Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında


Relizin Tarixi: 03.07.1997

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında
Müqavilə

Bundan sonra Ali Razılığa Gələn Tərəflər adlandırılan Azərbaycan Respublikası və Rusiya Federasiyası,

öz xalqları arasında tarixən təşəkkül tapmış əlaqələrə, dostluq münasibətlərinə və mehriban ünsiyyət ənənələrinə arxalanaraq,

aralarındakı dostluq, mehriban qonşuluq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsinin hər iki dövlətin xalqlarının həyati mənafeyinə uyğun gəldiyini, sülh və təhlükəsizlik işinə xidmət etdiyini hesab edərək,

öz ərazilərində demokratik hüquqi dövlət qurmaq əzmi göstərərək,

Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin, Helsinki Yekun aktının, Avropada Təhlükəsizlik və Əməkdaşlıq üzrə Təşkilatın digər sənədlərinin məqsədlərinə və prinsiplərinə sadiq olduqlarını təsdiq edərək,

insan hüquqları sahəsində hamı tərəfindən qəbul edilmiş beynəlxalq standartlara əməl olunmasına özlərinin sadiqliyini təsdiq edərək,

ikitərəfli münasibətlərin müqavilə-hüquqi əsasını möhkəmləndirərək,

ikitərəfli münasibətləri keyfiyyətcə yeni səviyyəyə qaldırmağa səy göstərərək,

aşağıdakılar barədə razılığa gəldilər:

Maddə 1

Ali Razılığa Gələn Tərəflər öz münasibətlərini etimad, strateji tərəfdaşlıq və hərtərəfli əməkdaşlıq əsasında, dost, bərabər hüquqlu və suveren dövlətlər kimi inkişaf etdirəcəklər. Onlar bir-birinin dövlət suverenliyinə və müstəqilliyinə hörmət, hüquq bərabərliyi və bir-birinin daxili işlərinə qarışmamaq, zor işlətməmək və ya zor işlədəcəyi ilə, o cümlədən iqtisadi və digər üsullarla təzyiq göstərəcəyi ilə hədələməmək, ərazi bütövlüyü, sərhədlərin pozulmazlığı, mübahisələrin dinc vasitələrlə həll edilməsi, insan hüquqlarına və əsas azadlıqlarına hörmət, öhdəliklərin vicdanla yerinə yetirilməsi prinsiplərini, habelə beynəlxalq hüququn hamı tərəfindən qəbul edilmiş digər normalarını dönmədən rəhbər tutacaqlarını öz öhdələrinə götürürlər.

Maddə 2

Ali Razılığa Gələn Tərəflər istər qlobal, istərsə də regional miqyasda sülhün möhkəmləndirilməsi, sabitliyin və təhlükəsizliyin artırılması məqsədilə qarşılıqlı fəaliyyət göstərəcəklər. Onlar tərksilah prosesinin davam etdirilməsinə, beynəlxalq kollektiv təhlükəsizlik sistemlərinin yaradılmasına və möhkəmləndirilməsinə, habelə BMT və ATƏT-in sülh məramlı rolunun gücləndirilməsinə kömək edən struktur və təsisatların təşəkkül tampasına, regional mexanizmlərin səmərəliliyinin artırılmasına kömək edəcəklər. Onlar, habelə regional münaqişələrin beynəlxalq hüququnun hamı tərəfindən qəbul edilmiş normaları və hər şeydən əvvəl dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına riayət edilməsi və təmin edilməsi əsasında həll edilməsinə kömək etmək üçün səy göstərəcəklər.

Ali Razılığa Gələn Tərəflər bu məqsədlə qarşılıqlı maraq kəsb edən problemlər üzrə müntəzəm əsasda məsləhətləşmələr keçirəcəklər.

Maddə 3

Ali Razılığa Gələn Tərəflər dövlətlərarası münasibətlərdə zor işlətmək və zor işlədəcəyi ilə hədələməyin yolverilməzliyini təsdiq edərək, beynəlxalq tanınmış sərhədlərin zorla dəyişdirilməsini tanımırlar.

Onlar əməkdaşlıq edəcək və onların ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığının təmin edilməsinə yönəldilmiş qarşılıqlı səyləri dəstəkləyəcəklər.

Maddə 4

Ali Razılığa Gələn Tərəflərdən birinin fikrincə sülhə təhlükə yaradan, sülhün pozulmasına gətirən və ya onun təhlükəsizliyinin mühüm mənafeyini pozan şərait yarandığı təqdirdə, Tərəflərin hər biri digər Tərəfə təxirə salınmadan məsləhətləşmələr keçirilməsi barədə xahiş ilə müraciət edə bilər. Ali Razılığa Gələn Tərəflər müvafiq informasiya mübadiləsi edəcək və həmin şəraitin aradan qaldırılması üçün münasib tədbirlərin razılaşdırılmasına səy göstərəcəklər.

Maddə 5

Ali Razılığa Gələn Tərəflər separatizmi, onun bütün təzahürlərində pisləyir və digər Ali Razılığa Gələn Tərəfin dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəldilmiş separatist hərəkətləri dəstəkləməməyi öhdələrinə götürür, habelə öz ərazisində təşkilat və qrupların yaradılması və fəaliyyətini, ayrı-ayrı şəxslərin fəaliyyətini qadağan edir və qarşısını alır.

Ali Razılığa Gələn Tərəflər ayrı-ayrı Sazişlər əsasında dövlət sərhədlərinin mühafizəsi sahəsində qarşılıqlı fəaliyyət göstərəcəklər.

Maddə 6

Ali Razılığa Gələn Tərəflərdən biri digər Ali Razılığa Gələn Tərəfə qarşı yönəldilmiş hər hansı hərbi, iqtisadi və maliyyə xarakterli, o cümlədən üçüncü ölkələr vasitəsi ilə də hər hansı hərəkətlərdə və tədbirlərdə iştirak etməməyi, öz ərizələrindən digər Ali Razılığa Gələn Tərəfə qarşı təcavüzkarlıq və ya digər zorakılıq hərəkətləri üçün istifadə olunmasına yol verməməyi öhdəsinə götürür.

Maddə 7

Ali Razılığa Gələn Tərəflərin hər biri digər Tərəfin öz suverenliyini, ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını və müdafiə qabiliyyətini qorumağa yönəldilən tədbirlər kompleksini müstəqil təyin etmək və həyata keçirmək hüququnu tanıyır və bu hüquqa hörmət edir.

Maddə 8

Ali Razılığa Gələn Tərəflər milli təhlükəsizlik və müdafiə quruculuğunun təmin edilməsi məsələlərini müstəqil həll edərək, həmin məqsədlə sıx əməkdaşlıq və əməli qarşılıqlı fəaliyyət həyata keçirəcəklər. Bu sahədə qarşılıqlı fəaliyyətin formaları və qaydası ayrıca sazişlə təmin ediləcəkdir.

Maddə 9

Ali Razılığa Gələn Tərəflərin hər biri digər Tərəfin, onun ərazisində yaşayan vətəndaşlarına əmlak və şəxsi qeyri-əmlak hüquqları, istirahət hüququ, sağlamlığı qoruma, sosial-təminat, mənzil almaq, təhsil, mədəniyyət nailiyyətlərindən istifadə etmək, ictimai təşkilatlarda iştirak etmək hüquqları, habelə öz vətəndaşlarına verdiyi əsaslarla və həcmdə şəxsi hüquqlar və azadlıqlar verir. Ali Razılığa Gələn Tərəflərin hər birinin ərazisində digər Tərəfin vətəndaşları, əmək münasibətlərində onun öz vətəndaşları üçün nəzərdə tutulan hüquqlardan istifadə edir və eyni öhdəlikləri daşıyırlar. Həmin Tərəfin vətəndaşlığına mənsubiyyətlə bağlı olan vəziflərə təyin edilmək və ya fəaliyyətlə məşğul olmaq istisna təşkil edir.

Ali Razılığa Gələn Tərəflərdən hər birinin ərazisində digər Tərəfin vətəndaşları öz hüquqlarının qorunması üçün məhkəməyə və başqa dövlət orqanlarına müraciət etmək hüququna malikdirlər və həmin Tərəfin öz vətəndaşlarının istifadə etdikləri prosessual hüquqlardan istifadə edirlər.

Ali Razılığa Gələn Tərəflərin hər biri digər Tərəfin ərazisində yaşayan öz vətəndaşlarının hüquqlarını hamı tərəfindən qəbul edilmiş beynəlxalq hüquq normalarına müvafiq surətdə qoruyur, onlara himayədarlıq göstərir və havadarlıq edir.

Ali Razılığa Gələn Tərəflər digər Ali Razılığa Gələn Tərəfin ərazisində yaşayan öz vətəndaşlarının hüquqlarının qorunmasını təmin etmək üçün zəruri olan ayrıca sazişlər bağlayacaqlar.

Maddə 10

Ali Razılığa Gələn Tərəflər təsdiq edirlər ki, hamı tərəfindən qəbul edilmiş insan hüquqlarının bir hissəsi kimi milli azlıqlara mənsub olan şəxslərin hüquqlarına hörmət edilməsi, Azərbaycan Respublikasında və Rusiya Federasiyasında sülhün, ədalətin, sabitliyin və demokratiyanın mühüm amilidir.

Ali Razılığa Gələn Tərəflər milli azlıqlara mənsub olan şəxslərin öz hüquqlarını və əsas azadlıqlarını tam və səmərəli şəkildə həyata keçirmək, heç bir ayrı-seçkilik olmadan qanun qarşısında tam bərabərlik şəraitində həmin hüquqlardan istifadə etmək hüququna zəmanət verirlər.

Ali Razılığa Gələn Tərəflər Milli azlıqlara mənsub olan şəxslərin öz iradəsinin ziddinə olaraq heç bir assimliyasiya cəhdlərinə məruz qoyulmadan fərdi surətdə və ya milli azlıqlara mənsub olan başqa şəxslərlə birlikdə etnik, mədəniyyət, dil və ya din özgünlüyünü sərbəst ifadə etmək, qoruyub saxlamaq və ya inkişaf etdirmək, öz mədəniyyətini hər cəhətdən qorumaq və inkişaf etdirmək hüququna zəmanət verirlər.

Ali Razılığa Gələn Tərəflər öz ərazilərində milli azadlıqlara etnik, mədəniyyət və din özgünlüyünün qorunmasını təmin edir və bu özgünlüyünün təşviq edilməsi üçün şərait yaradırlar.

Ali Razılığa Gələn Tərəflər milli, irqi, etnik və ya dini ayrı-seçkilik, düşmənçilik və ya nifrət əsasında şəxslərə və ya qruplara qarşı zorakılığa təhrik edən hər cür hərəkətlərin qarşısının alınması və aradan qaldırılması üçün təsirli tədbirlər görməyi, o cümlədən müvafiq qanunvericilik aktları qəbul etməyi öhdələrinə götürürlər.

Ali Razılığa Gələn Tərəflər etnik, dil, mədəniyyət və ya din özgünlüyünə görə hədə-qorxuya və ya zorakılıq hərəkətlərinə, ayrı-seçkiliyə və ya düşmənçiliyə məruz qalan və ya məruz qala biləcək şəxslərin və ya qrupların qorunması və onların mülkiyyətinin qorunması üçün səmərəli tədbirlər görəcəklərini öhdələrinə götürürlər.

Ali Razılığa Gələn Tərəflər etnik, dil, mədəniyyət və dini azlıqlara mənsub olan şəxslərin hüquqlarının təmin edilməsi məqsədilə əməkdaşlıq haqqında saziş bağlayacaqlar.

Maddə 11

Ali Razılığa Gələn Tərəflər ərazilərində yaşayan şəxslərə iradəsini sərbəst ifadə etməsinə uyğun olaraq, yaşadıqları dövlətin vətəndaşlığını saxlamaq və ya digər Tərəfin vətəndaşlığını əldə etmək hüququna zəmanət verirlər.

Ali Razılığa Gələn Tərəflərin vətəndaşlıq məsələlərinə dair qanunvericiliyində kolliziya ilə bağlı meydana çıxa biləcək problemlər Tərəflər arasında bağlanacaq ayrıca saziş əsasında həll ediləcəkdir.

Maddə 12

Ali Razılığa Gələn Tərəflər siyasi, iqtisadi, mədəni, səhiyyə, energetika, ekologiya, elm, texnika, ticarət, humanitar və digər sahələrdə bərabər hüquqlu və qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirəcək, geniş informasiya mübadiləsinə kömək edəcəklər. Fəaliyyətin əlaqələndirilməsi, o cümlədən müxtəlif beynəlxalq təşkilatlarda razılaşdırılmış təşəbbüslər həyata keçirilməsi; insan hüquqları sahəsində qüvvədə olan başlıca beynəlxalq sənədlərə uyğun olaraq, bu hüquqların təmin edilməsi; energetika, nəqliyyat və rabitə sistemlərinin idarə edilməsinin əlaqələndirilməsi; ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq; mütəşəkkil cinayətkarlığa, terrorçuluğa və narkobiznesə qarşı mübarizədə əməkdaşlıq, onların əməkdaşlığının üstün istiqamətləri olacaqdır.

Ali Razılığa Gələn Tərəflər qarşılıqlı maraq kəsb edən bu və ya digər məsələlərdə əməkdaşlıq haqqında ayrıca sazişlər bağlayacaqlar.

Maddə 13

Ali Razılığa Gələn Tərəflərdən birinin digər Ali Razılığa Gələn Tərəfin ərazisində olan dövlət əmlakının, hüquqi şəxslərinin və vətəndaşlarının əmlakının hüquqi rejimi, əgər Tərəflər arasındakı sazişdə digər hallar nəzərdə tutulmayıbsa, əmlakın olduğu Tərəfin qanunvericiliyi ilə tənzimlənir.

Ali Razılığa Gələn Tərəflərdən biri digər Ali Razılığa Gələn Tərəfin ərazisində olan və üçüncü şəxs və ya dövlət tərəfindən barəsində iddia irəli sürülmüş əmlakın özünə məxsus olduğunu bildirirsə, həmin əmlakın məxsusluğu məsələsi qəti həll olunanadək, digər Tərəf onun qorunması və saxlanması üçün bütün lazımi tədbirləri görməlidir və birinci Tərəfin qəti ifadə edilmiş razılığı olmadan onu kimsəyə verməyə hüququ yoxdur.

Ali Razılığa Gələn Tərəflərin maraqlarına toxunan mülkiyyət münasibətlərinin bütün digər məsələləri ayrı-ayrı sazişlərlə tənzimlənməlidir.

Maddə 14

Ali Razılığa Gələn Tərəflər iqtisadi, ticarət, elmi-texniki münasibətlərin inkişafını aşağıdakı səviyyələrlə təmin edəcəklər:

    • dövlət hakimiyyəti və idarəetmə orqanları;
    • bank və maliyyə sistemi;
    • ərazi və yerli (bələdiyyə) özünüidarəetmə orqanları;
    • müəssisələr, birliklər, təşkilatlar və idarələr;
    • birgə müəssisələr və təşkilatlar;
    • fərdi sahibkarlar.

Tərəflər öz ərazilərində sahibkarlıq və digər təsərrüfat fəaliyyəti üçün investisiyaların həvəsləndirilməsinə və qarşılıqlı surətdə qorunması daxil olmaqla, əlverişli iqtisadi, maliyyə və hüquqi şərait yaradılmasına kömək edəcəklər.

Tərəflər onlardan birinin üzv olduğu beynəlxalq təşkilatlarda iştirak etməkdə və ya həmin təşkilatlara daxil olmaqda bir-birinə kömək göstərərək, müxtəlif beynəlxalq iqtisadi, maliyyə və digər təşkilitlarda və təsisatlarda qarşılıqlı fəaliyyət göstərəcəklər.

Tərəflər digər Tərəfin hüququna və qanuni mənafeyinə toxuna biləcək iqtisadi qərarları haqqında bir-birinə vaxtında məlumat verəcəklər.

Maddə 15

Ali Razılığa Gələn Tərəflər bazar iqtisadiyyatı şəraitində iqtisadi əməkdaşlığın imkanlarını təsirli istifadə etmək və dünya bazarına daxil olmaq üçün lazım olan, onun səmərəliliyinin artırılması məqsədilə Müstəqil Dövlətlər Birliyi çərçivəsində qarşılıqlı fəaliyyəti davam etdirəcəklər.

Maddə 16

Ali Razılığa Gələn Tərəflər regional əməkdaşlıqda iştiraka lazımi əhəmiyyət verərək, Qara dəniz İqtisadi Əməkdaşlığı çərçivəsində özlərinin mümkün birgə və birtərəfli təşəbbüslərinin yeridilməsinə yönəldilmiş fəaliyyəti əlaqələndirəcəklər.

Maddə 17

Ali Razılığa Gələn Tərəflər öz dəniz, çay və hava limanları, dəmiryol və avtomobil yolları şəbəkəsi və boru kəmərləri vasitəsilə yük və sərnişin daşınmasını təmin edəcək, ən əlverişli rejim təqdim etmək əsasında öz ərazilərindən yüklərin və sərnişinlərin tranzit qaydasında daşınması məsələlərinin tənzimlənməsi haqqında ayrı-ayrı sazişlər bağlayacaqlar.

Maddə 18

Ali Razılığa Gələn Tərəflər neftin və təbii qazın emalı, istifadə edilməsi və ixracı sahəsində, kənd təsərrüfatı və ərzaq təminatı, habelə seysmologiya sahəsində əməkdaşlığı saxlayacaq və inkişaf etdirəcəklər.

Maddə 19

Ali Razılığa Gələn Tərəflər elmi tədqiqat mərkəzləri arasında birbaşa əlaqələrin və xüsusən qabaqcıl texnologiyalar sahəsində birgə proqramların və tədqiqatların həyata keçirilməsini təşviq etməklə, elm və texnika sahəsində əməkdaşlığı inkişaf etdirəcəklər. Tərəflər kadrlar hazırlamaqla qarşılıqlı fəaliyyət göstərəcək, habelə alimlərin, stajçıların və təcrübəçilərin mübadiləsini təşviq edəcək, təhsil və elmi dərəcələr haqqında, diplomların tanınması barədə saziş bağlayacaqlar.

Maddə 20

Ali Razılığa Gələn Tərəflər iqtisadi, mədəni, etnik və humanitar əlaqələrin inkişafına hərtərəfli yardım edəcək, təhsil, turizm sahəsində mübadiləni inkişaf etdirəcək və sərbəst informasiya mübadiləsinə kömək edəcəklər. Tərəflər bu məsələlər üzrə ayrı-ayrı sazişlər bağlayacaqlar.

Onlar Azərbaycan dilinin Rusiya Federasiyasında və rus dilinin Azərbaycanda öyrənilməsini və yayılmasını təşviq edəcəklər.

Onlar bu sahələrdə əməkdaşlığı, o cümlədən birgə layihələrin həyata keçirilməsində, mədəni, elmi və digər fondların və assosiasiyaların fəaliyyətində hökumət və qeyri-hökumət təşkilatları və idarələri, xüsusi təşkilatlar və şəxslər arasında əməkdaşlığı təşviq edəcəklər. Tərəflər bir-birinin ərazisində iki ölkənin mədəniyyət mərkəzlərinin açılması haqqında saziş bağlayacaqlar.

Maddə 21

Ali Razılığa Gələn Tərəflər energetika, nəqliyyat, informatika və peyk rabitəsi və telekommunikasiya daxil olmaqla, rabitə sistemlərinin idarə edilməsi sahəsində, bu sahələrdə təşəkkül tapmış komplekslərin və vahid sistemlərin qorunub saxlanılmasına kömək edərək, əməkdaşlığın inkişafına xüsusi diqqət yetirəcəklər.

Maddə 22

Ali Razılığa Gələn Tərəflər hərtərəfli beynəlxalq ekoloji sistemin yaradılmasına və, o cümlədən Xəzərin ekoloji sisteminin qorunması və bərpa edilməsində qarşılıqlı fəaliyyətə səy göstərərək, ətraf mühitin qorunması sahəsində, bu sahələrdə regional və qlobal səviyyələrdə razılaşdırılmış fəaliyyətlərə kömək edərək, əməkdaşlığı inkişaf etdirəcəklər.

Maddə 23

Ali Razılığa Gələn Tərəflər mütəşəkkil və beynəlxalq cinayətkalıqla, narkotik maddələrin qanunsuz dövriyyəsi ilə, terrorçuluqla, dəniz gəmiçiliyinin və mülki aviasiyanın təhlükəsizliyinə qarşı yönəldilmiş qanunsuz aktlarla, mədəniyyət sərvətlərinin ölkədən qanunsuz aparılması ilə mübarizə tədbirlərində fəal əməkdaşlıq edəcəklər.

Ali Razılığa Gələn Tərəflər qarşılıqlı maraq doğuran bu və ya digər məsələlərdə əməkdaşlıq haqqında ayrıca sazişlər bağlayacaqlar.

Maddə 24

Ali Razılığa Gələn Tərəflər hər iki dövlətin parlamentləri və parlament üzvləri arasında əlaqələrin və əməkdaşlığın inkişafına xüsusi diqqət yetirəcəklər.

Maddə 25

Bu Müqavilə Ali Razılığa Gələn Tərəflərin iştirakçısı olduqları digər beynəlxalq müqavilələrdən irəli gələn hüquq və öhdəliklərinə toxunmur.

Maddə 26

Bu Müqavilənin 9, 10, 11-ci maddələri üzrə Ali Razılığa Gələn Tərəflərin öhdəliklərinin təmin edilməsinin əlaqələndirilməsi məsələləri Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyaya həvalə edilir.

Maddə 27

Bu Müqavilənin təfsiri və yerinə yetirilməsinə aid mübahisələr Ali Razılığa Gələn Tərəflər arasında məsləhətləşmələr və danışıqlar yolu ilə həll edilməlidir.

Maddə 28

Bu Müqavilə ratifikasiya edilməlidir və ratifikasiya fərmanlarının mübadilə edildiyi gün qüvvəyə minir.

Maddə 29

Bu Müqavilə on il müddətinə bağlanır. Əgər Ali Razılığa Gələn Tərəflərdən biri, Müqavilənin müvafiq müddətinin bitməsinə ən azı altı ay qalmış yazılı xəbərdarlıq yolu ilə onu ləğv etmək arzusunu digər Ali Razılığa Gələn Tərəfə bildirməzsə, onun qüvvəsi avtomatik olaraq növbəti beşillik müddətlərə uzadılır.

Hazırki Müqavilənin müddəalarına Ali Razılığa Gələn Tərəflərin qarşılıqlı razılığı ilə əlavələr və dəyişikliklər edilə bilər.

Moskva şəhərində 1997-ci ilin iyul ayının 3-də iki nüsxədə, hər biri Azərbaycan və rus dillərində imzalanmışdır, hər iki mətn eyni qüvvəyə malikdir.

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Prezidenti

Heydər ƏLİYEV

Rusiya Federasiyası adından

Rusiya Federasiyası Prezidenti

Boris YELTSİN


Bu Müqavilə Azərbaycan Respublikasının 10 aprel 1998-ci il tarixli 464-IQ nömrəli Qanunu ilə təsdiq edilmişdir («LegalActs»).


© LegalActs