Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Azərbaycan Respublikası Milli Məclisinin müraciəti
Əziz soydaşlar, dəyərli həmvətənlər!
Dünya tarixinə və mədəniyyətinə sanballı töhfələr vermiş qüdrətli Azərbaycan xalqının övladlarını əqidə və əməl birliyinə çağıran həmrəylik günü münasibəti ilə hər birinizi səmimi qəlbdən salamlayırıq. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 22 il əvvəl başlanmış mənəvi bütövləşmə prosesi xalqımızın tarixi köklərə bağlılığından və milli yüksəliş amalından güc almışdır. Dövlət müstəqilliyimizlə yaşıd olan bu proses sonrakı dövrdə daha da genişlənmiş, ümummilli məqsədlərimizin gerçəkləşməsi naminə sıx birləşməyin əhəmiyyətini dünya azərbaycanlıları dərindən dərk etmişlər. Bu gün dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar bir-biri və Azərbaycan Respublikası ilə əlaqələri inkişaf etdirir, milli diaspor təşkilatları soydaşlarımızın siyasi, iqtisadi, sosial və mədəni hüquqlarının müdafiəsi işinə daha yaxından cəlb olunurlar. Dünya azərbaycanlıları ilə bağların möhkəmləndirilməsi, harada yaşamasından asılı olmayaraq soydaşlarımıza və həmvətənlərimizə qayğı göstərilməsi Azərbaycan Respublikasının dövlət siyasətinin ayrılmaz tərkib hissəsini təşkil edir.
Hər bir xalqın varlığının təməl şərtlərindən biri onun milli birliyi və həmrəyliyi ilə bağlıdır. Həyat sübut edir ki, etnik-siyasi baxımdan mütəşəkkil qüvvəyə çevrilə bilməyən xalqlar ümumdünya inkişafında tutduqları mövqeləri tədricən itirməli olur, getdikcə zəifləyərək öz hüquq və mənafelərini həyata keçirmək imkanlarından məhrum olurlar. Sayına və intellektual potensialına görə dünyanın qüdrətli xalqlarından biri olan Azərbaycan xalqının müasir dövrdə davamlı yüksəlişinin yolu on milyonlarla soydaşımızın və həmvətənimizin milli mənlik şüuru əsasında sıx birləşməsindən keçir.
Bu gün dünya dövlətləri sırasında layiqli yer tutan Azərbaycan Respublikası dünya azərbaycanlılarının tarixi və doğma Vətəni, ümid və istinad yeridir. Odur ki, Avropada, Asiyada, Amerikada və başqa qitələrdə yaşayan soydaşlarımız Vətəndə baş verən ictimai-siyasi prosesləri diqqətlə izləyir, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən quruculuq işlərinə görə sevinir, Azərbaycanın inkişaf etmiş dünya dövlətləri sırasına çıxarılması yolunda əldə edilən nailiyyətlərlə fəxr edirlər.
Azərbaycanın xoşbəxt gələcəyi cənab İlham Əliyevin uzaqgörən daxili və xarici siyasəti ilə bağlıdır. Məhz buna görə xalqımız 2013-cü il oktyabrın 9-da keçirilən Prezident seçkilərində möhtərəm İlham Əliyevi yenidən dövlət başçısı seçməklə onun həyata keçirdiyi siyasi xəttin, Heydər Əliyev kursunun davam etdirilməsini istədiyini bir daha ifadə etmişdir.
Dünya azərbaycanlıları Azərbaycanın əldə etdiyi uğurlara sevinməklə birlikdə, Vətənimizin taleyüklü problemlərinin həll ediləcəyi günləri də səbirsizliklə gözləyirlər. Qarşıda dayanan ən vacib vəzifə ölkəmizin ərazi bütövlüyünün bərpa olunması, qaçqın və köçkünlərimizin doğma yurdlarına qaytarılmasıdır. Bütün dünya azərbaycanlıları səylərini birləşdirsələr, bu problemin həllini daha da yaxınlaşdıra bilərlər. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, xalqımızın zəngin mədəniyyətinin təbliğ edilməsi sahəsində də görüləsi işlər çoxdur. Soydaşlarımızın bir vəzifəsi də yaşadıqları ölkələrin ictimai-siyasi həyatına inteqrasiya etməklə bərabər, dilimizi, adət-ənənələrimizi uca tutmaq, milli hüquqlarımızı qorumaqdır.
Əziz soydaşlarımız, dəyərli həmvətənlərimiz!
Sizi ümummilli məqsədlərimizin gerçəkləşməsi, xalqımızın mənafelərinin qorunması naminə birliyə çağırırıq. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə hamınızı ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, ailə səadəti, doğma Azərbaycanımıza işıqlı gələcək arzulayırıq!
Hörmətlə,
Azərbaycan Respublikasının
Milli Məclisi.
(Müraciət Azərbaycan Respublikası Milli Məclisinin 2013-cü il 27 dekabr tarixli iclasında qəbul edilmişdir).
15 Yanvar 2015, 09:01
Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dostluq vəəməkdaşlıq haqqında Birgə Bəyannamənin təsdiq edilməsi barədə ətraflı...
15 Yanvar 2015, 09:01
Azərbaycan Respublikası Prezidentinin və Bolqarıstan Respublikası Prezidentinin Birgə Bəyannaməsinin təsdiq edilməsi haqqında ətraflı...
15 Yanvar 2015, 09:01
X.B. Yusifzadəyə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”nun verilməsi haqqında ətraflı...
15 Yanvar 2015, 09:01
“Azərbaycan Respublikası ilə Malayziya arasında dostluq münasibətləri və tərəfdaşlıq haqqında” Birgə Bəyannamənin təsdiq edilməsi barədə ətraflı...
15 Yanvar 2015, 09:01
“Azərbaycan Respublikası Hökuməti ilə Aviasiya və Hava Məkanından İstifadə üzrə Səlahiyyətli Nümayəndələrin Dövlətlərarası Şurası arasında onun Azərbaycan Respublikası ərazisində yerləşməsi şərtləri haqqında” Sazişin təsdiq edilməsi barədə ətraflı...
15 Yanvar 2015, 09:01
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 30 dekabr tarixli 1160 IVQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...
14 Yanvar 2015, 09:01
Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin kollegiyasının tərkibi haqqında ətraflı...
14 Yanvar 2015, 09:01
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat"da dəyişiklik edilməsi barədə ətraflı...
14 Yanvar 2015, 09:01
"Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamənin və Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulması qaydasının təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarında dəyişiklik edilməsi haqqında ətraflı...
14 Yanvar 2015, 09:01
"Elektron kənd təsərrüfatı" informasiya sistemindən istifadə Qaydaları"nın təsdiq edilməsi barədə ətraflı...