Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında
Relizin Tarixi: 27.06.2014
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında
Azərbaycan Respublikasının Konstitusiya Qanunu
I fəsil. İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) fəaliyyətinin və təyin edilməsinin əsasları
Maddə 1. İnsan hüquqları üzrə müvəkkilin fəaliyyətinin əsasları
1.1. Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili vəzifəsi (bundan sonra «müvəkkil» adlandırılacaq) Azərbaycan Respublikası Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş və Azərbaycan Respublikasının dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi və bu Konstitusiya Qanunu ilə müəyyən edilmiş hallarda insan hüquqları pozuntularının qarşısının alınması üçün təsis edilir.
1.2. Müvəkkil «İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya»nın Fakültativ Protokolunda nəzərdə tutulmuş milli preventiv mexanizmin funksiyalarını həyata keçirir. İşgəncənin və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısını almaq məqsədi ilə o, saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə müntəzəm surətdə və ya zəruri saydığı istənilən halda baş çəkir.
1.3. Müvəkkil informasiya sahibi olan dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və vəzifəli şəxslərin «İnformasiya əldə etmək haqqında» Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gələn vəzifələri yerinə yetirməsinə nəzarəti həyata keçirir.
1.4. Müvəkkil fəaliyyət istiqamətlərinə uyğun olaraq yerli, regional və beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.
1.5. Müvəkkilin fəaliyyəti insan hüquqlarının müdafiəsini, pozulmuş insan hüquq və azadlıqlarının bərpasını təmin edən digər dövlət orqanlarının səlahiyyətlərini məhdudlaşdırmır və əvəz etmir.
1.6. Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının və Azərbaycan Respublikası hakimlərinin fəaliyyətinin yoxlanılması müvəkkilin səlahiyyətlərinə aid deyil.
1.7. Müvəkkil əfv, vətəndaşlıq, siyasi sığınacaq verilməsi məsələlərinin həlli ilə bağlı Azərbaycan Respublikası Prezidentinə təkliflər verə bilər.
1.8. Müvəkkil Azərbaycan Respublikasının Milli Məclisinə insan hüquq və azadlıqlarının təmin edilməsi məqsədilə qanunların qəbul edilməsinə və ya yenidən baxılmasına dair təkliflər verə bilər. Müvəkkil Azərbaycan Respublikasının Milli Məclisinə amnistiya elan edilməsi barədə təklif verə bilər.
1.9. Müvəkkilin məhkəmələrdə süründürməçilik, sənədlərin itirilməsi və vaxtında verilməməsi, habelə məhkəmə qərarlarının icrasının gecikdirilməsi ilə əlaqədar insan hüquqlarının pozulmasına dair şikayətlərə baxmaq hüququ vardır.
1.10. Müvəkkilin fəaliyyəti aşkarlıq, şəffaflıq, qanunçuluq, ədalət, qərəzsizlik prinsipləri əsasında qurulur.
Maddə 2. Müvəkkilin seçilməsi
2.1. Müvəkkili Azərbaycan Respublikası Prezidentinin təqdim etdiyi üç namizəd arasından Azərbaycan Respublikasının Milli Məclisi 83 səs çoxluğu ilə seçir.
2.2. Azərbaycan Respublikasının Milli Məclisi müvəkkilin seçilməsi ilə bağlı qərarı qəbul etmədikdə, Azərbaycan Respublikasının Prezidenti 15 gün müddətində digər üç şəxsin namizədliyini Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edir.
Maddə 3. Müvəkkilin namizədliyinə aid tələblər
3.1. Yaşı 30-dan aşağı olmayan, ali təhsilli, insan hüquqlarının müdafiəsi sahəsində təcrübəyə və yüksək əxlaqi keyfiyyətlərə malik olan Azərbaycan Respublikasının vətəndaşı müvəkkil vəzifəsinə seçilə bilər.
3.2. İkili vətəndaşlığı olan, başqa dövlətlər qarşısında öhdəliyi olan, qanunvericilik, icra və məhkəmə hakimiyyəti sistemlərində qulluq edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilən, ağır və xüsusilə ağır cinayətlərə görə məhkum olunmuş şəxs müvəkkil ola bilməz.
3.3. Müvəkkil siyasi fəaliyyətlə məşğul ola və heç bir siyasi partiyanın üzvü ola bilməz. Müvəkkil hər hansı qeyri-hökumət təşkilatının rəhbərliyində təmsil oluna bilməz.
3.4. Müvəkkil vəzifəsinə seçildiyi gündən 5 gün müddətində onun statusuna uyğun olmayan fəaliyyəti dayandırmalıdır.
3.5. Müvəkkil vəzifəyə seçildiyi gün Azərbaycan Respublikası Milli Məclisinin iclasında and içir: «Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili vəzifəsində səlahiyyətlərimi şərəf və ləyaqətlə yerinə yetirəcəyimə, Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edəcəyimə, müstəqil və qərəzsiz fəaliyyət göstərəcəyimə and içirəm».
Maddə 4. Müvəkkilin səlahiyyət müddəti
4.1. Müvəkkil 7 il müddətinə seçilir.
4.2. Eyni şəxs Müvəkkil vəzifəsinə iki dəfədən artıq seçilə bilməz.
4.3. Müvəkkilin səlahiyyət müddəti bitdiyi gün yeni Müvəkkil seçilmədikdə, o, səlahiyyətlərinin icrasını davam etdirir. Bu halda onun səlahiyyət müddəti yeni Müvəkkilin seçildiyi gündən bitmiş hesab olunur.
Maddə 5. Müvəkkilin müstəqilliyinin təminatları
5.1. Müvəkkil müstəqildir və yalnız Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına tabedir.
5.2. Müvəkkilin müstəqilliyinə aşağıdakı təminatlar verilir:
5.2.1. dəyişilməzliyi;
5.2.2. toxunulmazlığı;
5.2.3. hər hansı dövlət və ya yerli özünüidarə orqanı, vəzifəli şəxs tərəfindən onun fəaliyyətinə müdaxilə edilməsinin yolverilməzliyi;
5.2.4. maddi və sosial təminatlar.
5.3. Fövqəladə və ya hərbi vəziyyətin elan edilməsi müvəkkilin fəaliyyətini dayandırmır və ya məhdudlaşdırmır.
Maddə 6. Müvəkkilin toxunulmazlığı
6.1. Müvəkkil səlahiyyət müddəti ərzində toxunulmazdır.
6.2. Müvəkkil səlahiyyət müddəti ərzində cinayət başında yaxalanma hallarından başqa, cinayət məsuliyyətinə cəlb edilə bilməz, tutula və ya saxlanıla bilməz, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz. Müvəkkil cinayət başında yaxalanarsa, onu tutan orqan bu barədə 24 saat müddətində Azərbaycan Respublikası baş prokuroruna və Azərbaycan Respublikasının Milli Məclisinə xəbər verməlidir.
6.3. Müvəkkilin toxunulmazlığına yalnız Azərbaycan Respublikası baş prokurorunun təqdimatına əsasən Azərbaycan Respublikası Milli Məclisinin 83 səs çoxluğu ilə qəbul edilmiş qərarı ilə xitam verilə bilər.
6.4. Müvəkkilin toxunulmazlığı həmçinin onun mənzilinə, xidməti otağına, nəqliyyat və rabitə vasitələrinə, poçt-teleqraf yazışmalarına, şəxsi əmlakına və sənədlərinə də şamil edilir.
6.5. Müvəkkil işləmiş şəxs vəzifədən getdikdən sonra müvəkkil səlahiyyətlərini həyata keçirdiyi dövrdəki fəaliyyətinə və söylədiyi fikirlərə görə toxunulmazdır. Bu dövrdə törətdiyi cinayətlərə və məhkəmə qaydasında inzibati tənbeh tədbirləri nəzərdə tutulmuş hüquq pozuntularına görə həmin şəxsin məsuliyyətə cəlb edilməsi bu qanunun 6.3-cü maddəsində müəyyən olunmuş qaydada həyata keçirilir.
Maddə 7. Müvəkkilin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi
7.1. Müvəkkilin səlahiyyətlərinə Azərbaycan Respublikası Milli Məclisinin təşəbbüsü ilə və ya Azərbaycan Respublikası Prezidentinin təqdimatı əsasında Azərbaycan Respublikası Milli Məclisinin 83 səs çoxluğu ilə qəbul edilmiş qərarı ilə aşağıdakı hallarda vaxtından əvvəl xitam verilir:
7.1.1. müvəkkilə aid tələblər pozulduqda;
7.1.2. müvəkkil öz səlahiyyətlərini icra etmək qabiliyyətini tamamilə itirdikdə.
7.2. Azərbaycan Respublikası Milli Məclisinin iclasında aşağıdakı hallar elan edildikdə, Azərbaycan Respublikası Milli Məclisinin sədri öz sərəncamı ilə müvəkkilin səlahiyyətlərinə vaxtından əvvəl xitam verir:
7.2.1. müvəkkil vəfat etdikdə;
7.2.2. müvəkkil barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü olduqda;
7.2.3. müvəkkil vəzifəsindən könüllü yazılı istefa verdikdə.
7.3. Müvəkkilin səlahiyyətlərinə vaxtından əvvəl xitam verildikdə, Azərbaycan Respublikasının Prezidenti 30 gün müddətində Azərbaycan Respublikası Milli Məclisinə yeni müvəkkilin seçilməsi üçün üç şəxsin namizədliyini təqdim edir. Azərbaycan Respublikasının Milli Məclisi 15 gün müddətində müvəkkilin seçilməsi ilə bağlı müvafiq qərar qəbul edir.
II fəsil. İnsan hüquqlarının pozulmasına dair şikayətlərə baxılması və milli preventiv mexanizmin funksiyalarının həyata keçirilməsi
Maddə 8. İnsan hüquqlarının pozulmasına dair şikayətlərin verilməsi qaydası
8.1. Müvəkkil Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, hüquqi şəxslərin (bundan sonra «ərizəçi» adlandırılacaq) insan hüquqlarının pozulmasına dair şikayətlərinə baxır.
8.2. Şikayəti insan hüquqları pozulmuş şəxsin razılığı ilə üçüncü şəxslər, o cümlədən qeyri-hökumət təşkilatları verə bilərlər. İnsan hüquqları pozulmuş şəxsin razılığını almaq mümkün olmadıqda (həmin şəxs vəfat etdikdə, fəaliyyət qabiliyyətini itirdikdə və s.), şikayəti üçüncü şəxslər və ya qeyri-hökumət təşkilatları razılıq almadan da verə bilərlər.
8.3. Dövlət orqanları müvəkkilə şikayət verə bilməzlər.
8.4. Şikayət ərizəçinin hüquqlarının pozulduğu və ya ona bu barədə məlum olduğu gündən bir il müddətində verilə bilər.
8.5. Cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında, müvəqqəti saxlanılma yerlərində saxlanılan şəxslər tərəfindən ünvanlanmış şikayətlər senzuradan keçirilmədən 24 saat müddətində müvəkkilə göndərilməlidir.
Maddə 9. İnsan hüquqlarının pozulmasına dair şikayətin məzmunu
9.1. İnsan hüquqlarının pozulmasına dair şikayətdə ərizəçinin adı, atasının adı, soyadı, ünvanı göstərilməli, eləcə də ərizəçinin hüquqlarını pozmuş qərar və ya hərəkətin (hərəkətsizliyin) mahiyyəti, şikayətin tərtib edilmə yeri, vaxtı və ərizəçinin imzası olmalıdır. Şikayətlə bağlı başqa materiallar və ya məhkəmə tərəfindən çıxarılmış qərar olduqda, şikayətə əlavə edilə bilər.
9.2. Şikayətdə ərizəçinin adı, atasının adı, soyadı, ünvanı göstərilmədikdə müraciət anonim hesab edilir və həmin şikayətlərə, bu qanunun 9.3-cü maddəsində göstərilən hallar istisna olmaqla, baxılmır.
9.3. Anonim şikayətdə göstərilən hallar kifayət qədər sübutlu və əsaslı faktlarla təsdiq edilirsə, həmin şikayətlər müvəkkil tərəfindən baxılmaq üçün qəbul edilə bilər.
9.4. Şikayət şifahi verildikdə müvəkkil aparatının işçisi şikayətin məzmununu xüsusi blankda qeyd edir və ərizəçi həmin vərəqi imzalayır.
9.5. Ərizəçinin xahişi ilə müvəkkil onun barəsində məlumatları gizli saxlamalıdır.
Maddə 10. İnsan hüquqlarının pozulmasına dair şikayətlə bağlı qərarın qəbul edilməsi
10.1. Ərizəçi tərəfindən insan hüquqlarının pozulmasına dair şikayət daxil olduqda, müvəkkil aşağıdakı qərarlardan birini qəbul edə bilər:
10.1.1. şikayət baxılmaq üçün qəbul edilsin;
10.1.2. şikayətə baxılmasından imtina edilsin.
10.2. Müvəkkil şikayətə baxılmasından imtina etdiyi halda ərizəçiyə 10 gün müddətində yazılı şəkildə əsaslandırılmış cavab verir.
Maddə 11. İnsan hüquqlarının pozulmasına dair şikayətə baxılmasından imtina edilməsi üçün əsaslar
11.1. Müvəkkil aşağıdakı hallarda şikayətə baxmır:
11.1.1. bu qanunun 8.4-cü maddəsinin tələbləri pozulduqda;
11.1.2. şikayət müvəkkilin səlahiyyətlərinə aid olmadıqda;
11.1.3. bu qanunun 9.3-cü maddəsində göstərilən hallar istisna olmaqla, şikayət anonim olduqda;
11.1.4. şikayətlə bağlı məhkəmə icraatı getdikdə;
11.1.5. təkrar təqdim edilmiş şikayətdə yeni məlumatlar, faktlar və sübutlar olmadıqda.
Maddə 12. İnsan hüquqlarının pozulmasına dair şikayətə baxılması və milli preventiv mexanizmin funksiyalarının həyata keçirilməsi qaydası
12.1. Müvəkkil insan hüquqlarının pozulmasına dair şikayətdə əks etdirilmiş halların araşdırılması zamanı barəsində şikayət verilən orqanın və ya vəzifəli şəxsin həmin şikayətlə bağlı mülahizələrini öyrənməlidir. 10 gün müddətində mülahizə müvəkkilə təqdim edilməlidir.
12.2. İnsan hüquqlarının pozulmasına dair şikayətdə əks etdirilmiş halların araşdırılması və milli preventiv mexanizmin funksiyalarının həyata keçirilməsi zamanı müvəkkilin aşağıdakı hüquqları vardır:
12.2.1. istənilən vaxt, maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarına, hərbi hissələrə, habelə polis bölmələrinə, müvəqqəti saxlama yerlərinə, istintaq təcridxanalarına, cəzaçəkmə müəssisələrinə, qarnizon hauptvaxtlarına, psixiatriya müəssisələrinə və saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi digər yerlərə daxil olmaq; saxlanılan şəxslərlə, habelə müvafiq məlumatı verə biləcək istənilən digər şəxslə təkbətək və ya zəruri saydığı halda mütəxəssisin və ya tərcüməçinin iştirakı ilə görüşmək və söhbət etmək; saxlanılan şəxslərin saxlanılmasının qanuniliyini təsdiq edən, eləcə də həmin şəxslərlə rəftara və onların saxlanma şəraitinə aid olan bütün sənədlərlə tanış olmaq və surətlərini almaq; akt tərtib etmək, həyata keçirdiyi tədbirlərin gedişini və nəticələrini protokollaşdırmaq; səlahiyyətli dövlət orqanlarına müvafiq tövsiyələr vermək və həmin tövsiyələrə müəyyən edilmiş müddətdə cavablar almaq;
12.2.2. dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarından, vəzifəli şəxslərdən zəruri məlumat, sənəd və materialları 10 gün müddətində almaq;
12.2.3. cinayət, mülki və inzibati işlərə dair qanuni qüvvəyə minmiş qərarlarla, həmçinin cinayət işlərinin başlanmasının rədd edilməsi barədə materiallarla tanış olmaq;
12.2.4. şikayətin araşdırılması zamanı vəzifəli şəxslərdən yazılı arayışlar almaq;
12.2.5. şikayətdə əks etdirilmiş halların yoxlanılması üçün müvafiq orqanlara tapşırıq vermək (yoxlama, qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən orqana və ya vəzifəli şəxsə tapşırıla bilməz);
12.2.6. müvafiq dövlət orqanları və təşkilatlarına ekspert rəyinin hazırlanmasını tapşırmaq;
12.2.7. dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarının rəhbərləri və digər vəzifəli şəxsləri, hərbi hissələrin komandirləri, polis bölmələrinin, müvəqqəti saxlama yerlərinin, istintaq təcridxanalarının, cəzaçəkmə müəssisələrinin, qarnizon hauptvaxtlarının, psixiatriya müəssisələrinin və saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi digər yerlərin rəhbərliyi tərəfindən təxirə salınmadan qəbul edilmək.
12.3. Müvəkkilə məlumat verilməsinə görə hər hansı şəxsə və ya təşkilata təzyiq göstərilməsi, yaxud şəxsin və ya təşkilatın təqib edilməsi yolverilməzdir.
12.4. İnsan hüquqları pozulmuş şəxsin razılığı ilə xüsusi ictimai əhəmiyyət kəsb edən hallarda və ya öz hüquqlarını müstəqil şəkildə müdafiə etmək qabiliyyəti olmayan şəxslərin maraqlarına toxunulduğu hallarda müvəkkil öz təşəbbüsü ilə araşdırma apara bilər.
12.5. Araşdırma zamanı şikayətdə qeyd olunmayan digər hallar aşkar edilərsə, araşdırma müvəkkilin səlahiyyətlərinə aid olduqda onun tərəfindən aparılır, onun səlahiyyətlərinə aid olmadıqda isə materiallar digər səlahiyyətli dövlət orqanlarına göndərilir.
12.6. Şikayətə 30 gün müddətində baxılır. Şikayətə baxmaq üçün əlavə yoxlama aparmaq və ya material tələb etmək zərurəti yarandıqda müraciətə baxılma müddəti 30 gün də uzadıla bilər. Ərizəçinin yazılı razılığı ilə əlavə yoxlama aparmaq lazım gəldiyi halda müraciətin baxılma müddəti yenidən uzadıla bilər.
Maddə 13. İnsan hüquqlarının pozulmasına dair şikayətə baxılmanın nəticələri
13.1. Müvəkkil şikayətə baxılması ilə bağlı görülmüş tədbirlər və nəticələr barədə 5 gün müddətində ərizəçiyə yazılı surətdə məlumat verir.
13.2. Müvəkkil şikayətin araşdırılması zamanı insan hüquqlarının pozulması hallarını aşkar etdikdə, aşağıdakı tədbirləri həyata keçirə bilər:
13.2.1. qərar və ya hərəkəti (hərəkətsizliyi) nəticəsində insan hüquqlarını pozmuş dövlət və yerli özünüidarə orqanlarından, vəzifəli şəxslərdən həmin hüquqların bərpasını tələb etmək (müvafiq orqanlar, vəzifəli şəxslər 10 gün müddətində müvəkkilə görülən tədbirlər barədə yazılı surətdə məlumat verməlidirlər. Məlumat verilmədiyi və ya müvəkkilin tələbləri həyata keçirilmədiyi hallarda müvəkkil həmin təşkilatın yuxarı orqanına və ya digər dövlət orqanlarına müraciət edə bilər);
13.2.2. cinayət əlamətləri aşkar edildikdə müvafiq orqanlara cinayət işinin başlanması barədə müraciət etmək;
13.2.3. əlavə kassasiya qaydasında şikayət etmək hüququna malik olan subyektlərə müraciət etmək;
13.2.4. qərar və ya hərəkəti (hərəkətsizliyi) nəticəsində insan hüquqlarını pozmuş vəzifəli şəxslərin intizam məsuliyyətinə cəlb edilməsi barədə müvafiq orqanlara təkliflər vermək;
13.2.5. insan hüquqlarının pozulması ilə əlaqədar aparılmış yoxlamaların nəticələri ilə kütləvi informasiya vasitələrini tanış etmək;
13.2.6. insan hüquqlarının pozulması xüsusi ictimai əhəmiyyət kəsb edən hallarda onların bərpası üçün müvəkkilin səlahiyyətlərində olan təsir imkanları kifayət etmədikdə, Azərbaycan Respublikasının Prezidentinə müraciət etmək, Azərbaycan Respublikasının Milli Məclisi qarşısında məruzə ilə çıxış etmək;
13.2.7. dövlət və ya yerli özünüidarə orqanının, vəzifəli şəxsin qərarı və ya hərəkəti (hərəkətsizliyi) nəticəsində pozulmuş hüquqların bərpası üçün məhkəməyə müraciət etmək;
13.2.8. şəxsin hüquqları qüvvədə olan normativ aktlarla pozulduqda Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu ilə müraciət etmək.
Maddə 13-1. İnformasiya əldə etmək hüququnun pozulmasına dair şikayətə baxılmasının xüsusiyyətləri
13-1.1. Müvəkkil informasiya əldə etmək hüququnun pozulmasına dair şikayətdə əks olunmuş halları 10 iş günü ərzində araşdırır. Əgər şikayət dəqiqləşdirmə tələb edirsə və ya şikayəti araşdırmaq üçün əlavə izahat və sənədlər toplamaq lazımdırsa, Müvəkkil bu barədə şikayətçiyə yazılı məlumat verməklə şikayətə baxılması müddətini əlavə olaraq 10 iş gününə qədər uzadır.
13-1.2. Müvəkkil aşağıdakı hallarda şikayətə baxmır:
13-1.2.1. şikayət konkret informasiya sahibi olan dövlət orqanının, yerli özünüidarə orqanının və ya vəzifəli şəxsin fəaliyyəti barəsində olmadıqda;
13-1.2.2. həmin iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda;
13-1.2.3. ərizəçi informasiya sahibi olan dövlət orqanının, yerli özünüidarə orqanının və ya vəzifəli şəxsin informasiya əldə etmək üçün yaratdığı imkanlardan kifayət qədər səmərəli istifadə etmədikdə.
13-1.3. Müvəkkil informasiya əldə etmək hüququnun pozulmasına dair şikayətdə əks olunmuş halların araşdırılması zamanı informasiya sahibi olan dövlət orqanı, yerli özünüidarə orqanı və ya vəzifəli şəxs tərəfindən «İnformasiya əldə etmək haqqında» Azərbaycan Respublikası Qanununun aşağıdakı tələblərinə riayət edilib-edilmədiyini aydınlaşdırır:
13-1.3.1. informasiya əldə etmək üçün müraciətin (bundan sonra – informasiya sorğusunun) qeydiyyata alınması;
13-1.3.2. informasiya sorğusunun qanunla nəzərdə tutulmuş qaydada, müddətdə və üsulla təmin edilməsi;
13-1.3.3. informasiya sorğusunun icrasından imtinanın qanunun tələblərinə uyğun olması;
13-1.3.4. ictimai informasiyanın açıqlanması vəzifəsinin dəqiq və tam həcmdə yerinə yetirilməsi;
13-1.3.5. İnternet informasiya ehtiyatının yaradılmasının qanunun tələblərinə cavab verməsi;
13-1.3.6. informasiyanın əldə olunmasına qoyulan məhdudiyyətin qanunla nəzərdə tutulmuş qaydada müəyyənləşdirilməsi.
13-1.4. Müvəkkil informasiya əldə etmək hüququnun pozulmasına dair şikayətlə bağlı informasiya sahibi olan dövlət orqanından, yerli özünüidarə orqanından və ya vəzifəli şəxsdən pozuntuların aradan qaldırılmasını tələb edir.
13-1.5. Müvəkkilin göstərişini aldıqdan sonra informasiya sahibi olan dövlət orqanı, yerli özünüidarə orqanı və ya vəzifəli şəxs Müvəkkilə 10 gün müddətində görülən tədbirlər barəsində yazılı məlumat verməlidir. Məlumat verilmədiyi və ya Müvəkkilin tələbləri yerinə yetirilmədiyi hallarda Müvəkkil müvafiq yuxarı orqana müraciət edir.
Maddə 14. Müvəkkilin illik məruzəsi
14.1. Cari il bitdikdən sonra 2 aydan gec olmayaraq müvəkkil ölkədə insan hüquqlarının qorunması haqqında Azərbaycan Respublikası Prezidentinə illik məruzəni təqdim edir və həmin məruzə ilə Azərbaycan Respublikası Milli Məclisi qarşısında çıxış edir.
14.2. İllik məruzədə insan hüquqlarını pozan müvəkkilin tələbləri ilə hesablaşmayan dövlət və yerli özünüidarə orqanlarının, vəzifəli şəxslərin adları çəkilir və bununla əlaqədar görülmüş tədbirlər barədə məlumat verilir.
14.3. Müvəkkilin illik məruzəsində insan hüquqlarının təmin edilməsi ilə əlaqədar ümumi fikir, rəy və tövsiyələr öz əksini tapmalıdır.
14.4. İllik məruzə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə, Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının baş prokuroruna göndərilir.
14.5. Məruzə «Azərbaycan» qəzetində və «Azərbaycan Respublikasının qanunvericilik toplusu»nda dərc olunur.
Maddə 15. Müvəkkilin bəzi məlumatları gizli saxlaması
15.1. Müvəkkilin fəaliyyəti ilə əlaqədar ona məlum olmuş dövlət sirri təşkil edən məlumatların mühafizəsi «Dövlət sirri haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq surətdə həyata keçirilir.
15.2. Şikayətdə əks etdirilmiş halların müvəkkil tərəfindən araşdırılması zamanı ərizəçilərin şəxsi və ailə həyatı barədə bəlli olmuş məlumatların yayılmasına onların razılığı olmadan yol verilmir.
III fəsil. Müvəkkilin fəaliyyətinin təşkili və təminatları
Maddə 16. Müvəkkilin sosial, maliyyə və digər təminatları
16.1. Müvəkkil 2025 manat məbləğində aylıq əmək haqqı alır.
16.2. Müvəkkil hərbi çağırışdan və hərbi toplantıdan azad edilir.
16.3. Müvəkkilə səlahiyyət müddəti ərzində diplomatik pasport verilir.
16.4. Müvəkkilə Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məzuniyyət verilir.
16.5. Müvəkkilin səlahiyyət müddəti onun ümumi, xüsusi və fasiləsiz iş stajına daxil edilir.
16.6. Müvəkkil məzuniyyətə çıxdığı vaxt onun müalicə olunması və istirahət etməsi üçün iki aylıq əmək haqqı məbləğində ona pul təminatı verilir.
16.7. Vaxtından asılı olmayaraq müvəkkil vəzifəsində işləmiş şəxs pensiya yaşına çatdıqda hazırkı dövrdə müvəkkil üçün müəyyən edilmiş vəzifə maaşının 80 faizi məbləğində pensiya alır.
Maddə 17. Müvəkkilin aparatı və regional mərkəzləri
17.1. Müvəkkilin fəaliyyətinin hüquqi, təşkilati, elmi-analitik, informasiya, maddi-texniki, maliyyə və təsərrüfat təminatının həyata keçirilməsi üçün onun aparatı yaradılır. Yerlərdə Müvəkkilin regional mərkəzləri yaradıla bilər.
17.2. Müvəkkilin aparatı üzərində Azərbaycan Respublikasının Dövlət gerbi təsvir olunmuş möhür və blanklara malikdir.
17.3. Aparat və regional mərkəzlər müvəkkil tərəfindən təsdiq olunan «Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin aparatı və regional mərkəzləri haqqında» Əsasnaməyə uyğun fəaliyyət göstərir.
17.4. Müvəkkilin aparatının və regional mərkəzlərinin strukturu, ştat cədvəli və smeta xərcləri müvəkkil tərəfindən müəyyən edilir.
Maddə 18. Müvəkkil aparatının və regional mərkəzlərinin işçilərinin hüquq və vəzifələri
18.1. Müvəkkilin aparatının və regional mərkəzlərinin işçilərini müvəkkil işə götürür və işdən azad edir.
18.2. Müvəkkil aparatının və regional mərkəzlərinin işçilərinin hüquqları, vəzifələri və məsuliyyəti Azərbaycan Respublikasının Əmək Məcəlləsi, «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə müəyyən edilir.
Maddə 18-1. Milli preventiv qrup
18-1.1. Bu Konstitusiya Qanununun 1.2-ci maddəsində nəzərdə tutulmuş milli preventiv mexanizmin funksiyalarının həyata keçirilməsi məqsədi ilə Müvəkkilin aparatında Milli preventiv qrup yaradılır. Yaşı 25-dən aşağı olmayan, ali təhsilli, insan hüquqlarının müdafiəsi sahəsində təcrübəyə və yüksək əxlaqi keyfiyyətlərə malik olan şəxs Milli preventiv qrupun üzvü təyin olunur. Milli preventiv qrupun üzvləri Müvəkkil tərəfindən 3 il müddətinə şəffaf prosedurlar əsasında təyin olunurlar.
18-1.2. Milli preventiv qrupun aşağıdakı hüquqları vardır:
18-1.2.1. istənilən vaxt, maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən polis bölmələrinə, müvəqqəti saxlama yerlərinə, istintaq təcridxanalarına, cəzaçəkmə müəssisələrinə, qarnizon hauptvaxtlarına, psixiatriya müəssisələrinə və saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi digər yerlərə daxil olmaq; saxlanılan şəxslərlə, habelə müvafiq məlumatı verə biləcək istənilən digər şəxslə təkbətək və ya zəruri hesab etdiyi halda mütəxəssisin və ya tərcüməçinin iştirakı ilə görüşmək və söhbət etmək; saxlanılan şəxslərin saxlanılmasının qanuniliyini təsdiq edən, eləcə də həmin şəxslərlə rəftara və onların saxlanma şəraitinə aid olan bütün sənədlərlə tanış olmaq və surətlərini almaq; akt tərtib etmək, həyata keçirdiyi tədbirlərin gedişini və nəticələrini protokollaşdırmaq;
18-1.2.2. polis bölmələrinin, müvəqqəti saxlama yerlərinin, istintaq təcridxanalarının, cəzaçəkmə müəssisələrinin, qarnizon hauptvaxtlarının, psixiatriya müəssisələrinin və saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi digər yerlərin rəhbərliyi tərəfindən təxirə salınmadan qəbul edilmək.
18-1.3. Milli preventiv qrupun üzvü öz funksiyalarını həyata keçirməsi ilə əlaqədar ona məlum olmuş faktlar barəsində ifadə verməyə və ya hər hansı digər üsulla bu faktları açıqlamağa məcbur edilə bilməz. Bu təminat Milli preventiv qrupun üzvü qrupun tərkibindən çıxdıqdan sonra da qüvvədə qalır.
18-1.4. Milli preventiv qrupun üzvü saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərdə öz funksiyalarını həyata keçirərkən tutula və ya saxlanıla bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz. Milli preventiv qrupun üzvünün poçt, teleqraf və digər göndərişlərinin üzərinə həbs qoyulmasına, onların yoxlanılmasına və ya götürülməsinə yol verilmir.
Maddə 19. Müvəkkilin fəaliyyətinin maliyyələşdirilməsi
19.1. Müvəkkilin və onun aparatının, onun aparatının və regional mərkəzlərinin fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına maliyyələşdirilir.
19.2. Müvəkkilin fəaliyyətinin maliyyələşdirilməsi üçün ayrılan illik vəsaitin tərkibində cari xərclərin məbləği əvvəlki maliyyə ilində bu məqsəd üçün nəzərdə tutulmuş məbləğdən az ola bilməz.
Maddə 20. Müvəkkilin fəaliyyətinə maneə törədilməsinə görə məsuliyyət
Müvəkkilin fəaliyyətinə maneə törədilməsində təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 28 dekabr 2001-ci il
№ 246-IIKQ
«Azərbaycan» qəzetində dərc edilmişdir (6 mart 2002-ci il, № 53) («LegalActs» LLC).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 mart 2002-ci il, № 3, maddə 115) («LegalActs» LLC).
1 sentyabr 2004-cü il tarixli, 722-IIKQD nömrəli; 3 mart 2006-cı il tarixli, 71-IIIKQD nömrəli; 2 oktyabr 2006-cı il tarixli, 128-IIIKQD nömrəli; 19 oktyabr 2007-ci il tarixli, 431-IIIKQD nömrəli; 19 iyun 2009-cu il tarixli, 832-IIIKQD nömrəli; 26 noyabr 2009-cu il tarixli, 912-IIIKQD nömrəli; 6 may 2011-ci il tarixli, 102-IVKQD nömrəli; 24 iyun 2011-ci il tarixli, 163-IVKQD nömrəli; 27 iyun 2014-cü il tarixli, 1011-IVKQD nömrəli Qanunlara əsasən dəyişikliklərlə («LegalActs» LLC).
© LegalActs LLC