Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında
Azərbaycan Respublikasının Qanunu

Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə və 96-cı maddəsinin VI hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydasını müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir.

Maddə 1. Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququ

Azərbaycan Respublikası Konstitusiyasının 96-cı maddəsinin I hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Milli Məclisində qanunvericilik təşəbbüsü hüququ (qanun layihəsini və başqa məsələləri Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə təqdim etmək hüququ) Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşına mənsubdur.

Maddə 2. Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə ilə bağlı Azərbaycan Respublikasının qanunvericiliyi

Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşının qanunvericilik təşəbbüsü (bundan sonra – vətəndaşların qanunvericilik təşəbbüsü) hüququndan istifadə ilə bağlı Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunundan, bu Qanundan, Azərbaycan Respublikasının Seçki Məcəlləsindən, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.

Maddə 3. Vətəndaşların qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun (qərar) layihəsinə dair tələblər

3.1. Vətəndaşların qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihəsi “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 50-ci, 53-58-ci və 62.4-cü maddələrində müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

3.2. Vətəndaşların qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun (qərar) layihəsində (bundan sonra – layihə) aşağıdakı məsələlər nəzərdə tutula bilməz:

3.2.1. dövlət büdcəsi, dövlət rüsumu, vergilər və gömrük işi;

3.2.2. əmək haqqının məbləği və onun ödənilməsi qaydası;

3.2.3. cinayət və ya inzibati xətalar;

3.2.4. ailə münasibətləri;

3.2.5. ərazi quruluşu və inzibati ərazi bölgüsü;

3.2.6. dövlətlərarası və Azərbaycan Respublikasının qanunlarından fərqli qaydalar nəzərdə tutan hökumətlərarası müqavilələrin təsdiq və ləğv edilməsi;

3.2.7. seçki və referendum;

3.2.8. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad;

3.2.9. amnistiya;

3.2.10. seçilməsi, təyin edilməsi və ya təsdiq edilməsi müvafiq olaraq qanunvericilik və (və ya) icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid edilmiş vəzifəli şəxslərin seçilməsi, təyin edilməsi və ya təsdiq edilməsi.

3.3. Vətəndaşların qanunvericilik təşəbbüsü qaydasında Konstitusiya qanunlarının layihələri təqdim oluna bilməz.

Maddə 4. Vətəndaşların qanunvericilik təşəbbüsü hüququndan istifadə ilə bağlı təşəbbüs qrupunun yaradılması

4.1. Layihəni Azərbaycan Respublikası Milli Məclisinin (bundan sonra – Milli Məclis) müzakirəsinə təqdim etmək təklifi ilə çıxış edən seçki hüququ olan ən azı 300 nəfər Azərbaycan Respublikasının vətəndaşı tərəfindən vətəndaşların qanunvericilik təşəbbüsü hüququndan istifadə ilə bağlı təşəbbüs qrupu (bundan sonra – təşəbbüs qrupu) yaradılır.

4.2. Bir təşəbbüs qrupu öz fəaliyyəti dövründə yalnız bir layihəni Milli Məclisin müzakirəsinə təqdim etmək təklifi ilə çıxış edə bilər.

4.3. Təşəbbüs qrupunun yaradılmasının məqsədləri Milli Məclisin müzakirəsinə təqdim edilməsi təklif olunan layihənin dəstəklənməsi üçün imza toplanması və qanunvericilik təşəbbüsü ilə çıxış edən vətəndaşların mənafelərinin müdafiə edilməsidir.

4.4. Təşəbbüs qrupunun ilk iclasında onun yaradılması barədə qərar qəbul olunur, təşəbbüs qrupunun sədri və ən azı iki sədr müavini, həmçinin seçki dairələri üzrə koordinatorları seçilir və təklif olunan layihənin mətni təsdiq olunur. Həmin iclasın protokolu iclasın sədri və katibi tərəfindən imzalanır və iclasda iştirak edən vətəndaşların siyahısı protokola əlavə olunur. Bu siyahıda onların soyadı, adı, atasının adı, doğum tarixi, yaşayış yerinin ünvanı, şəxsiyyət vəsiqəsinin nömrəsi və etibarlılıq müddəti, həmçinin vətəndaşın təklif olunan layihənin lehinə və ya əleyhinə səs verməsi qeyd olunur. Siyahıda qeyd edilən hər bir vətəndaş özünə aid məlumatları imzası ilə təsdiq edir.

4.5. Təşəbbüs qrupunu onun sədri təmsil edir. Sədr müvəqqəti olmadıqda onun səlahiyyətlərini sədrin müəyyən etdiyi müavinlərdən biri icra edir.

4.6. Təşəbbüs qrupunun iclası onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Təşəbbüs qrupunun iclasında qərarlar sadə səs çoxluğu ilə qəbul edilir.

Maddə 5. Təşəbbüs qrupunun və layihənin qeydiyyatı

5.1. Təşəbbüs qrupu onun yaradıldığı gündən bir ay ərzində təşəbbüs qrupunun və təklif olunan layihənin qeydiyyata alınması üçün ərizə ilə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra – Mərkəzi Seçki Komissiyası) müraciət edir.

5.2. Təşəbbüs qrupunun və təklif olunan layihənin qeydiyyata alınması barədə ərizəyə aşağıdakı sənədlər əlavə olunur:

5.2.1. bu Qanunun 4.4-cü maddəsinə uyğun olaraq tərtib olunmuş təşəbbüs qrupunun yaradılması, onun sədrinin və müavinlərinin, həmçinin seçki dairələri üzrə koordinatorlarının seçilməsi və layihənin təsdiqi barədə iclas protokolu və həmin protokola əlavə edilən iclas iştirakçılarının siyahısı;

5.2.2. bu Qanunun 3-cü maddəsində müəyyən edilmiş tələblərə uyğun olaraq tərtib edilmiş layihə (kağız daşıyıcısında və eyni zamanda, elektron daşıyıcıda);

5.2.3. layihənin qəbul edilməsi zərurətinin əsaslandırılması;

5.2.4. layihəyə dair ekspert rəyləri;

5.2.5. layihəni hazırlamış şəxslərin siyahısı;

5.2.6. layihəyə aid digər sənədlər (təşəbbüs qrupunun qərarına əsasən).

5.3. Bu Qanunun 5.2-ci maddəsində nəzərdə tutulan sənədlər Mərkəzi Seçki Komissiyasına daxil olduğu gündən iki ay ərzində Mərkəzi Seçki Komissiyası tərəfindən təşəbbüs qrupunun və təklif olunan layihənin bu Qanuna uyğun olaraq qeydiyyata alınması və yaxud bundan imtina edilməsi barədə qərar qəbul edilir.

5.4. Mərkəzi Seçki Komissiyası təşəbbüs qrupunun təqdim etdiyi sənədlər əsasında təşəbbüs qrupunun yaradılmasının bu Qanunun tələblərinə uyğunluğunu yoxlayır. Təşəbbüs qrupunun təqdim etdiyi layihə və bu Qanunun 5.2.3-5.2.6-cı maddələrində göstərilən sənədlər layihənin bu Qanunun 3-cü maddəsində müəyyən edilmiş tələblərə uyğun olub-olmaması barədə bir ay ərzində rəyin hazırlanması üçün Mərkəzi Seçki Komissiyası tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərilir. Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaitinin istifadəsini nəzərdə tutan layihə və bu Qanunun 5.2.3-5.2.6-cı maddələrində göstərilən sənədlər “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa uyğun olaraq bir ay ərzində maliyyə ekspertizası rəyinin hazırlanması üçün həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərilir.

5.5. Təşəbbüs qrupunun və təklif olunan layihənin qeydiyyata alınması barədə qərar qəbul edildiyi gündən həmin layihə Milli Məclisə təqdim edilənədək layihədə dəyişiklik edilə bilməz.

5.6. Təşəbbüs qrupunun və təklif olunan layihənin qeydiyyata alındığı gündən 3 iş günü müddətində təşəbbüs qrupunun və təklif olunan layihənin qeydiyyata alınması barədə qərarın surəti və imza toplanması üçün imza vərəqələrinin nümunəsi təşəbbüs qrupunun sədrinə təqdim edilir, həmçinin təşəbbüs qrupunun sədrinə, müavinlərinə və seçki dairələri üzrə koordinatorlarına müvafiq vəsiqələr verilir.

5.7. İmza toplanması üçün imza vərəqələrinin və təşəbbüs qrupunun sədrinə, müavinlərinə və seçki dairələri üzrə koordinatorlarına verilən vəsiqələrin nümunələri Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq olunur.

5.8. Təşəbbüs qrupunun və təklif olunan layihənin qeydiyyata alınmasından aşağıdakı hallarda imtina edilir:

5.8.1. təşəbbüs qrupunun yaradılmasının bu Qanunla müəyyən edilmiş qaydası pozulduqda;

5.8.2. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyinə əsasən təşəbbüs qrupunun təqdim etdiyi layihə bu Qanunun 3-cü maddəsində müəyyən edilmiş tələblərə uyğun olmadıqda;

5.8.3. Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaitinin istifadəsini nəzərdə tutan layihəyə dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyinə əsasən layihənin tətbiqinin maliyyələşdirilməsi üçün müvafiq vəsait olmadıqda.

5.9. Təşəbbüs qrupunun və təklif olunan layihənin qeydiyyata alınmasından imtina barədə Mərkəzi Seçki Komissiyasının qərarından apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər.

Maddə 6. Layihənin dəstəklənməsi üçün vətəndaşların imzalarının toplanması qaydası

6.1. Milli Məclisin müzakirəsinə təqdim edilməsi təklif olunan layihənin dəstəklənməsi üçün vətəndaşların imzalarının toplanması təşəbbüs qrupunun və təklif olunan layihənin qeydiyyata alındığı gündən iki ay ərzində yalnız təşəbbüs qrupunun üzvləri tərəfindən həyata keçirilir.

6.2. Təşəbbüs qrupunun üzvləri Azərbaycan Respublikasının seçki hüququ olan ən azı 40 min vətəndaşının imzasını toplamalıdırlar. İmzaların toplanması ən azı 60 seçki dairəsinin ərazisini əhatə etməli və hər seçki dairəsinin ərazisindən ən azı 500 imza toplanmalıdır.

6.3. İmza toplanması üçün imza vərəqəsində layihənin adı, imza toplayan təşəbbüs qrupu üzvünün soyadı, adı, atasının adı, şəxsiyyət vəsiqəsinin nömrəsi və etibarlılıq müddəti, təşəbbüs qrupunun və təklif olunan layihənin qeydiyyata alınması barədə qərarın tarixi və nömrəsi, təklif olunan layihəni dəstəkləyən vətəndaşın soyadı, adı, atasının adı, yaşayış yerinin ünvanı, şəxsiyyət vəsiqəsinin nömrəsi və etibarlılıq müddəti göstərilməlidir.

6.4. Təşəbbüs qrupunun imza toplayan üzvü vətəndaşa təklif olunan layihənin tam mətnini təqdim etməli, layihənin məzmununu izah etməli və oxuması üçün vaxt verməlidir.

6.5. Bir imza vərəqəsinə yalnız eyni seçki dairəsinin ərazisi üzrə seçici siyahılarında olan vətəndaşlar daxil edilir.

6.6. Layihəni dəstəkləyən vətəndaş imza vərəqəsində öz imzasını qoyur, soyadını yazır və imzalama tarixini qeyd edir.

6.7. Layihəni dəstəkləyən vətəndaş yalnız bir dəfə imza qoya bilər.

6.8. Dövlət orqanlarının, bələdiyyə qurumlarının və mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərin imza toplanmasında iştirakına yol verilmir. İmza toplanması prosesində vətəndaşları imza qoymağa məcbur etmək və ya imza qoymağa imkan verməmək, yaxud bunlara görə onları hər hansı formada mükafatlandırmaq qadağandır.

6.9. İmza toplanması prosesinin və vətəndaşların qanunvericilik təşəbbüsü hüququndan istifadə ilə bağlı bu Qanunla nəzərdə tutulan digər tədbirlərin maliyyələşdirilməsi üçün xarici dövlətlərin, beynəlxalq təşkilatların, xarici hüquqi şəxslərin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, həmçinin təsisçisi xarici dövlət, beynəlxalq təşkilat, xarici hüquqi şəxs, əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olan hüquqi şəxslərin vəsaitindən istifadə oluna bilməz. Bu qadağaya əməl olunmaması müvafiq məhkəmə tərəfindən təsdiqlənərsə, bu, Mərkəzi Seçki Komissiyası tərəfindən təşəbbüs qrupunun və təklif olunan layihənin qeydiyyata alınması barədə qərarının ləğv edilməsi üçün əsas hesab edilir.

6.10. Azərbaycan Respublikasının seçki hüququ olan ən azı 40 min vətəndaşının imzası toplandıqdan sonra vətəndaşların imzalarının toplanmasının nəticələri haqqında protokol tərtib edilir, təşəbbüs qrupunun sədri və seçki dairələri üzrə koordinatorları tərəfindən imzalanır.

6.11. Vətəndaşların imzalarının toplanmasının nəticələri haqqında protokolun nümunəsi Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq olunur.

Maddə 7. İmza vərəqələrində olan məlumatların yoxlanılması və imza toplanmasının nəticələrinin təsdiqi

7.1. Bu Qanunun 6.10-cu maddəsində nəzərdə tutulan protokol imzalandığı gündən bir ay ərzində həmin protokolun 2 nüsxəsi və imza vərəqələri təşəbbüs qrupu tərəfindən Mərkəzi Seçki Komissiyasına təqdim olunur. Mərkəzi Seçki Komissiyasına təqdim edilən imza vərəqələri nömrələnməli və qovluq formasında səhifələnməlidir.

7.2. Mərkəzi Seçki Komissiyası sənədləri qəbul edərkən imza vərəqələri olan hər bir qovluğu möhürü ilə təsdiqləyir, təqdim olunmuş imza vərəqələrinin sayının vətəndaşların imzalarının toplanmasının nəticələri haqqında protokola uyğunluğunu yoxlayır, sonra isə onların qəbul edilmə tarixini qeyd edərək, təşəbbüs qrupunun sədrinə, qəbul edilmiş imza vərəqələrinin sayını və oradakı imzaların sayını göstərməklə, sənədlərin qəbulu barədə yazılı arayış verir.

7.3. Mərkəzi Seçki Komissiyası iki ay müddətində Azərbaycan Respublikası Seçki Məcəlləsinin 59-cu maddəsi ilə müəyyən edilmiş qaydada imza vərəqələrində olan məlumatların düzgünlüyünü, həmçinin təşəbbüs qrupunun bu Qanunun tələblərinə riayət etməsini yoxlayır.

7.4. Aşağıdakı imzalar qeyri-düzgün (etibarsız) hesab edilir:

7.4.1. Azərbaycan Respublikası Seçki Məcəlləsinin 59-cu maddəsinə əsasən qeyri-düzgün (etibarsız) hesab edilən imza;

7.4.2. bu Qanunun 6.6-6.9-cu maddələrinin tələbləri pozulmaqla toplanmış imza;

7.4.3. imza vərəqəsinə imza qoymuş vətəndaşlar eyni seçki dairəsinin ərazisi üzrə seçici siyahılarında olmadıqda, yaxud imza vərəqəsi imza toplayan təşəbbüs qrupunun üzvü tərəfindən imzalanmadıqda və ya onun imzası qeyri-düzgün olduqda həmin imza vərəqəsindəki bütün imzalar.

7.5. İmza vərəqələrinin yoxlanılmasının nəticələri haqqında Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq yaradılmış işçi qrupunun rəhbəri (Mərkəzi Seçki Komissiyasının həlledici səs hüquqlu üzvü) tərəfindən protokol tərtib edilir, imzalanır və qərar qəbul olunması üçün Mərkəzi Seçki Komissiyasına təqdim edilir. Protokolda vətəndaşların yoxlanılmış imzalarının sayı, habelə əsası qeyd olunmaqla etibarsız sayılmış imzaların sayı göstərilir. Protokol Mərkəzi Seçki Komissiyasının müvafiq qərarına əlavə olunur.

7.6. Bu Qanunun 7.7-ci maddəsində nəzərdə tutulan hallar olmadıqda, Mərkəzi Seçki Komissiyası tərəfindən təşəbbüs qrupunun bu Qanunun tələblərinə riayət etməsi barədə qərar qəbul edilir. Həmin qərarın və bu Qanunun 7.5-ci maddəsində nəzərdə tutulan protokolun surəti qərarın qəbul edildiyi gündən 3 iş günü müddətində təşəbbüs qrupunun sədrinə təqdim olunur.

7.7. Təşəbbüs qrupunun bu Qanunun tələblərinə riayət etməməsi barədə Mərkəzi Seçki Komissiyasının qərarının qəbul edilməsi üçün əsaslar aşağıdakılardır:

7.7.1. imzaların toplanması zamanı bu Qanunun 6.8-ci və 6.9-cu maddələrinin tələblərinin pozulması;

7.7.2. bu Qanunun 7.1-ci maddəsində göstərilən sənədlərin düzgün rəsmiləşdirilməməsi və ya olmaması;

7.7.3. etibarlı imzaların lazımi saydan az olması.

7.8. Bu Qanunun 7.7.2-ci maddəsində göstərilən hallar müəyyən edildikdə, təşəbbüs qrupunun sədrinə bu barədə yazılı məlumat verilir və müvafiq çatışmazlıqların Mərkəzi Seçki Komissiyasının müvafiq iclasının tarixinə ən geci 3 iş günü qalanadək aradan qaldırılması üçün vaxt verilir.

7.9. Cinayət məsuliyyətinə səbəb ola biləcək hüquqpozmanın əlamətləri aşkar edildikdə Mərkəzi Seçki Komissiyası təqsirli olan şəxslərin məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün müvafiq sənəd və materialları Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərir.

7.10. Təşəbbüs qrupunun bu Qanunun tələblərinə riayət etməməsi barədə Mərkəzi Seçki Komissiyasının qərarının və bu Qanunun 7.5-ci maddəsində nəzərdə tutulan protokolun surəti həmin qərarın qəbul edildiyi gündən 3 iş günü müddətində təşəbbüs qrupunun sədrinə təqdim olunur. Lazımi sayda imzaların olmadığı aşkar olunduğu hallarda təşəbbüs qrupu bu Qanunun 7.5-ci maddəsində nəzərdə tutulan protokolun surəti ilə yanaşı, imzaların etibarsız sayılmasının əsasları göstərilməklə müvafiq qovluğun nömrəsi, müvafiq imza vərəqəsindəki sətrin nömrəsi qeyd olunan yoxlamanın nəticəsi barədə cədvəlin surətini də almaq hüququna malikdir.

7.11. Təşəbbüs qrupunun bu Qanunun tələblərinə riayət etməməsi barədə Mərkəzi Seçki Komissiyasının qərarından apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər.

 Maddə 8. Layihənin Milli Məclisə təqdim edilməsi və müzakirəsi

8.1. Təşəbbüs qrupunun bu Qanunun tələblərinə riayət etməsi barədə Mərkəzi Seçki Komissiyasının qərarı qəbul edildiyi gündən bir ay ərzində layihə və bu Qanunun 5.2.3-5.2.6-cı maddələrində göstərilən sənədlər təşəbbüs qrupu tərəfindən Milli Məclisə təqdim olunur.

8.2. Layihə təqdim olunmuş şəkildə iki ay ərzində Milli Məclisin müzakirəsinə çıxarılır və səsə qoyulur. Layihədə yalnız texniki xarakter daşıyan dəyişikliklər edilə bilər.

Maddə 9. Layihənin geri çağırılması

9.1. Vətəndaşların qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisin müzakirəsinə təqdim olunmuş layihə yekun oxunuşda baxılana qədər təşəbbüs qrupunun iclasında üzvlərinin üçdə iki səs çoxluğu ilə qəbul edilmiş qərar əsasında geri çağırıla bilər.

9.2. Layihənin geri çağırılması haqqında qərarın qəbul edildiyi iclasın protokolu iclasın sədri və katibi tərəfindən imzalanır, həmçinin layihənin geri çağırılmasını dəstəkləyən təşəbbüs qrupunun üzvlərinin siyahısı protokola əlavə olunur. Bu siyahıda onların soyadı, adı, atasının adı, doğum tarixi, yaşayış yerinin ünvanı, şəxsiyyət vəsiqəsinin nömrəsi və etibarlılıq müddəti qeyd olunur. Siyahıda qeyd edilən hər bir vətəndaş özünə aid məlumatları imzası ilə təsdiq edir.

9.3. Bu Qanunun 9.2-ci maddəsində nəzərdə tutulan protokol Milli Məclisə daxil olduqda geri çağırılmış layihə Milli Məclisin gündəliyindən çıxarılır və təşəbbüs qrupunun sədrinə bu barədə məlumat verilir.

Maddə 10. Qanunun pozulmasına görə məsuliyyət

Bu Qanunun tələblərinin pozulmasına görə şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 oktyabr 2019-cu il.

5 Dekabr 2019, 08:12

http://www.azertag.az

511—520 / 10511

2 Avqust 2022, 15:08

Azərbaycan Respublikası Prezidentinin “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2010-cu il 4 iyun tarixli 275 nömrəli, “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2010-cu il 4 iyun tarixli 276 nömrəli, “Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2010-cu il 24 noyabr tarixli 358 nömrəli, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2011-ci il 15 fevral tarixli 383 nömrəli, “Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının 2011-ci il 24 iyun tarixli 165-IVQ nömrəli Qanununun tətbiqi haqqında” 2011-ci il 15 sentyabr tarixli 500 nömrəli və “Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” 2011-ci il 19 dekabr tarixli 546 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

2 Avqust 2022, 15:08

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” 2005-ci il 23 mart tarixli 213 nömrəli, “Dövlət sirrinə aid edilən məlumatların Siyahısı”nın təsdiq edilməsi haqqında” 2005-ci il 3 iyun tarixli 248 nömrəli, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2005-ci il 7 iyun tarixli 252 nömrəli, “Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi”nin təsdiq edilməsi barədə” 2006-cı il 13 fevral tarixli 363 nömrəli, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2006-cı il 2 avqust tarixli 439 nömrəli, “Müsadirə edilmiş əmlakın bir hissəsinin hüquq mühafizə və digər orqanların maddi-texniki bazasının yaxşılaşdırılmasına yönəldilməsi Qaydaları”nın təsdiq edilməsi barədə” 2006-cı il 16 oktyabr tarixli 469 nömrəli, “Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2007-ci il 6 fevral tarixli 527 nömrəli, “Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları”nın təsdiq edilməsi barədə” 2007-ci il 11 aprel tarixli 564 nömrəli və “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2007-ci il 22 may tarixli 576 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

2 Avqust 2022, 15:08

Azərbaycan Respublikası Prezidentinin “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” 2018-ci il 19 dekabr tarixli 413 nömrəli, “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 20 dekabr tarixli 418 nömrəli, “Milli məkan məlumatlarının formalaşdırılması və inteqrasiyası Qaydaları”nın təsdiq edilməsi haqqında” 2018-ci il 28 dekabr tarixli 448 nömrəli, “Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsinin sadələşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 28 dekabr tarixli 460 nömrəli, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1545-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2019-cu il 3 aprel tarixli 606 nömrəli və “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 386 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 2019-cu il 10 aprel tarixli 617 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

2 Avqust 2022, 15:08

Azərbaycan Respublikası Prezidentinin “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında” 2015-ci il 4 may tarixli 1206 nömrəli, “Azərbaycan Müəllimlər İnstitutunun Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulması barədə” 2015-ci il 26 noyabr tarixli 1582 nömrəli, “Azərbaycan Respublikasının fövqəladə hallar atlası”nın nəşri haqqında” 2016-cı il 2 mart tarixli 1843 nömrəli, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” 2016-cı il 5 may tarixli 2032 nömrəli, “Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının yaradılması haqqında” 2016-cı il 8 noyabr tarixli 2425 nömrəli, “Azərbaycan Polad İstehsalı Kompleksi” Qapalı Səhmdar Cəmiyyətinin ləğv edilməsi haqqında” 2016-cı il 22 dekabr tarixli 2566 nömrəli, “2017-ci ilin məhsulu üçün taxıl əkini sahələrində monitorinqin həyata keçirilməsi haqqında” 2017-ci il 27 mart tarixli 2768 nömrəli, “Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd təsərrüfatı müəssisəsi ilə bağlı tədbirlər haqqında” 2017-ci il 19 iyul tarixli 3120 nömrəli, “Azərbaycan Respublikasında sitrus meyvələri, çay və çəltik istehsalının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 2017-ci il 12 sentyabr tarixli 3227 nömrəli və “Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 9 fevral tarixli 3657 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

2 Avqust 2022, 15:08

Azərbaycan Respublikası Prezidentinin “2010-cu il sentyabrın 23-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Bolqarıstan Respublikasının Özəlləşdirmə və Özəlləşdirmədənsonra Nəzarət Agentliyi arasında əməkdaşlıq haqqında Memorandum”un təsdiq edilməsi barədə” 2010-cu il 27 dekabr tarixli 1255 nömrəli və “2010-cu il oktyabrın 12-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Koreya Respublikasının Strategiya və Maliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə” 2010-cu il 27 dekabr tarixli 1257 nömrəli sərəncamlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

1 Avqust 2022, 15:08

Ucar rayonunun Müsüslü–Təzə Şilyan–Bərgüşad–Bağban–Yuxarı Şilyan–Boyat–Qazyan avtomobil yolunun tikintisi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

29 İyul 2022, 16:07

“Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi hakimlərinin sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 17 may tarixli 414 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

29 İyul 2022, 16:07

“Azərbaycan Respublikası prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 8 oktyabr tarixli 1054 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

29 İyul 2022, 16:07

“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

29 İyul 2022, 16:07

“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 29 iyun tarixli 567-VIQD nömrəli Qanununun tətbiqi və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 fevral tarixli 29 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...