Abdulla Şaiqin 120 illik yubileyinin keçirilməsi haqqında


«Azərbaycan» qəzetində dərc edilmişdir (25 fevral 2001-ci il, № 46). «Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (28 fevral 2001-ci il, № 3, maddə 106)

Relizin Tarixi: 24.02.2001

Abdulla Şaiqin 120 illik yubileyinin keçirilməsi haqqında

Abdulla Şaiqin 120 illik yubileyinin keçirilməsi haqqında

Azərbaycan Respublikasi Prezidentinin Sərəncamı

2001-ci ilin fevralında görkəmli Azərbaycan ədibi və maarifçisi Abdulla Mustafa oğlu Talıbzadənin (Abdulla Şaiqin) anadan olmasının 120 illiyi tamam olur.

XX əsr Azərbaycan ədəbiyyatının təşəkkül tapıb inkişaf etməsində şair, nasir və dramaturq kimi Abdulla Şaiqin böyük əməyi vardır. Onun Azərbaycanda uşaq ədəbiyyatının, xüsusilə milli uşaq dramaturgiyasının yaranmasında misilsiz xidmətləri olmuşdur. Bir əsrə yaxındır ki, Azərbaycan xalqının neçə-neçə nəsli Abdulla Şaiqin uşaqlar üçün müxtəlif janrlarda qələmə aldığı gözəl sənət nümunələrindən faydalanıb və indi də faydalanmaqdadır. Abdulla Şaiq Azərbaycanın elmi və ədəbi mühitində sanballı ədəbiyyatşünas və gözəl bədii tərcümə ustası kimi də yaxşı tanınır.

Abdulla Şaiqin çoxşaxəli fəaliyyətinin böyük bir qismi Azərbaycanda maarifçiliyin müxtəlif sahələri ilə bağlı olmuşdur. Ali və orta təhsil məktəbləri üçün onlarla dərsliyin müəllifi olmuş Abdulla Şaiqin uzun müddətli pedaqoji fəaliyyəti milli təhsilimizin yeni mərhələyə yüksəlişində mühüm rol oynamışdır.

Azərbaycan ədəbiyyatı və maarifinin inkişafında böyük xidmətləri olan Abdulla Şaiqin 120 illik yubileyinin ölkəmizdə layiqincə keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi və Elmlər Akademiyası Yazıçılar Birliyi ilə birlikdə Abdulla Şaiqin 120 illik yubileyinə həsr olunmuş tədbirlər hazırlayıb həyata keçirsinlər.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 24 fevral 2001-ci il

№ 631

«Azərbaycan» qəzetində dərc edilmişdir (25 fevral 2001-ci il, № 46) («LegalActs» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (28 fevral 2001-ci il, № 3, maddə 106) («LegalActs» LLC).

© LegalActs LLC