“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 10-cu bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 10, maddə 607; 2005, № 10, maddə 905; 2008, № 8, maddə 701) aşağıdakı dəyişikliklər edilsin:
1. 5-ci maddəyə aşağıdakı məzmunda dördüncü hissə əlavə edilsin:
“Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.”.
2. 6-cı maddənin 1-ci bəndi ləğv edilsin.
3. 10-cu maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə 10. Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin vətəndaşlığına mənsubiyyətinin tanınmaması
Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin ikili vətəndaşlığı olduqda (Azərbaycan Respublikası vətəndaşlığı ilə yanaşı, digər dövlətin (dövlətlərin) vətəndaşı olduqda) həmin şəxsin xarici dövlətin vətəndaşlığına mənsubiyyəti, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş və ya Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə müvafiq surətdə həll edilmiş hallar istisna olmaqla tanınmır.
Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı bir ay müddətində bu barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verməlidir. Belə məlumatı verməyən şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.”.
4. 11-ci maddənin 1-ci bəndində “ərazisində” sözündən sonra “(bu Qanunun 12-ci maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla)” sözləri əlavə edilsin.
5. 12-ci maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə 12. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində doğulmuş uşaqlarının vətəndaşlığı
Azərbaycan Respublikasının ərazisində doğulmuş və hər iki valideyni əcnəbi olan uşaq Azərbaycan Respublikasının vətəndaşı hesab edilmir.
Azərbaycan Respublikasının ərazisində doğulmuş və valideynlərindən biri əcnəbi, digəri isə vətəndaşlığı olmayan şəxs olan uşaq Azərbaycan Respublikasının vətəndaşı hesab edilmir.
Azərbaycan Respublikasının ərazisində doğulmuş və hər iki valideyni vətəndaşlığı olmayan şəxs olan uşaq Azərbaycan Respublikasının vətəndaşıdır.”.
6. 15-ci maddənin birinci hissəsində “ikinci” sözü “yeddinci” sözü ilə əvəz edilsin.
7. 17-ci maddənin üçüncü hissəsində “müttəhim kimi cinayət məsuliyyətinə” sözləri “cinayət işi üzrə təqsirləndirilən şəxs qismində” sözləri ilə əvəz edilsin.
8. 18-ci maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə 18. Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi
“Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, aşağıdakılar Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir:
1) Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi;
2) Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi;
3) Azərbaycan Respublikası vətəndaşının dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı;
4) Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxsin vətəndaşlığa qəbul olunmaq üçün zəruri olan məlumatı qəsdən saxtalaşdırması və ya saxta sənəd təqdim etməsi.
Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi məsələsi bu Qanunun 17-ci maddəsinin ikinci və üçüncü hissələrində göstərilən məhdudiyyətlər nəzərə alınmaqla həll edilir.”.
Maddə 2. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin ikinci hissəsi və 18-ci maddəsinin birinci hissəsinin 1-ci bəndi ilə müəyyən olunmuş müddəalar bu Qanun qüvvəyə minənədək digər ölkənin vətəndaşlığını əldə etmiş şəxslərə şamil edilmir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 may 2014-cü il.
1 İyul 2014, 09:07
15 Noyabr 2016, 10:11
“Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə ətraflı...
15 Noyabr 2016, 10:11
“Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 30 sentyabr tarixli 313-VQD nömrəli Qanununun tətbiqi və “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 506-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 15 fevral tarixli 828 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında ətraflı...
15 Noyabr 2016, 10:11
“Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə ətraflı...
15 Noyabr 2016, 10:11
“Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında Trans-Anadolu təbii qaz sisteminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında ətraflı...
15 Noyabr 2016, 10:11
“Azərbaycan Respublikası Hökuməti ilə Fələstin Dövləti Hökuməti arasında diplomatik pasportu olan müvafiq vətəndaşların viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə ətraflı...
15 Noyabr 2016, 10:11
“Azərbaycan Respublikası Hökuməti ilə İsveç Krallığı Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiyanın və onun Protokolunun təsdiq edilməsi barədə ətraflı...
15 Noyabr 2016, 10:11
“Azərbaycan Respublikası Hökuməti ilə Malta Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiyanın və onun Protokolunun təsdiq edilməsi barədə ətraflı...
15 Noyabr 2016, 10:11
Azərbaycan Respublikası ilə QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fond arasında Çərçivə Sazişinin təsdiq edilməsi haqqında ətraflı...
15 Noyabr 2016, 10:11
Müstəqil Dövlətlər Birliyində malların mənşə ölkəsinin təyin edilməsi Qaydaları haqqında 2009-cu il 20 noyabr tarixli Sazişdə dəyişikliklər edilməsi barədə Protokolun təsdiq edilməsi haqqında ətraflı...
15 Noyabr 2016, 10:11
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 30 sentyabr tarixli 314-VQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə ətraflı...