Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Azərbaycan Respublikası Milli Məclisinin müraciəti

Əziz soydaşlar, dəyərli həmvətənlər!
Dünya tarixinə və mədəniyyətinə sanballı töhfələr vermiş qüdrətli Azərbaycan xalqının övladlarını əqidə və əməl birliyinə çağıran həmrəylik günü münasibəti ilə hər birinizi səmimi qəlbdən salamlayırıq. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 22 il əvvəl başlanmış mənəvi bütövləşmə prosesi xalqımızın tarixi köklərə bağlılığından və milli yüksəliş amalından güc almışdır. Dövlət müstəqilliyimizlə yaşıd olan bu proses sonrakı dövrdə daha da genişlənmiş, ümummilli məqsədlərimizin gerçəkləşməsi naminə sıx birləşməyin əhəmiyyətini dünya azərbaycanlıları dərindən dərk etmişlər. Bu gün dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar bir-biri və Azərbaycan Respublikası ilə əlaqələri inkişaf etdirir, milli diaspor təşkilatları soydaşlarımızın siyasi, iqtisadi, sosial və mədəni hüquqlarının müdafiəsi işinə daha yaxından cəlb olunurlar. Dünya azərbaycanlıları ilə bağların möhkəmləndirilməsi, harada yaşamasından asılı olmayaraq soydaşlarımıza və həmvətənlərimizə qayğı göstərilməsi Azərbaycan Respublikasının dövlət siyasətinin ayrılmaz tərkib hissəsini təşkil edir.
Hər bir xalqın varlığının təməl şərtlərindən biri onun milli birliyi və həmrəyliyi ilə bağlıdır. Həyat sübut edir ki, etnik-siyasi baxımdan mütəşəkkil qüvvəyə çevrilə bilməyən xalqlar ümumdünya inkişafında tutduqları mövqeləri tədricən itirməli olur, getdikcə zəifləyərək öz hüquq və mənafelərini həyata keçirmək imkanlarından məhrum olurlar. Sayına və intellektual potensialına görə dünyanın qüdrətli xalqlarından biri olan Azərbaycan xalqının müasir dövrdə davamlı yüksəlişinin yolu on milyonlarla soydaşımızın və həmvətənimizin milli mənlik şüuru əsasında sıx birləşməsindən keçir.
Bu gün dünya dövlətləri sırasında layiqli yer tutan Azərbaycan Respublikası dünya azərbaycanlılarının tarixi və doğma Vətəni, ümid və istinad yeridir. Odur ki, Avropada, Asiyada, Amerikada və başqa qitələrdə yaşayan soydaşlarımız Vətəndə baş verən ictimai-siyasi prosesləri diqqətlə izləyir, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən quruculuq işlərinə görə sevinir, Azərbaycanın inkişaf etmiş dünya dövlətləri sırasına çıxarılması yolunda əldə edilən nailiyyətlərlə fəxr edirlər.
Azərbaycanın xoşbəxt gələcəyi cənab İlham Əliyevin uzaqgörən daxili və xarici siyasəti ilə bağlıdır. Məhz buna görə xalqımız 2013-cü il oktyabrın 9-da keçirilən Prezident seçkilərində möhtərəm İlham Əliyevi yenidən dövlət başçısı seçməklə onun həyata keçirdiyi siyasi xəttin, Heydər Əliyev kursunun davam etdirilməsini istədiyini bir daha ifadə etmişdir.
Dünya azərbaycanlıları Azərbaycanın əldə etdiyi uğurlara sevinməklə birlikdə, Vətənimizin taleyüklü problemlərinin həll ediləcəyi günləri də səbirsizliklə gözləyirlər. Qarşıda dayanan ən vacib vəzifə ölkəmizin ərazi bütövlüyünün bərpa olunması, qaçqın və köçkünlərimizin doğma yurdlarına qaytarılmasıdır. Bütün dünya azərbaycanlıları səylərini birləşdirsələr, bu problemin həllini daha da yaxınlaşdıra bilərlər. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, xalqımızın zəngin mədəniyyətinin təbliğ edilməsi sahəsində də görüləsi işlər çoxdur. Soydaşlarımızın bir vəzifəsi də yaşadıqları ölkələrin ictimai-siyasi həyatına inteqrasiya etməklə bərabər, dilimizi, adət-ənənələrimizi uca tutmaq, milli hüquqlarımızı qorumaqdır.
Əziz soydaşlarımız, dəyərli həmvətənlərimiz!
Sizi ümummilli məqsədlərimizin gerçəkləşməsi, xalqımızın mənafelərinin qorunması naminə birliyə çağırırıq. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə hamınızı ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, ailə səadəti, doğma Azərbaycanımıza işıqlı gələcək arzulayırıq!

Hörmətlə,

Azərbaycan Respublikasının
Milli Məclisi.
(Müraciət Azərbaycan Respublikası Milli Məclisinin 2013-cü il 27 dekabr tarixli iclasında qəbul edilmişdir).

28 Dekabr 2013, 08:12

http://www.azertag.net

4651—4660 / 10511

8 Noyabr 2017, 09:11

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında   ətraflı...

8 Noyabr 2017, 09:11

Azərbaycan neft sənayesi işçilərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında   ətraflı...

8 Noyabr 2017, 09:11

Azərbaycan Respublikasında neft sənayesi işçilərinə fəxri adların verilməsi haqqında   ətraflı...

8 Noyabr 2017, 09:11

Azərbaycan Respublikasında neft sənayesi işçilərinin təltif edilməsi haqqında   ətraflı...

7 Noyabr 2017, 09:11

Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında   ətraflı...

7 Noyabr 2017, 09:11

“Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 20 oktyabr tarixli 807-VQD nömrəli Qanununun tətbiqi və “Poçt haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 31 avqust tarixli 115 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında   ətraflı...

7 Noyabr 2017, 09:11

“Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə   ətraflı...

7 Noyabr 2017, 09:11

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 noyabr tarixli 1113 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında   ətraflı...

7 Noyabr 2017, 09:11

“Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 20 oktyabr tarixli 815-VQD nömrəli Qanununun tətbiqi və “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 506-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikasının 2013-cü il 15 fevral tarixli 828 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında   ətraflı...

7 Noyabr 2017, 09:11

“Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə   ətraflı...