Füzuli adına Beynəlxalq Mükafat haqqında Əsasnamənin təsdiq edilməsi və Füzuli adına Beynəlxalq Mükafat Komissiyasının tərkibi barədə


«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 sentyabr 1997-ci il, № 3, maddə 254)

Relizin Tarixi: 17.09.1997

Füzuli adına Beynəlxalq Mükafat haqqında Əsasnamənin təsdiq edilməsi və Füzuli adına Beynəlxalq Mükafat Komissiyasının tərkibi barədə

Füzuli adına Beynəlxalq Mükafat haqqında Əsasnamənin təsdiq edilməsi və Füzuli adına Beynəlxalq Mükafat Komissiyasının tərkibi barədə

Azərbaycan Respublikası Prezidentinin sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 13 sentyabr tarixli 403 nömrəli Sərəncamı ilə Füzuli adına Beynəlxalq Mükafat təsis edilməsi ilə əlaqədar qərara alıram:

1. Füzuli adına Beynəlxalq Mükafat haqqında Əsasnamə təsdiq edilsin (əlavə olunur).

2. Aşağıdakı tərkibdə Füzuli adına Beynəlxalq Mükafat Komissiyası yaradılsın:

Komissiyanın sədri
Elçin Əfəndiyev Azərbaycan Respublikası Baş nazirinin müavini
Komissiya sədrinin müavinləri
Bəkir Nəbiyev Azərbaycan Respublikası Elmlər Akademiyası dil, ədəbiyyat və incəsənət bölməsinin akademik-katibi
Anar Rzayev Azərbaycan Yazıçılar Birliyinin sədri
Komissiyanın məsul katibi
Yaşar Qarayev Azərbaycan Respublikası Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun direktoru
Komissiyanın üzvləri
Mikayıl Abdullayev xalq rəssamı
Fatma Abdullazadə Azərbaycan Respublikası Prezidenti İcra Aparatının Humanitar siyasət şöbəsinin müdiri
Balaş Azəroğlu xalq şairi
Məmməd Araz xalq şairi
Bəxtiyar Vahabzadə xalq şairi
Cəmil Quliyev Azərbaycan Respublikası Elmlər Akademiyasının akademik-katibi
Mirvarid Dilbazi xalq şairi
Fərəməz Maqsudov Azərbaycan Respublikası Elmlər Akademiyasının prezidenti
Əziz Mirəhmədov Azərbaycan Respublikası Elmlər Akademiyasının müxbir üzvü
Azadə Rüstəmova Azərbaycan Respublikası Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı
Hacı Allahşükür Paşazadə Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədri
Kamal Talıbzadə Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü
Çingiz Aytmatov (Qırğızıstan Respublikası) yazıçı (razılaşdırılmaqla)
Əbdül Lətif Bəndəroğlu (İraq Respublikası) ədəbiyyatşünas (razılaşdırılmaqla)
İhsan Doğramacı (Türkiyə Respublikası) Türkdilli Ölkələrin Milli Pediatriya Cəmiyyətləri Birliyinin fəxri prezidenti (razılaşdırılmaqla)
Əhməd Ərcilasun (Türkiyə Respublikası) ədəbiyyatşünas (razılaşdırılmaqla)
İren Məlikova (Fransa) şərqşünas (razılaşdırılmaqla)
Tadeuş Svyatoxovski (ABŞ) politoloq (razılaşdırılmaqla)
Oljas Süleymenov (Qazaxıstan Respublikası) şair (razılaşdırılmaqla)
Cavad Heyət (İran İslam Respublikası) «Varlıq» dərgisinin redaktoru (razılaşdırılmaqla)
Həsən Cavadi (ABŞ) Şair (razılaşdırılmaqla)

3. Füzuli adına Beynəlxalq Mükafat Komissiyasına tapşırılsın ki, «Füzuli adına Beynəlxalq Mükafatın laureatı»nın diplomu və fəxri döş nişanının təsviri haqqında təklifləri bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, Füzuli adına Beynəlxalq Mükafat Komissiyasının fəaliyyətinin təşkili məsələlərini həll etsin.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 17 sentyabr 1997-ci il

№ 665

«Azərbaycan» qəzetində dərc edilmişdir (18 sentyabr 1997-ci il, № 203) («LegalActs» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 sentyabr 1997-ci il, № 3, maddə 254) («LegalActs» LLC).

15 fevral 2019-cu il tarixli, __ nömrəli Sərəncama əsasən qüvvədən düşmüşdür («LegalActs» LLC).


Azərbaycan Respublikası Prezidentinin
1997-ci il 17 sentyabr tarixli
665 nömrəli Sərəncamı ilə
təsdiq edilmişdir

Füzuli adına Beynəlxalq Mükafat haqqında
Əsasnamə

I. Ümumi müddəalar və mükafatlandırılma şərtləri

1. Füzuli adına Beynəlxalq Mükafat (bundan sonra «Mükafat» adlandırılacaq) dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin 500 illik yubileyi münasibəti ilə Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 13 sentyabr tarixli 403 nömrəli Sərəncamı ilə təsis edilmişdir.

2. İki ildən bir verilən Mükafata hər dəfə ədəbiyyat və incəsənət, eləcə də filologiya, tarix, fəlsəfə, şərqşünaslıq sahələrində son beş ildə yaranmış, beynəlxalq miqyasda böyük uğurlar kimi etiraf və təsdiq olunan Azərbaycan mövzulu, o cümlədən Məhəmməd Füzuli ilə bağlı yaradıcılıq nümunələrinin müəllifləri layiq görülürlər.

3. Hər biri 10.000 (on min) ABŞ dolları məbləğində olan iki mükafat 1998-ci ildən başlayaraq hər cüt ilin may ayının 28-də Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına Füzuli adına Beynəlxalq Mükafat Komissiyasının (bundan sonra «Komissiya» adlandırılacaq) qərarı ilə verilir.

4. Mükafatı almaq üçün əsərlər Azərbaycan Respublikasının və xarici ölkələrin dövlət idarə və təşkilatları, ictimai, yaradıcı birliklər, habelə beynəlxalq qurumlar tərəfindən təqdim oluna bilər.

Bir təşkilat Mükafata yalnız bir əsər təqdim edə bilər.

Əsərlər yalnız ümumi yığıncaqlarda, iclaslarda, bədii şuralarda və s. geniş müzakirədən sonra irəli sürülür.

5. Əsərlər hər tək ilin noyabr ayının 30-dək Komissiyaya təqdim edilməlidir. Təqdimetmə müddəti başa çatdıqdan sonra əsərlərin tam siyahısı mətbuatda dərc olunur.

6. Mükafat Azərbaycan və xarici ölkə müəlliflərinə verilə bilər. Mükafata layiq görülən şəxslərə pul vəsaiti ilə yanaşı «Füzuli adına Beynəlxalq Mükafatın laureatı» diplomu və fəxri döş nişanı təqdim edilir.

7. Əvvəllər başqa mükafatlarla təltif olunan əsər Mükafata təqdim edilə bilməz.

Bir müəllifə eyni zamanda iki və ya çox əsərə görə mükafat verilmir.

Yeni nailiyyətlərə görə bir müəllif yalnız 4 ildən sonra təkrarən Mükafatla təltif oluna bilər.

8. Mükafatla təltif edilmək üçün namizədliyi irəli sürülən kollektiv yaradıcı heyət əsas müəllifləri əhatə etməlidir. Onların say tərkibi 6 nəfərdən çox olmamalıdır.

9. Mükafatın pul hissəsi kollektiv əsərlərin müəllifləri arasında aşağıdakı qaydada bölüşdürülür:

    • iki müəllif arasında Mükafat bərabər bölünür;
    • üç nəfərdən ibarət kollektivdə rəhbərə Mükafatın yarısı verilir, qalan yarısı isə digər iki müəllif arasında bölünür;
    • qalan hallarda rəhbər müəllifə Mükafatın 1/3 hissəsi verilir, qalan 2/3 hissəsi isə kollektivin digər üzvləri arasında bərabər bölünür.

Müəlliflər kollektivi rəhbər irəli sürmədikdə, Mükafat bütün üzvlər arasında bərabər bölünür.

10. Vəfat etmiş, yaxud ölümündən sonra Mükafatla təltif edilmiş laureatın diplomu və fəxri döş nişanı (bir xatirə kimi) onun ailəsinə təqdim olunur, ailəsi olmadıqda Komissiyada saxlanılır. Mükafatın pul hissəsi isə qanunvericilikdə nəzərdə tutulmuş qaydada varislərə verilir.

II. Əsərlərin təqdim olunma qaydası

11. Ədəbi-bədii və elmi əsərlər sonuncu nəşr olmaq şərti ilə 3 nüxsədə təqdim edilir.

12. Təsviri sənət əsərlərinin yalnız orijinalları qəbul edilir. Bundan başqa, təqdim edən təşkilat həmin əsərlərin fotoşəkillərini də işə əlavə etməlidir. Çoxfiqurlu kompozisiyaların fraqmentlərinin fotoşəkilləri, heykəltaraşlıq əsərlərinin işə müxtəlif yönlərdən çəkilmiş fotoşəkilləri təqdim edilir. Onların sayı və tərtibatı əsər barədə tam təsəvvür yaratmalı, ölçüləri isə çox böyük olmamalıdır. Monumental sənət əsərləri müvafiq izahat, sxem və çertyojların fotoşəkilləri ilə birlikdə təqdim edilməlidir. Həmin izahat və fotoşəkillər tikilinin yerləşdiyi məkanın və onun interyerinin tam təsvir olunmasına imkan verməlidir.

Əsərlər barədə 5—6 dəqiqəlik sənədli filmlərin təqdim edilməsi məsləhət görülür.

13. Teatr, dramaturgiya, opera və balet sənəti sahəsində irəli sürülən əsərlər üçün aşağıdakı sənədlər təqdim edilir:

    • tamaşanın çap olunmuş proqramı, ayrı-ayrı səhnələrin və rolların ifaçılarının fotoşəkilləri (tamaşa haqqında dolğun təsəvvür yarada biləcək say, ölçü və keyfiyyətdə);
    • pyeslərin mətni, yaxud opera və ya balet librettosu.

Tamaşanın rəssam işinə dair dekorasiya və geyim eskizləri də təqdim edilir.

14. Musiqi əsərləri klavir və partitura, həm də maqnitofon yazısı şəklində, vokal əsərləri üçün mətn təqdim edilir.

15. Kinematoqraf sahəsində işlər irəli sürülərkən filmin montaj lentləri, ədəbi ssenarisi, kinofilmin rəssam işi üzrə dekorasiya və geyim eskizləri təqdim edilir.

16. Memarlıq sahəsində əsərlərə dair aşağıdakı sənədlər təqdim edilir:

    • tikilinin 3 nüsxədə naturadan fotoşəkilləri (ümumi görünüşü, fasadı, interyeri, onların detalları və s.);
    • tikilinin çertyojlarının fotoşəkilləri (fotoşəkillər tikilinin planı, kompozisiya və mühəndis-texniki həlli barədə təsəvvür yaratmalıdır);
    • izahat (tikilinin memarlıq ideyasını açmalıdır).

Sənədli filmin, yaxud rəngli slaydların təqdim edilməsi məsləhət görülür.

III. Əsərlər haqqında sənəd və materialların hazırlanması

17. Əsəri və namizədləri irəli sürən təşkilat və ya idarə komissiyanın qarşısında vəsatət qaldırır. Vəsatətdə əsərin irəli sürülməsinin əsas motivləri, onun geniş ictimai rəy doğurması, dəqiq bitirildiyi vaxt, nəşrinin, premyerasının tarixi və yeri, filmlərin kinoprokata buraxıldığı, yaxud beynəlxalq kinofestivallarda nümayiş etdirildiyi tarix göstərilir. Təsviri incəsənət sahəsində monumental işlər üzrə onların materialı, ölçüləri, sahibi və hazırda saxlanıldığı yer haqqında məlumat verilir.

Mükafata təqdim olunan müəllifin soyadı, adı, atasının adı dəqiq göstərilir.

Vəsatət təşkilatın, idarənin rəhbəri tərəfindən imzalanır və möhürlə təsdiq olunur.

Kollektiv namizədlik irəli sürüldükdə vəsatət ilə birlikdə hər bir müəllifin əsərin yaradılmasında iştirakını səciyyələndirən məlumat təqdim edilir. Təsviri sənət və memarlıq sahəsinə aid işlər üzrə həmin məlumat təşkilatın, idarənin rəhbəri və irəli sürülmüş əsərlərin müəllifləri tərəfindən imzalanmalıdır. Kollektiv əsərin rəhbəri qeyd olunmalıdır. Əgər kollektiv əsərin ayrıca rəhbəri yoxdursa, bu göstərilməlidir.

18. Vəsatət ilə birlikdə aşağıdakı sənədlər təqdim edilməlidir:

    • əsər və namizədlərin irəli sürülməsinə dair keçirilmiş iclas və yığıncaqların protokolları (protokolda hər bir namizədin ümumi işdə əməyi barədə məlumat əksini tapmalıdır);
    • hər bir namizədin əmək fəaliyyəti haqqında qısa məlumat və 4,5x6 sm ölçüdə bir ədəd fotoşəkil;
    • təqdim olunan əsərin qısa annotasiyası (memarlıq və monumental sənət əsərləri üçün annotasiya əvəzinə mütəxəssis şərhi təqdim edilir);
    • publikasiya haqqında sənədlər: kitabın nəşr tarixi barədə arayış, nəşrlərin sayı; musiqi əsərinin ilk ifasının, tamaşanın premyerasının afişası və çap olunmuş proqramı; təsviri sənət əsəri üçün ilk nümayiş sərgisinin kataloqu və açılışı haqqında sənədlər; filmin ekranlara çıxma tarixi haqqında arayış;
    • əsər və müəllifləri barədə mətbuatda dərc olunmuş rəy və tədqiqatlar (əsli, yaxud təsdiq olunmuş surəti).

Əsərlə bağlı yeni materiallar dərc olunduqca təşkilat, idarə onları vaxtında Komissiyaya göndərməlidir.

19. Xarici ölkələrdən Komissiyaya göndərilən materiallar Azərbaycan, yaxud ingilis dilində təqdim edilir.

20. Sənədlər aşağıdakı ünvana göndərilir:

Azərbaycan Respublikası, Bakı şəhəri, 370001,

İstiqlaliyyət küçəsi 10,

Azərbaycan Respublikasının Elmlər Akademiyası,

Füzuli adına Beynəlxalq Mükafat Komissiyası

IV. Komissiya tərəfindən Mükafatın verilməsi barədə qərarın qəbul edilməsi

21. Komissiyanın iclasları sədr tərəfindən çağırılır.

Komissiya üzvlərinin ümumi sayının ən azı 2/3 hissəsi iştirak etdikdə iclas səlahiyyətli sayılır.

22. Mükafatın verilməsi barədə Komissiyanın qərarı gizli səsvermə yolu ilə qəbul olunur.

İştirak edənlərin ən azı 3/4 hissəsi namizədin lehinə səs verdiyi halda Komissiyanın qərarı qəbul olunmuş hesab edilir.

23. Komissiyanın qəbul etdiyi qərar qətidir və heç bir təşkilat tərəfindən ləğv edilə bilməz.

24. Komissiyanın Mükafatın verilməsi barədə qərarı kütləvi informasiya vasitələrində elan olunur.


© LegalActs LLC