2002-ci il iyunun 5-də Bakı şəhərində imzalanmış «Azərbaycan Respublikası və Avstriya Respublikası arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın ikinci iclasının Protokolu»nun nəzərə alınması haqqında


«Azərbaycan» qəzetində dərc edilmişdir (26 avqust 2002-ci il tarixli, № 195) «Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 avqust 2002-ci il, № 8, maddə 524)

Relizin Tarixi: 24.08.2002

2002-ci il iyunun 5-də Bakı şəhərində imzalanmış «Azərbaycan Respublikası və Avstriya Respublikası arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın ikinci iclasının Protokolu»nun nəzərə alınması haqqında

2002-ci il iyunun 5-də Bakı şəhərində imzalanmış «Azərbaycan Respublikası və Avstriya Respublikası arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın ikinci iclasının Protokolu»nun nəzərə alınması haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

1. 2002-ci il iyunun 5-də Bakı şəhərində imzalanmış «Azərbaycan Respublikası və Avstriya Respublikası arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın ikinci iclasının Protokolu» nəzərə alınsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Protokoldan irəli gələn məsələlərin həyata keçirilməsi ilə əlaqədar lazımi tədbirlər görsün.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV.

Bakı şəhəri, 24 avqust 2002-ci il.

№ 1025.

«Azərbaycan» qəzetində dərc edilmişdir (26 avqust 2002-ci il tarixli, № 195) («LegalActs» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 avqust 2002-ci il, № 8, maddə 524) («LegalActs» LLC).


Azərbaycan Respublikası və Avstriya Respublikası arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın ikinci iclasının

Protokolu

(03—05 iyun 2002-ci il, Bakı)

1998-ci il 13 noyabr tarixində Azərbaycan Respublikası Hökuməti və Avstriya Respublikası Federal Hökuməti arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq haqqında imzalanmış Sazişin 14-cü maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Hökuməti və Avstriya Respublikası Federal Hökuməti arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Komissiyanın ikinci iclası 03-05 iyun 2002-ci il tarixlərində Bakı şəhərində keçirilmişdir.

İclasa Azərbaycan tərəfindən Azərbaycan Respublikasının İqtisadi İnkişaf Naziri, Komissiyanın həmsədri cənab Fərhad Əliyev, Avstriya tərəfindən Avstriya Federal İqtisadiyyat və Əmək Nazirliyinin Xarici İqtisadi Əlaqələr üzrə Baş Direktoru, Komissiyanın həmsədri cənab Yohan Zaks sədrlik edirdilər.

Hər iki Tərəfin nümayəndə heyətlərinin siyahısı hazırki Protokola əlavə olunur (əlavə № 1 və № 2)

Hər iki Tərəf iqtisadi əlaqələrin ümumi müsbət inkişafını qeyd etdilər və iki ölkənin iqtisadi və ticarət potensialını nəzərə alaraq əlaqələrin bundan sonra daha da möhkəmləndirilməsi arzusunda olduqlarını bildirdilər.

İclasın gündəliyində aşağıdakı məsələlərə toxunuldu:

Azərbaycan Respublikası və Avstriya Respublikasının son 2 ildə iqtisadi inkişafının xülasəsi

Hər iki Tərəf ölkələrinin iqtisadi inkişafının vəziyyəti habelə ölkələrində aparılan iqtisadi islahatlar barədə bir-birini məlumatlandırdılar.

Azərbaycan tərəfi qeyd etdi ki, ölkənin iqtisadiyyatında Ümumi Daxili Məhsul, əsas kapitala qoyulan investisiyalar, xarici ticarət dövriyyəsi əhəmiyyətli dərəcədə artmışdır.

Avstriya tərəfi öz iqtisadiyyatının dinamik inkişafını qeyd edərək bu inkişafın xüsusilə investisiyalar, xarici ticarət və turizm sahələrində müşahidə olunduğunu vurğuladı, eləcə də Avstriya Federal Hökumətinin strateji məqsədləri və dövlət büdcəsində kəsirin sıfra endirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər haqqında məlumat verdi.

Müzakirələr nəticəsində Tərəflər qərara gəldilər ki, Azərbaycanın və Avstriyanın müvafiq dövlət orqanları hər iki ölkənin iqtisadiyyatının müxtəlif sahələrinin mövcud durumu və inkişafı barədə müntəzəm olaraq bir-birini məlumatlandıracaqlar.

İkitərəfli əmtəə dövriyyəsinin vəziyyəti və perspektivləri, ikitərəfli xarici iqtisadi əlaqələrin prioritet sahələrinin müəyyən edilməsi

Hər iki Tərəf əmtəə dövriyyəsinin inkişafı barədə fikir mübadiləsi apardı.

Azərbaycan tərəfi qeyd etdi ki, 2000-ci illə müqayisədə Avstriya ilə xarici ticarət dövriyyəsi 2001-ci ildə 2.2 dəfə artmışdır.

Avstriya tərəfi statistik məlumatlarına əsaslanaraq qeyd etdi ki, ikitərəfli ticarətin həcmi son 10 ildə 10 dəfədən çox artmış və 2001-ci ildə 77,1 mln. avroya çatmışdır.

Hər iki Tərəf ölkələr arasında əmtəə dövriyyəsinin nomenklaturasının genişləndirilməsinin böyük əhəmiyyət kəsb etdiyini və bunun üçün böyük imkanların mövcud olduğunu qeyd etdilər.

Belə ki, neft, kənd təsərrüfatı, kimya məhsullarının Azərbaycandan ixracının artırılması məqsədəuyğun hesab edildi. Avstriyadan Azərbaycana infrastrukturun inkişafında istifadə olunan avadanlıqların, yeni texnologiyaların, neft, kənd təsərrüfatı avadanlığının, xalq istehlakı mallarının idxalının artırılması tövsiyyə edildi.

İnvestisiya əməkdaşlığının mövcud vəziyyəti və perspektivləri

Tərəflər investisiya əməkdaşlığının genişləndirilməsinin hər iki ölkə üçün əhəmiyyətini qeyd edərək bu əməkdaşlığın mövcud vəziyyətinin ölkələrin potensialına uyğun olmadığını və investisiya əməkdaşlığının genişləndirilməsi üçün böyük imkanların mövcud olduğunu bildirdilər.

Hər iki tərəf daha sıx və intensiv əməkdaşlıqda, eləcə də Avstriya Respublikası və Azərbaycan Respublikasının iştirakı ilə xüsusilə aşağıdakı sahələrdə birgə layihələrin həyata keçirilməsində maraqlıdırlar:

    • iqtisadiyyatın bütün sahələrində nou-hau və müasir texnologiyaların tətbiq edilməsi;
    • Azərbaycanda özəlləşdirmə prosesi, investisiya mühiti haqqında Avstriya tərəfinin məlumatlandırılması;
    • kənd təsərrüfatının infrastrukturu;
    • kənd təsərrüfatı məhsullarının emal edilməsi, daşınması, saxlanılması və satışı;
    • ətraf mühitin mühafizəsi və müvafiq texnologiyalar (həmçinin Birgə Tətbiq Proqramı çərçivəsində);
    • neft, qaz və kimya sənayesi;
    • neft boruları istehsal edən şirkətlər arasında əməkdaşlıq əlaqələrinin yaradılması;
    • energetika;
    • yeyinti sənayesi və əlaqədar sahələr;
    • yüngül sənaye;
    • səhiyyə;
    • infrastruktura;
    • tullantıların yığılması və emalı;
    • turizm;
    • maliyyə, bank və sığorta sektorları;
    • mütəxəssislərin ixtisasının artılıması və onların yenidən hazırlanması.

Azərbaycan tərəfi Avstriya investisiyalarının ölkə iqtisadiyyatının prioritet sahələrinə cəlb edilməsinə maraq göstərdiyini bildirdi və Azərbaycanda gedən özəlləşdirmə prosesində Avstriya şirkətlərini fəal iştirak etməyə dəvət etdi.

Avstriya tərəfi bildirdi ki, bu barədə müvafiq təşkilat və müəssisələri məlumatlandıracaqdır.

İclasda iştirak edən Avstriya ekspertləri (sahibkarlar) təmsil etdikləri müəssisələrin profilləri barədə məlumat verərək aşağıdakı sahələrdə birgə müəssisə, filial, istehsal sahələrinin yaradılması yolu ilə daha fəal iştirak etmək arzusunda olduqlarını bildirdilər:

    • dövlət orqanlarının şifrə sistemləri ilə təminatı;
    • yol təhlükəsizliyi sistemlərinin, o cümlədən yolların nişanlanması və işarə sistemlərinin quraşdırılması;
    • səhiyyə müəssisələrinin tibb avadanlığı, xüsusilə oftalmologiya sahəsində avadanlıq ilə təchiz edilməsi.

İclas zamanı Azərbaycanda artıq müvəffəqiyyətlə işləyən və tullantıların yığılması və emalı sahəsində fəaliyyət göstərən «KASPO-RSP Baku» Avstriya müəssisəsinin problemləri müzakirə olundu və Azərbaycan tərəfi məsələnin tezliklə araşdıracağını bildirdi.

Avstriya tərəfi Azərbaycan tərəfinə bildirdi ki, Avstriya Avropa İttifaqının üzv-ölkələri ilə işgüzar əlaqələrin yaradılması üçün əlverişli yerdir və Azərbaycan müəssisələrini Avstriyada investisiya qoyuluşlarını həyata keçirməyə dəvət etdi.

Digər sahələrdə əməkdaşlığın perspektivləri

Komissiya bundan sonra da Avstriya və Azərbaycan şirkətləri arasında işgüzar əlaqələrin yaradılması və genişləndirilməsində dəstək verəcək və bu məqsədlə imkan daxilində onların Komissiyanın işində iştirak etməsinə şərait yaradacaqdır.

Tərəflər həmçinin iki ölkə arasında iqtisadi əlaqələrin, o cümlədən qeyri-neft sektorunda genişləndirilməsi imkanlarının öyrənilməsi məqsədilə hər iki ölkənin özəl sektorunun nümayəndələrinin iştirakı ilə müxtəlif konfransların, təqdimatların, seminarların və digər tədbirlərin keçirilməsinin vacibliyini vurğuladılar.

Azərbaycan tərəfi öz ərazisində yaşayan qaçqınlara və məcburi köçkünlərə humanitar yardım göstərilməsi barədə Avstriya tərəfinə müraciət etdi.

Avstriya tərəfi müvafiq dövlət qurumlarını bu barədə məlumatlandıracağını bildirdi.

Azərbaycan tərəfi ikitərəfli əməkdaşlıq çərçivəsində Azərbaycan dövlət qulluqçuları və menecerlərinin hazırlanması sahəsində Avstriya tərəfinin apardığı səmərəli işi yüksək qiymətləndirdi. Avstriya tərəfi cari ilin payızında 8 dövlət qulluqçusu üçün seminarın keçiriləcəyini qeyd etdi.

Avstriya tərəfi mövcud vəsait və imkanlar çərçivəsində turizm, kiçik və orta müəssisələr sahəsində tədris imkanlarının təmin edilməsinə hazır olduğunu bildirdi.

Azərbaycan tərəfi, Azərbaycan Respublikasının dövlət iqtisadi orqanlarının mütəxəssislərinin təcrübəsinin artırılması üçün Bakı şəhərində müvafiq tədris mərkəzinin yaradılması məsələsinə baxılmasını Avstriya tərəfindən xahiş etdi.

Komissiyanın iclası çox işgüzar və dostluq şəraitində keçdi və Avstriya tərəfi Azərbaycan tərəfinə göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirdi.

Bu Protokol Bakı şəhərində, 2002-ci il iyun ayının 5-də iki əsl nüsxədə, hər biri alman və Azərbaycan dillərində imzalanmışdır. Hər iki mətn eyni qüvvəyə malikdir.

F. Əliyev

Azərbaycan-Avstriya Komissiyasının həmsədri

Yohan Zaks

Avstriya-Azərbaycan Komissiyasının həmsədri


Əlavə 1

Avstriya nümayəndə heyətinin tərkibi

1. Yohan Zaks—Avstriyanın İqtisadiyyat və əmək nazirliyinin xarici iqtisadi məsələlər üzrə baş direktoru

2. Haydımariya Gürer—Avstriyanın Azərbaycandakı səfiri

3. Hans Kausl—Avstriyanın İqtisadi Palatasının Rusiyadakı və eyni zamanda Azərbaycanda ticarət nümayəndəsi

4. Süzana Beşaner—Avstriyanın İqtisadiyyat və əmək nazirliyinin Azərbaycan üzrə referenti

5. Kristian Şmid—Mils Elektronik şirkəti (məxfi məlumatları ötürmək üçün şifrələmə sistemləri, Avstriyanın aparıcı şirkətlərindən biri)

6. Tomas Koxut—Askin şirkəti (Avstriyanın tibb avadanlığı sahəsində ən böyük şirkətlərdən biri)

7. Mixail Blox—Askin şirkəti

8. Alfred Kalxqruber—Svarko şirkəti (nəqliyyat sistemləri üzrə Avstriyanın ən böyük şirkəti: işıqdiodlu svetoforlar, yol rəngləri, katafotlar, s.)

9. Yelena Yermolenko—tərcüməçi


Əlavə 2

Azərbaycan nümayəndə heyətinin tərkibi

1. Fərhad Əliyev—Azərbaycan Respublikasının İqtisadi İnkişaf Naziri

2. Samir Vəliyev—Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin İcraçı Direktoru

3. İsmət Abbasov—Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirinin birinci müavini

4. İlqar Fətizadə—Azərbaycan Respublikası Maliyyə Nazirinin birinci müavini

5. Vaqif Əliyev—Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirinin birinci müavini

6. Fəxrəddin Qurbanov—Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Xüsusi Tapşırıqlar üzrə səfiri

7. Arif Mehdiyev—Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının vitse-prezidenti

8. Çingiz Əliyev—«Azərbaycan Hava Yolları» Dövlət konserninin Xarici Əlaqələr Şöbəsinin rəisi


© LegalActs LLC