Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindəndir.
Bu istiqamətdə həyata keçirilən tədbirlər, reallaşdırılan iqtisadi və institusional islahatlar vətəndaşların yaşayış səviyyəsinin yaxşılaşmasında, yeni iş yerlərinin açılması sayəsində əhalinin məşğulluğunun və gəlirlərinin artmasında, yoxsulluq səviyyəsinin daha da azalmasında öz müsbət nəticələrini göstərməkdədir.
Lakin qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasına rəvac vermişdir.
Son dövrdə respublikada makroiqtisadi sabitliyin təmin olunması, iqtisadi inkişaf templərinin bərpa edilərək artması və maliyyə imkanlarının genişlənməsi digər sahələr kimi, əhalinin xarici valyutada olan ödəmə vaxtı keçmiş kredit borclarının ödənilməsinə də dövlət dəstəyi göstərilməsi üçün şərait yaratmışdır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə qərara alıram:
1. Aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin:
1.1. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi;
1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi;
1.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi.
2. Bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilsin, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilsin.
3. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası:
3.1. Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etsin;
3.2. bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin.
4. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsinə əsasən bir fiziki şəxsə ödəniləcək vəsaitin ümumi məbləği 5 000 (beş min) ABŞ dollarının manat ekvivalentindən çox olmamalıdır.
5. Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilsin ki:
5.1. bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etsin;
5.2. bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini təmin etsin;
5.3. bu Fərmandan irəli gələn digər tədbirlərin həyata keçirilməsini təmin etsin.
6. Banklara tövsiyə edilsin ki:
6.1. bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər;
6.2. fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər;
6.3. borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər.
7. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası:
7.1. banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin;
7.2. bu Fərmanın 1-ci və 2-ci hissələrinin banklar tərəfindən icrasını nəzarətdə saxlasın və həmin hissələr icra edildikcə, bu Fərmanın 5.1-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət etsin;
7.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
8. Müəyyən edilsin ki, bu Fərmanın məqsədləri üçün:
8.1. fiziki şəxslərin xarici valyutada 10 000 (on min) ABŞ dollarınadək və ya milli valyutada 17 000 (on yeddi min) manatadək olan əsas kredit borcları dedikdə onların bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi;
8.2. 10 000 (on min) ABŞ dollarınadək və ya 17 000 (on yeddi min) manatadək məbləğ dedikdə müvafiq olaraq 10 000 (on min) ABŞ dollarının və ya 17 000 (on yeddi min) manatın da daxil olduğu məbləğ;
8.3. bu Fərmanın 5-ci və 7-ci hissələrində fiziki şəxslərin kredit borcları dedikdə onların 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələrinə əsasən bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi;
8.4. bank dedikdə banklar və bank olmayan kredit təşkilatları (kredit ittifaqları istisna olmaqla);
8.5. ləğvetmə prosesində olan bank dedikdə ləğvetmə prosesində olan banklar və bank olmayan kredit təşkilatları (kredit ittifaqları istisna olmaqla);
8.6. vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar;
8.7. restrukturizasiya dedikdə əsas kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə güzəştli kreditlərin verilməsi;
8.8. güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər;
8.9. faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi;
8.10. məhkəmədə olan işlərin geri çağırılması dedikdə vaxtı keçmiş kredit borcları ilə bağlı məhkəmələrdə olan iddialardan imtina edilməsi və icra sənədi üzrə icraata xitam verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tədbirlər görülməsi nəzərdə tutulur.
9. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:
9.1. bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan dövlət zəmanətinin rəsmiləşdirilməsi üçün zəruri tədbirlər görsün;
9.2. bu Fərmandan irəli gələn digər tədbirlər görsün.
10. Əmanətlərin Sığortalanması Fonduna və ləğvedici funksiyalarının həvalə olunduğu digər şəxslərə tövsiyə edilsin ki, ləğvetmə prosesində olan banklarda fiziki şəxslərin vaxtı keçmiş əsas kredit borclarının restrukturizasiyasını təmin edən tədbirlər görsünlər.
11. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 fevral 2019-cu il.
1 Mart 2019, 08:032 Avqust 2022, 15:08
Azərbaycan Respublikası Prezidentinin “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2010-cu il 4 iyun tarixli 275 nömrəli, “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2010-cu il 4 iyun tarixli 276 nömrəli, “Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2010-cu il 24 noyabr tarixli 358 nömrəli, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2011-ci il 15 fevral tarixli 383 nömrəli, “Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının 2011-ci il 24 iyun tarixli 165-IVQ nömrəli Qanununun tətbiqi haqqında” 2011-ci il 15 sentyabr tarixli 500 nömrəli və “Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” 2011-ci il 19 dekabr tarixli 546 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
2 Avqust 2022, 15:08
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” 2005-ci il 23 mart tarixli 213 nömrəli, “Dövlət sirrinə aid edilən məlumatların Siyahısı”nın təsdiq edilməsi haqqında” 2005-ci il 3 iyun tarixli 248 nömrəli, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2005-ci il 7 iyun tarixli 252 nömrəli, “Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi”nin təsdiq edilməsi barədə” 2006-cı il 13 fevral tarixli 363 nömrəli, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2006-cı il 2 avqust tarixli 439 nömrəli, “Müsadirə edilmiş əmlakın bir hissəsinin hüquq mühafizə və digər orqanların maddi-texniki bazasının yaxşılaşdırılmasına yönəldilməsi Qaydaları”nın təsdiq edilməsi barədə” 2006-cı il 16 oktyabr tarixli 469 nömrəli, “Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2007-ci il 6 fevral tarixli 527 nömrəli, “Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları”nın təsdiq edilməsi barədə” 2007-ci il 11 aprel tarixli 564 nömrəli və “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2007-ci il 22 may tarixli 576 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
2 Avqust 2022, 15:08
Azərbaycan Respublikası Prezidentinin “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” 2018-ci il 19 dekabr tarixli 413 nömrəli, “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 20 dekabr tarixli 418 nömrəli, “Milli məkan məlumatlarının formalaşdırılması və inteqrasiyası Qaydaları”nın təsdiq edilməsi haqqında” 2018-ci il 28 dekabr tarixli 448 nömrəli, “Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsinin sadələşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 28 dekabr tarixli 460 nömrəli, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1545-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2019-cu il 3 aprel tarixli 606 nömrəli və “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 386 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 2019-cu il 10 aprel tarixli 617 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
2 Avqust 2022, 15:08
Azərbaycan Respublikası Prezidentinin “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında” 2015-ci il 4 may tarixli 1206 nömrəli, “Azərbaycan Müəllimlər İnstitutunun Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulması barədə” 2015-ci il 26 noyabr tarixli 1582 nömrəli, “Azərbaycan Respublikasının fövqəladə hallar atlası”nın nəşri haqqında” 2016-cı il 2 mart tarixli 1843 nömrəli, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” 2016-cı il 5 may tarixli 2032 nömrəli, “Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının yaradılması haqqında” 2016-cı il 8 noyabr tarixli 2425 nömrəli, “Azərbaycan Polad İstehsalı Kompleksi” Qapalı Səhmdar Cəmiyyətinin ləğv edilməsi haqqında” 2016-cı il 22 dekabr tarixli 2566 nömrəli, “2017-ci ilin məhsulu üçün taxıl əkini sahələrində monitorinqin həyata keçirilməsi haqqında” 2017-ci il 27 mart tarixli 2768 nömrəli, “Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd təsərrüfatı müəssisəsi ilə bağlı tədbirlər haqqında” 2017-ci il 19 iyul tarixli 3120 nömrəli, “Azərbaycan Respublikasında sitrus meyvələri, çay və çəltik istehsalının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 2017-ci il 12 sentyabr tarixli 3227 nömrəli və “Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 9 fevral tarixli 3657 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
2 Avqust 2022, 15:08
Azərbaycan Respublikası Prezidentinin “2010-cu il sentyabrın 23-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Bolqarıstan Respublikasının Özəlləşdirmə və Özəlləşdirmədənsonra Nəzarət Agentliyi arasında əməkdaşlıq haqqında Memorandum”un təsdiq edilməsi barədə” 2010-cu il 27 dekabr tarixli 1255 nömrəli və “2010-cu il oktyabrın 12-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Koreya Respublikasının Strategiya və Maliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə” 2010-cu il 27 dekabr tarixli 1257 nömrəli sərəncamlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
1 Avqust 2022, 15:08
Ucar rayonunun Müsüslü–Təzə Şilyan–Bərgüşad–Bağban–Yuxarı Şilyan–Boyat–Qazyan avtomobil yolunun tikintisi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
29 İyul 2022, 16:07
“Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi hakimlərinin sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 17 may tarixli 414 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
29 İyul 2022, 16:07
“Azərbaycan Respublikası prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 8 oktyabr tarixli 1054 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
29 İyul 2022, 16:07
“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...
29 İyul 2022, 16:07
“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 29 iyun tarixli 567-VIQD nömrəli Qanununun tətbiqi və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 fevral tarixli 29 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...