2002-ci il aprelin 10-da Bakı şəhərində Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında İqtisadi Əməkdaşlıq məsələləri üzrə Birgə Hökumətlərarası Komissiyanın altıncı iclası zamanı imzalanmış sənədlər haqqında


«Azərbaycan» qəzetində dərc edilmişdir (26 avqust 2002-ci il, № 195)

Relizin Tarixi: 24.08.2002

2002-ci il aprelin 10-da Bakı şəhərində Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında İqtisadi Əməkdaşlıq məsələləri üzrə Birgə Hökumətlərarası Komissiyanın altıncı iclası zamanı imzalanmış sənədlər haqqında

2002-ci il aprelin 10-da Bakı şəhərində Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında İqtisadi Əməkdaşlıq məsələləri üzrə Birgə Hökumətlərarası Komissiyanın altıncı iclası zamanı imzalanmış sənədlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

1. 2002-ci il aprelin 10-da Bakı şəhərində Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında İqtisadi Əməkdaşlıq məsələləri üzrə Birgə Hökumətlərarası Komissiyanın altıncı iclası zamanı imzalanmış aşağıdakı sənədlər təsdiq edilsin:

1) Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Rusiya Federasiyasının Dövlət Gömrük Komitəsi arasında xarici ticarətin gömrük statistikası sahəsində metodoloji və informasiya əməkdaşlığı haqqında Protokol;

2) Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Rusiya Federasiyasının Dövlət Gömrük Komitəsi arasında mədəni sərvətlərin qanunsuz aparılması və gətirilməsi ilə mübarizədə əməkdaşlıq haqqında Protokol.

2. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən sənədlərin həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən sənədlərin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların həyata keçirilməsi haqqında Rusiya Federasiyası Hökumətini xəbərdar etsin.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 24 avqust 2002-ci il

№ 1020

«Azərbaycan» qəzetində dərc edilmişdir (26 avqust 2002-ci il, № 195) («LegalActs» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 avqust 2002-ci il, № 8, maddə 519) («LegalActs» LLC).


Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Rusiya Federasiyasının Dövlət Gömrük Komitəsi arasında xarici ticarətin gömrük statistikası sahəsində metodoloji və informasiya əməkdaşlığı haqqında
Protokol

Bundan sonra Tərəflər adlandırılan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Rusiya Federasiyası Dövlət Gömrük Komitəsi,

Müstəqil Dövlətlər Birliyi iştirakçı dövlətlərin 1994-cü il 15 aprel tarixli gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Sazişi rəhbər tutaraq,

ticarət danışıqları aparılması üçün Tərəflərin qarşılıqlı xarici ticarət üzrə dəqiq və müqayisə edilə bilən məlumatların vacibliyini etiraf edərək,

qarşılıqlı xarici ticarət üzrə məlumat mübadiləsinin xarici iqtisadi fəaliyyət sahəsində hüquq pozuntularının aşkar edilməsi metodlarından biri hesab edərək,

iki ölkənin qarşılıqlı ticarət haqqında informasiya sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə səy göstərərək,

aşağıdakılar barədə razılığa gəldilər:

Maddə 1

Müntəzəm olaraq xarici ticarətin gömrük statistikasının formalaşdırılması və statistik məlumatın təhlili sahəsində qarşılıqlı məsləhətləşmələr aparmaq və metodoloji işləmələri mübadilə etmək.

Maddə 2

Hər rüb Müstəqil Dövlətlər Birliyi Xarici İqtisadi Fəaliyyətin Mal Nomenklaturasının 4 rəqəm səviyyəsində ölkə-mal kəsiyində formalaşdırılmış dəyər və natural ifadələrində qarşılıqlı xarici ticarət üzrə məlumatları mübadilə etmək.

Maddə 3

Tərəflər bir-birinə yazılı müraciət əsasında qarşılıqlı razılaşdırılmış mal mövqeləri üzrə informasiyada verdikləri göstəricilərdə fərqlər yol verilən həddən artıq olduqda, bəzi hallarda isə əlavə olaraq bu fərqlərin səbəbini araşdırmaq üçün Tərəf dövlətlərin xarici iqtisadi fəaliyyət iştirakçılarının ixrac-idxal əməliyyatları barədə informasiya verirlər.

Maddə 4

Tərəflər mövcud uyğunsuzluqların mümkün səbəblərini şərh etməklə iki ölkənin qarşılıqlı xarici ticarəti barədə məlumatların müqayisəsinin nəticələrinə dair bir-birini müntəzəm surətdə məlumatlandırmağı öhdələrinə götürürlər.

Maddə 5

Xidməti yazışma rus dilində aparılır.

Maddə 6

Hazırki Protokolun şərhi və tətbiq edilməsi ilə bağlı yarana bilən bütün məsələlər danışıqlar yolu ilə həll olunacaqdır.

Maddə 7

Tərəflərin qarşılıqlı razılığı əsasında hazırki Protokola onun ayrılmaz hissəsi olan ayrıca protokollarla rəsmiləşdirilən dəyişikliklər və əlavələr edilə bilər.

Maddə 8

Bu Protokol beş il müddətinə bağlanılır və onun qüvvəyə minməsi üçün zəruri dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə diplomatik kanallarla Tərəflərin bir-birinə göndərdikləri sonuncu yazılı bildirişin günündən qüvvəyə minir. Hazırki Protokolun qüvvəsi növbəti beşillik müddətə avtomatik olaraq uzadılacaq və Tərəflərdən biri digər Tərəfə onun qüvvəsini ləğv etmək niyyəti barədə yazılı bildiriş göndərdiyi tarixdən altı ay keçənədək öz qüvvəsini saxlayacaqdır.

Bakı şəhərində 10 aprel 2002-ci ildə iki əsl nüsxədə Azərbaycan və rus dillərində imzalanmışdır, hər iki mətn eyni qüvvəyə malikdir.

Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsi adından

Rusiya Federasiyası
Dövlət Gömrük Komitəsi adından


Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Rusiya Federasiyasının Dövlət Gömrük Komitəsi arasında mədəni sərvətlərin qanunsuz aparılması və gətirilməsi ilə mübarizədə əməkdaşlıq haqqında
Protokol

Bundan sonra Tərəflər adlandırılan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Rusiya Federasiyası Dövlət Gömrük Komitəsi,

Müstəqil Dövlətlər Birliyi iştirakçı dövlətlərin 1994-cü il 15 aprel tarixli qanunsuz aparılan və gətirilən mədəni sərvətlərin saxlanılması və qaytarılması məsələləri üzrə gömrük xidmətlərinin əməkdaşlığı barədə Sazişi rəhbər tutaraq,

Müstəqil Dövlətlər Birliyi iştirakçı dövlətlərin hökumət başçıları Şurası tərəfindən 9 oktyabr 1997-ci il tarixdə təsdiq edilmiş qanunsuz aparılan və gətirilən mədəni sərvətlərin qaytarılması qaydalarına dair Əsasnamənin Rusiya Federasiyasında hələ qüvvəyə minmədiyini nəzərə alaraq, lakin iki ölkənin mədəni irsinin qanunsuz aparılmasının qarşısının alınması sahəsində işin gücləndirilməsini arzu edərək,

aşağıdakılar barədə razılığa gəldilər:

Maddə 1

Azərbaycan Respublikası və Rusiya Federasiyasının gömrük sərhədlərindən, Azərbaycan Respublikası və ya Rusiya Federasiyasına məxsus olan mədəni sərvətlərin qanunsuz keçirilmə faktı aşkara çıxarılan zaman, yaxud pozuntuda şübhəli bilinən şəxslər göstərilən dövlətlərin vətəndaşlarıdırsa, Tərəflər qarşılıqlı surətdə və bir həftə müddətində bir-birlərinə aşağıdakıları təqdim edirlər:

    • mədəni sərvətlərin aşkara çıxarılması və saxlanılması hallarına dair Tərəflərin qüvvədə olan qanunvericiliyinin tələblərinə zidd olmayan məlumatı;
    • götürülmüş sərvətlərin təsviri və fotoşəkilləri;
    • əgər göstərilənlər hər bir Tərəfin dövlətinin qüvvədə olan qanunvericiliyinin müddəalarına zidd deyilsə, mədəni sərvətlərin qanunsuz aparılması və gətirilməsi ilə bilavasitə əlaqəsi olan hüquqi və fiziki şəxslər haqqında məlumatları;
    • mədəni sərvətlərin daşındığı nəqliyyat vasitələri və onların gizlətmə üsulları barədə məlumatları;

Maddə 2

Tərəflər bir-birini ilkin sorğu olmadan da mədəni sərvətlərin qanunsuz aparılması və gətirilməsi metodları və üsulları barədə məlumatlandıracaqlar.

Maddə 3

Tərəflər nəzərə alırlar ki, bu Protokola uyğun olaraq təqdim olunan məlumat yalnız mədəni sərvətlərin qanunsuz aparılması və gətirilməsi ilə mübarizə məqsədi üçün istifadə olunacaqdır.

Tərəflər, digər Tərəfin razılığı olmadan üçüncü tərəfə, həmçinin kütləvi informasiya vasitələrinə bu Protokolun həyata keçirilməsi zamanı əldə olunan məlumatları vermək niyyətində deyillər.

Maddə 4

Hazırki Protokolun şərhi və tətbiq edilməsi ilə bağlı yarana bilən bütün məsələlər danışıqlar yolu ilə həll olunacaqdır.

Maddə 5

Bu Protokol beş il müddətinə bağlanılır və onun qüvvəyə minməsi üçün zəruri dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə diplomatik kanallarla Tərəflərin bir-birinə göndərdikləri sonuncu yazılı bildirişin günündən qüvvəyə minir.

Hazırki Protokolun qüvvəsi növbəti beşillik müddətə avtomatik olaraq uzadılacaq və Tərəflərdən biri digər Tərəfə onun qüvvəsini ləğv etmək niyyəti barədə yazılı bildiriş göndərdiyi tarixdən altı ay keçənədək öz qüvvəsini saxlayacaqdır.

Bakı şəhərində 10 aprel 2002-ci ildə iki əsl nüsxədə Azərbaycan və rus dillərində imzalanmışdır, hər iki mətn eyni qüvvəyə malikdir.

Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsi adından

Rusiya Federasiyası
Dövlət Gömrük Komitəsi adından


© LegalActs LLC