Xəzər dənizində Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin «Merkuri-2» bərəsinin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədi ilə Azərbaycan Respublikasında matəm elan olunması haqqında
«Azərbaycan» qəzetində dərc edilmişdir (27 oktyabr 2002-ci il, № 248) «Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 oktyabr 2002-ci il, № 10, maddə 602)
Relizin Tarixi: 26.10.2002Xəzər dənizində Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin «Merkuri-2» bərəsinin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədi ilə Azərbaycan Respublikasında matəm elan olunması haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
2002-ci il oktyabr ayının 22-də saat 10.30 radələrində Qazaxıstanın Aktau limanından Bakı istiqamətində üzən, Xəzər Dəniz Gəmiçiliyinə məxsus «Merkuri-2» bərəsi Bakıdan 130 kilometrlik məsafadə qəzaya uğrayaraq batmışdır. Elə həmin gün Azərbaycan Respublikası prezidentinin sədrliyi ilə Təhlükəsizlik Şurasının təcili iclası çağırılmış, baş vermiş qəza ilə bağlı xilasetmə işlərinin təşkili və hadisənin səbəblərinin araşdırılması üzrə Dövlət Komissiyası yaradılmışdır. Dövlət Komissiyası təxirəsalınmaz xilasetmə işlərinin yerinə yetirilməsinə rəhbərlik etmiş və bilavasitə qəza yerində olaraq lazımi tədbirlər görmüşdür. Xilasetmə işləri qəza haqqında xəbər alınan andan həyata keçirilməyə başlanmışdır. Əməliyyata Xəzər Dəniz Gəmiçiliyinə, Dövlət Neft Şirkətinə, Müdafiə Nazirliyinə, Sərhəd Qoşunlarına və «Britiş Petroleum» şirkətinə məxsus 19 gəmi, eləcə də «Azərbaycan Hava Yolları» Dövlət Konserninin, Müdafiə Nazirliyinin və «Britiş Petroleum» şirkətinin 7 vertolyotu cəlb olunmuşdur. Qəza baş verən ərazidə ekoloji vəziyyətə nəzarət etmək üçün əməliyyatda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xüsusi tədqiqat gəmisi də iştirak etmişdir. Hadisə ilə bağlı Respublika Prokurorluğunda cinayət işi açılmış, istintaq aparılır.
Son məlumata görə, qəza baş verərkən bərədə 42 heyət üzvü və 8 sərnişin olmuşdur. Hava şəraitinin mürəkkəb olmasına baxmayaraq, əməliyyatda iştirak edən gəmi və vertolyot heyətlərinin yüksək peşəkarlığı və fədakarlığı nəticəsində 9 nəfər xilas edilmiş, 4 nəfərin cəsədi tapılmışdır. Qalanların taleyini isə, təəssüf ki, hələlik müəyyən etmək mümkün olmamışdır.
Qəzanın nəticələrinin aradan qaldırılması və səbəblərinin araşdırılması üçün yaradılmış Dövlət Komissiyası öz işini davam etdirir.
Qəza nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədi ilə onların ailələrinin dərin kədərinə şərik olaraq qərara alıram:
2002-ci il oktyabrın 28-də Azərbaycan Respublikasının ərazisində matəm elan olunsun.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV.
Bakı şəhəri, 26 oktyabr 2002-ci il.
№ 806
«Azərbaycan» qəzetində dərc edilmişdir (27 oktyabr 2002-ci il, № 248) ( «LegalActs» LLC).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 oktyabr 2002-ci il, № 10, maddə 602) («LegalActs» LLC).
© LegalActs LLC