Şərur Sənaye Məhəlləsinin yaradılması və “Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 oktyabr tarixli 288 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Naxçıvan Muxtar Respublikasında sənaye sahəsində fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarların fəaliyyətinin dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədi ilə qərara alıram:
1. Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda Şərur Sənaye Məhəlləsi yaradılsın.
2. Müəyyən edilsin ki:
2.1. mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsi məqsədi ilə Şərur Sənaye Məhəlləsinin ərazisində qeyri-neft sənaye sahələri üzrə məhsul istehsalı müəssisələri, habelə xidmət müəssisələri yaradılır;
2.2. Şərur Sənaye Məhəlləsinin fəaliyyətinin təşkili, tənzimlənməsi, idarə olunması və inkişafı ilə bağlı tədbirləri Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi idarəedici təşkilat həyata keçirir.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.2. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
4. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti:
4.1. Şərur Sənaye Məhəlləsinin fəaliyyəti ilə bağlı müvafiq torpaq sahəsinin istifadəyə yararlı vəziyyətə gətirilməsini, xarici və daxili infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) qurulması, eləcə də iştirakçıların fəaliyyətinin dəstəklənməsi və sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün digər xidmətlərin göstərilməsini təmin etmək məqsədi ilə zəruri tədbirlər görsün;
4.2. Şərur Sənaye Məhəlləsində istehsal olunan sənaye məhsulları üzrə prioritet istiqamətlərin müəyyənləşdirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etsin;
4.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
5. Şərur Sənaye Məhəlləsinin fəaliyyətinin təşkilini, həmin ərazinin istifadəyə yararlı vəziyyətə gətirilməsini, xarici və daxili infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) qurulmasını təmin etmək məqsədi ilə ilkin olaraq Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.47.2-ci yarımbəndində göstərilmiş məbləğin 5,0 (beş) milyon manatı Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ayrılsın.
6. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanın 5-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
7. “Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 oktyabr tarixli 288 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 10, maddə 1173) aşağıdakı dəyişikliklər edilsin:
7.1. 1.3-cü bəndə “İqtisadiyyat Nazirliyi” sözlərindən sonra “(Naxçıvan Muxtar Respublikasında yaradılan sənaye məhəllələri istisna olmaqla)” sözləri əlavə edilsin;
7.2. 1.4-cü bəndə “Açıq Səhmdar Cəmiyyətinə” sözlərindən sonra “(Naxçıvan Muxtar Respublikasında yaradılan sənaye məhəllələri istisna olmaqla)” sözləri əlavə edilsin;
7.3. 3-cü hissəyə “İqtisadiyyat Nazirliyi” sözlərindən sonra “(Naxçıvan Muxtar Respublikasında yaradılan sənaye məhəllələrinə münasibətdə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti)” sözləri əlavə edilsin.
8. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 sentyabr 2019-cu il.
16 Sentyabr 2019, 08:0913 Mart 2020, 08:03
A.S.Məmmədovun Azərbaycan Respublikasının Çex Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
13 Mart 2020, 08:03
A.X.Xuduyevin Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda, Azərbaycan Respublikasının Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat – GUAM yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
13 Mart 2020, 08:03
Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Ukraynanın Energetika və Ətraf Mühitin Mühafizəsi Nazirliyi arasında əməkdaşlıq haqqında Memorandumun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
13 Mart 2020, 08:03
Müslüm Maqomayevin abidəsinin ucaldılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
13 Mart 2020, 08:03
B.Ə.Muradovanın Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
12 Mart 2020, 07:03
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
12 Mart 2020, 07:03
Hacı Zeynalabdin Tağıyevin abidəsinin ucaldılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
12 Mart 2020, 07:03
“Azərbaycan Respublikası tərəfindən 1995-ci il yanvarın 10-da təsdiq edilmiş Birləşmiş Millətlər Təşkilatının İqlim dəyişmələri üzrə çərçivə konvensiyasına uyğun Azərbaycan Respublikasının qəbul etdiyi öhdəliklərin yerinə yetirilməsinin təmin edilməsinə dair tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 30 aprel tarixli 560 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
12 Mart 2020, 07:03
“Azərbaycan Respublikasında sərhəd-nəzarət buraxılış məntəqələrinin fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması üzrə Komissiya haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 20 may tarixli 423 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
12 Mart 2020, 07:03
“Azərbaycan Respublikasının hərbi əməliyyatlar nəticəsində işğal olunmuş və bununla əlaqədar zərər çəkmiş ərazilərinin bərpası və yenidən qurulması üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 12 iyul tarixli 471 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...