Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyinin qeyd edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
2019-cu ilin oktyabr ayında Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının fəaliyyətə başlamasının 100 illiyi tamam olur.Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı yarandığı vaxtdan etibarən klassik ənənələrə əsaslanmaqla yanaşı, müasir səhnə mədəniyyətinin zirvələrinə doğru inamla irəliləyərək qısa müddətdə zəngin inkişaf yolu keçmişdir. Ötən dövr ərzində görkəmli nailiyyətlər qazanan Teatr xalqın ədəbi sərvətinə çevrilmiş və ölkənin ictimai-mədəni həyatında layiqli mövqe tutmuşdur.
Sənətsevərlər Azərbaycan dramaturgiyasının bütün diqqətəlayiq nümunələri ilə məhz Akademik Milli Dram Teatrının dolğun repertuarı sayəsində yaxından tanış olmaq imkanı əldə etmişlər. Milli Dram Teatrı, eyni zamanda, dünya dramaturji irsində fəxri yer tutan və ümumbəşəri ideallar ifadə edən qiymətli əsərləri səhnələşdirməklə Azərbaycan səhnə sənətinin dünya mədəniyyəti ilə daha da yaxınlaşmasında fəal rol oynamışdır. Teatrın səhnəsində bədii-estetik dəyəri ilə seçilərək uzun illər repertuardan düşməyən və böyük uğurla nümayiş etdirilərək tamaşaçı yaddaşında silinməz iz qoyan həmin əsərlər ölkə teatrı salnaməsinin parlaq səhifələrini təşkil edir.
Milli Dram Teatrında Azərbaycan səhnəsinin ən qüvvətli aktyorlar nəsli yetişmişdir. Mirzəağa Əliyev, Mərziyyə Davudova, Ələsgər Ələkbərov, Adil İsgəndərov, Hökümə Qurbanova, İsmayıl Osmanlı, Fatma Qədri, Barat Şəkinskaya, Leyla Bədirbəyli, Məmmədrza Şeyxzamanov, Həsənağa Turabov və digər qüdrətli sənətkarların Teatrın səhnəsində misilsiz ustalıqla canlandırdıqları çox sayda koloritli, mükəmməl obrazlar Azərbaycan mədəniyyəti və teatrı tarixinə qızıl xətlə yazılmışdır.
Teatrın səhnə həyatı verdiyi mütərəqqi ideyalı əsərlərin cəmiyyətdə yüksək mənəvi keyfiyyətlərin təlqin olunması və estetik zövqün formalaşdırılmasında, xüsusən gənc nəslin vətənpərvərlik və əxlaqi dəyərlərə bağlılıq ruhunda tərbiyəsində mühüm rolu vardır. Teatr, həmçinin beynəlxalq festivallardakı çıxışları ilə ölkənin mədəni nailiyyətlərinin təbliğində yaxından iştirak etmişdir. Hazırda öz inkişafının yeni mərhələsinə qədəm qoymuş Teatr Azərbaycanın özünəməxsus teatr ənənələrinin qorunub saxlanılmasında və dövlətin mədəniyyət siyasətinin gerçəkləşdirilməsində üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməkdədir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkənin mədəni həyatının əlamətdar hadisəsi kimi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyinin qeyd olunmasını təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqının təkliflərini nəzərə almaqla, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 iyul 2019-cu il.
25 İyul 2019, 08:0726 Avqust 2014, 09:08
"Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 25 sentyabr tarixli 263 nömrəli qərarında dəyişikliklər edilməsi barədə ətraflı...
26 Avqust 2014, 09:08
"Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli 120 nömrəli qərarında dəyişikliklər edilməsi barədə ətraflı...
26 Avqust 2014, 09:08
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 141 nömrəli qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları"nda dəyişikliklər edilməsi barədə ətraflı...
26 Avqust 2014, 09:08
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 142 nömrəli qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə yüklərin daşınması qaydaları"nda dəyişikliklər edilməsi barədə ətraflı...
25 Avqust 2014, 09:08
Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında ətraflı...
22 Avqust 2014, 10:08
"Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin kollegiyasının tərkibi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 5 dekabr tarixli 269 nömrəli qərarında dəyişiklik edilməsi barədə ətraflı...
22 Avqust 2014, 10:08
"Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 aprel tarixli 67 nömrəli qərarında dəyişiklik edilməsi barədə ətraflı...
22 Avqust 2014, 10:08
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 aprel tarixli 60 nömrəli qərarı ilə təsdiq edilmiş "Yol hərəkəti haqqında"Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş pozuntulara görə inzibati tənbeh tətbiq edilmiş şəxslərin cərimə ballarının uçotu Qaydası"nda dəyişikliklər edilməsi barədə ətraflı...
22 Avqust 2014, 10:08
"Narkomanlığa düçar olmuş şəxslərin müalicəsi, reabilitasiyası və resosializasiyası üzrə Proqram"ın təsdiq edilməsi barədə ətraflı...
22 Avqust 2014, 10:08
"İstehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması Qaydaları"nın təsdiq edilməsi haqqında ətraflı...