Vahid “G2B” (dövlət-biznes) elektron reyestrinin təşkili və fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər və Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanı ilə yaradılmış vahid “G2B” (dövlət-biznes) elektron reyestrinin təşkili və fəaliyyətinin təmin edilməsi məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”na uyğun olaraq mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin və verilən hüquqmüəyyənedici sənədlərin vahid “G2B” (dövlət-biznes) elektron reyestri (bundan sonra – “G2B” reyestri) Dövlət Xidmətlərinin Elektron Reyestrinin (bundan sonra – Elektron Reyestr) tərkibində təşkil edilsin.

2. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi:

2.1. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə birlikdə “G2B” reyestrinin təşkili və fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər görsün;

2.2. “Dövlət Xidmətlərinin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 sentyabr tarixli 262 nömrəli Fərmanına uyğun olaraq “ASAN xidmət indeksi”ni təşkil edən parametrləri rəhbər tutmaqla, “G2B” reyestrinə daxil edilmiş xidmətlərin qiymətləndirilməsini Elektron Reyestr vasitəsilə həyata keçirsin.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:

3.1. bu Fərmanın 2.2-ci bəndinə əsasən həyata keçirilən qiymətləndirmənin nəticələrini nəzərə alaraq, Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Elektron Reyestr vasitəsilə “G2B” reyestrinə daxil etdiyi hər bir xidmətin “KOB indeksi”ni təşkil edən aşağıdakı parametrləri rəhbər tutmaqla qiymətləndirilməsini təmin etsin:

3.1.1. xidmətin mikro, kiçik və orta biznesin (KOB-un) inkişafına təsiri;

3.1.2. KOB-lara göstərilən xidmətin sadələşdirilməsinin və ya ləğvinin insan həyatına və sağlamlığına, ətraf mühitə, dövlətin iqtisadi maraqlarına təsiri;

3.2. bu Fərmanın 3.1-ci bəndinə uyğun olaraq həyata keçirilən qiymətləndirmənin nəticələri barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

4. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, dövlət adından yaradılan publik hüquqi şəxslərə və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə tapşırılsın, bələdiyyələrə isə tövsiyə edilsin ki:

4.1. “G2B” reyestrinin fəaliyyətinin təmin edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin “Dövlət Xidmətlərinin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında” 2014-cü il 11 sentyabr tarixli 262 nömrəli Fərmanının 3-cü hissəsindən və “Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanının 9.1-ci bəndindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etsinlər;

4.2. “G2B” reyestrinin təşkili və fəaliyyətinin təmin edilməsi ilə bağlı Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin müraciəti əsasında Agentliyə kömək göstərilməsini, onun sorğularının operativ qaydada və hərtərəfli cavablandırılmasını təmin etsinlər.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

5.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

5.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

5.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

5.4. Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təklifləri əsasında mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən dövlət xidmətlərinin “KOB indeksi” üzrə qiymətləndirilməsi qaydasını beş ay müddətində təsdiq etsin;

5.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

6. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1238, № 10, maddə 1991, № 11, maddə 2287; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 1 mart tarixli 570 nömrəli və 10 aprel tarixli 619 nömrəli fərmanları) ilə təsdiq edilmiş “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

6.1. “Dövlət orqanının adı” sütununda “orqanının” sözündən sonra “(qurumunun)” sözü əlavə edilsin;

6.2. 13-cü hissənin “Göstərdiyi xidmətlər” sütununun 5-ci bəndinə “avtomobil” sözündən əvvəl “Bakı, Sumqayıt və Gəncə şəhərlərinin inzibati ərazisi istisna olmaqla, Azərbaycan Respublikasının digər inzibati ərazilərində” sözləri əlavə edilsin;

6.3. 19-cu hissənin “Göstərdiyi xidmətlər” sütununun 3-cü bəndi aşağıdakı redaksiyada verilsin:

“3. Bakı şəhərinin inzibati ərazisində ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma haqqında müqavilənin bağlanılması”.

7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 may 2019-cu il.

16 May 2019, 08:05

http://www.azertag.az

1481—1490 / 10511

18 Mart 2021, 21:03

İşğaldan azad edilmiş ərazilərdə şəhərsalma fəaliyyəti sahəsində idarəetmə ilə bağlı bəzi məsələlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

18 Mart 2021, 21:03

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 724 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin sisteminə işə götürülən işçilərin ştat sayının həddi”ndə və “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində ali hərbi rütbəli vəzifələrin siyahısı”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

18 Mart 2021, 21:03

Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

17 Mart 2021, 20:03

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

17 Mart 2021, 20:03

Azərbaycan Respublikasında miqrasiya sahəsində fərqlənən şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

17 Mart 2021, 20:03

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurası üzvlərinin təyin edilməsi və “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurası üzvlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3547 nömrəli Sərəncamının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

16 Mart 2021, 20:03

Azərbaycan Respublikası Hesablama Palatasının sədr müavininin və auditorlarının təyin edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı   ətraflı...

13 Mart 2021, 19:03

“Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

13 Mart 2021, 19:03

Naxçıvan Muxtar Respublikasının Şərur və Sədərək rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu   ətraflı...

13 Mart 2021, 19:03

“Naxçıvan Muxtar Respublikasının Şərur və Sədərək rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 23 fevral tarixli 275-VIQ nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 yanvar tarixli 500 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...