Azərbaycan Respublikasının «Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı» medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında
Relizin Tarixi: 30.09.2013
Azərbaycan Respublikasının «Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı» medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. Azərbaycan Respublikasının «Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı» medalının Əsasnaməsi və təsviri təsdiq edilsin (əlavə olunur).
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 17 may 2002-ci il
№ 329-IIQ.
«Azərbaycan» qəzetində dərc edilmişdir (2 iyun 2002-ci il, № 124) («LegalActs» LLC).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 may 2002-ci il, № 5, maddə 255) («LegalActs» LLC).
30 mart 2004-cü il tarixli, 612-IIQD nömrəli; 30 sentyabr 2013-cü il tarixli, 734-IVQD nömrəli Qanuna əsasən əlavələrlə («LegalActs» LLC).
«Azərbaycan Respublikasının
«Azərbaycan Respublikası Silahlı Qüvvələri
Veteranı» medalının Əsasnaməsinin və
təsvirinin təsdiq edilməsi haqqında»
Azərbaycan Respublikasının
2002-ci il 17 may tarixli,
329-IIQ nömrəli Qanunu ilə
təsdiq edilmişdir
«Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı» medalı haqqında
Əsasnamə
1. «Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı» medalı ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin sıralarında (SSRİ Silahlı Qüvvələri və digər silahlı birləşmələrində xidmət müddəti də nəzərə alınmaqla) 25 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçular təltif edilirlər.
2. «Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı» medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda «Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə» medalından sonra taxılır.
«Azərbaycan Respublikasının
«Azərbaycan Respublikası Silahlı Qüvvələri
Veteranı» medalının Əsasnaməsinin və
təsvirinin təsdiq edilməsi haqqında»
Azərbaycan Respublikasının
2002-ci il 17 may tarixli,
329-IIQ nömrəli Qanunu ilə
təsdiq edilmişdir
«Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı» medalının təsviri
«Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı» medalı milli ornamentli ensiz lövhə ilə birgə bürüncdən tökülmüş və gümüş suyuna çəkilmiş, dairəvi formalı, diametri 36 mm olan lövhədən ibarətdir.
Medalın ortasında Silahlı Qüvvələrin relyefli emblemi təsvir olunmuşdur. Emblemdən yuxarıda qövs boyunca «Azərbaycan Respublikası», aşağıda isə lent üzərində «Silahlı Qüvvələri Veteranı» sözləri həkk olunmuşdur. Aypara, ulduz və lent ağ rəngdədir.
Arxa tərəfi hamar səthlidir, ortasında medalın seriyası və nömrəsi həkk olunmuşdur.
Medal paltarın yaxasına bərkidilmək üçün elementi olan, 37 mm x 50 mm ölçüdə düzbucaqlı xara lentə halqa və ilgək vasitəsilə birləşdirilir. Xara lentdə zeytun rəngli fonda kənarlarından mərkəzə doğru ardıcıl olaraq Silahlı Qüvvələrin növlərinin rəngləri — 1 mm enində zeytun və ağ rəngli, 3 mm enində göy və ağ rəngli şaquli zolaqlar təsvir edilmişdir. Xara lentin yuxarı hissəsinə 40 mm x 5 mm ölçüdə gümüşü rəngli təbəqə bərkidilir.
Medala paltara bərkidilmək üçün elementi olan eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə olunur.
«Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı» medalı
© LegalActs LLC