rejimini) müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
2-ci fəsil
Yaşıllıqların mühafizəsi sahəsində idarəetmə
Maddə 7. Yaşıllıqların mühafizəsi sahəsində dövlətin vəzifələri
7.1. Dövlət mülkiyyətində olan torpaqlardakı yaşıllıqların mühafizəsini müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər.
7.2. Yaşıllıqların mühafizəsi sahəsində dövlətin vəzifələri aşağıdakılardır:
7.2.1. yaşıllıqların mühafizəsi sahəsində dövlət siyasətini müəyyən etmək;
7.2.2. yaşıllıqların mühafizəsi ilə bağlı normativ hüquqi aktları hazırlamaq və qəbul etmək;
7.2.3. yeni yaşayış və sənaye obyektlərinin layihəsində şəhərsalma normalarına uyğun yaşıllaşdırma tədbirlərinin əks olunmasını təmin etmək;
7.2.4. yaşıllıqların mühafizəsinə dövlət nəzarətini həyata keçirmək;
7.2.5. yaşıllıqların mühafizəsinə dair müvafiq tədbirləri dövlət proqramları çərçivəsində müəyyən etmək və həyata keçirmək;
7.2.6. yaşıllıqların salınması və bərpası üçün əkin materialları yetişdirmək məqsədi ilə torpaq sahələri ayırmaq;
7.2.7. ətraf mühitin mühafizəsi, ekoloji təhlükəsizlik və fitosanitar nəzarəti haqqında qanunvericiliyin, ərazi planlaşdırılması sənədlərinin tələblərini, yerli iqlim şəraitini və torpaqların xüsusiyyətini nəzərə almaqla yaşıllıq salınması üçün faydalı bitki cinsini və növünü müəyyən etmək;
7.2.8. şəhərlərin və digər yaşayış məntəqələrinin baş və müfəssəl planları hazırlanarkən yaşıllıq ərazilərinin şəhərsalma normalarına uyğun olmasını təmin etmək;
7.2.9. fitosanitar nəzarəti haqqında qanunvericiliyə uyğun olaraq yaşıllıqlara xəstəlik və zərərvericilərin sirayət etməsi dərəcəsinə nəzarət etmək və kompleks mübarizə tədbirlərini həyata keçirmək;
7.2.10. yaşıllıqların mühafizəsi sahəsində həvəsləndirici tədbirlər müəyyən etmək;
7.2.11. yaşıllıqların mühafizəsi sahəsində əhalinin maarifləndirilməsi işini təşkil etmək.
Maddə 8. Yaşıllıqların mühafizəsi sahəsində bələdiyyələrin vəzifələri
8.1. Bələdiyyə mülkiyyətində olan torpaqlardakı yaşıllıqların mühafizəsini bələdiyyələr həyata keçirir.
8.2. Yaşıllıqların mühafizəsi sahəsində bələdiyyələrin vəzifələri aşağıdakılardır:
8.2.1. yaşıllıq ərazilərinin genişləndirilməsinə dair yerli proqramlar və normativ xarakterli aktlar qəbul etmək;
8.2.2. yaşıllıqların mühafizəsi ilə əlaqədar həyata keçirilən və planlaşdırılan işlər və ərazilər barədə əhalini mütəmadi olaraq məlumatlandırmaq;
8.2.3. mülkiyyətində olan torpaqlardakı yaşıllıqların uçotunu, kadastrını və monitorinqini aparmaq;
8.2.4. yaşıllıqların mühafizəsi məqsədi ilə bələdiyyə büdcəsindən ayrılmış vəsaitin təyinatı üzrə istifadə olunmasına nəzarəti həyata keçirmək;
8.2.5. müvafiq icra hakimiyyəti orqanı ilə birlikdə bələdiyyə ərazisindəki yaşıllıqlarda rast gəlinən xəstəlik və zərərvericilərə qarşı mübarizə aparmaq;
8.2.6. ərazisində olan yaşıllıqların genişləndirilməsi məqsədi ilə həvəsləndirmə tədbirləri müəyyənləşdirib həyata keçirmək.
Maddə 9. Yaşıllıqları mühafizə tədbirləri
9.0. Yaşıllıqların mühafizəsi aşağıdakı tədbirlərin yerinə yetirilməsini nəzərdə tutur:
9.0.1. yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması, onların mühafizəsinə dövlət və ictimai nəzarətin təşkili;
9.0.2. yaşıllıq ərazilərində torpaqların münbitliyinin artırılması, lazımi rütubət mühitinin yaradılması, su və külək eroziyasından qorunmasının təmin edilməsi;
9.0.3. yaşıllıq ərazilərindəki ağac və kol bitkilərinin budanması, yaşıllıqlara aqrotexniki qulluğun təşkili, onların xəstəliklərdən və zərərvericilərdən mühafizəsi;
9.0.4. qanun pozuntularının qarşısının alınması, onların nəticələrinin aradan qaldırılması;
9.0.5. zədələnmiş, məhv edilmiş və götürülmüş (kəsilmiş) yaşıllıqların bərpası;
9.0.6. yaşıllıq salınması məqsədi ilə bələdiyyələrin, qeyri-hökumət təşkilatlarının və əhalinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada əkin materialları, avadanlıq, inventar və digər vasitələrlə əvəzsiz təmin olunması;
9.0.7. yaşıllıqların ətraf mühiti sağlamlaşdırma, iqlimtənzimləyici, torpaqqoruyucu, suqoruyucu və digər xüsusiyyətlərinin artırılmasına və yaşıllıqların mühafizəsinə yönəlmiş başqa tədbirlərin həyata keçirilməsi.
Maddə 10. Yaşıllıqların mühafizəsi sahəsində fiziki və hüquqi şəxslərin vəzifələri
10.0. Yaşıllıqların mühafizəsi sahəsində fiziki və hüquqi şəxslərin vəzifələri aşağıdakılardır:
10.0.1. yaşıllıqların mühafizəsi ilə bağlı bu Qanunun və digər normativ hüquqi aktların tələblərinə əməl etmək;
10.0.2. yaşıllıqların zibillənməsinə, istehsalat və məişət tullantıları ilə çirklənməsinə yol verməmək;
10.0.3. yaşıllıqlarda yanğın təhlükəsizliyinə əməl etmək.
Maddə 11. Yaşıllıqların mühafizəsi sahəsində fiziki və hüquqi şəxslərin hüquqları
11.0. Yaşıllıqların mühafizəsi sahəsində fiziki və hüquqi şəxslərin hüquqları aşağıdakılardır:
11.0.1. bu Qanunun və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə, yaşıllıqlardan istifadə etmək;
11.0.2. yaşıllıq ərazilərində cari və gələcəkdə planlaşdırılan işlər, habelə yaşıllıqların uçotu, kadastrı və monitorinqi barədə müvafiq icra hakimiyyəti orqanından və bələdiyyədən məlumat almaq;
11.0.3. şəhərsalma və tikinti layihə sənədlərinin yaşıllıqlarla bağlı hissəsinin hazırlanması və qəbulu prosesində iştirak etmək;
11.0.4. yaşıllıqların mühafizəsinə dair məsələlərin müzakirəsində iştirak etmək;
11.0.5. yaşıllıqların mühafizəsi sahəsində tələblərin pozulması ilə bağlı inzibati qaydada və məhkəməyə şikayət vermək.
Maddə 12. Yaşıllıqların uçotu, kadastrı və monitorinqi
12.1. Yaşıllıqların uçotu və kadastrı aşağıdakı məqsədlər üçün aparılır:
12.1.1. yaşıllıqların kəmiyyət və keyfiyyət göstəriciləri, növü, ərazisi və onlar barədə digər məlumatların toplanması;
12.1.2. yaşıllıqların sanitariya-gigiyena və fitosanitar normalarına uyğunluğunun təmin edilməsi;
12.1.3. yaşıllıqların səmərəli idarə edilməsinə və mühafizəsinə nail olunması;
12.1.4. yaşıllıqların mövcud vəziyyəti haqqında ətraflı məlumat əldə etmək imkanının yaradılması.
12.2. Yaşıllıqların uçotu, kadastrı və monitorinqi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaya uyğun olaraq vahid metodika əsasında həyata keçirilir.
12.3. Yaşıllıqların uçotu, kadastrı və monitorinqi haqqında məlumatlar ətraf mühitə dair informasiya almaq haqqında qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanında toplanır və həmin orqanın rəsmi internet səhifəsində yerləşdirilir.
12.4. Yaşıllıqların uçotu, kadastrı və monitorinqi yaşıllıqların növləri üzrə ayrıca aparılır.
Maddə 13. Yaşıllıqların götürülməsi
13.1. Yaşıllıqların götürülməsinə aşağıdakı hallarda yol verilir:
13.1.1. dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda;
13.1.2. şəhərsalma və ətraf mühitə təsirin qiymətləndirilməsi sənədlərində nəzərdə tutulan, dövlət ekoloji ekspertizasının müsbət rəyi olan layihə həyata keçirildikdə;
13.1.3. şəhərsalma və tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar yaşayış və qeyri-yaşayış binalarında işıqlanma (inşaat fizikası) rejimini pozduqda;
13.1.4. ağac və kol bitkiləri olan sahədə sanitar qırma işləri (qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi və sair) aparıldıqda;
13.1.5. texnogen və ya təbii xarakterli fövqəladə hallar (ekoloji fəlakət) baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda;
13.1.6. ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda.
13.2. Bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, yaşıllıqların götürülməsi qadağandır.
13.3. Bu Qanunun 13.1.1-ci, 13.1.2-ci və 13.1.6-cı maddələrində göstərilən hallarda yaşıllıqların götürülməsi (kəsilməsi) onların bərpa dəyərini təşkil edən vəsaitlər ödənildikdən və ya bu öhdəliyin icrasına təminat verildikdən sonra həyata keçirilir.
13.4. Yaşıllıqların götürülməsi müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı əsasında həyata keçirilir. Rəyin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Yaşıllığın götürülməsi haqqında qərar müraciətin daxil olmasından sonrakı on təqvim günü ərzində qəbul edilir. Yaşıllığın götürülməsi barədə müraciət bu Qanunun 13.1.5-ci və 13.1.6-cı maddələrində nəzərdə tutulan hallarda daxil olduqda isə qərar üç təqvim günü ərzində qəbul olunur. Qərarda yaşıllığın kimin hesabına götürülməsi, götürülən yaşıllığın bərpa dəyərinin məbləği və ödənilməsi, bərpa olunma müddəti və qaydası əks olunmalıdır.
13.5. Qərar qəbul olunan gün qərarı qəbul edən orqan müraciət edən şəxsə yaşıllığın götürülməsinin məqsədini, götürülmə haqqında qərarın tarixini, nömrəsini və digər məlumatları əks etdirən, forması və tətbiqi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yaşıllığın götürülməsi vərəqi verməlidir. Yaşıllığın götürülməsi vərəqi olmadan yaşıllığın götürülməsi qadağandır.
13.6. Yaşıllığın götürülməsi vərəqi yaşıllıqlara dövlət nəzarətini həyata keçirən orqanın və ictimai nəzarəti həyata keçirən şəxslərin tələbi ilə yaşıllığı götürən şəxs tərəfindən maneəsiz təqdim edilməlidir. Yaşıllığın götürülməsi vərəqi yaşıllığın götürüldüyü ərazidə hamının tanış ola biləcəyi yerdə yerləşdirilməlidir.
13.7. Bu Qanunun 13.1.1-ci maddəsində göstərilən halda yaşıllıqların götürülməsi bunu zəruri edən layihənin hesabına həyata keçirilir.
13.8. Yaşıllıqların götürülməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
Maddə 14. Yaşıllıqların bərpası
14.1. Yaşıllıqların bərpasının əsas məqsədi mövcud yaşıllıqlarda sanitariya-gigiyena və fitosanitar normalarına uyğunluğu təmin etmək və bitkilərin cins və növ tərkibini yaxşılaşdırmaq, yaşıllıq ərazilərindən səmərəli istifadə etmək və yaşıllıq sahələrinin azalmasına yol verməməkdir.
14.2. Yaşıllıqların bərpası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.
14.3. Zədələnmə və ya məhv olma hallarında yaşıllıqlar həmin yerdə eyni və ya yerli şəraitə daha yaxşı uyğunlaşan münasib bitki cinsləri və növlərindən istifadə olunmaqla bərpa edilməlidir.
14.4. Yaşıllıqları əvvəlki yerində bərpa etmək mümkün olmadıqda, bərpa işləri yaşıllığın yerləşdiyi torpağın mülkiyyətçisinin öz ərazisindən və ya müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin başqa ərazidən ayırdığı torpaq sahəsində həyata keçirilir.
14.5. Yaşıllıqların bərpası müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılmış ərazilərdə, yaşıllığı götürən fiziki və hüquqi şəxslərin özləri tərəfindən və ya onların vəsaiti hesabına müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr, fiziki və hüquqi şəxslər, qeyri-hökumət təşkilatları tərəfindən həyata keçirilir.
14.6. Yaşıllıqların bərpası bir il ərzində həyata keçirilməlidir.
14.7. Yaşıllıqlar bərpa edilərkən və (və ya) genişləndirilərkən yerli, habelə yerli şəraitə yaxşı uyğunlaşan həmişəyaşıl, uzunömürlü və yaşıllaşdırma üçün daha münasib və faydalı bitki cinsləri və növlərindən istifadəyə üstünlük verilməlidir.
Maddə 15. Yaşıllıqların bərpa dəyəri
15.1. Yaşıllıqların götürülməsi (kəsilməsi), zədələnməsi və ya məhv edilməsi zamanı onların bərpa dəyərinin hesablanması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaya uyğun olaraq bu bitkilərin cinsi, növü, yaşı və digər keyfiyyət göstəriciləri nəzərə alınmaqla, həmin tarixə olan bazar qiymətləri əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
15.2. Bu Qanunun 13.1.3−13.1.5-ci maddələrində nəzərdə tutulan hallarda yaşıllıqların götürülməsinə görə bərpa dəyəri ödənilmir.
15.3. Dövlət və bələdiyyə mülkiyyətində olan yaşıllıqların bərpa dəyərini təşkil edən vəsait müvafiq olaraq ətraf mühitin mühafizəsi üzrə dövlət fonduna və bələdiyyə büdcəsinə ödənilir.
15.4. Yaşıllığın götürülməsi ilə əlaqədar torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin götürülən yaşıllığa çəkdiyi xərc yaşıllıqların bərpa dəyəri hesablanarkən nəzərə alınır və həmin vəsait onlara ödənilir.
Maddə 16. Yaşıllıqlara qulluq, onların xəstəlik və zərərvericilərdən mühafizəsi
16.1. Yaşıllıqlara qulluq, onların xəstəlik və zərərvericilərdən mühafizəsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
16.2. Yaşıllıqların mühafizəsi məqsədi ilə ağac, kol, gül-çiçək və ot bitkilərinin və onların genetik materiallarının Azərbaycan Respublikasına gətirilməsi və onun hüdudlarından kənara aparılması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.
Maddə 17. Yaşıllıqların inkişafı üçün tədbirlərin planlaşdırılması
17.1. Yaşıllıqların inkişafı üçün tədbirlərin planlaşdırılması, şəhərlərin və digər yaşayış məntəqələrinin baş planlarını və müfəssəl planlarını, habelə müvafiq dövlət proqramlarını (tədbirlər planını) nəzərə almaqla, şəhərsalma və tikinti qanunvericiliyinə və bu Qanunauyğun olaraq aparılır.
17.2. Texniki-iqtisadi əsaslandırmada, ətraf mühitə təsirin qiymətləndirilməsində, habelə şəhərsalma və tikinti layihə sənədlərində layihədən əvvəlki və sonrakı dövrlərdə həmin ərazidəki yaşıllıqların vəziyyətini əks etdirən məlumatlar tam və dürüst əks olunmalıdır. Yeni layihələndirilən obyektlərdə yaşıllıqların salınması mütləq həmin yaşayış məntəqəsinin yaşıllıqla təmin edilməsi normasına uyğun nəzərdə tutulmalıdır.
17.3. Tikinti layihələrinin icrası nəticəsində götürülən yaşıllıqların miqdarı, növ tərkibi və bərpa dəyəri haqqında məlumat tikinti layihəsinin ekologiya bölməsinə daxil edilir.
3-cü fəsil
Yaşıllıqların mühafizəsinə nəzarət
Maddə 18. Yaşıllıqların mühafizəsinə nəzarətin məqsəd və formaları
18.1. Yaşıllıqların mühafizəsinə nəzarətin məqsədi yaşıllıqların vəziyyətinin dəyişməsinin müşahidə edilməsi, qabaqlayıcı işlərin görülməsi və baş vermiş dəyişikliklərin aradan qaldırılması üçün müvafiq aqrotexniki və digər tədbirlərin yerinə yetirilməsini nəzərdə tutur.
18.2. Yaşıllıqların mühafizəsinə nəzarət dövlət və ictimai nəzarət formalarında, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.
Maddə 19. Yaşıllıqların mühafizəsinə dövlət nəzarəti
19.1. Yaşıllıqların mühafizəsinə dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.
19.2. Yaşıllıqların mühafizəsinə dövlət nəzarətini həyata keçirən orqanın və onun vəzifəli şəxslərinin hüquqları aşağıdakılardır:
19.2.1. yaşıllıqların mühafizəsi sahəsində tədbirlərin yerinə yetirilməsini, bu Qanunun tələblərinə əməl olunmasını, bitkilərə aqrotexniki qulluq edilməsi və fitosanitar tədbirlərin aparılması vəziyyətini yoxlamaq, yaşıllıqların bərpasına nəzarəti həyata keçirmək;
19.2.2. yaşıllıqların mühafizəsi sahəsində pozuntuların aradan qaldırılmasını fiziki və hüquqi şəxslərdən tələb etmək və pozuntulara yol verən şəxslər barəsində müvafiq tədbirlər görmək;
19.2.3. yaşıllıqların mühafizəsi sahəsində inzibati xətalar haqqında işlərə baxmaq, şəxslərin əməlində daha ciddi qanun pozuntusu faktları müəyyən etdikdə onları aidiyyəti üzrə göndərmək;
19.2.4. yaşıllıqların mühafizəsi sahəsində qanunvericiliyin pozulması nəticəsində vurulmuş ziyanın həcmini müəyyən etmək (müəyyən edilməsində iştirak etmək).
19.3. Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
19.4. Yaşıllıqların mühafizəsi sahəsində dövlət nəzarətini həyata keçirən orqanın (vəzifəli şəxslərin) qərarlarının icrası fiziki, hüquqi və ya vəzifəli şəxslər üçün məcburidir və bu qərarlardan inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.
Maddə 20. Yaşıllıqların mühafizəsinə ictimai nəzarət
20.1. Yaşıllıqların mühafizəsinə ictimai nəzarət fiziki şəxslər və vətəndaş cəmiyyəti təsisatlarının təşəbbüsü əsasında təşkil olunur və həyata keçirilir.
20.2. Yaşıllıqların mühafizəsinə ictimai nəzarət dövlət nəzarətinin həyata keçirilməsindən asılı olmayaraq aparılır.
20.3. Yaşıllıqların mühafizəsinə ictimai nəzarəti həyata keçirmək istəyən şəxslər nəzarətin aparılmasından beş iş günü əvvəl yazılı şəkildə müvafiq icra hakimiyyəti orqanına müraciət edərək nəzarətin həyata keçirilməsi yeri və vaxtı barədə məlumat verməlidirlər.
20.4. Yaşıllıqların mühafizəsinə ictimai nəzarəti həyata keçirən şəxslər aşağıdakı hüquqlara malikdirlər:
20.4.1. müvafiq icra hakimiyyəti orqanından və bələdiyyədən yaşıllıqların vəziyyəti, yaşıllıq ərazilərinə təsiri ola bilən yeni obyektlərin yerləşdirilməsi, yaşıllıqların inkişafı və bioloji müxtəlifliyin qorunması üzrə görülmüş və planlaşdırılan tədbirlər, yaşıllıq ərazisi daxilində torpaqların kateqoriyasının dəyişdirilməsi, yaşıllıqların mühafizəsinin təmin edilməsi barədə məlumat almaq;
20.4.2. yaşıllıq ərazisində olan bitkilərin bioloji müxtəlifliyinin qorunub saxlanması və səmərəli istifadəsi üzrə təkliflər vermək;
20.4.3. yaşıllıq ərazilərinə təsiri ola bilən yeni obyektlərin və qurğuların yerləşdirilməsi layihələrinin ictimai ekoloji ekspertizasını təşkil etmək;
20.4.4. yaşıllıqların mühafizəsinə və inkişafına dair qərarların hazırlanmasında və müzakirəsində iştirak etmək, habelə bu sahədə maraqlı olan əhali ilə məsləhətləşmələrin aparılması təşəbbüsü ilə çıxış etmək;
20.4.5. yaşıllıq ərazilərinə baxış keçirmək;
20.4.6. yaşıllıqların mühafizəsinə ictimai nəzarətin nəticələrini kütləvi informasiya vasitələri ilə ictimaiyyətə çatdırmaq və ictimai müzakirələr keçirmək;
20.4.7. şəhərlərdə və digər yaşayış məntəqələrində yaşıllıqların zədələnməsinin, məhv edilməsinin, yaşıllıq ərazilərində qanuna zidd digər hərəkətlərin qarşısının alınması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələr qarşısında vəsatət qaldırmaq;
20.4.8. xəstəlik və zərərvericilərin təsiri nəticəsində, habelə kimyəvi maddələr və digər tullantılar ilə ciddi zədələnmiş, qurumuş, ətrafdakılar üçün təhlükəli (o cümlədən aşma təhlükəsi) olan ağac və kollar kəsildikdən sonra həmin ərazidə mövcud vəziyyət nəzərə alınmaqla, yaşıllıqların bərpasını tələb etmək.
4-cü fəsil
Yaşıllıqların mühafizəsinin iqtisadi tənzimlənməsi və maliyyələşdirilməsi
Maddə 21. Yaşıllıqların mühafizəsi sahəsində iqtisadi həvəsləndirmə
21.1. Yaşıllıqların mühafizəsi sahəsində iqtisadi həvəsləndirmə yaşıllıqların salınması, bərpası və genişləndirilməsi tədbirlərinin yerinə yetirilməsinə marağın təmin edilməsinə yönəlmişdir.
21.2. Yaşıllıqların mühafizəsi sahəsində iqtisadi həvəsləndirmə aşağıdakı istiqamətlərdə həyata keçirilir:
21.2.1. yaşıllıqların salınmasını, bərpasını və genişlənməsini sürətləndirən tədbirlərin proqnozlaşdırılması və maliyyələşdirilməsi;
21.2.2. yaşıllıqların mühafizəsi sahəsində müxtəlif iqtisadi həvəsləndirmə tədbirlərinin tətbiq edilməsi;
21.2.3. yaşıllıqların salınması, bərpası və genişlənməsi tədbirlərini həyata keçirmək məqsədi ilə beynəlxalq təşkilatlar və digər donorlar tərəfindən maliyyə vəsaiti, qrantlar və digər yardımlar ayrılmasının dəstəklənməsi.
21.3. Yaşıllıqların mühafizəsi sahəsində iqtisadi həvəsləndirmə formalarını və qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
Maddə 22. Yaşıllıqları mühafizə tədbirlərinin maliyyələşdirilməsi
22.0. Yaşıllıqları mühafizə tədbirləri aşağıdakı mənbələr hesabına maliyyələşdirilir:
22.0.1. dövlət büdcəsinin vəsaiti;
22.0.2. yerli büdcələrin vəsaiti;
22.0.3. ətraf mühitin mühafizəsi üzrə fondların vəsaiti;
22.0.4. tikinti layihələrinin ekologiya bölmələrinin vəsaiti;
22.0.5. fiziki və hüquqi şəxslərin könüllü ianələri və qrantlar;
22.0.6. beynəlxalq təşkilatların və digər donorların ayırmaları;
22.0.7. qanunvericiliyə zidd olmayan digər mənbələr.
5-ci fəsil
Yekun müddəalar
Maddə 23. Yaşıllıqların mühafizəsi sahəsində beynəlxalq əməkdaşlıq
Yaşıllıqların mühafizəsi sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında həyata keçirilir.
Maddə 24. Yaşıllıqların mühafizəsi haqqında qanunvericiliyin
pozulmasına görə məsuliyyət
Bu Qanunun tələblərinin pozulmasına görə şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar.
Maddə 25. Mübahisələrin həlli
Yaşıllıqların mühafizəsi ilə əlaqədar mübahisələr inzibati qaydada və məhkəmə qaydasında həll edilir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 may 2014-cü il.
1 İyul 2014, 09:07
28 Dekabr 2022, 15:12
“Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında”, “Maliyyə-sənaye qrupları haqqında” və “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...
28 Dekabr 2022, 15:12
Apellyasiya məhkəmələri sədrlərinin müavinlərinin, məhkəmə kollegiyaları sədrlərinin və birinci instansiya məhkəmələri sədrlərinin, sədrləri müavinlərinin və hakimlərinin təyin edilməsi ilə bağlı bəzi məsələlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
28 Dekabr 2022, 15:12
Məhkəmə orqanlarında uzunmüddətli səmərəli fəaliyyət göstərmiş şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
28 Dekabr 2022, 15:12
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin təyin edilməsi və onların fəaliyyətinin təmin olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
28 Dekabr 2022, 11:12
Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri R.S.Mustafayevin iqamətgahı Haaqa şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatda daimi nümayəndəsi təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
28 Dekabr 2022, 11:12
M.M.Əliyevin Azərbaycan Respublikasının Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
28 Dekabr 2022, 11:12
R.F.İsmayılovun Azərbaycan Respublikasının Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
28 Dekabr 2022, 08:12
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
28 Dekabr 2022, 08:12
“Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 10 illiyi (2012-2022)” Azərbaycan Respublikasının yubiley medalının və “ASAN xidmət” ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 20 dekabr tarixli 697-VIQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
28 Dekabr 2022, 08:12
“ASAN xidmət” ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalının təsviri ətraflı...