«Nəzarət kitabçası» haqqında Əsasnamənin təsdiq edilməsi haqqında


Relizin Tarixi: 16.06.2011

«Nəzarət kitabçası» haqqında Əsasnamənin təsdiq edilməsi haqqında

Azərbaycan Respublikasının Nazirlər Kabineti

«Nəzarət kitabçası» haqqında Əsasnamənin təsdiq edilməsi haqqında

Qərar № 196

Bakı şəhəri, 13 dekabr 2002-ci il

«Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında» Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 sentyabr tarixli, 790 nömrəli Fərmanının 10-cu bəndinin 9-cu abzasının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Ədliyyə Nazirliyi, Vergilər Nazirliyi, Maliyyə Nazirliyi və Dövlət Statistika Komitəsi ilə razılaşdırılmış «Nəzarət kitabçası» haqqında Əsasnamə» təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, «Nəzarət kitabçası»nın çapı ilə bağlı maliyyə vəsaitinin ayrılmasını təmin etsin.

3. «Nəzarət kitabçası» haqqında Əsasnamənin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 2 mart tarixli, 31 nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin.

4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri

A.RASİ-ZADƏ

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 dekabr 2002-ci il, № 12, maddə 748) («LegalActs» LLC).

11 avqust 2008-ci il tarixli, 180 nömrəli; 16 iyun 2011-ci il tarixli, 97 nömrəli Qərarlara əsasən dəyişikliklərlə («LegalActs» LLC).


Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2002-ci il 13 dekabr tarixli,
196 nömrəli qərarı ilə
təsdiq edilmişdir

«Nəzarət kitabçası» haqqında Əsasnamə

1. Ümumi müddəalar

1.1. Bu Əsasnamə «Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında» Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 sentyabr tarixli, 790 nömrəli Fərmanının 10-cu bəndinin 9-cu abzasının və 11-ci bəndinin 2-ci abzasının icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır.

1.2. Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən bütün sahibkarlıq subyektlərində (hüquqi və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdə) bu Əsasnaməyə əlavə edilmiş formaya uyğun olaraq «Nəzarət kitabçası» tətbiq edilir.

1.3. Sahibkarlıq subyektlərinin «Nəzarət kitabçası» ilə təmin edilməsi və onun reyestrinin aparılması Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən dövlət büdcəsindən ayrılmış vəsait hesabına həyata keçirilir.

1.4. «Nəzarət kitabçası» fərdi nömrəyə malikdir. «Nəzarət kitabçası»nın çapı Nazirlik tərəfindən təşkil olunur. Bu Əsasnamənin mətni kitabçanın titul vərəqinin iç üzündə dərc edilir. «Nəzarət kitabçası»nın səhifələri mətbəə üsulu ilə nömrələnir.

1.5. Nazirlik sahibkarlıq subyektlərini, onların filial və nümayəndəliklərini, rəsmi müraciətlər əsasında və aidiyyəti dövlət orqanları vasitəsilə əvəzsiz olaraq «Nəzarət kitabçası» ilə təmin edir.

2. Nəzarət kitabçalarının saxlanılması və ondan istifadə

2.1. Sahibkarlıq subyektlərində «Nəzarət kitabçası»nın saxlanılmasını obyektin rəhbəri və yaxud onun müavini, filial və nümayəndəliklərdə isə rəhbərlik tərəfindən müəyyən edilmiş şəxs təmin edir.

2.2. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada yoxlamalar həmin yoxlamanı aparan şəxsin adı, soyadı, atasının adı, vəzifəsi və təmsil etdiyi təşkilatın adı, yoxlamanın məqsədi, yoxlamaya hüquq verən sənədin tarixi və nömrəsi, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində yoxlamanın kodu, yoxlamaya başlanılan vaxt «Nəzarət kitabçası»na qeyd edildikdən sonra həyata keçirilir.

2.3. Qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qaydada yoxlama aparmağa başlanan sahibkarlıq subyektlərində «Nəzarət kitabçası»nın olmaması qanuni yoxlamanın aparılmamasına əsas vermir. Bu halda yoxlama aparan şəxs yoxlamanın nəticəsinə dair tərtib etdiyi sənəddə bu barədə müvafiq qeyd aparmalı, yoxlanılan sahibkarlıq subyektinin rəhbəri isə qısa müddət ərzində müəyyən edilmiş qaydada «Nəzarət kitabçası»nı almalıdır.

2.4. Sahibkarlıq subyektlərində yoxlama aparan şəxslərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada yoxlamaya hüquq verən sənədləri olmalıdır.

2.4-1. Sahibkarlıq sahəsində aparılan hər bir yoxlama sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir.

2.5. Qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qaydada dövlət orqanları tərəfindən sahibkarlıq subyektlərində həyata keçirilən bütün yoxlamalar «Nəzarət kitabçası»nda qeyd edilir.

2.6. Vergi orqanları istisna olmaqla, digər dövlət orqanları tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qaydada sahibkarlıq subyektlərində aparılan yoxlamalarda iştirak edən Nazirliyin nümayəndəsi haqda «Nəzarət kitabçası»nda müvafiq qeydlər edilir.

2.7. Yoxlamanın nəticəsinə dair tərtib edilmiş sənədlər barədə «Nəzarət kitabçası»nda müvafiq qeydlər aparılır.

2.8. Yoxlamanın nəticəsi üzrə tərtib edilmiş sənədlərin eyni qüvvəyə malik bir nüsxəsi sahibkarlıq subyektində, ikinci nüsxəsi isə yoxlama keçirən orqanın nümayəndəsində saxlanılır. Nazirliyin nümayəndəsinin iştirakı ilə keçirilən yoxlamalarda eyni qüvvəyə malik üçüncü nüsxə tərtib olunur və nümayəndəyə təqdim edilir.

2.9. Sahibkarlıq subyektləri yoxlamanın nəticəsi ilə razılaşmadıqları hallarda, qanunvericilikdə müəyyən edilmiş qaydada yoxlamanı aparan orqanın qərarından Nazirliyə və məhkəməyə şikayət edə bilərlər.

2.10 «Nəzarət kitabçası» itirildikdə və yaxud istifadəyə yararsız hala salındıqda, sahibkarlıq subyekti onun dublikatının alınması haqqında Nazirliyə müraciət etdikdən sonra üzərində «Dublikat» sözü yazılmış yeni «Nəzarət kitabçası» ilə təmin olunur.

2.11. Yoxlayıcı orqanın nümayəndələri tərəfindən aparılmış, qeydiyyatlarla dolmuş «Nəzarət kitabçası» yeni kitabça alınarkən rəsmi qaydada Nazirliyə təhvil verilir və həmin kitabçalar 5 il müddətində Nazirlikdə saxlanır.

2.12. Bu Əsasnamənin 2-ci bəndində göstərilən tələblər yerinə yetirilmədən aparılan yoxlama qeyri-qanuni hesab edilir.

3. «Nəzarət kitabçası» üzrə məlumatların ümumiləşdirilməsi

3.1. Sahibkarlıq subyektləri hər altı aydan bir onlarda aparılan yoxlamaya dair məlumatları Nazirliyin yerli qurumları vasitəsi ilə Nazirliyə təqdim edir.

3.2. Nazirlik daxil olmuş məlumatları ümumiləşdirərək təhlil edir və bu haqda ildə iki dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verir.


Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2002-ci il 13 dekabr tarixli,
196 nömrəli qərarı ilə
təsdiq edilmiş Əsasnaməyə
Əlavə

Nəzarət kitabçası

Sıra №-si

Yoxlama aparan şəxsin adı, soyadı, atasının adı, vəzifəsi, təmsil etdiyi təşkilatın adı, ünvanı, əlaqə telefonu

Yoxlamanın aparılmasına hüquq verən sənədin tarixi və nömrəsi

Yoxlamanın aparılmasının məqsədi

İqtisadi İnkişaf Nazirliyinin yoxlamada iştirak edən nümayəndəsinin soyadı, adı, vəzifəsi və yoxlamada iştirak etməyə hüquq verən sənədin tarixi və nömrəsi

Yoxlamanın məzmunu və yoxlama ilə əhatə olunan dövr

Yoxlamanın başlama vaxtı (tarix, saat). Yoxlamanı aparan şəxsin imzası və İqtisadi İnkişaf Nazirliyinin nümayəndəsinin iştirak etdiyi halda, həmçinin nümayəndənin imzası

Aşkar edilən faktlar, yoxlamanın nəticəsi üzrə tərtib edilən sənədlər, görülmüş tədbirlər və nöqsanların aradan qaldırılmasına dair təkliflər

Yoxlamanın bitmə vaxtı (tarix, saat). Yoxlama aparan şəxsin imzası və İqtisadi İnkişaf Nazirliyinin nümayəndəsinin iştirak etdiyi halda, həmçinin nümayəndənin imzası

Yoxlamanın nəticəsi üzrə tərtib edilmiş yekun sənədlərinin onlara çatacaq nüsxələrini almalarına dair sahibkarlıq subyekti rəhbərinin (İqtisadi İnkişaf Nazirliyinin nümayəndəsinin iştirak etdiyi halda, həmçinin nümayəndənin) qeydi və imzası

Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində yoxlamanın kodu

1

2

3

4

5

6

7

8

9

10

11


© LegalActs LLC